525.Az

"Dalğa"nın yeni və fərqli dalğasında...


 

"Dalğa"nın yeni və fərqli dalğasında...<b style="color:red"></b>

Çingiz Mehdipur... Bu ad mənə tanış deyildi. Bu insan saza yaraşıq verməyin ustasıdır. Mən belə deyərdim. İlk təəssüratım, ilk tanışlığım belə oldu. Solo ifasının və rəhbərlik etdiyi qrupun timsalında sazın pərdələrinə necə rəng qatmaq, səsə - həm də aşıq sənəti kimi köklü-soylu bir səsə - müasir zehnin estetik duyumunca necə anlam yükləmək mümkünmüş, şahidi oldum.

Cənubi Azərbaycan aşıqlarının Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçirəcəyi konserti eşidəndə Milli Kitabxanaya getdim və sözügedən bölgənin aşıq ədəbiyyatıyla yaxından tanış olmaq üçün ciddi bir material axtardım. "Tebriz aşıklık geleneği ve aşık edebiyatı". Türkiyə türkcəsindəki bu kitabın cənublu qonaqlarımızın sözünün, səsinin, ruhunun məxəzini açmaqda mənə böyük köməyi oldu. Səhifələri varaqladıqca Aşıq Ələsgərin, Aşıq Abbas Tufarqanlının şeirlərinə qoşulmuş nəğmələri düşündüm. Ancaq Çingiz Mehdipurun nəfəsini qatdığı nəğmələri eşidəndə sənətkarın aşıq ədəbiyyatına kitab qədər yeni baxış, yeni iz həkk edə biləcəyini gördüm.

Kulisi arxada buraxmış dalğalı pərdənin qarşısında on-on beş nəfərdən ibarət bir qrup bizə yurdun ilk nəğmələrindən danışır. Və bu, didaktik məruzə yox, səslə sazın ruha nüfuzudur. Bəlkə də genetik səyahət adlandırmaq olar. Çünki bu musiqi aləti, yəni saz folkloru canlandırmağın ilkin üsuludur. Bu qrup isə "Dalğa" Musiqi Qrupudur. Qrup 1990-cı ildə Çingiz Mehdipurun rəhbərliyi ilə yaradılıb. Azərbaycanla yanaşı, Türkiyə, ABŞ, Orta Asiya və Yaxın Şərqin bir sıra ölkələrində konsert proqramları ilə çıxış edib.

Aşıq Çingiz Mehdipur Güney azərbaycanlıdır. 1961-ci ildə Güney Azərbaycanın Qaradağ bölgəsində dünyaya gəlib. Uşaqlıqdan musiqini sevib və əmisi Aşıq Eynullahın yanında aşıq və qopuz sənətini öyrənib. 1977-ci ildə Tehrana gəlir və burada Azərbaycan türkcəsindəki aşıq nəğmələri ilə tanış olur. 1983-cü ildə Tehran Çəng musiqi məktəbində musiqi yazmağı öyrənir və aşıq musiqilərini notlara köçürməyə başlayır. Daha sonra Təbrizə qayıdır və burada ustad Yəhya İsmayılzadədən aldığı dərslərlə musiqi sənətini daha dolğun mənimsəyir. 1990-cı ildə, rəhbərlik etdiyi "Dalğa" Musiqi Qrupunu yaradır. İki ildən sonra isə Rövşən Musiqi Məktəbini qurur. Bununla yanaşı, Çingiz Mehdipur "Qopuz məktəbi və onun elmi öyrənməsi" kitabının müəllifidir.

Sənətkarın sənətini görmək haqqında eşitməkdən daha maraqlıdır. Çünki sənətə bələd olmağın ümdə və ən uyğun yolu budur. Doğrusu, aşıq sənətinin, xüsusilə, sazın əhatə dairəsinin azlığından da şikayətlənmək olar. Bir gənc kimi etiraf edə bilərəm ki, maraqlarımızın çox az hissəsi aşıq ədəbiyyatı və aşıq sənətiylə uzlaşır. Halbuki aşıq ədəbiyyatının milli, ilahi və ibtidai mistik bütünlüyünü qeyd etmək olar. Zövq və seçim, lazımlı və önəmli saymaq isə görünür, bir az da təbliğat və təqdimat məsələsindən asılıdır. Aşıq Çingiz Mehdipuru və onun "Dalğa" Musiq Qrupunu, məncə, sazın müasir çalarla üzvi vəhdətindəki təqdimatına görə alqışlamağa dəyər.

Konsertdə "Qoşa yarpaq", "Kərəm gözəlləməsi", "Qarabağın dərdi", "Paşa köçdü", "Sulduzu", "Orta duraxam", "Bayatı gülü" kimi aşıq musiqiləri səsləndirildi. Ancaq məni ən çox təəccübləndirən Ramiz Rövşənin "Qara paltarlı qadın" şeiri əsasında yaranan bəstənin ifası oldu. Bəlkə də, bu, təəccüblü deyil. Yəni, sazın pərdələrində Dədə Qorquddan, Aşıq Ələsgərdən Ramiz Rövşənə, Zəlimxan Yaquba qədər uzun bir tarix, uzun bir səs eşitdik. Ancaq Çingiz Mehdipur aşıq musiqisini ilk dəfə nota köçürüb yayan, aşıq sənətinə, belə demək mümkündürsə, yeni motiv gətirən şəxsdir. Bu baxımdan, "Dalğa" Musiqi Qrupunun "Qara paltarlı qadın" nəğməsini ifa etməsi sazın yeni təqdimatının xüsusi özəlliyi kimi yadda qalır. Mən bunu sənətin strukturuna əlavə olunmuş yeni naxış kimi qeyd edərdim.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun və Beynəlxalq Avrasiya Araşdırmalar İnstitutu İctimai Birliyinin dəstəyi ilə təşkil olunmuş konsert proqramını tamaşaçılar rəğbətlə, sevinclə qarşıladılar. Və bu tədbir cənublu qardaşlarımızla növbəti görüş kimi əsl təntənəyə çevrildi.

Müşfiq ŞÜKÜRLÜ

 





13.10.2015    çap et  çap et