525.Az

Afaq Məsud gələcəyin tərcüməçiləri ilə görüşüb


 

Afaq Məsud gələcəyin tərcüməçiləri ilə görüşüb<b style="color:red"></b>

Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin (AzTM) direktoru Afaq Məsud Dillər Universitetinin Tərcümə fakültəsinə yüksək balla daxil olmuş tələbələrlə görüşüb.

Görüşdə tərcümə sənətinin aktuallığı, tərcüməçilik ixtisasının özəl incəlikləri, həmçinin tədrisi sahəsində yaşanan problemlərdən söz açılıb.

Tələbələrə rəhbərlik etdiyi qurumda görülən işlərdən geniş söz açan A.Məsud bu sahənin kadr bazasından, tədrisi problemlərindən danışıb: “2014-cü ildə ölkə başçısı İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yaradılması ilə bağlı Fərman imzaladı. Bu Fərman dil və tərcümənin işləndiyi hər sahədə yaşanan fəsadların, əngəllərin aradan qaldırılmasına, bu sahənin dövlətin siyasi kursu qismində formalaşdırılmasına geniş imkanlar yaratdı. Bəzən bizi “Tərcümə Mərkəzi” adı altında vətəndaşlara tərcüməçilik xidməti göstərən xırda kontorlarla qarışıq salır, bəzən sırf bədii kitabların tərcüməsi ilə məşğul olan adi tərcümə qurumu kimi qəbul edirlər. Lakin bu, belə deyil. Mərkəz ölkə üzrə dil və tərcümə sahəsinin mərkəzləşdirilmiş qaydada, məqsədyönlü şəkildə təşkili, təkmilləşdirilməsi və bu sahəyə nəzarəti həyata keçirən, strateji əhəmiyyətli dövlət qurumudur. Bu gün biz bu sahənin normativ hüquqi bazasının təşkili, tərcümə və tərcüməçilik fəaliyyətinin beynəlxalq normalara cavab verəcək mexanizmlər üzrə aparılması, peşəkarlıq meyarlarının, dil və tərcümə standartlarının yaradılması və digər bu kimi sahə quruculuğu işləri ilə məşğuluq.
 
Sizləri bura dəvət etməkdə məqsədimiz isə bu sahənin tədrisi üzrə araşdırmaların nəticələrini birgə müzakirə etmək, vəziyyətdən çıxış yolları tapmaqdır. Əvvəla, hər birinizi ürəkdən təbrik edir, bu çətin və şərəfli peşədə sizə uğurlar arzulayıram. İlk növbədə, bunu deməliyəm ki, tərcümənin təhsil sferası üzrə aparılan araşdırmalar ali məktəblərə qəbul zamanı, çox hallarda tərcümə ixtisasının ikinci, üçüncü pillədə - yəni bal çatışmadığı halda təhsildən kənarda qalmamaq niyyəti ilə seçildiyini aşkar edib. Digər, daha ağrılı məqam - bu ixtisasa önəm verən və yüksək bal toplayan qabiliyyətli tələbələrin ikinci kursdan sonra təhsilini xarici ölkələrdə davam etdirməyə üstünlük verməsi və təhsil müddəti başa çatdıqdan sonra geriyə qayıtmamasıdır”.

Afaq Məsud, həmçinin hər bir ölkənin maarif səviyyəsinin göstəricisi olan dil və tərcümənin aktuallaşması, spesifik sahələr üzrə mənimsənilməsi, tədris və tətbiq mədəniyyətinin təkmilləşdirilməsi üzrə zəruri tədbirlərin həyata keçirilməsini tənzimləyəcək Dövlət Proqramının hazırlandığını bildirib.

Görüşdə tələbələr seçdikləri ixtisasın üstünlüklərindən, tərcümə işinə olan maraqlarından söz açıblar.

Sonda tələbələrə Tərcümə Mərkəzinin nəşrləri, buklet və kataloqları hədiyyə edilib.

S.ABDULLAYEVA

 





10.10.2015    çap et  çap et