525.Az

"Rəsmi Bakı ABŞ-ın təklifini qəbul etməyəcək"


 

"DAĞLIQ QARABAĞIN AZƏRBAYCANLI VƏ ERMƏNİ İCMASI GÖRÜŞƏRƏK İŞĞAL OLUNAN TORPAQLARIN GƏLƏCƏK TALEYİ İLƏ BAĞLI MÜZAKİRƏLƏR APARMALIDIR"

"Rəsmi Bakı ABŞ-ın təklifini qəbul etməyəcək"<b style="color:red"></b>

ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin üzvləri Ed Roys və Eliot Engelin Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində atəşkəsin pozulması hallarını dayandırılmaq, Dağlıq Qarabağ münaqişəsinin təhlükəsizlik və status baxımından həll edilməsinə təkan vermək məqsədilə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikə məktubla müraciət edib.

Məktubda tərəfləri müharibədən çəkindirəcək 3 əsas maddə göstərilib: bütün tərəflər təmas xəttindən snayperləri geri çəkmək barədə razılaşma əldə etməli; təmas xəttində hücumun mənbəyini müəyyənləşdirmək üçün ATƏT-in monitorinq, silah lokator sistemləri və səs ölçən avadanlıqları yerləşdirilməli; atəşkəs rejiminin pozulmasını daha yaxşı monitorinq etmək üçün əlavə ATƏT müşahidəçiləri müəyyənləşdirilməlidir.

Ermənistan tərəfindən fərqli olaraq, Azərbaycanın bu təkliflərlə razılaşacağı inandırıcı görünmür. Çünki bu təkliflər atəşkəsin pozulmasının qarşısının alınması, status-kovunun bərpa edilməsinə hesablanmaqla bilavasitə Ermənistan dövlətinin maraqlarına xidmət edir.

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu hesab edir ki, ABŞ Konqresinin atəşkəsin pozulması hallarının qarşısını alınmasına dair hazırladığı təkliflər paketini rəsmi Bakının qəbul etməsi qeyri-mümkündür: "Konqresmenlər məsələni o qədər də detallı bilmirlər. Onların bu təkliflə çıxış etməsi onu göstərir ki, müddalar Ermənistanın xarici işlər naziri Eduard Nalbandyan tərəfindən hazırlanıb. Şərtlərə baxsaq, təmas xəttində silah lokator sistemləri və səs ölçən avadanlıqları yerləşdirilməsinin texniki baxımdan mümkün olmadığı kimi, həm də faydasızdır. Münaqişə zonası mürəkkəb coğrafi relyefdə yerləşdiyi üçün atəşkəsin hansı tərəfdən başladıldığını bir çox hallarda düzgün təyin etmək mümkün olmayacaq. Eyni zamanda, hazırda raket dövrü olduğu üçün xüsusi qurğular atılan mərmiləri müəyyənləşdirmək gücündə deyil. Çünki bu qurğular yalnız silahdan açılan atəşləri müəyyənləşdirmək üçün hazırlanıb. Sadəcə Ermənistanın həmin təklifləri ortalığa qoymaqda məqsədi Azərbaycana hüquqi ambisiya nümayiş etdirməkdir. Həmin qurğuları yerləşdirməkdən ötrü ən azı iki il vaxt sərf olunmalıdır. Bunun üçün nöqtələr təyin olunmalı, yer qazılmalı və ondan sonra qurğular yerləşdirilməlidir. Bu o deməkdir ki, Ermənistan tərəfi qoşunların təmas xəttini dövlət sərhəddinə qədər inkişaf etdirmək istəyir. Ona görə də, Azərbaycan heç bir halda təmas xəttində xüsusi qurğuların yerləşdirilməsinə imkan verə bilməz. Ən əsası isə bu ideyanın həyata keçirilməsinin texniki cəhətdən mümkün olmamasıdır. Eləcə də maliyyə baxımından bunu reallaşdırmaq çətindir. Hazırda ATƏT-in büdcəsi tükənib. Bu qurğuların münaqişə zonasına yerləşdirilməsi isə bir neçə milyon dollara başa gəlir. Ona görə də, düşünmürəm ki, hazırda ATƏT bu təklifin reallaşmasına vəsait ayırmaq istəsin".

M.Əhmədoğlu hesab edir ki, Azərbaycan tərəfinin irəli sürdüyü təklif isə çox asan və ucuz başa gəlir: "Dağlıq Qarabağın azərbaycanlı və erməni icması görüşərək işğal olunan torpaqların gələcək taleyi ilə bağlı müzakirələr aparmalıdır. Ermənistan tərəfi isə atəşkəsi rejiminin pozulmasında maraqlıdır. Çünki İrəvan xüsusi qurğuların yerləşdirilməsi ilə bağlı ideyasını reallaşdıraraq dövlətimizə hüquqi ambisiya nümayiş etdirmiş olacaq. Ona görə də, Azərbaycan bunu qəbul edə bilməz".

Politoloq əlavə edib ki, Uorlikə bu təkliflə müraciət edən konqresmenlərə verdiyi cavab erməni mətbuatında yazılan kimi deyil: "Ermənilər çalışırlar ki, amerikalı həmsədrin verdiyi cavabları bizə başqa cür təqdim etsinlər. Uorlik əslində qurğuların yerləşdirilməsi mümkünlüyünü dilə gətirsə də, birinci məsələ kimi icmaların dialoqunu qoyub".

Politoloq Qabil Hüseynli qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini Yaxın Şərq böhranı ilə eyniləşdirmək tamamilə yanlışdır: "Bu münaqişə üçün belə bir mürəkkəb prosedurun həyata keçirilməsinə ehtiyac yoxdur. Konqresmenlər nəyə görə özlərini bu qədər çətinə salırlar? Sadəcə Ermənistanı tutduğu yanlış yoldan çəkindirmək, işğal siyasətinə son qoymaq lazımdır. Bunu reallaşdırmaq üçün ABŞ-ın əlində kifayət qədər beynəlxalq təşkilat var. Münaqişəyə siyasi qiymət verilməlidir. Fakt odur ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Bu qiyməti verəndən sonra BMT nizamnaməsinin müvafiq bəndlərinə uyğun olaraq müəyyən sanksiyalar tətbiq edilməlidir".

Q.Hüseynli hesab edir ki, qoşunların təmas xəttinə xüsusi qurğuların yerləşdirilməsi ideyası münaqişəyə düzgün yanaşma deyil: "Bu daha çox ikili standartlara bənzəyir. Halbuki, məsələnin həllinin sadə yolu var: Ermənistan işğal etdiyi torpaqlardan qoşunlarını geri çəkməli; Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır. Lakin ABŞ Ermənistanın bu bölgədə imtiyazlara sahib olmasında maraqlı olduğunu göstərir. Ona görə də, bu cür absurd təkliflərlə çıxış edirlər. Azərbaycan isə yalnız öz torpaqlarını geri qaytarmağa çalışır. Rəsmi Bakının heç bir dövlətin ərazisində gözü yoxdur. Konqresmenlər Ermənistandan soruşsunlar ki, erməni əsgərlərinin Ağdam, Füzuli və digər işğal olunan torpaqlarımızda nə işi var? Dünya gücləri oxşar hadisələr zamanı işğalçı qüvvələri ərazilərdən çıxardıqları kimi Dağlıq Qarabağı da erməni işğalçılarının əlindən almağa kömək edə bilərlər. Belə görünür ki, ABŞ-ın məqsədi satus-kvonu dondurulmuş vəziyyətdə saxlamaqdır. Bizə isə bu vəziyyət sərf etmir".

Ceyhun ABASOV

 





09.10.2015    çap et  çap et