525.Az

BVF-nin Azərbaycanla bağlı proqnozları müsbətə doğru dəyişib


 

RUSLAN ATAKİŞİYEV: "DÖVLƏT QEYRİ-NEFT SEKTORU, SAHİBKARLIĞIN İNKİŞAFINA XÜSUSİ DİQQƏT AYIRIR"

BVF-nin Azərbaycanla bağlı proqnozları müsbətə doğru dəyişib<b style="color:red"></b>

"2015-ci ilin əvvəlində Beynəlxalq Valyuta Fondu Azərbaycanda inflyasiyanın 5 faiz təşkil edəcəyini proqnozlaşdırsa da, hazırda rəqəmlər bir qədər aşağı düşərək 3,5 faizdə dayanıb". Bu sözləri İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, iqtisadçı ekspert Ruslan Atakişiyev Beynəlxalq Valyuta Fondunun (BVF) oktyabr ayına hazırladığı hesabatında Azərbaycanla bağlı proqnozları qiymətləndirərkən deyib.

İqtisadçı ekspert hesab edir ki, qlobal iqtisadi böhranla bağlı ilin əvvəlində Beynəlxalq Valyuta Fondunun Azərbaycan və digər dünya dövlətlərinə dair proqnozlarında bədbinlik var idi. Onun sözlərinə görə, buna səbəb Avrozonada baş verən proseslər, neftin qiymətinin kəskin aşağı düşməsi, siyasi intriqaların dünya iqtisadiyyatına təsir etməsidir.

R.Atakişiyev bildirib ki, Beynəlxalq Valyuta Fondunun hazırladığı son hesabatda yumşalmaya getməsində dövlət tərəfindən açıqlanan statistik rəqəmlərin də təsiri var: "Rəsmi rəqəmlərdə göstərilib ki, 2015-ci ilin altı ayında ölkədə istehsal olunan ümumi daxili məhsul 26,3 milyard manat təşkil edib. Burada qeyri-neft sektoru 66,9 faiz pay sahibi olub. Ümumi daxili məhsulun 53,4 faizi iqtisadiyyatın istehsal sahələrinin, o cümlədən, 36,4 faizi sənayenin, 13,7 faizi tikintinin, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığın, 37,5 faizi isə xidmət sahələrinin payına düşüb, məhsula və idxala xalis vergilər ümumi daxili məhsulun 9,1 faizini təşkil edib. 2016-cı il üzrə ümumi daxili məhsul istehsalı 57,7 milyard manat təşkil edəcəyi gözlənilir. Burada qeyri-neft sektoru payı 41,5 milyarda manatdır. Özəl sektorun ümumi daxili məhsulun payı 82,2 faiz  həcmində nəzərdə tutulur. Ümumilikdə son dövrlərə baxsaq, neftin qiymətində kəskin azalmaların müşahidə olunması dövlətin qeyri-neft sektoruna, sahibkarlığın inkişafına xüsusi diqqət ayırmasına səbəb olub və bu sahədə ciddi tədbirlər görülüb".

Mərkəz sədri vurğulayıb ki, bu sahəyə diqqət daha da artırılmalı, xüsusilə investisiya mühiti inkişaf etdirilməli, azad rəqabət formalaşdırılmalıdır.

Ceyhun ABASOV

 





09.10.2015    çap et  çap et