525.Az

Beynəlxalq Muğam Mərkəzində “Mahnıdan - Şarkıya” səslənəcək


 

Beynəlxalq Muğam Mərkəzində “Mahnıdan - Şarkıya” səslənəcək<b style="color:red"></b>

Oktyabrın 16-da Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Bəstəkarlar İttifaqının və Türkiyə Elm və Ədəbiyyat Əsər Sahibləri Birliyinin (İLESAM) birgə layihəsi əsasında “Mahnıdan - Şarkıya” adlı konsert proqramı təqdim olunacaq.

Konsertdə türkiyəli sənətçilər Çiğdem Gürdal (vokal), Oya Ergün (vokal), Ali Burç (ritim saz), Evren Turna (keman), Onur Akkuş (ud), Deniz Göktaş (kanun), həmçinin Şəhla Ələkbərovanın rəhbərlik etdiyi AzTV-nin C.Cahangirov adına Xoru iştirak edəcək. Ümummilli lider Heydər Əliyevin məşhur “Bir millət iki dövlət” devizi altında keçiriləcək konsertdə Azərbaycan və türk bəstəkarlarının mahnıları səslənəcək.

Qeyd edək ki, “Mahnıdan-Şarkıya” konserti Azərbaycan Bəstəkarlar İttifaqı və İLESAM-ın “6 bəstəkar və 6 şair” adlı birgə layihəsi əsasında reallaşıb. Adından da məlum olduğu kimi, bu layihədə türk bəstəkarlar Faruk Şahin, Zekai Tuncay, Pinar Göksal, Ugur Top, Özgen Gürbüz və Yaşar Bedük Azərbaycan poeziyasınını görkəmli nümayəndələri Rəsul Rza, Nigar Rəfibəyli, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Nəriman Həsənzadə və Zəlimxan Yaqubun şeirlərinə mahnı bəstələyiblər. Öz növbəsində Azərbaycan bəstəkarlıq məktəbinin tanınmış simalarından olan Firəngiz Əlizadə, Həsənağa Adıgözəlzadə, Cavanşir Quliyev, Cəlal Abbasov, Sərdar Fərəcov və Elza Seyidcahan isə İLESAM-ın təqdimatı ilə Durmuş Kaya, Nedim Ucar, Serdar Öncül, Sevinc Atan, Sevim Yakıcı və Əkrəm Yalbuzun şeirlərinə musiqi bəstələyiblər.

Qardaş ölkənin nümayəndələri Bakıya oktyabrın 14-də gələcək. Türkiyəli qonaqlar Fəxri Xiyabanı, Azərbaycan Milli Tarix Muzeyini, həmçinin M.F. Axundzadə adına Milli Kitabxananı ziyarət edəcək, o cümlədən, Azərbaycan Bəstəkarlar İttifaqı və Yazıçılar Birliyinin üzvləri ilə görüşlər keçirəcəklər.

S.ABDULLAYEVA

 





10.10.2015    çap et  çap et