525.Az

"Dağlıq Qarabağ münaqişəsinə yanaşmada Azərbaycanın mövqeyi aydındır"


 

"Dağlıq Qarabağ münaqişəsinə yanaşmada Azərbaycanın mövqeyi  aydındır"<b style="color:red"></b>

 "Azərbaycan və Ermənistan prezidentlərinin ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən görüşünün təşkil ediləcəyi hazırda gündəmdə olan məsələdir".

Belə bir açıqlama ilə Milli Məclisin vitse-spikeri, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova çıxış edib. Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll ediləcəyinə inamının olmadığını deyən vitse-spiker əlavə edib ki, Minsk qrupunun həmsədrləri münaqişənin həlli ilə bağlı hansısa bir variant təqdim etməkdən artıq çoxdan imtina edib: "Onlar hər zaman qərar qəbul edilməsində iradə göstərməyin vacib olmasına dair fikirlər səsləndirirlər. Və tərəfləri bir-biri ilə görüşdürməklə məsuliyyəti də tərəflərin üzərinə qoymaq istəyirlər. Bunun üçün də vasitəçi olaraq səlahiyyətləri çərçivəsində prezidentlərin görüşünü təşkil etməlidirlər. Bununla da hansısa bir irəliləyişə nail olmaq və məsələni ölü nöqtədən tərpətmək istəyirlər. Artıq neçə ildir ki, bu istiqamətdə müəyyən səylər göstərilsə də, müəyyən görüşlərə nail olunsa da və müsbət nəticəyə doğru fikirlər səslənsə də reallıqda hər şey başqa cür olur. Bu danışıqlar mütləq və qısa bir zamanda özünü doğrultmayıb. İndi də prezidentlərin il sonuna qədər görüşünün təşkil edilməsi ilə bağlı fikirlər dolaşır. Bunun baş tutub, tutacağı ilə bağlı proqnoz vermək istəməzdim. Bu öz-özlüyündə məsələni həll etmir".

Vitse-spiker qeyd edib ki, Azərbaycanın məsələyə yanaşması ortadadır və biz işğala məruz qalmış bir dövlət kimi beynəlxalq hüquq və prinsiplər çərçivəsində bu məsələni həll etməyə çalışırıq: "Dəfələrlə bəyan etmişik ki, Azərbaycan öz ərazisində ikinci bir erməni dövlətinin yaranmasına imkan verməyəcək. Bu fikri həm prezidentlərin görüşündə, həm nümayəndələrin görüşündə, həm də uyğun məqamlarda səslədirmişik. Lakin qarşı tərəf hər hansı bir irəliləyişə gətirib çıxaran addımlar atmaqdan çəkinir. Son vaxtlar Ermənistan prezidentinin Dağlıq Qarabağın Ermənistan ərazisi olması ilə bağlı səsləndirdiyi bəyanat onun bu illər ərzində ikiüzlü bir siyasət yeritmiş olduğunu açıq-aşkar sübut edir. Bu onun bir sonrakı görüşlərdə ortaya qoya biləcəyi mövqeyi də nümayiş etdirir. Mənim ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrin bu məsələni həll edəcəklərinə elə də böyük inamım yoxdur. Təbii ki, Azərbaycanın danışıqlardan imtina etməsini də məqsədəuyğun saymıram. Məsələni müzakirə etmək daha yaxşı nəticələr verə bilər. Lakin bu danışıqlar prosesi də sonsuzadək davam edə bilməz".

Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elçin Əhmədov isə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin bəyanatını şərh edib. Onun fikrincə, ümumiyyətlə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində həm işğal faktını vaxtaşırı təsdiqləyir, həm də gərginliyin artmasından ABŞ-ın narahat olduğunu bildirir.

Onun sözlərinə görə, gərginliyin artması işğal faktının hələ də ortada qalması ilə əlaqədardır: "Yəni işğal ortadan qalxmalıdır ki, gərginlik də aradan qalxsın. Nə vaxta kimi ATƏT-in Minsk qrupunun amerikalı həmsədri, eləcə də digər həmsədrlər bu münaqişədə təcavüzkarla, təcavüzə məruz qalanı eyni tutacaqlar, o zamana qədər də münaqişənin ədalətli həlli olmayacaq. Onlar birmənalı olaraq bildirməlidirlər ki, işğalçı qüvvələr Azərbaycan ərazilərindən çıxarılmalıdırlar. Bu fikirlər səslənməli və bütün sənədlərdə öz əksini tapmalıdır. Beləcə təcavüzkarı beynəlxalq birliyin iradəsinə tabe etmək lazımdır".

E.Əhmədov əlavə edib ki, verilən bu bəyanatlar status-kvonun dəyişməsinə yox, əksinə onun qorunub saxlanılmasına xidmət edir: "Onlar sadəcə olaraq deməlidirlər ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından birmənalı olaraq qeyri-şərtsiz çıxmalıdır. Təbii ki, gərginliyin də qalması ancaq bununla bağlıdır. Ermənistan-Azərbaycan cəbhə xəttində olan gərginlik birbaşa işğalçı ölkənin törətdiyi təxribat, diversiya hərəkətləridir ki, bu da rəsmi İrəvandakı daxili vəziyyətdən fikri yayındırmağa hesablanıb".

PƏRVANƏ

 





09.10.2015    çap et  çap et