525.Az

İlqar Muxtarov Qvatemala və Kosta Rikaya səfər edib


 

İlqar Muxtarov Qvatemala və Kosta Rikaya səfər edib<b style="color:red"></b> Qvatemala Konqresi tərəfindən Azərbaycan Respublikasının suveren ərazisinin istilasını və hərbi işğalını pisləyən, eləcə də Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına və BMT-nin qətnamələrinə uyğun olaraq sülh yolu ilə nizamlanması üçün Ermənistan Respublikasına çağırış edilən qətnamənin qəbulundan dərhal sonra Azərbaycanın Meksika Birləşmiş Ştatlarındakı və eyni zamanda Qvatemala Respublikasındakı səfiri İlqar Muxtarov Qvatemalaya səfər edib.
 
Səfirlikdən APA-ya verilən xəbərə görə, İ. Muxtarov Qvatemala Konqresinin sədri Luiz Armando Rabbe Texada ilə görüşüb. O, Qvatemala Konqresində cari ilin 6 oktyabr tarixində Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı soyqırımı ilə bağlı qətnamənin qəbul edilməsinə və bu münaqişə ilə əlaqədar beynəlxalq hüququn prinsipləri əsasında Qvatemalanın tutduğu ədalətli mövqeyə görə təşəkkür edib. Qvatemala parlamentinin sədri Luiz Armando Rabbe Texada İ. Muxtarovu salamlayaraq Qvatemala üçün də ərazi bütövlüyü və suverenliyə hörmət prinsipinin vacib olduğunu bildirib. O qeyd edib ki, tarixən soyqırımlardan əziyyət çəkən bir ölkə olaraq Qvatemala Azərbaycanın haqlı mövqeyini dəstəkləyir, sərhədlərinin toxunulmazlığına və ərazi bütövlüyünə hörmətlə yanaşır. Ölkəsinin Azərbaycan ilə əlaqələrin inkişafında maraqlı olduğunu bildirən L. A. R. Texada deyib ki, Qvatemala Konqresi tərəfindən Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qətnamənin qəbulu ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə xidmət edəcək.
 
Azərbaycanın eyni zamanda Kosta Rika Respublikasında da səfiri olan İlqar Muxtarov bu ölkəyə də səfər edib. O, Kosta Rika xarici işlər və etiqad naziri Manuel Antonio Qonsales Sans ilə görüşüb. Səfir həmsöhbətinə Azərbaycanın iqtisadi, siyasi və mədəni həyatına dair geniş məlumat verib, M. A. Q. Sansın Azərbaycana cari ilin oktyabr ayında səfərinin iki ölkə arasında əməkdaşlığa önəmli töhfə verəcəyinə əminliyini ifadə edib. İ. Muxtarov Azərbaycanın xarici siyasətində Latın Amerika dövlətləri ilə əlaqələrin hərtərəfli inkişafına mühüm əhəmiyyət verdiyini vurğulayıb. Azərbaycanla əlaqələrin inkişafının vacibliyini bildirən Manuel Antonio Qonsales Sans isə böyük məmnunluqla Azərbaycana səfər edəcəyini söyləyərək, bunun ikitərəfli əlaqələrdə yeni səhifə açacağını, əlaqələrin genişləndirilməsinə mühüm addım olacağını diqqətə çatdırıb.
 





13.10.2015    çap et  çap et