525.Az

"Neftin qiymətinin düşməsi neftdən gələn gəlirlərin azalmasına səbəb olub"


 

"Neftin qiymətinin düşməsi neftdən gələn gəlirlərin azalmasına səbəb olub"<b style="color:red"></b>

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, Regional məsələlər, Elm və təhsil, Mədəniyyət, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr,  İnsan hüquqları komitələrinin dünən keçirilən birgə iclasında "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" qanun layihəsi və büdcə zərfinə daxil olan digər sənədlər müzakirə edilib.

Parlamentin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev deyib ki, 2016-cı ilin dövlət və icmal büdcə layihələri dünyada baş verən proseslərin mövcud və gələcək təsiri nəzərə alınmaqla tərtib edilib: "Dünya bazarında neftin qiymətinin aşağı düşməsi Azərbaycanın neftdən gələn gəlirlərinin xeyli azalmasına səbəb olub. Buna baxmayaraq dövlət büdcəsi elə tərtib olunub ki, dünya bazarında baş verən proseslərin Azərbaycana hər hansı təsirinin gözlənilməsi demək olar ki, sıfıra bərabərdir. Neftin qiymətinin aşağı düşməsi fonunda müxtəlif ssenarilərin tərtib olunması, eləcə də qarşıdakı 3 ildə makroiqtisadi göstəricilərin proqnozlaşdırılması onu deməyə əsas verir ki, Azərbaycan iqtisadiyyatı və əhalinin həyat səviyyəsi inkişaf edəcək".

Maliyyə naziri Samir Şərifov 2016-cı ilin dövlət büdcəsinin parametrlərindən danışmazdan əvvəl cari ilin makroiqtisadi göstəricilərinə toxunub. Nazir bildirib ki, hazırda Azərbaycan iqtisadiyyatına iki xarici şok təsir edir. Bunlardan biri dünya bazarında xammalın qiymətinin kəskin enməsi, digəri isə region ölkələrinin bir çoxunda milli valyutaların kəskin ucuzlaşdırılmasıdır. Onun sözlərinə görə,  qonşu dövlətlərdə milli valyutanın devalvasiyası nəticəsində Azərbaycan məhsullarının dəyəri artıb, onlar həm ölkə daxilində, həm də xaricdə rəqabətlilik baxımından uduzmağa başlayıb. "Bu qeyri-əlverişli şərait hökumətin tədbirlər görməsini zəruri edirdi. Buna görə, milli valyutamız fevralda devalvasiyaya uğradı. Qlobal iqtisadi proseslərin mürəkkəbliyi bir daha müşahidə olunur. Neftin qiymətinin aşağı olması təkcə neft ixrac edən ölkələrə deyil, həm də neft istehlak edən ölkələrin iqtisadiyyatına mənfi təsir edir. Dünya miqyasında gedən proseslər səbəbindən artıq 3-cü dəfə cari ilin makroiqtisadi proqnozlarına yenidən baxılıb. Sosial iqtisadi inkişaf proqnozlarının, ÜDM artımının əvvəlki proqnozdan 1,1% az, yəni 3,3% olacağı gözlənilir. Cari ilin sonuna neft sektorunda 0,6%, qeyri-neft sektorunda 5,9% artım proqnozlaşdırılır. Neft gəlirlərinin azalması səbəbindən bu ilin büdcəsində dəyişikliklər edilib. Belə ki, büdcənin gəlirlərinin 17,08 milyard manat icra olunması gözlənilir ki, bu, təsdiq olunmuş proqnozdan 2,1% azdır. Cari ilin xərclərinin icrası isə 84% səviyyəsində gözlənilir ki, bu, təsdiq olunmuş proqnozdan 16% azdır" - deyə,  S. Şərifov qeyd edib.

"Azərbaycanda bu qədər dövlət ali təhsil müəssisəsi, universitetlər var, onlar niyə özəlləşdirməyə çıxarılmır?". Bu fikri isə müzakirələr  zamanı Milli Məclisin (MM) deputatı, BAXCP sədri Qüdrət Həsənquliyev dilə gətirib."Eyni zamanda, dövlət xəstəxanaları niyə özəlləşdirilmir?"- deyən deputatın sözlərinə görə, əslində həmin sahələr özəlləşdirilməyə çıxarılmaqla özləri qazanmış olurlar:"Həm həmin müəssisələr, təhsil, səhiyyə ocaqları qazanmış, gəlir əldə etmiş olurlar, həm də dövlətə  vergi ödəməklə büdcəni zənginləşdirmiş, onu əlavə yükdən qurtarmış olurlar. Bu məsələni də artıq neçə illərdir ki, deyirik. Nəhayət, bu müəssisələr özəlləşdirilməyə çıxarılmalıdır".

O, eyni zamanda, parlamentdə təmsilçisi olduğu Naxçıvan Muxtar Respublikasına ayrılan dotasiyanın həcminin azaldılmasından şikayətlənib:"Naxçıvan tam blokada şəraitindədir, Azərbaycanla sərhəd baxımından birbaşa bağlılığı, əlaqəsi yoxdur. Yalnız hava məkanı ilə ora gedib-gəlmək mümkündür. Ona görə Naxçıvana xüsusi diqqət yetirilməlidir. Oraya ayrılan vəsaitin 15 milyon manat azaldılması düzgün deyil". BAXCP sədri həmçinin,  büdcədə qaçqınlar və məcburi köçkünlər üçün nəzərdə tutulan vəsaitin azaldılmasının düzgün olmadığını söyləyib: "Bu insanlar 20 ildən çoxdur ki, dözülməz vəziyyətdə yaşayırlar. Odur ki, onların xüsusilə mənzillə təminat məsələsi ciddi şəkildə diqqətdə saxlanılmalıdır. Dövlətimiz, ölkə rəhbərliyi hər zaman bu təbəqədən olan insanları xüsusi diqqətdə saxlayır. Ona görə büdcədə də bu məqam nəzərə alınmalıdır".

Müzakirələrdən sonra büdcə zərfi parlamentin plenar iclasına tövsiyə olunub.

Kamil HƏMZƏOĞLU

 





08.10.2015    çap et  çap et