525.Az

Yeri başda olan adam...


 

Yeri başda olan adam...<b style="color:red"></b>

Müasir texnologiyaların, internetin, komputerin gen-bol at səyirtdiyi, cövlan etdiyi bir vaxtda, bu yaxınlarda, poçtalyonun qapımı döyməsinə, necə deyərlər, dədə-baba qaydası ilə qol çəkdirib mənə barat verməyinə, düzü, azacıq da olsa, heyrətləndim.

Bəli, yerli poçtalyonun, gündəlik mətbuatla yanaşı, ünvanıma gətirdiyi o barat uzaq Lerikdən Hacı Musa Bədəlovun xoş və səmimi ürək sözləri ilə mənə göndərdiyi, yenicə işıq üzü görən “Qəribə dünyamız, sirli dünyamız” adlı növbəti, sayca on dördüncü kitabı idi.

Hər çapdan çıxan kitabı, bütün müəlliflər kimi, Musa müəllimə də, əlbəttə, çox əzizdir və o da yaxın bildiyi dostlarına öz kitablarını beləcə çatdırmağı özünə borc bilir.

Açığını deyim, Musa müəllimin bu diqqəti ilə yanaşı, həm də kitabının çap sevincindən doğan hisslərini, fərəhini özünə yaxın bildiyi dostlarla bölüşmək həvəsi, bölüşmək istəyi məni riqqətə gətirdi. Köhnəlməyən köhnə dostum Musa müəllim haqda, müxtəsərcə də olsa, söz deməyə həvəsləndirdi.

Bəri başdan deyim ki, gündəlik həyatımızda bəzən hisslərin, düşüncələrin adamın əsəblərini tarıma çəkdiyi vaxtlarda birindən xoş münasibət görəndə, ya da xeyirxah, yaxşı bir söz eşidəndə ilk-əvvəl “mərhəmətli insan” kəlməsi yada düşür...

Mərhəmətin nə olduğunu başa düşmək üçünsə insanın həyat tərzinə, cəmiyyətdə davranışlarına nəzər salmaq lazım gəlir.

Uzun illərdən bəri tanıdığım, elə özü də uzunömürlü Hacı Musa Bədəlov da bütün məziyyətləri, halı-xasiyyəti, saf əxlaqı, mənəviyyatı ilə bir mərhəmət nümunəsidir.

İnsan və eləcə də insan qəlbi Tanrının yaratdıqları arasında ən üstünü, alisidir. İnsan qəlbi həm də ilahi bir aynadır.

Özündən böyüklərin hörmətini, yaşca kiçiklərin məhəbbətini qazanmaq, zənnimcə, elə bir növ ibadətdir.

Danılmaz bir həqiqətdən daha çox səmimi etirafımdır ki, o kişiyə olan məhəbbətimdən, istəyimdən, bəlkə də daha çox o mənim xatirimi istəyir, həmişə doğmalara məxsus bir istək və qayğı ilə arayıb-axtarır.

Aradan nə qədər vaxt keçib, illərin üstünə illər gəlib, bir zamanlar çox sıx olan  ünsiyyətimiz, söhbətlərimiz indi illərin o tayında, keçmişdə qalıb. O kişinin də, şükürlər ki, elə indi də mənim  xüsusi diqqətimə, tərifli  sözlərimə heç bir ehtiyacı-filanı yoxdur ki, nəsə umsun,  ona nəsə bir xeyrim-faydam toxunsun.

Di gəl ki, o kişi özü bəndəniz qarışıq bir vaxt ürəklə, səmimi qəlbdən salam verib salamını aldığı dost-tanışı unutmur, heç yaddan çıxartmır. Bayramlarda, əlamətdar günlərdə, daha doğrusu, o günlərin ərəfəsində mənə hökmən telefon açır, həsbi-hal edir, hərarətli, isti sözlər deyir, səmimi arzularını dilə gətirib alqış edir, xülasə, həmsöhbətinin könlünü açır...

“Tələskənliyinə” görə, necə deyərlər, hələ bir üzrxahlığı da olur və bu “tələskənliyini” də belə izah edir ki, bəs iş-güc, vəzifə adamısan, fikirləşdim ki, həmin gün başın qarışıq ola bilər...

Bəli, bizim sevimli Hacı Musa müəllimin qəlbi ilahi nurla şölələnən aynadır.

Dostluq güldür, yarpağı ilə də, tikanı ilə də. Bu müdrik deyimə Şəms Təbrizinin adından danışılan bir əhvalatda rastlaşmışam.

Bu kəlam Hacı Musa müəllimə də aiddir. Amma o kişi dostluqda güldür: tikansız, yarpaqları tər, ləçəkləri nəfis və təravətli.

Musa müəllim həmişə əyin-başına, səliqə-sahmanına ciddi fikir verənlərdəndir.

Oturuşu-duruşu, yerişi də bir tamaşadır. Addım atanda elə ustufca, asta-asta yeriyər ki,  işdir-şayət, yağışa-palçığa düşsə belə, heç inanmıram ki, çəkmələrinin ucu yüngülcə də olsa bulaşa...

Elə danışığı da o biçimdədir. Kəlmə kəsib həsbi-hal edəndə, həmsöhbəti olanda elə təsirinə düşürsən ki, ovsunlanmış kimi hələm-hələm o halətdən qurtara bilmirsən.

Hacı Musa müəllimin taleyinə elə erkən yaşlarından ta indiyə - ömrünün bu ahıl çağlarınacan başqalarından fərqlənmək, seçilmək kimi bir qismət düşüb. Adi, sıravi müəllim işləyəndə də, məktəb direktoru olanda da, ötən əsrin 70-ci illərində o vaxtlar çoxlarının əli çatmayan, yalnız ürəklərindən keçən vəzifədə - rayon Partiya Komitəsində çalışanda da, sonralar arıçılıq təsərrüfatı yaradıb bu təsərrüfata rəhbərlik edəndə də onun xarakterik cizgisi, öz sözü ilə yanaşı, ən başlıcası həm də işi-əməli ilə yaxşı mənada fərqlənmək, seçilmək olub.

Qurani-Kərimin mübarək “İbrahim” surəsinin bir ayəsində deyilir ki: “Yer üzərində təkəbbürlə gəzib dolanma...”

Bəli, sayılıb-seçilənlərdən olsa da, Hacı Musa kişi həmişə təkəbbürdən, lovğalıqdan çox-çox uzaq olub, gen gəzib.

Bir alimdən soruşurlar: “Dost yaxşıdır, yoxsa qardaş?”

Deyir: “Qardaş da dost olsa yaxşıdır”.

Hacı Musa kişi ilə ilk tanışlığımızın, ünsiyyətimizin tarixi ötən əsrin 70-ci illərinin axırlarına gedib çıxır.

O zamanlar mən Lerikdə rayon Komsomol Komitəsinin katibi idim. Hələ neçə il bundan qabaq müqəddəs Həcc ziyarətini yerinə yetirib hacı amacına yetişmiş, hacı adı qazanmış, Lerikdə arıçılığın inkişafına dair böyük işlər görən, bu sahə üzrə elmi-tədqiqat işləri aparıb araşdırmalarının yekunu kimi biologiya elmləri üzrə fəlsəfə doktoru adını alan, çapdan çıxmış on dörd kitab müəllifi olan və nəhayət, Prezident təqaüdçüsü Hacı Musa Bədəlov isə o illərdə sadəcə  Musa müəllim idi və Lerik qəsəbəsində 1 saylı məktəbin direktoru vəzifəsində işləyirdi.

“Bir” sayı bu məktəbin, necə deyərlər, təkcə rəsmi pasportu, ünvanı deyildi. Məktəb Musa müəllimin direktor işlədiyi dövrlərdə  “Bir saylı” adını doğruldaraq rayonun həqiqətən də “birinci” məktəbi idi.

Bu məktəbi bitirən şagirdlər müvəffəqiyyətlə imtahan verib adlı-sanlı ali təhsil ocaqlarının tələbələri olurdular. İndi də bu məktəbin keçmiş məzunlarının sorağı dünyanın neçə-neçə ölkəsindən gəlir.

Musa müəllim yaxşı pedaqoq olmaqdan əlavə, bütün şagirdlərilə birgə öz övladlarına qarşı da tələbkar, qayğıkeş yaxşı valideyndir. Öz sözləri idi ki, əgər müəllim yaxşı valideyn deyilsə, ondan əsl müəllim çıxmaz. Yaxşı müəllimin övladları başqalarına nümunə olmalıdır.

Elə buna görədir ki, Musa müəllimin ocağında onun ata zəhmi, ata nəvazişi,                      öyüd-nəsihəti, yol göstərən məsləhətləri ilə böyüyən övladları indi cəmiyyətdə layiqli yer tutublar. Oğlu müəllimlik, pedaqoqluq missiyasını atasından birbaşa qəbul edib; atasının əməkliliyə qədər direktoru olduğu Lerik şəhər internat orta məktəbinə indi oğlu rəhbərlik edir.

Sözümün əvvəlinə qayıdıb burasını da deyim ki, o illərdə komsomolçuların əksəriyyəti məktəb şagirdləri idi və təbii ki, bir komsomol rəhbəri kimi, necə deyərlər, mənim də bir ayağım məktəblərdə idi.

Direktorun təşəbbüsü ilə məktəbdə keçirilən bir-birindən maraqlı görüşlər, diskussiyalar, yubiley gecələrinin təmtərağı hələ də yaddaşımdadır. Sinifdən və məktəbdən kənar müxtəlif tədbirlərin isə əsas məqsədi, qayəsi şagirdlərə dərin bilik aşılamaqla yanaşı, onları vətənə, yurda məhəbbət hissilə, əsl vətəndaş kimi yetişdirmək idi.

Və təbii ki, bir komsomol rəhbəri kimi məktəbdə keçirilən belə müxtəlif tədbirlərin bir təşkilatçısı və iştirakçısı da mən idim.

Bəlkə də elə buna görədir ki, Hacı Musa Bədəlov yadımda ən çox müəllim kimi qalıb...

Burasını da deyim ki, Musa müəllimi başqalarından fərqləndirən, seçdirən həm də onun hazırcavablığıdır, sərrast sözləridir. Elə indi də durub-durub qəfildən, ağla-gümana gəlməyən elə bir söz deyər, atmaca atar ki, adamın matı-qutu quruyar. Musa müəllimin incə yumorla, şux tərzdə dediyi belə sözlər biz tərəflərdə elə indi də xoş əhval yaradan deyimlərə çevrilib dildə-ağızda gəzir, nə qədər qaraqabaq, quru adam olursa olsun, eşidəndə xoşallanar, gülməsə də, ən azı, dodaqları qaçar...

Xülasə, Musa müəllimin rayonun üzümçülük təsərrüfatlarından birinə başçılıq elədiyi vaxtlar idi. Yeri gəlmişkən, Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə ötən əsrin 70-ci illərində ucqar dağ rayonlarımızdan olan Lerikdə o vaxtlar kənd təsərrüfatının ən gəlirli sahələrindən olan üzümçülüyə diqqət artmışdı və yeni üzüm bağları salınırdı. Musa müəllim də bir müddət bu təsərrüfatlardan birinin direktoru oldu.

Qonşu üzümçülük sovxozlarından birinin direktoru fikirləşir ki, Musa müəllim elmi iş müdafiə edib, alim adı var. Qoy bir ondan xəbər alım ki, təzə tingləri necə əksək, daha yaxşı bitiş verər.

Sualı eşidən Musa müəllim qımışır. Öz-özlüyündə dərhal qərara alır ki, bu sadəlövh direktoru bir balaca sınağa çəksin: “Necə əksək daha tez, yaxşı yetişər? Bəyəm ting əkməyin də özgə bir yolu, üsulu var?!”

Beləcə fikirləşən Musa müəllim tingi əlində tutub tumurcuğun əks tərəfini göstərərək: - Bax, belə əkin, - deyə öz “məsləhətini” verir.

Onun bu göstərişi, məsləhət alan direktoru əvvəlcə şübhələndirsə də, bu şübhəni özündən tez də  uzaqlaşdırır. “Yox, əşşi, alim adamdır!”

Və işçilərə Musa müəllimin tövsiyəsinə əməl etməyi tapşırır. Əkinçilər alimin bu göstərişinə məəttəl qalsalar da, direktorun tapşırığını icra etməyə başlayırlar.

İşçilər bir cərgəni bu “üsulla” əkib yarı etməmiş, “yuxarıdan” gələn qonaq - rayon Kənd Təsərrüfatı İdarəsinin baş aqronomu iş üstünə gəlib çıxır, bu qeyri-adi ting əkini mənzərəsini görüb direktoru sorğu-suala çəkir:

- A kişi, bu nə hoqqadır çıxarırsınız? Heç belə də ting əkərlər? - deyə haray-həşir salır.

Direktor da açıb-ağardır ki, bəs belə-belə...

Musa müəllimin halına-xasiyyətinə bələd olan baş aqronom uğunub gedir:

- A kişi, o sizin fərasətinizi yoxlayırmış. Sizlərə də maşallah...

Sokratın fikridir: “Bilikdən daha zəngin xəzinə, daha böyük izzət, həyadan daha qəşəng zinət ola bilməz”.

Bir xalq olaraq süfrəmiz həmişə qonaq-qaralı olub. “Varını verən utanmaz” kimi bir zərb-məsəl də qoşan babalarımız qonaq qabağına bir matah nemət kimi bal da çıxarıblar.

Burası da var ki, hər ocaqda, hər qapıda bal hasil olmur. Arı pak, saf, az qala müqəddəs bir canlı olduğundandır ki, səmavi kitabımız “Qurani-Kərim”də onun haqqında xüsusi bir surə var.

Xülasə, arı pətəklərini cavan vaxtlarımda kənd-kəsəyə yolum düşəndə həmin elin, həmin obanın xətirli-hörmətli, sayılıb-seçilən kişilərinin həyətlərində görmüşəm.

Bir zamanlar Lerikin irili-xırdalı kəndlərində bəsit qaydalarda adda-budda görünən arı qovuşlarına, indi səliqəli, müasir arı qutularında, rayonun hər bir zəhmətsevər sakininin həyət-bacasında rast gələrsən. Süfrəsinin bərəkəti, bal qədər şirin halallığı ilə...

Bu halal nemətin zəhmətsevər leriklilərin çoxunun fərdi təsərrüfatlarının bəzəyinə çevrilməsində Hacı Musa müəllimin rayonda arıçılıqla bağlı apardığı uzunmüddətli, səmərəli, uğurlu elmi axtarışlarının, əldə etdiyi elmi-təcrübi nəticələrin rolu şəksizdir.

Yeri gəlmişkən, Musa müəllimin bir zamanlar Lerikdə yeni yaradılan arıçılıq təsərrüfatının direktoru olduğu vaxtları da xatırlayıram. Arıçılığa dair dissertasiya  müdafiə edib biologiya elmləri  namizədi alimlik dərəcəsi alan Musa müəllimin  şəxsi təşəbbüsü və təşkilatçılığı ilə yaradılan bu sovxozun rayonun təsərrüfatları arasında, necə deyərlər, öz yeri var idi. Sovxoz möhkəm maddi bazaya malik idi. Musa müəllim bu təsərrüfatı yaradaraq qaldırıb ayaq üstə qoyandan sonra yenidən sevdiyi peşəyə - müəllimliyə qayıtdı. Çünki onun bir başlıca xüsusiyyəti də öyrənmək və öyrətməkdir...

Musa müəllim ömrünün bu müdrik və ahıl vaxtında yalnız keçmişə boylanıb, ötən çağların xatirələrinə dalıb nostalji hisslər keçirənlərdən deyil. Onun üzü yenə də sabaha, gələcəyədir. Elə buna görə hələ də daima əli işdə-gücdədir. Qələminə də möhkəm sarılıb.  Elmi-tədqiqat işlərini ardıcıl davam etdirməkdədir.

İnsan fiziologiyası, təbiətdəki bioloji proseslər, bizi əhatə edən maddi aləmin qeyri-adilikləri barədə mükəmməl bilgi verən kitablar yazmaqla həm də bir yazılı yaddaş yaradır.

Bu mənada da Musa müəllim paxıllıq yox, qibtə ediləsi bir şəxsiyyətdir.

Şərəflə yaşadığı onillikləri arxada qoyan, bəlkə də ömrün o ötən çağlarından özlüyündə heç də razı qalmayan Musa müəllim elinə-obasına bundan sonra da dəyərli töhfələr bəxş edəcək. O baxımdan, yəqin ki, yerli poçtalyon mənim qapımı Musa müəllimdən gələn və hədsiz sevincimə səbəb olan “barat”larla hələ yenə döyəcək...

...Bu yaxınlarda Lerikdən qəmli bir xəbər aldım: vətənpərvər ziyalı, elin-obanın yaxşı-yamanına yarayan kişilərindən olan Vəkil Ağabalayev dünyasını dəyişib...

Mərhumun yas məclisinə getmişdim. Rayonun vəzifəli şəxslərindən tutmuş say-seçmə kişilərinəcən hüzr mərasimində idilər. Hacı Musa müəllimi də orda gördüm. Fikir verdim: El ağsaqqalı kimi məclisdə yeri yenə başda idi.

 





12.10.2015    çap et  çap et