525.Az

"Nikolay Bordyuja İrəvan-Moskva, Moskva-İrəvan yolunu marşrut xətti seçib"


 

"Nikolay Bordyuja İrəvan-Moskva, Moskva-İrəvan yolunu marşrut xətti seçib"<b style="color:red"></b>

"Serj Sarkisyanın indidən 2018-ci ildə Ermənistanda keçiriləcək prezident seçkilərində namizədin adını açıqlaması heç də təəccüblü deyil. Çünki Sarkisyan artıq öz başını itirib".
 
Belə bir açıqlama ilə müstəqil hərbi ekspert Üzeyir Cəfərov çıxış edib. Hərbi ekspertin sözlərinə görə, hətta Serj Sarkisyanın Nyu-Yorkda BMT Baş Assambleyasının 70-ci sessiyasına yola düşməmişdən əvvəl "Dağlıq Qarabağın Ermənistanın ayrılmaz bir hissəsi olması"na dair səsləndirdiyi fikirdə bütün bunları bir daha sübut edir.

Ü.Cəfərov hesab edir ki, bu adamın dediyi hər bir söz cəfəngiyyatdan başqa heç nə deyil: "Sarkisyan dövlət başçısı olaraq öz ölkəsinin işğalçı olduğunu bir daha sübut etdi. Bu ölkədə heç bir mədəniyyətdən söhbət gedə bilməz. İndi də o guya 2018-ci ildə prezidentliyə namizədin adını açıqlaması ilə özünü şərəfli hiss edir. Hər kəs də bilir ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib və ölkəmizin ərazi bütövlüyünü, sərhədlərin toxunulmazlığı prinsipini pozub. Rəsmi İrəvan 25 ildir ki, bizim hissiyyatımızla oynayıb. Tam əminliklə deyə bilərəm ki, yaxın zamanlarda Ermənistanın daxilində başlayan etiraz aksiyaları onsuzda ağır vəziyyətdə olan işğalçı ölkəni pis vəziyyətə düçar edəcək".

Ekspert bu yaxınlarda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT)  Ermənistanda hərbi təlimlər keçirməsinə də münasibət bildirib: "Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı hansı haqla Dağlıq Qarabağ münaqişəsini müzakirə edir? Bu təşkilat Rusiya tərəfindən yaradılıb və formal xarakter daşıyır. Bir balaca vəziyyət gərginləşən kimi KTMT-in baş katibi Nikolay Bordyujanı İrəvanda görmək mümkündür". Ü.Cəfərov hesab edir ki, KTMT-in  baş katibi N.Bordyuja İrəvan-Moskva, Moskva-İrəvan yolunu özünə marşrut xətti seçib: "Buna görə də Bordyujanın Sarkisyanla görüşü də heç də təəccüb doğurmur".

Ü.Cəfərov bildirib ki, burada diqqət çəkən əsas məsələ Bordyujanın Sarkisyanla Dağlıq Qarabağ müzakirə etməsidir: "Məsələ orasındadır ki, Sarkisyan Bordyuja ilə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağla bağlı müzakirələr aparır. Azərbaycan-Ermənistan sərhədində gərginləşən situasiyanı müzakirə edən rus generalı nədənsə bu yaxınlarda o yaramaz Serj Sarkisyanın hansı haqla Dağlıq Qarabağın Ermənistanın ayrılmaz hissəsi olması ilə bağlı səsləndirdiyi sərsəm fikir ilə bağlı izahat istəmək əvəzinə, onunla hələ üz-üzə oturub hansısa müzakirə aparır? Faktiki olaraq, KTMT kimi bir qurumun nə hüquqi, nə də mənəvi baxımdan işğal olunmuş ərazilərimizlə bağlı müzakirələr aparmağa haqqı yoxdur. Bu Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə birbaşa təhdid və hörmətsizlikdir. Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi Qarabağ hüquqi cəhətdən KTMT-nin məsuliyyət zonasına daxil deyil və heç kimə o səlahiyyət verilməyib ki, bizim daxili işlərimizə qarışsın. Biz ATƏT-in Minsk qrupundan bu məsələyə münasibət bildirməyi tələb etməliyik".

Qeyd edək ki, Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının  sülhməramlı qüvvələrinin təlimi oktyabrın 4-də başa çatıb.  Təlimlər təşkilatın Müdafiə Nazirləri Şurası və Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin 2014-cü ilin dekabrında qəbul edilən qərarı ilə təşkil olunub.

Məqsəd Qafqaz regionunda təhlükəsizliyi və sülhü təmin etmək məqsədilə KTMT sülhməramlı qüvvələrinin hazırlanmasıdır.

Təlimlərdə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan Silahlı Qüvvələrinin KTMT-də sülhməramlı qüvvələrə daxil olan nümayəndə və bölmələri, hüquq-mühafizə orqanları nümayəndələri iştirak edib.

PƏRVANƏ

 





08.10.2015    çap et  çap et