525.Az

Gəncədə VIII Beynəlxalq Atatürk konfransı keçirilir


 

Gəncədə VIII Beynəlxalq Atatürk konfransı keçirilir <b style="color:red"></b> Gəncədə yerləşən Heydər Əliyev Mərkəzində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu və Türkiyə Cümhuriyyəti Atatürk Araşdırma Mərkəzinin (ATAM) birgə təşkil etdiyi dünya tarixçilərinin VIII Beynəlxalq Atatürk konfransı işinə başlayıb.
 
APA-nın qərb bürosunun verdiyi məlumata görə, Azərbaycan və region ölkələrinin XIX-XX əsrlər tarixinin aktual problemlərinin müzakirə olunacağı konfransı giriş sözü ilə AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov açıb. Azərbaycan prezidenti İlham Əliyevin konfrans iştirakçılarına təbrik məktubu oxunduqdan sonra Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib. Türkiyədə törədilmiş terror aktlarında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək belə bir mötəbər tədbirin Gəncədə keçirilməsini əlamətdar hadisə adlandırıb, konfransın işinə uğurlar arzulayıb.
 
Konfransda xarici ölkələrdən 130-dan çox alim və rəsmi nümayəndə iştirak edir. 93 elmi məruzədən 25-i Azərbaycan tarixçiləri tərəfindən ediləcək.
 
Azərbaycan alimlərinin məruzələri ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi, ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımları, Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı və başqa problemlərə həsr olunacaq. Konfrans oktyabrın 16-dək davam edəcək.
 





13.10.2015    çap et  çap et