525.Az

Azərbaycanla Türkiyə arasında hərbi əlaqələr güclənir


 

ELXAN ŞAHİNOĞLU: “RƏSMİ BAKI HULUSİ AKARLA GƏLƏCƏK ƏMƏKDAŞLIĞA YÜKSƏK QİYMƏT VERİR”

Azərbaycanla Türkiyə arasında hərbi əlaqələr güclənir<b style="color:red"></b>

“Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akarın Azərbaycana səfərinin bir neçə səbəbi var. Hulusi Akar bu vəzifəyə yeni təyin olunub. Adəti üzrə Türkiyədə dövlət vəzifəsinə təyin olunan şəxslər ilk olaraq Azərbaycana səfər edirlər. Ankara bu ənənəyə sadiqdir. Bu Türkiyənin Azərbaycanla strateji müttəfiqliyinin xarakterindən irəli gəlir”.

Bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akarın oktyabrın 5-də Azərbaycana səfəri ilə bağlı danışarkən deyib.

O bildirib ki, Hulusi Akar səfər çərçivəsində Azərbaycan Prezidenti, Baş naziri, Milli Məclisin sədri və müdafiə naziri ilə görüşüb.

Politoloq xatırladıb ki, Azərbaycanın müdafiə naziri Zakir Həsənovla Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi arasında əvvəlcə təkbətək, sonra isə geniş tərkibdə görüş keçirilib: “Zakir Həsənov ölkələrimiz arasında hərbi əməkdaşlığın ikitərəfli və NATO vasitəsilə həyata keçirilən sülhməramlı əməliyyatlar çərçivəsində aparıldığını, strateji tərəfdaşlığın daim inkişaf etdiyini, dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edib. Hulusi Akar isə Türkiyənin Azərbaycanın vacib tərəfdaşı olduğunu deyib. O bildirib ki, hərbi əməkdaşlığımız inkişaf etməli, möhkəmlənməli və davamlı olmalıdır: “Bu cür qarşılıqlı əməkdaşlıq və birliyimiz heç bir digər ölkəyə qarşı deyil, yalnız çətin və qaynar bölgələrdə yerləşən ölkələrimizin təhlükəsizliyinin təmin olunması məqsədini daşıyır”.

E.Şahinoğlu qeyd edib ki, görüşdə Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında əlaqələrin perspektivləri, hərbi, hərbi texniki, hərbi təhsil sahəsində əməkdaşlıq imkanları, Yüksək Səviyyəli Hərbi Dialoq çərçivəsində fəaliyyətlərin genişləndirilməsi, birgə planların işlənilməsi, qarşılıqlı səfərlərin təşkili barədə ətraflı fikir mübadiləsi aparılıb: “Müzakirələrin sonunda Ali Baş Komandanın adından müdafiə naziri Zakir Həsənovun əmri ilə ölkələrimiz arasında hərbi əməkdaşlığın möhkəmləndirilməsində göstərdiyi xidmətlərə görə ordu generalı Hulusi Akar Azərbaycan Respublikasının “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif edilib. Bu, mükafatlandırma diqqətçəkicidir. Çünki Hulusi Akar Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsinə yeni təyib olunub. Buna baxmayaraq, rəsmi Bakı Hulusi Akarla gələcək əməkdaşlığa yüksək qiymət verdiyini indidən bəyan edib”.

Politoloq vurğulayıb ki, son il yarımda Azərbaycanla Türkiyə arasında hərbi əlaqələr güclənib, il boyu bir neçə dəfə birgə hərbi təlim keçirilib: “Hulusi Akar bu hərbi təlimlərin nəticəsini azərbaycanlı həmkarı ilə müzakirə edib. Digər tərəfdən cəbhə bölgəsində vəziyyət getdikcə gərginləşir. Lokal toqquşmaların miqyası artıb. Hazırki vəziyyəti Ankara da ciddi izləyir. Çünki lokal toqquşmaların genişmiqyaslı toqquşmalara keçəcəyi halda Türkiyə olaylara seyrçi qala bilməyəcək. Necə ki, Rusiya strateji müttəfiqi Ermənistanın müdafiəsinə qalxacaq, eləcə də Türkiyə Azərbaycana dəstək verəcək”.

Son illər ərzində Türkiyənin hərbi məktəblərində 6000 nəfərdən çox Azərbaycan zabitinin təhsil aldığını və hazırda Azərbaycanın 200 nəfərədək hərbi qulluqçusunun Türkiyədə müxtəlif ixtisaslar üzrə hazırlıq keçdiyini diqqətə çatdıran politoloq hesab edir ki, bu, Azərbaycanın Silahlı Qüvvələrinin möhkəmlənməsində böyük rol oynayır, onun inkişaf etməsinə təkan verən amillərdəndir: “Səfər Əbiyevin müdafiə naziri olduğu illərdə Azərbaycanın hərbi məktəblərində tədris keçən türkiyəli zabitlərin xidmətindən imtina edilib. Zakir Həsənovun bu qadağanı ləğv edərək yenidən Türkiyə ilə bu istiqamətdə əlaqələri bərpa edib gücləndirə bilər. Təsadüfi deyil ki, Hulusi Akarla görüşdə baş nazir Artur Rəsizadə deyib ki, türkiyəli hərbi mütəxəssislərin yaxından köməyi ilə Azərbaycanda güclü maddi-texniki bazaya və yüksək ixtisaslı zabit korpusuna malik nizami ordu yaranıb”.

Rusiyanın Suriyanı Xəzər bölgəsindən raket atəşinə tutması məsələsinə toxunan Mərkəz sədri əlavə edib ki, bu bombardman Hulusi Akarın Azərbaycanda olduğu vaxt baş verib: “Akar bu mövzu ətrafında da Azərbaycan rəsmiləri ilə fikir mübadiləsi apara bilərdi. Ankara Rusiyanın Suriyanın daxili işlərinə qarışmasının, Əsədə hərbi dəstək verməsinin əleyhinədir. Əlbəttə, rəsmi Bakının Moskvanın istəyinə “yox” deməsi çətindir. Ancaq Ankara və Türkiyə generaliteti Bakı ilə Moskva arasındakı hərbi əməkdaşlığın konturlarını özü üçün müəyyənləşdirmək istəyir. Rəsmi Bakı son zamanlar Ankara ilə Moskva arasındakı münasibətlərdə artan gərginliyə də diqqət yetirməlidir. Suriya ərazisini bombalayan Rusiya təyyarələri bir neçə dəfə Türkiyə sərhədini pozublar. Bu təsadüf deyil. Türkiyə prezidenti və baş naziri bu hallara dözməyəcəklərini və sərhəd pozuntusunun təkrarlanması halında Rusiya təyyarələrini vuracaqlarını bildiriblər. Hadisələrin bu istiqamətdə inkişafı rəsmi Bakının maraqlarına cavab vermir. Çünki Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsi halında rəsmi Bakının Ankara ilə Moskva arasında balanslaşdırılmış siyasət aparması çətinləşəcək”.

Ceyhun ABASOV

 





10.10.2015    çap et  çap et