525.Az

Dini maarifləndirmə istiqamətində aparılan işlər gücləndirilməlidir”


 

Dini maarifləndirmə istiqamətində aparılan işlər gücləndirilməlidir”<b style="color:red"></b>

“Jurnalistlər Ekstremal Şəraitdə” İctimai Birliyi “Müxtəlif dini qrupların cəmiyyətə inteqrasiyasında mövcud olan problemlərin aradan qaldırılmasına həsr olunmuş tədbirlərin təşkili” adlı layihəsinə yekin vurub.

Bununla bağlı keçirilən mətbuat konfransında çıxış edən birliyin sədri Firuzə Əsədullayeva bildirib ki, layihə Azərbaycan Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilib. Onun sözlərinə görə, layihənin həyata keçirilməsində əsas məqsəd ayrı-ayrı dini qrupların cəmiyyətə inteqrasiya oluna bilmələrinə yardım etmək, onlarda formalaşmış səhv dini təsəvvürləri az da olsa aradan qaldırmaq idi. Layihə altı ay ərzində, aprel- sentyabr aylarında dəyirmi masa formatında Bakı, Masallı, Balakən rayonlarında keçirilib. Bu tədbirlərlə paralel olaraq Sumqayıt internet TV-si ilə bağlanan müqavilə əsasında dialoq formatında 4 tele-veriliş hazırlanıb. Bu verilişlərdə hər dəfə fərqli, dini icmaların nümayəndələri dəvət olunub, müzakirələr aparılıb. Ekspertlərin cəmiyyətin fərqli dini baxışları olan insanlarla apardıqları müzakirələr faydalı nəticələr əldə etməyə hesablanıb.

F.Əsədullayeva deyib ki, tədbir iştirakçıları tərəfindən müxtəlif dini qrupların cəmiyyətə inteqrasiyasında mövcud olan problemlərin aradan qaldırılması ilə bağlı bir sıra dəyərli təkliflər verilib: “Biz onların əsasında təkliflər paketi hazırlayıb QHT-lərə Dövlət Dəstəyi Şurasına təqdim edəcəyik”.

 “Jurnalistlər Ekstremal Şəraitdə” İctimai Birliyi İdarə Heyətinin üzvü Tofiq Türkel bildirib ki, hazırda cəmiyyətdə dinin aktuallığı artıb. Amma müəyyən boşluqlar da var ki, arzuolunmaz dini cərəyanlar bundan istifadə edirlər.  Onun sözlərinə görə, layihə çərçivəsində rayonlarda və Bakıda dini icmalarla keçirilən görüşlərdə əsasən dini maarifçiliyin artırılması, telekanallarda daha sanballı verlişlərin hazırlanması təkliflər səsləndirilib. Xüsusilə gənclər arasında dini maarifləndirmənin daha güclü aparılması zəruriliyi qeyd olunub.

Bundan başqa vurğulanıb ki, 2013-cü illə müqayisədə ifrat dini cərəyanlar qoşulanların sayı azalıb. Bu isə aparılan dini təbliğatın nəticəsidir. Dini icmaların rəhbərləri nəticə əldə etmək üçün bu cür layihələrin davamlı olmasının əhəmiyyətini də qeyd ediblər.

O da vurğulanıb ki, cəmiyyətdə radikal cərəyanların olmasında narahatlıq var və insanlar bunları potensial təhdid kimi görürlər.  Bundan əlavə, tolerantlıq mühitinin mövcudluğu da dəstəklənir. Görüşlər zamanı qeyd edilib ki, tolerantlığın olması vacib şərtlərdən biridir.

PƏRVANƏ

 





10.10.2015    çap et  çap et