525.Az

Qısa ömrün sonsuz işığı


 

Qısa ömrün sonsuz işığı<b style="color:red"></b>

Rəsulzadə qəsəbəsindəki 99 nömrəli tam orta məktəb 48 ildir ki, Həsən Qardaş oğlu Cəbrayılovun adını daşıyır.

Onun qısa, lakin şərəfli həyat yoluna işıq tutmağa çalışdım. İlk həmsöhbətim böyük qardaşı Məcid dayı oldu: "Bizim taleyimizə  Böyük Vətən müharibəsinin məşəqqətli günlərini görmək düşüb. Atamız müharibəyə getmişdi, bizə anam həyan olurdu. Kolxozda təsərrüfat işlərinə gedir, bizi də özü ilə aparırdı. Balaca olsam da, anamla bərabər işləməli olurdum. Bir qarnımız ac, bir qarnımız tox yaşayırdıq. Amma bu qədər çətinlik içərisində sınmadıq, vətənə layiqli övlad kimi yetişməyə çalışdıq".

Həsən Cəbrayılovun digər qardaşı, "Respublika" qəzetinin əməkdaşı Ataş Cəbrayılov deyir ki, Azərbaycanı min illər boyu yaşadan məhz cəsur, ləyaqətli övladlarıdır. Tarixi proseslərə nəzər salsaq görərik ki, dövrün siyasi liderləri həmişə onların ideya daşıyıcılarına, vətənin, millətin yaşaması üçün canından keçənlərə, hansı ölkədə olursa-olsun, millətlər içində millətinin imzasını təsdiq edənlərə yüksək qiymət verib:

"Həsənin anım günündə müəyyən tədbirlərə hökmən ailəmiz də dəvət olunurdu. 1977-ci ildə mən qardaşımın qulluq etdiyi hərbi hissəyə və həmin Hərbi-dəniz müzeyinə getdim. Hərbi hissənin "Lenin otağı"nda onun  büstü var idi. Muzeydəsə ilk eksponat Həsənə məxsus idi. Dedi ki, Həsən Cəbrayılov istehkamçı kimi 471 mina zərərsizləşdirib, dənizdə, quruda on minlərlə köhnə hərbi sursatın zərərsizləşdirilməsində çox böyük zəhməti olub, sülh dövrüdür, müxtəlif bəhanələrlə növbədən də yayınmaq mümkündür. O isə heç vaxt sui-istifadə etməyib, şüurlu surətdə ölümün gözünə dik baxıb. Buna görə də Həsən Cəbrayılov qəhrəmandır".

Qarşımda xeyli sənəd, məktub və qəzet var. Bunlara nəzər yetirdikdə 24 illik ömrün xronikası ilə tanış oluram.

Həsən 1942-ci ilin 22 fevralında Cəbrayıl rayonunun Qaracallı kəndində doğulub. Ağır illər idi. Müharibə xalq təsərrüfatını tamamilə dağıtmışdı. Böyüklü-kiçikli hamı onun bərpası üçün fədakarlıq göstərirdi. Bu illərdə həm məktəbli, həm də əməkçi olur. Səkkiz yaşında o, yüz əməkgünündən çox qazanıb.

1950-ci ildə ailə Bakıya, Böyükşor qəsəbəsinə köçür. Həsən bir müddət Keşlə rayonu 201 nömrəli məktəbdə oxuyur. 1957-ci ildə atasının Kirov (indiki Rəsulzadə) qəsəbəsində işləməsi ilə əlaqədar olaraq ailə oraya daşınır. Həsən yeddiillik təhsilini 1958-ci ildə 99 nömrəli məktəbdə bitirir.

Məktəbin rəhbərliyi adından qrup rəhbəri Xudadovun Həsənin valideynlərinə göndərdiyi məktubda oxuyuram: "Məktəb və mən ölkəmizdə belə namuslu oğulların daha da çox olmasını arzu edərdik. Belə oğul böyütdüyünüz üçün sizə təşəkkür edirəm".

Həsən təkcə oxumaqla kifayətlənmirmiş. Boks, ağırlıqqaldırma, güləşlə məşğul olur, incəsənəti də çox sevirmiş. Rəsm, heykəllər, səhnə əsərləri barədə fikir yürüdər, əks olunmuş ideyanı açmağa çalışar, məziyyətlərindən bəhs edər, hərdən özü də şəkil çəkər, çoxlu kitab oxuyarmış. Hər kitabı oxuyandan sonra cib dəftərçəsinə öz fikrini qeyd edər, xoşuna gələn cümlələri səliqə ilə köçürərmiş. "Aşıq Ələsgər", "Koroğlu", "Qaçaq Nəbi", "Polad necə bərkidi", "Gənc qvardiya" masaüstü kitabları idi.

O, 1959-cu ildə təhsilini əla qiymətlərlə başa vurur. Məktəb tərəfindən Xəzər dənizneft donanması idarəsinə təqdim edilmək üçün verilmiş istehsalat xasiyyətnaməsində oxuyuram: "Əla oxumağa və nizam-intizama görə təşəkkür və fəxri fərman alıb. Məktəbin rəy kitabına qeyd edilib". Həsən iş yerində əməksevərliyi, vəzifəsinin öhdəsindən əla gəlməsi ilə seçilir. Qısa müddətdə kollektivin sevimlisi olur.

1961-ci ildə təhsilini artırmaq üçün SSRİ Dəniz Donanması Qafur Məmmədov adına Bakı Dənizçilik Məktəbinin mexanika şöbəsinə daxil olur. Təcrübəli matros burada da özünü göstərə bilir. Fəal ictimai iş aparır, komsomol təşkilatının katibi seçilir, Xəzər hövzəsi elmi-texniki cəmiyyətinin üzvü olur. OADKYC nəzdində həvəskar sürücülər kursunu bitirir. 1963-cü il yanvarın 1-dən XXI qurultay adına gəmi təmiri zavodunda çilingər işləməyə başlayır. 

Tezliklə ordu sıralarına çağırılır. Xidməti ərzində 30 təşəkkür və müxtəlif təltiflər xidmət vərəqəsində öz əksini tapır. Qara Dəniz Hərbi Donanmasının orqanı "Flaq rodinı" qəzeti onun haqqında yazılar dərc edir. Vzvodda komsomol təşkilatının katibi seçilir. Bir ildən sonra "Sovet ordusu əlaçısı" döş nişanına layiq görülür. İşinin ustası kimi tanınır. Sevastopol Vilayət İcraiyyə Komitəsi tərəfindən "Smena 2" fotoaparatı və  albomla mükafatlandırılır. Qırmızı bayraqlı Qara dəniz Hərbi Komandanlığı Həsənin valideynlərinə məktubunda yazır: "QDK Dəniz Donanması komandanlığı və siyasi şöbəsi sizə belə mətin, dəyanətli, anda sadiq hərbi dənizçi-oğlunuz Həsənin tərbiyəsinə görə dərin minnətdarlığını bildirir".

Həsənin xidmət etdiyi hissənin komandanlığı onun həlakı ilə əlaqədar  yazırdı: "Hörmətli Həsənin valideynləri, icazə verin oğlunuzun, qardaşımız və bizim ümumi dostumuzun faciəli həlakı ilə əlaqədar bir daha dərdinizə şərik olduğumuzu bildirək və sizi əmin edək ki, bütün şəxsi heyət çalışır ki, sizin oğlunuz kimi olsun".

Müharibə illərdir ki, qurtarıb. Ancaq ayaq açdığı yerə ölüm toxumu səpib. Dənizin dibi, çimərliklər, çöllər, tarlalar, dağlar, evlərin zirzəmiləri, ən ağla gəlməyən yerlərdən belə bu gün də qumbara, mərmi, minalar tapılır. Həmin hərbi sursatlarla istehkamçıların apardıqları "müharibə" davam edir. Bu müharibədə qorxaqlara yer yoxdur. Burda hamı ölümə getdiyini yaxşı bilir. Həsən bunu çox gözəl anlayırdı. Bilirdi ki, hər zərərsizləşdirilməmiş sursat neçə-neçə insanın həyatına son qoyulması deməkdir.

Həsən nümunəvi əsgəri xidmətinə görə 1965-ci il dekabrın 31-də Böyük Vətən müharibəsində qələbənin 20 illiyi yubiley medalı təltif olunur.

İnsan Allahın yaratdığı sirr, qəlbi sonu olmayan mənəvi sərvət və zənginliklərlə, hiss, duyğu, məslək, əqidə, qayə, inam, niyyət və iradə ilə dolu kainatdır. Bəzən insan hansısa fövqəlbəşər duyğu ilə onu nə gözlədiyini əvvəlcədən hiss edir. Ömrü  Allah qarşısında, insanlıq, cəmiyyət, vətən, ailə, vicdan və mənliyi qarşısında bir vəzifə borcu kimi hiss edənlər, həyatını ləyaqətlə sona çatdırmağa hazırlaşır və qətiyyətlə ona tərəf gedirlər. Həsən əbədiyyətə qovuşduran ölümü tanıyırdı.

470 dəfə onunla üzbəüz qalmış və bu qarşıdurmadan qazi kimi çıxmışdı. Lakin 471-ci görüş onu bu həyatdan qoparıb ölümsüzlük zirvəsi olan şəhidliyə qovuşdurdu. Həsən öz həyatını insanların uğrunda qurban verdi. Ölümündən sonra Qırmızı Ulduz ordeni ilə təltif olundu.

Həsən Cəbrayılovun böyük bacısı, Zərövşən Zeynalova söhbətə qarışır:

- Bir dəfə Xəzər dənizində gecə hər tərəfi qatı duman bürüyübmüş. Həsən gəmidə olub, lövbər salınıb. Birdən dumanın arasından işıq gəlməyə başlayıb. Başqa bir gəminin onların gəmisinə tərəf üzdüyünü hiss edib, tez həyəcan siqnalı verb. Gəmi isə dayanmadan onlara tərəf üzürmüş. Həsən Cəbrayılov özünü itirmədən, gəmidə olan təhlükə siqnalı da verib. Xəbər çıxmadığı üçün yedək qayığını dənizə endirib o biri gəmiyə tərəf üzüb. Bosman yatdığı üçün gəmi özbaşına hərəkət edirmiş. Bosmanı oyadıb, gəminin istiqamətini başqa tərəfə yönəldib.

Bu hadisədən  xəbər tutan Xəzər Hövzəsi Elmi-texniki Cəmiyyətində tədbir keçirilib. Həsən Cəbrayılovun göstərdiyi şücaətə görə onu mükafatlandırıb və Komsomol təşkilatı katibi seçiblər.

Həsən hərtərəfli qabiliyyətli idi. O, tar çalır, hekayə və məqalələr yazır, rəsmlər çəkirdi. Hərbi xidmətdə olarkən hissədə çəkdiyi rəsmlərdən ibarət sərgi təşkil olunmuşdu.

Məcid dayı kövrəlib, gözləri dolub, üzünü gah o yana, gah da bu yana döndərir ki, kövrəldiyi hiss olunmasın: -"Anam səhər qalxanda dedi ki, yuxusunu qarışdırıb. Elə bil ürəyinə dammışdı ki, balasının başında nə isə fəlakət var".

Qəfləti qara xəbər ailəni sarsıdır: "Sizin oğlunuz Həsən Qardaş oğlu Cəbrayılov Vətən qarşısında xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına həlak olub".

Həsənin ölümünə biz bir az dözdük, ancaq atamız barışmırdı. Həsənin cənazəsini Krımda yerləşən Qara Dəniz Hərbi Donanmasından gətirmək üçün mən və atam iki yaxın qohumla getmişdik. Donanmada mərasim təşkil olunmuşdu. Qayıdanda da bizi təyyarə limanına qədər müşayiət etdilər.

Bakıya enəndə də bizi izdiham qarşıladı. İzdihamın önündə Azərbaycan Hərbi Komissarlığının rəis müavini, mayor Hüseyn İsmayılov idi.

Qaracallı kəndinə çatanda yenə izdihamla qarşılaşdıq. Cəbrayıl rayon partiya komitəsinin nümayəndələri, rayon hərbi komissarlığının işçiləri, kənd camaatı orada idi".

Bu əsnada öyrənirəm ki, azərbaycanlı istehkamçının uğur qazanmasını gözü götürməyənlər də olub. Krım vilayəti ərazisində hərbi sursatları zərərsizləşdirmək üçün müəyyən sahələr nəzarətdə saxlanılırmış. Əraziyə ancaq hərbçilər buraxılırmış. Həsən orada partlayıcının yerini müəyyən edir, qırmızı bayraq sancır. Bu vaxt nahar fasiləsi elan edilir. Heyət axtarışı dayandırıb nahar fasiləsinə çıxır. Nahardan sonra təhlükəli əraziyə daxil olanda xəbərdarlıq nişanını yerində görmürlər. İrəliləyəndə isə partlayış baş verir. Zabit və iki əsgər həlak olur. Müəyyən olunur ki, əsgərlər nahara gedəndə sonda maşına milliyyətcə erməni olan əsgər oturub. Əsgər həbs edilir və barəsində istintaq tədbirləri görülməyə başlayır.

Həsənin ölümündən sonra oxuduğu 99 nömrəli orta məktəbə onun adı verilir. Bir məsələni xatırladaq ki, müstəqilliyin ilk illərində Həsən Cəbrayılovun adını məktəb rəhbərliyi birtərəfli qaydada ləğv etmişdi. Bu zaman kollektivin əksəriyyəti buna etirazını bildirir. Həsən Cəbrayılovun adının bərpası məsələsi dövlət qarşısında qaldırılır. Beləliklə, ad yenidən bərpa edilir.

2016-cı ildə Həsən Cəbrayılovun şəhidliyinin 50-ci ili tamam olur. Kollektivin bir arzusu da məktəbin qarşısında Həsən Cəbrayılovun büstünün qoyulmasıdır.

Nemət BƏXTİYAR
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 





09.10.2015    çap et  çap et