525.Az

"İpoteka şərtləri ilə müəllim məvacibi heç cür uyğunlaşmır"


 

"İpoteka şərtləri ilə müəllim məvacibi heç cür uyğunlaşmır"<b style="color:red"></b>

"Müəllimlərin diaqnostik qiymətləndirilməsi məsələsi kənd məktəblərində çalışan orta məktəb müəllimlərinə də şamil olunmalıdır".

Bu fikri parlament komitələrinin 2016-cı ilin dövlət büdcəsi zərfinə həsr olunmuş növbəti iclası zamanı Milli Məclisin (MM) deputatı Qənirə Paşayeva dilə gətirib.Onun sözlərinə görə, bu proses çox müsbət addımdır və növbəti ildə daha 12 şəhər və rayon müəllimlərinin bu prosesə cəlb olunması  həm onların maddi vəziyyətinə, həm də Azərbaycan təhsilinin səviyyəsinə öz müsbət təsirini göstərəcək: "Ancaq kənd yerlərində çalışan müəllimilər müraciət edirlər ki, bu məsələ onlara da şamil olunsun. Onlar da bu prosesdən kənarda qalmaq istəmədiklərini bildirirlər. Ona görə yaxşı olardı ki, müəllimlərin diaqnostik qiymətləndirilməsinə kənd müəllimləri də cəlb olunsun, bu, onlara da şamil edilsin".

Q.Paşayeva çıxışında icbari tibbi sığortanın tətbiqi məsələsinə də toxunub: "Büdcədən neçə illərdir icbari tibbi sığortaya vəsiat ayrılır. Bu məsələdə problem yoxdur. Problem icbari tibbi sığortanın hələ də tətbiqinə başlanılmamasıdır. Qarabağ müharibəsi əlilləri, müharibə veteranları bizə müraciət edirlər ki, nəhayət, icbari tibbi sığortanın tətbiqinə başlansın və bundan yaralana bilsinlər. Bunu tələb etməyə onların daha çox haqqı var. Çünki onlar məhz müharibədə, Azərbaycan torpaqlarının müdafiəsində öz sağlamlıqlarını itiriblər. Ona görə əgər növbəti ildən icbari tibbi sığıortanın tətbiqi nəzərdə tutulacaqsa, o zaman yaxşı olardı ki,  ilkin mərhələdə bu məsələ Qarabağ müharibəsi əlillərinə, müharibə veteranlarına şamil edilsin".

Deputat çıxışı zamanı həmçinin, sosial ipoteka məsələsini qabardaraq, bundan orta məktəb müəllimlərinin  yararlana bilməsinin vacibliyini vurğulayıb: "Təəssüf ki, onlar, xüsusilə, gənc müəllimlər sosial ipotekadan yararlana bilmirlər. İpoteka şərtləri ilə onların aldıqları məvacib heç cür uyğunlaşmır. Ona görə bu məsələ mütləq orta məktəb müəllimlərinə də şamil olunmalı, onların da öz mənzil şəraitlərini yaxşılaşdırması üçün sosial ipotekadan yararlana bilməsinə şərait yaradılmalıdır".

Q. Paşayeva bununla yanaşı, Ermənistanla ön cəhbədə olan,yerləşən  yaşayış məntəqələrinin, bölgələrinin vəziyyətinə diqqəti yönəldib: "Bildiyiniz kimi, ölkənin Ermənistanla sərhəd olan bölgələrinə, yaşayış məntəqələrinə digər bölgələrlə müqayisədə bir o qədər sərmayə yatırılmır. Ona görə heç olmasa, həmin bölgələri, yaşayış məntəqələrini bir sıra vergilərdən azad etmək lazımdır, onlara vergi güzəştləri tətbiq etmək yaxşı olardı. Bu, çox ciddi məsələdir".

Maliyyə naziri Samir Şərifov isə icbari tibbi sığortanın tətbiqi məsələsi ilə bağlı bildirib ki, gələn ildən bu prosesin icrasına başlanılması nəzərdə tutulur.

Kamil HƏMZƏOĞLU

 





08.10.2015    çap et  çap et