525.Az

Yaqland anti-Azərbaycan qüvvələrinin təzyiqlərinə davam gətirə bilmədi


 

“BİRGƏ İŞÇİ QRUPU KİMƏSƏ XOŞ GƏLMƏK ÜÇÜN YARADILMAYIB”

Yaqland anti-Azərbaycan qüvvələrinin təzyiqlərinə davam gətirə bilmədi<b style="color:red"></b>

Avropa Şurası baş katibi Torbyorn Yaqland öz nümayəndəsini insan hüquqları məsələləri üzrə işçi qrupunun tərkibindən geri çağırıb.

O, heç bir arqument irəli sürmədən bu cür addım atmaqla Azərbaycana qarşı münasibətdə səmimi olmadığını göstərib. Çünki 2005-2008-ci illərdə fəaliyyət göstərən, Azərbaycan vətəndaş cəmiyyətinin və hakimiyyətinin nümayəndələrindən ibarət birgə işçi qrupu Azərbaycan prezidenti İlham Əliyevin və Avropa Şurasının baş katibi Turbyorn Yaqlandın təşəbbüsü ilə fəaliyyətini bərpa edib. Ona görə də, Yaqlandın qrupda müşahidəçi kimi iştirak edən nümayəndəsini geri çağırması insan hüquq və azadlıqlarının qorunması baxımından aparılan işə mane olmaq cəhdidir.

Anti-Azərbaycan qüvvələri, o cümlədən, Avropa Şurasındakı bəzi dairələr hələ işçi qrupun ilk fəaliyyət dövründə ölkəmizdə vətəndaş cəmiyyəti ilə hökumət arasında dialoqun qarşısını almağa çalışıblar. İşçi qrupunun üzvləri isə Avropa Şurasını bu dialoqa maneələr törətməməyə çağırıb, lakin Avropa Şurasının Parlament Assambleyası öz qərəzli yanaşması nəticəsində 2008-ci ildə işçi qrupunun fəaliyyətinin dayandırılmasına nail olub. Halbuki, işçi qrupunun fəaliyyəti dövründə məsələləri hüquq-müdafiə təşkilatları tərəfindən qaldırılan 150-yə yaxın məhkum azadlığa qovuşub.

2014-cü ildə isə Avropa Şurasının baş katibi Turbyorn Yaqland Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edərək birgə işçi qrupunun fəaliyyətinin bərpa olunmasını xahiş edib və ölkə başçısı xoş niyyətini nümayiş etdirərək buna razılıq verib. Lakin Yaqland son addımı ilə qurumun fəaliyyətində deyil, məhz fəaliyyətsizliyində maraqlı olduğunu göstərib, anti-Azərbaycan qüvvələrinin bu amildən öz məqsədləri naminə faydalanmasına zəmin yaratmağa çalışıb. Hərçənd, yarandığı gündən səmərəli və faydalı fəaliyyət göstərək 16 məhbusun azadlığa qovuşmasında əməyi olan işçi qrup bununla Azərbaycana qarşı təzyiq siyasəti yürüdən bəzi xarici dairələrin ümidlərini tamamilə boşa çıxarıb.

“Konstitusiya” Araşdırmalar Fondunun sədri, insan hüquqları məsələləri üzrə birgə işçi qrupun üzvü Əliməmməd Nuriyev bildirib ki, Avropa Şurasının nümayəndəsi birgə işçi qrupunun üzvü deyil: “O, yalnız müşahidəçi qismində iştirak edirdi. İşçi qrupun yaradılmasında təşəbbüskarlar Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Şurasının baş katibi Turbyorn Yaqland olub. Ona görə də Avropa Şurasının nümayəndəsi qrupun fəaliyyətində müşahidəçi qismində iştirak edib”.

İşçi qrupun fəaliyyətinin mandatına uyğun aparıldığını deyən Ə.Nuriyev qrupun fəaliyyət müddəti ərzində xeyli işlər görüldüyünü diqqətə çatdırıb: “Qısa müddətdə işçi qrupunun fəaliyyəti nəticəsində insan hüquqlarının müdafiəsi təşkilatlarının siyahılarında qeyd olunmuş 16 nəfər azad edilib. Eyni zamanda, xeyli sayda insana işçi qrupu hüquqi yardımlar göstərib. Hər halda proses davam etməkdədir. Sadəcə olaraq Yaqlandın verdiyi qərar bizim üçün gözlənilməz olub. Belə görünür ki, Yaqland anti-Azərbaycan qüvvələrinin təzyiqlərinə davam gətirə bilmədi. Avropa Şurasının baş katibi işçi qrupun üzvləri ilə də bu məsələni müzakirə etməliydi. O, bu addımı nəyə görə atdığını bildirməliydi. Bu daha səmərəli, rasional yol olardı. Heç bir arqument irəli sürmədən qəflətən belə qərar qəbul etmək düzgün deyil”.

Birgə işçi qrupun üzvü qeyd edib ki, Avropa Şurasının müşahidəçisi olmadan da onlar fəaliyyətlərini davam etdirəcəklər: “Onsuz da Avropa Şurasının müşahidəçisi hər zaman bizim yanımızda olmayıb. Biz fəaliyyətimiz dövründə qrupun həmsədrləri və üzvləri ilə əlaqəli şəkildə hüquqi problemlərə dair müxtəlif məsələləri həll etməyə çalışmışıq. Bu istiqamətdə apardığımız iş öz müsbət nəticələrini verir. Ona görə də, hesab edirəm ki, Yaqlandın bu qərarı siyasi məsələlərlə bağlıdır. Görünür ki, anti-Azərbaycan şəbəkəsi işçi qrupun fəaliyyətinin müsbət nəticələr verməsindən narahatdır. Avropa Şurası öz nümayəndəsini geri çağırmaqla bizim fəaliyyətimizə mane ola bilməyəcək. Qrup öz fəaliyyətini bundan sonra da davam etdirəcək. Çünki işçi qrupu ölkə başçısı İlham Əliyevin təşəbbüsü ilə bərpa olunub və mandatına uyğun olaraq fəaliyyətini davam etdirir”.

Ə.Nuriyev vurğulayıb ki, birgə işçi qrupu kiməsə xoş gəlmək üçün yaradılmayıb: “İşçi qrupu Azərbaycanda insan hüquq və azadlıqlarının qorunmasına əlavə dəstək vermək üçün yaradılıb. Qrupun fəaliyyəti vətəndaş-hökumət dialoqunun daha da möhkəmləndirilməsi baxımdan atılan mühüm addımdır. Avropa Şurası baş katibinin verdiyi qərar isə vətəndaş cəmiyyəti ilə hökumət arasında qurulan dialoqa mane olmaq cəhdi kimi də qiymətləndirilməlidir. Çünki Qərbdə belə bir dairələr var ki, Azərbaycanda vətəndaş cəmiyyəti ilə dövlət qurumları arasında dialoqun mövcud olmasında maraqlı deyillər. Lakin onların nə istədiklərindən asılı olmayaraq Azərbaycanda vətəndaş cəmiyyəti ilə hökumət arasında dialoqun inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılır, münasibətlər daha da möhkəmləndirilir”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, politoloq Elçin Mirzəbəyli hesab edir ki, Turbyorn Yaqlandın insan hüquqları məsələləri üzrə birgə işçi qrupun tərkibindən öz nümayəndəsini geri çağırması Avropa Şurasının prinsiplərinə uyğun gəlmir: “Yaqland bu addımı ilə sübut edib ki, Avropa Şurasına üzv olan ölkələrə münasibətdə ikili standartlarla çıxış edir. Onun məqsədi heç də Avropa məkanında insan hüquq və azadlıqlarının qorunması deyil. Avropa Şurasının fəaliyyəti ayrı-ayrı ölkələrə təzyiq göstərməkdən ibarətdir. Bu, işçı qrupu Azərbaycanın öz istəyi və arzusu ilə yaradılıb və qurumun fəaliyyəti kifayət qədər uğurlu olub. Bugünə qədər bir sıra problemlərin aradan qaldırılması istiqamətində mühüm addımlar atılıb. Konkret bir fəaliyyətin nəticə verdiyi, stimullaşdırıcı addımların atıldığı halda Yaqlandın belə bir mövqe nümayiş etdirməsi anlaşılan deyil. Bununla bir daha sübut olunur ki, Avropa Şurasında Turbyorn Yaqland da daxil olmaqla Azərbaycana qarşı məqsədyönlü şəkildə kampaniya aparan qruplar fəaliyyət göstərir”.

Politoloq bildirib ki, “Bakı-2015: Birinci Avropa Oyunlarından başlayaraq aparılan anti-Azərbaycan kampaniyasının mahiyyəti bu siyasi hadisə ilə bağlıdır: “Yaqlandın bu addımı müxtəlif beynəlxalq təşkilatlar vasitəsilə Azərbaycana qarşı yürüdülən təzyiq siyasətinin ardıcıl şəkildə aparılan kampaniya olduğunu sübut edir. Əks təqdirdə, Avropa Şurasının baş katibi öz nümayəndəsini işçi qrupunun tərkibindən geri çağırmaq kimi absurd addım atmazdı. Çünki həmin nümayəndənin missiyası bilavasitə insan hüquq və azadlıqları ilə bağlı həyata keçirilən tədbirləri izləmək və prosesə dəstək verməkdən ibarət idi. Əgər Avropa Şurası öz prinsiplərinə uyğun şəkildə atılan addımları dəstəkləmirsə bu qurumun və yə ona rəhbərlik edən şəxslərin fəaliyyətinə nə ehtiyac var?”

İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədri, politoloq Məhərrəm Zülfüqarlı isə qeyd edib ki, Avropa Şurası baş katibinin öz nümayəndəsini birgə işçi qrupun tərkibindən geri çağırması Avropa Parlamentinin qərəzli qətnaməsi, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları bürosunun seçkilərə müşahidə missiyası göndərməkdən imtina etməsi kimi Azərbaycana qarşı məqsədli şəkildə atılan addımlardan biridir: “Qərb dairələri insan haqlarını bəhanə edərək Azərbaycana qarşı qərəzli münasibətini ortaya qoyur”.

Onun sözlərinə görə, bütün bunlar dünyada gedən proseslərin nəticəsidir: “Ukrayna müharibəsi ilə əlaqədar Rusiyaya tətbiq olunan sanksiyalara qoşulmayan Azərbaycanın müstəqil siyasət yürütməsi Qərb dairələrini heç cür qane etmir. Onlar bu cür təzyiq vasitələrini işə salmaqla dövlətimizdən istədiklərini qoparmağa çalışırlar. Bütün bu təzyiqlərin heç bir nəticəsi olmayacaq. Həm Rusiya, həm İran, həm də Qərb dövlətləri ilə müstəqil balanslı siyasət yürüdən Azərbaycan bəyan edir ki, əməkdaşlıq üçün qapısı hər kəsə açıqdır”.

M.Zülfüqarlı deyib ki, Qərb dövlətləri Azərbaycanın karbohidrogen ehtiyatlarından bəhrələnir, ölkəmizlə iqtisadi tərəfdaş kimi çıxış edirlər. O hesab edir ki, bu cür təzyiqlər isə Azərbaycandan nəyisə daha çox almağa hesablanıb: “Azərbaycan artıq güclü dövlətdir, müstəqil siyasət həyata keçirir. Ona görə də, Qərb dairələri ölkəmizlə təzyiq dili ilə danışmaqdansa, bərabərsəviyyəli əməkdaşlıq barədə düşünməlidir”.

Politoloq bildirib ki, insan hüquqları ilə bağlı problemlər istənilən ölkədə var: “Necə olur ki, 1 milyondan artıq qaçqınımızın pozulan hüquqları barədə danışanda Qərbin qulağı kar olur, müxtəlif cinayət əməllərinə görə, onların maliyyələşdirdiyi şəxslər həbs olunan kimi isə Azərbaycana qarşı bu cür mövqe nümayiş etdirirlər? Onların məqsədi tamam başqadır. Qərb dairələri Azərbaycanı yürütdüyü müstəqil siyasətdən döndərmək, öz təsir dairəsinə salmağa çalışır. Bu da mümkün olan hadisə deyil. Çünki Azərbaycan təkcə Qərb dövlətləri ilə əməkdaşlıq etmir. Dövlətimiz İslam Konfransı ölkələri ilə mühüm əməkdaşlıq əlaqələrinə malikdir. Hansı ki, bu dövlətlər Ermənistanı işğalçı dölvət kimi tanıyır, Dağlıq Qarabağın işğalı faktını təsdiqləyirlər. Lakin Qərb dövlətlərindən biri də bu cür bəyanatla çıxış etməyib”.

M.Zülfüqarlı əlavə edib ki, Azərbaycan bundan sonra da balanslı siyasət kursunu davam etdirəcək: “Qərbin istəyinə uyğun olaraq Azərbaycanın hansısa dövlətlə düşmənçilik etmək niyyəti yoxdur. Avropa qurumları Azərbaycana nə qədər lazımdırsa, Azərbaycan da onlara bir o qədər lazımdır. Ona görə də, bu cür bəyanat və sənədlərin ömrü qısa olacaq. Çünki Qərb Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Yəqin ki, tezliklə münasibətlərdə yumşalma hiss olunacaq”.

Ceyhun ABASOV

 





10.10.2015    çap et  çap et