525.Az

Yusif Babanlı: “Ziyan çəkən Avropa Şurası olacaq”


 

Yusif Babanlı: “Ziyan çəkən Avropa Şurası olacaq”<b style="color:red"></b>

“Bir sıra beynəlxalq təşkilatlar heç özləri də Azərbaycandan nə istədiklərini, nə tələb etdiklərini düz-əməlli bilmirlər. Onların “tələbləri”, “arqumentləri” başdan-ayağacan məntiqsizlikdən, ən asası Azərbaycanın titanik inkişafını gözügötürməzlikdən ibarətdir”.

Bunu Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru, YAP Gənclər Birliyinin İdarə Heyətinin üzvü Yusif Babanlı Avropa Şurasının (AŞ) baş katibi Torbyorn Yaqlandın Nazirlər Komitəsinin Azərbaycanda insan haqları məsələsi ilə əlaqədar işçi qrupunda sözügedən qurumun iştirakının ləğv olunması barədə qərarına münasibətini bildirərkən deyib. Onun sözlərinə görə, bu “qərar” bir daha göstərir ki, onların məqsədi heç də iddia etdikləri kimi insan hüquqlarının qorunması deyil. “Əgər onların məqsədi doğrudan da insan hüquqlarının qorunması olsaydı, Azərbaycanda Ermənistan tərəfindən haqqı tapdalanan bir milyondan artıq qaçqın və məcburi köçkünün olmasına münasibət bildirər, elə vaxtilə özlərinin qəbul etdikləri məlum qətnamənin icra olunması üçün Ermənistana ciddi təzyiqlər göstərərdilər”-deyən Y. Babanlı bildirib ki, ancaq onlar bunu dilə gətirmirlər:

“Onlar  Azərbaycana xəyanət edən, Azərbaycanın mənafeyini satan adamları dəstəkləyirlər, kim ki, onlarla saxta yolla əməkdaşlıq edir, onların təsiri altına düşür, onlardan Azərbaycana qarşı istifadə etməyə çalışırlar. Beləliklə, əslində onlar özləri beynəlxalq hüququ pozurlar”. Y. Babanlının dediyinə görə, AŞ-da erməni lobbisinin təsirində olan qüvvələr var, digər tərəfdən, Azərbaycanı istəməyən, Azərbaycana təzyiq etmək istəyən qüvvələr var: “Həmin ermənipərəst antiAzərbaycançı dairələr, qüvvələr istəyirlər ki, Azərbaycana öz dediklərini etdirsinlər. Ancaq görəndə ki, bu, mümkün deyil, Azərbaycan bunu qəbul etmir, bu cür çirkin yollara əl atırlar. Ermənistanda uzun müddətdir mitinqlər keçirilir, yüzlərlə insan tutulub, saxlanılıb, ancaq buna göz yumurlar”. O, həmçinin bildirib ki, ölkəmizə qarşı ikili-üçlü standartlara baxmayaraq, Azərbaycan həmişə beynəlxalq qurumlarla, o cümlədən, AŞ-la bərabərhüquqlu tərəfdaşlar kimi əməkdaşlığa hazır olduğunu bəyan edib: “Ancaq onlar belə hərəkətləri ilə bu əməkdaşlığa zərbə vururlar, ancaq öz bildiklərini edirlər. Etsinlər, bundan ziyan çəkən tərəf biz yox, elə həmin dairələr, təşkilatlar özləri olacaq”.

“Avropa Şurasının baş katibi Turbyorn Yaqlandın oktyabrın 7-də öz nümayəndəsini Nazirlər Komitəsinin Azərbaycanda insan hüquqları üzrə birgə işçi qrupundan geri çağırmaq barədə qərarı bu təşkilatın Azərbaycana qarşı əsl mövqeyini ortaya qoydu”.Bunu isə mətbuata açıqlamasında  Milli Məclisin (MM) deputatı Rauf Əliyev  deyib. Millət vəkili bildirib ki, bu, AŞ tərəfindən Azərbaycana qarşı yönəlmiş qarayaxma kampaniyasında növbəti bir addımdır: “Bu ilin iyun ayında Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iclasında “Azərbaycanda demokratik təşkilatların fəaliyyəti” adlı hesabat müzakirə edildi və Azərbaycana qarşı heç bir hüquqi əsası olmayan qərəzli bir qətnamə qəbul olundu. Avropa Şurasının baş katibi tərəfindən qəbul olunmuş bu qərar isə Avropa Şurasının üzv ölkələrə münasibətdə nə qurumun vəzifələri ilə, nə də öhdəlikləri ilə bir araya sığmır”. Deputatın dediyinə görə, AŞ-nin doğrudan da insan hüquqları ilə bağlı narahatlığı varsa, qurum birinci növbədə Avropanın özündə, Yaxın və Orta Şərqdə nələr baş verdiyinə diqqət yetirməlidir: “Avropa siyasi instutlarının, o cümlədən Avropa Şurasının seyrçi mövqeyi nəticəsində Qərbin ərəb dövlətlərində yaratdıqları xaos, dağıntılar, vətəndaş müharibələrindən canlarını qurtararaq Avropaya pənah gətirmiş 100 minlərlə qaçqınların taleyi, onların elementar insan hüquqları heç kimi maraqlandırmır. Avropa Şurası birinci növbədə bu insanların hüquqları barədə düşünsün. Çox maraqlıdır ki, Azərbaycana qarşı olan qüvvələr adətən mühüm dövlət tədbirlərinin keçirilməsi ərəfəsində fəallaşırlar. Qarşıdan Parlament seçkiləri gəlir. Bu qüvvələrin niyyəti seçki prosesinə, onun nəticələrinə əvvəlcədən kölgə salmaqdır. Ancaq bu cəhdlər əbəsdir”. R.Əliyev mətbuata açıqlamasında həmçinin, qeyd edib ki, Azərbaycanda siyasi məhbus yoxdur: “Bu, Azərbaycana qarşı yönəlmiş qüvvələr tərəfindən uydurulmuş qondarma bir məsələdir. Azərbaycan müstəqil bir dövlət kimi daima öz vətəndaşlarının hüquq və azadlıqlarının təmin olunması üçün bütün tədbirləri həyata keçirərək bütün sahələrdə sürətlə inkişaf edir. Azərbaycan bu yolundan dönməyəcək”.

Kamil HƏMZƏOĞLU

 





10.10.2015    çap et  çap et