525.Az

Yaşayış minimumu 136 manat, ehtiyac meyarı 105 manat təşkil edəcək


 

Yaşayış minimumu 136 manat, ehtiyac meyarı 105 manat təşkil edəcək<b style="color:red"></b>

Gələn il ölkədə yaşayış minimumu 136 manat təşkil edəcək.
 
Bunu parlamentin Sosial siyasət komitəsinin iclasında "Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı sözügedən komitənin sədri Hadi Rəcəbli dilə gətirib.

Onun sözlərinə görə, dünyada baş verən qlobal iqtisadi proseslərin Azərbaycan iqtisadiyyatına təsirinə, növbəti ilin büdcəsinin gəlirlər və xərclər hissəsinin azaldılmasına rəğmən, gələn il  yaşayış minimumunun həddində artım nəzərdə tutulub:"Əgər 2015-ci ildə yaşayış minimumu 131 manat təşkil edirdisə, gələn bu rəqəm 136 manat təşkil edəcək. Onu da qeyd edim ki, 2007-ci ildə Azərbaycanda yaşayış minimumunun  həddi 64 manat təşkil edirdi".

Komitə sədri eyni zamanda deyib ki, növbəti ildə ehtiyac meyarı 2015-ci ildə olduğu kimi saxlanılacaq, yəni, 105 manat təşkil edəcək.

H. Rəcəbli xatırladıb ki, 2006-2007-ci illərdə  bu rəqəm 40 manat təşkil edirdi. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov da hər iki məqamı müsbət amil kimi qiymətləndirərək bildirib ki, yaxın gələcəkdə ümumiyyətlə, ölkədə yaşayış minimumu ilə ehtiyac meyarının həddinin eyniləşdirilməsi nəzərdə tutulur.

Kamil HƏMZƏOĞLU

 





08.10.2015    çap et  çap et