525.Az

Mikayıl Cabbarov Gürcüstanda yaşayan Azərbaycan icmasının üzvləri ilə görüşüb


 

Mikayıl Cabbarov Gürcüstanda yaşayan Azərbaycan icmasının üzvləri ilə görüşüb <b style="color:red"></b>

Oktyabrın 8-də Azərbaycanın Gürcüstandakı səfirliyində səfərdə olan Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov ilə azərbaycanlı icmasının nümayəndələri ilə görüş keçirilib.
 
Nazirlikdən verilən məlumata görə, tədbirdə Gürcüstanın baş nazirinin köməkçisi Savalan Mirzəyev, Gürcüstan parlamentinin indiki və sabiq azərbaycanlı deputatları, səfirlik əməkdaşları, Gürcüstan barış və vətəndaş məsələləri üzrə dövlət nazirliyinin Kvemo Kartli üzrə müşaviri Zaur Darğallı, QHT rəhbərləri və jurnalistlər, məktəb direktorları iştirak ediblər.

Görüşü Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn açaraq Azərbaycanın təhsil nazirinin Gürcüstana səfərini yüksək qiymətləndirib və keçirilən görüşlərin səmərəli olduğunu bildirib. Sonra Mikayıl Cabbarov azərbaycanlı icmasının nümayəndələri qarşısında çıxış edib. Nazir görüşə gəldikləri üçün Azərbaycan icmasının üzvlərinə  minnətdarlığını bildirib.

Mikayıl Cabbarov çıxışında Azərbaycan və Gürcüstanda təhsil sahəsində bir sıra layihələrin həyata keçirildiyini qeyd edib: “Son 10 il ərzində Gürcüstanın ali məktəblərində azərbaycanlı tələbələrin sayı onlarla artıb. Bu, böyük uğurdur və  tələbələrimizin sayı dəfələrlə çox ola bilər. Gürcüstan təhsil nazirliyinin həyata keçirdiyi 1+4 proqramı etnik icmalara da şamil olunur. Nazirliklə bizim məqsədlərimiz üst-üsə düşür”.

Nazir icma üzvləri ilə görüşündə Azərbaycanda təhsilin vəziyyəti və bu  sahədə  görülən işlərdən danışıb. O, Azərbaycanda 4500 təhsil müəssisəsinin 3 mindən çoxunun yenidən tikildiyini və əsaslı şəkildə təmir olunduğunu bildirib və bu məktəblərdə 1 mln 300 min şagird təhsil aldığını, gələcəkdə şagirdlərin sayının daha da artacağını qeyd edib.

Görüşdə Gürcüstanda fəaliyyət göstərən azərbaycan dilli məktəblərin vəziyyəti və kadr çatışmazlığı məsələləri ən aktual müzakirə mövzusu olub. Nazir Azərbaycanda müəllim peşəsinə marağın çoxaldığını və  Gürcüstanın təhsil nazirinin də bu fikirdə olduğunu bildirib: “Hər iki dövlətin eyni maraqları üst-üstə düşən maraqlardır. Biz nazirlə bir sıra aktual məsələlər haqqında müzakirə aparmışıq. İlk növbədə azərbaycandilli məktəblərdə müəllim çatışmazlığı və müəllimin dərs demə keyfiyyəti bizi çox maraqlandırıb”. Tədbirdə nazir Azərbaycan dilli məktəblərdə müəllimlərin  ixtisas artırma sahəsində təkmilləşdirmə kursları üçün mütəxəssislər göndərilməyinə razı olduğunu bildirib.

Nazir ilə görüşdə Azərbaycanlıların Mədəniyyət Mərkəzinin sədri Fazil Həsənov, “Qeyrət” Xalq Hərəkatının sədri Əlibala Əsgərov, “Qarapapaqlar” jurnalının baş redaktoru Akif Xansultanlı müxtəlif təkliflər irəli sürüblər. Tədbirdə Azərbaycan və Gürcüstan hökumətinin səyi nəticəsində kadr siyasətinin həll edilməsinin mümkün olduğu bildirilib. Tədbirdə Gürcüstanda milli musiqimizin təbliği, yaşadılması və qorunması ilə bağlı incəsənət gimnaziyasının yaradılması təklif edilib.

Tədbirdə nazirə Ermənistanla sərhəddə yerləşən Sadaxlı kənd orta məktəbinin 110 illik yubileyi keçiriləcəyi bildirilib və nazir bu yubileyə dəvət edilib. Nazir Mikayıl Cabbarov ona ünvanlanan sualları cavablandırıb.

Vəfa MƏMMƏDLİ

 





10.10.2015    çap et  çap et