525.Az

"Elmə ayrılan vəsaitdən ali məktəblərdə çalışan elmlər doktorları yararlana bilmirlər"


 

"Elmə ayrılan vəsaitdən ali məktəblərdə çalışan elmlər doktorları yararlana bilmirlər"<b style="color:red"></b>

"Alimlərimizin, elm adamlarımızın elmi nəticələrinin artıq istehsalata yönləndirilməsinə çalışmalıyıq".

Bu fikri parlament komitələrinin 2016-cı ilin dövlət büdcəsinə zərfinə həsr olunmuş növbəti iclası zamanı Milli Məclisin (MM) deputatı Abel Məhərrəmov dilə gətirib. Onun sözlərinə görə, bu məsələdə xeyli axsamalar var:"Neçə illərdir ki, bu məsələni deyirik, amma hələ də bu yöndə irəliləyiş yoxdur".A. Məhərrəmov eyni zamanda, elmə ayrılan vəsaitdən elmlər doktorlarının böyük bir qisminin yararlana bilməməsindən şikayətlənib: "Azərbaycanda fəlsəfə doktorlarını-elmlər namizədlərini nəzərə almasaq, 1800 nəfər elm doktorları var. Onların 1200-ü ali məktəblərdə, qalan 600-ü isə Milli Elmlər Akademiyasında və digər elmi-tədqiqat institutlarında çalışırlar. Amma çox təəssüflər olsun ki, büdcədə elmə ayrılan vəsaitdən ali məktəblərdə çalışan elmlər doktorları yararlana bilmirlər. Yalnız Milli Elmlər Akademiyasında çalışanlar həmin vəsaitdən yararlana bilirlər. Bəs bu insanlar neyləsinlər? Ona görə hesab edirəm ki, büdcədə elmə ayrılan vəsaitdə bu məsələ dəqiq göstərilməli, həmin vəsaitdən ali məktəblərdə çalışan elmlər doktorlarının da yararlana bilməsi nəzərdə tutulmalıdır".

ADİP sədri, deputat Asim Mollazadə ölkədə orta və kiçik sahibkarlığın inkişafına böyük diqqət ayrılmasının vacibliyini önə çəkib. O deyib ki, məhz kiçik və orta sahibkarlığı inkişaf etmi ölkələr dünyada  dayanıqlı, sabit inkişaflı ölkələr sayılır: "Heç də böyük sahibkarlığı, iri koorporasiyaları olan ölkələr inkişaf etmiş ölkələr hesab edilmirlər. Onlarda iqtisadi sabitlik dayanıqlı olmur. Kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi üçün də ölkədə peşə təhsilinin səviyyəsinin yüksəldilməsinə böyük ehtiyac var. Nəhayət, bu məsələyə ciddi zaman ayırmağın vaxtıdır".

VHP sədri, deputat Sabir Rüstəmxanlı ölkədə kənd təsərrüfatının inkişafına xüsusi önəm verilməsinin zəruriliyinə diqqəti yönəldib.

"Azərbaycan tarixən aqrar ölkə olub. Özümüz də görürük ki, dünyada neftlə bağlı nələr baş verir. Azərbaycanda da neftin azalmağa doğru getdiyini hamımız deyirik. Ona görə ölkədə  kənd təsərrüfatının inkişafına daha ciddi diqqət yetirmək lazımdır. Yaxşı olardı ki, büdcəmizin biri də məhz kənd təsərrüfatıyönümlü büdcə olsun"-deyə, S. Rüstəmxanlı bildirib.

Parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə büdcədə bələdiyyələrə ayrılan vəsaitin 2015-ci ildəki kimi saxlanıldığını müsbət amil kimi qiymətləndirməklə, eyni zamanda təklif edib ki, onlara nəzərdə tutulan dotasiya məhz bələdiyyələrin özlərinin birbaşa balansına, hesabına köçürülsün: "Amma təəssüf ki, həmin vəsait başqa-başqa hesablara köçürülməklə bələdiyyələr ayrılır. Yaxşı olardı  ki, həmin vəsait elə birbaşa onların özlərinin hesabına, büdcəsinə köçürülsün".

Kamil HƏMZƏOĞLU

 





08.10.2015    çap et  çap et