525.Az

İqtisadi artım proqnozu yüksəlib


 

"GƏLƏN İL AZƏRBAYCANDA SOSİAL ÖHDƏLİKLƏRİN YERİNƏ YETİRİLMƏSİ İLƏ BAĞLI ÇƏTİNLİKLƏR OLMAYACAQ"

İqtisadi artım proqnozu yüksəlib<b style="color:red"></b>

Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycan iqtisadiyyatına dair proqnozlarını dəyişib. Təşkilat Azərbaycanın 2015-ci il üzrə iqtisadi artım proqnozunu 3,4 faiz bənd artırıb. BVF "Dünya İqtisadi Proqnozları" adlı hesabatının oktyabr  sayını dərc edib.

Hesabatda qeyd olunub ki, BVF Azərbaycan iqtisadiyyatının 2015-ci ildə 4 faiz artacağını gözləyir. Apreldə yayımlanmış hesabatda BVF-nin bu proqnozu 0,6 faiz idi.

Fond gələn il Azərbaycanda ümumi daxili məhsulun 2,5 faiz artacağını gözləyir. Əvvəlki proqnoz da 2,5 faiz idi. BVF bu ilin sonunda Azərbaycanda inflyasiyanın 5 faiz, 2016-cı ildə isə 4,2 faiz təşkil edəcəyini gözləyir. Apreldə proqnozlar müvafiq olaraq 7,9 faiz və 6,2 faiz idi.

BVF ehtimal edir ki, bu il Azərbaycanın tədiyə balansı profisitli olacaqdır. Fondun qiymətləndirmələrinə əsasən, 2015-ci ildə Azərbaycanın tədiyə balansının profisiti 3 milyard dollar (apreldə proqnoz 5,3 milyard dollar idi), 2016-cı ildə 2,7 milyard dollar təşkil edəcək (apreldə proqnoz 8,2 milyard dollar idi). Fond Azərbaycanda işsizlik nisbətinin dəyişməyərək 6 faizdə qalacağını proqnozlaşdırıb.

Fond qlobal iqtisadiyyat üçün 2015-ci il üzrə artım gözləntisini 0,2 bənd aşağı salaraq 3,1 faizə və 2016-cı il üzrə artım gözləntisini isə 0,2 bənd salaraq 3,6 faizə endirib.

BVF Çinin 2015 və 2016-cı illər üzrə iqtisadi artım proqnozlarını dəyişdirməyərək müvafiq olaraq 6,8 faizdə və 6,3 faizdə saxlayıb.

Fond Avrozona üçün 2015-ci il üzrə artım gözləntisini dəyişdirməyərək 1,5 faizdə saxlayıb, 2016-cı il üzrə böyümə gözləntisini 0,1 bənd salaraq 1,6 faizə endirib. Hesabatda, dünya iqtisadiyyatına yönəlmiş risklərin düşən əmtəə qiymətləri və artan maliyyə dalğalanmaları ilə yüksəldiyi qeyd edilib. Qlobal iqtisadi artım proqnozları 2015-ci il üçün 3,3 faizdən 3,1 faizə və 2016-cı il üçün 3,8 faizdən 3.6 faizə endirilib.

İqtisadçı ekspert Pərviz Heydərov bildirib ki, BVF-nin dünya iqtisadiyyatında artımın azalacağını proqnozlaşdırdığı halda ölkəmizdə bu sahədə əksinə nəticənin əldə olunacağı barədə gözlənti irəli sürməsi diqqəti cəlb edir: "Özü də söhbət, birdən-birə 3,4 faiz bənd artımdan gedir. Yəni, bir az əvvəl - aprel ayında verilən proqnoza rəğmən, ilin sonuna Azərbaycanda iqtisadi artım məhz qeyd olunan bənd səviyyədə yüksəldilərək 4 faizə çatdırılıb. Halbuki, Azərbaycanda hökumət bu sahədə əvvəlki proqnozu azaldıb. Ümumiyyətlə, Azərbaycan hökuməti 2015-ci il üçün bir çox makroiqtisadi gözləntiləri dəyişib və bunların hər biri üzrə əvvəl nəzərdə tutduğu rəqəmləri kiçildib. Beynəlxalq maliyyə qurumlarının ölkəmizə dair proqnozlarını ilin axırı yaxınlaşdıqca müsbətə doğru dəyişməsi əslində başa düşüləndir. Çünki onlar ilin əvvəlində Azərbaycanda iqtisadi sahədə tarazlığın kəskin şəkildə pozulacağını gözləsələr də bu, baş verməyib. Bir çox ölkələrdə il ərzində bir neçə dəfə devalvasiyaya gedilsə, büdcə kəsiri hələ ilin ortasında dərinə işləsə də, kəskin inflyasiya amilləri müşahidə edilsə də bizdə bunların heç biri qeydə alınmayıb. İlin əvvəlində manat ABŞ dollarına nəzərən 34 faiz ucuzlaşdırılsa da makroiqtisadi tarazlıq pozulmayıb. Ümumi daxili məhsul artımı isə əvvəlkitək öz tempində inkişaf etməkdə davam edib. Xüsusən də qeyri-neft sektorunda son vaxtlar əldə olunan müvafiq tendensiya dəyişməz olaraq qalıb. Bütün bunlar isə nəinki cari ilin sonuna, 2016-cı ildə müsbət dinamika barədə gözlənti irəli sürməyə imkan verir".

P.Heydərov əlavə edib ki, cari ilin dövlət büdcəsinin icrasında həm xərclər, həm də gəlirlər üzrə proqnozlar olduğu kimi yerinə yetirilməyəcək, nisbətən az təşkil edəcək: "Lakin nəzərdə tutulan bütün əsas layihələr icra olunacaq. 2016-cı il üçün isə dövlət büdcəmizin həcmi bu ildəkindən az təşkil edəcəksə də, sosial xərclər 2015-ci ildəkindən yüksək olacaq. Bu isə onu deməyə əsas verir ki, iqtisadiyyatda artım 2016-cı ildə də öz sabit inkişaf tempini qoruyub saxlayacaq".

Neft Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı ekspert İlham Şaban isə bildirib ki, qlobal iqtisadi böhran şəraitində bir çox reytinq agentliklərinin Azərbaycanla bağlı verdiyi proqnozlarda pozitiv məqamların qeyd olunması hökumətin ümumi xərcləri azaltması ilə bağlıdır. Onun sözlərinə görə, faktiki olaraq son 15 il ərzində yalnız 2009-cu il istisna olmaqla ölkədə ancaq artan xətt üzrə inkişaf qeydə alınıb.

İ.Şaban əlavə edib ki, məhz ona görə də, reytinq agentlikləri bunu müsbət hadisə kimi qiymətləndirirlər.

Ekspert ümumilikdə gələn il üçün vəziyyətlə bağlı konkret fikir söyləməyin çətin olduğunu deyib. O hesab edir ki, 2016-cı il asan dövr ili olmayacaq.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisadçı alim Vüqar Bayramovun sözlərinə görə, son dövrlər neftin qiymətinin kəskin aşağı düşməsinə baxmayaraq beynəlxalq iqtisadi qurumların bütün hesabatları və proqnozlarında Azərbaycanla bağlı pozitiv göstəricilərin qeydə alınması sevindirici haldır: "Bu olduqca vacib məqamdır. Çünki bu Azərbaycan iqtisadiyyatında mövcud vəziyyət və aparılan islahatların qiymətləndirilməsi kimi xarakterizə olunmalıdır".

Dünən Beynəlxalq Valyuta Fondunun qlobal iqtisadi göstəricilərin azaldılması ilə bağlı qərar qəbul etdiyini və qlobal iqtisadi artımın 0,7 faiz bənd azalacağını proqnozlaşdırdığını deyən iqtisadçı alim hesab edir ki, məsələyə bu aspektdən baxdıqda, Azərbaycan üçün diqqət çəkən məqam ondan ibarətdir ki, qlobal iqtisadi artım göstəriciləri azalsa da ölkədə iqtisadi inkişafla bağlı göstəricilər artır: "Faktiki olaraq, bu o deməkdir ki, qlobal və regional çətinliklərə baxmayaraq Azərbaycan iqtisadi inkişaf tempini qoruyub saxlayır. İqtisadi inkişaf tempinin qorunub saxlanılması ölkənin öz stastistik rəqəmlərində deyil, eyni zamanda beynəlxalq istisadi qurumların hazırladığı hesabatlarda əksini tapır. Bu birmənalı şəkildə Azərbaycanın iqtisadi potensialının təqdim edilməsi baxımından vacib məqamdır. 2016-cı illə bağlı qlobal göstəricilərin arzuolunan olmaması və növbəti ilin dünya üçün heç də asan keçməyəcəyi ilə bağlı proqnozlara baxmayaraq Azərbaycan gələn il heç bir iqtisadi və sosial çətinliklərlə üzləşməyəcək. Bu baxımdan, hazırlanan hesabatlara Azərbaycanda iqtisadi inkişafın qlobal səviyyədə qəbul edilməsi və beynəlxalq maliyyə qurumları tərəfindən qiymətləndirilməsi kimi baxılmalıdır. Hesab edirəm ki, bu ölkədə iqtisadi vəziyyətə obyektiv olaraq verilən qiymətdir".

V.Bayramov növbəti il üçün dövlət büdcəsində sosial istiqamətlərə ayrılan xəcrlərlə bağlı danışaraq qeyd edib ki, 2016-cı ildə dövlət büdcəsindən sosial istiqamətdə 5 milyard 867 milyon manat vəsait ayrılacaq: "Qlobal çətinliklərə, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq 2016-cı ildə Azərbaycanda sosial xərclərdə 2015-ci ilə nisbətən artım qeydə alınacaq. Birbaşa əmək haqlarının verilməsinə yönəldilən vəsait həcmi 3 milyard 523 milyon manat olacaq. Bu, 2015-ci illə müqayisədə 21,7 faiz artım deməkdir. Eyni zamanda, təqaüd və sosial yardımların verilməsi ilə bağlı vəsaitin həcmi 1 milyard 827 milyon manat olacaq. Bu da 2015-ci illə müqayisədə 1,2 faiz artım deməkdir. Göstəricilər də sübut edir ki, qlobal çətinliklərə baxmayaraq Azərbaycanda sosial istiqamətlərə ayrılan vəsaitlərin həcmi artırılacaq. Sosial xərclərin ümumi büdcədə payı qeyri-neft sektorundan gələn gəlirlərlə konpensasiya olunduğuna görə, 2016-cı ildə neftdən gələn gəlirlərdə azalma olsa belə Azərbaycanda sosial xərclər və eləcə də əmək haqları, pensiyaların verilməsi praktiki olaraq sığorta olunub. Heç bir halda gələn il Azərbaycanda sosial öhdəliklərin yerinə yetirilməsi ilə bağlı çətinlik olmayacaq".

Ceyhun ABASOV

 





08.10.2015    çap et  çap et