525.Az

"Türkiyə Azərbaycanın təhlükəsizliyinin qarantı olmalıdır"


 

ADİL ƏLİYEV: "BEYNƏLXALQ TERRORA QARŞI BİRGƏ ƏMƏKDAŞLIĞA EHTİYAC VAR"

"Türkiyə Azərbaycanın təhlükəsizliyinin qarantı olmalıdır"<b style="color:red"></b>

"Dağlıq Qarabağ müharibəsi başlasa Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlər Ermənistanı müdafiə etməyəcəklər. Çünki həmin dövlətlər Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və qarşılıqlı tərəfdaşlıq münasibətlərinə xüsusi önəm verirlər".
 
Bu sözləri Milli Məclisin deputatı Adil Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akarın keçən həftə Azərbaycana səfəri ilə bağlı danışarkən deyib.

Millət vəkili qeyd edib ki, Hulusi Akarı Azərbaycan Prezidenti İlham Əliyev, Baş nazir Artur Rəsizadə, Milli Məclisin sədri Oqtay Əsədov və müdafiə naziri Zakir Həsənovla görüşlər keçirib: "Yaxşı haldır ki, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi səfəri çərçivəsində yalnız Bakı ilə kifayətlənməyib, cəbhə bölgəsinə yaxın ərazilərdə - Gəncə və Şəmkirdəki hərbi hissələrə baş çəkib. Hulusi Akar deyib ki, hərbi əməkdaşlığımız inkişaf etməli, möhkəmlənməli və davamlı olmalıdır. Mən də bir Azərbaycan vətəndaşı və Milli Məclisin Təhlükəsizlik və Müdafiə məsələləri daimi komissiyasının üzvü olaraq bu fikri dəstəkləyirəm.

Hətta təklif edərdim ki, Türkiyə Azərbaycan təhlükəsizliyinin rəsmi olaraq qarantı olsun. Düşmən bilməlidir ki, o Azərbaycan torpaqlarını zəbt etməklə türk dünyasının tərkib hissəsini işğal edib və buna görə cavab verməli olacaq. Digər tərəfdən düşmən atəşkəsi pozarkən onu da anlamalıdır ki, bununla Azərbaycanın hərbi strateji müttəfiqi Türkiyəni də təhdid edir. Hulusi Akarla görüşdə baş nazir Artur Rasizadə bildirib ki, türkiyəli hərbi mütəxəssislərin yaxından köməyi ilə Azərbaycanda güclü maddi-texniki bazaya və yüksək ixtisaslı zabit korpusuna malik nizami ordu yaranıb. Rəqəmlər də bundan xəbər verir. Türkiyənin hərbi məktəblərində 6000 nəfərdən çox Azərbaycan zabiti təhsil alıb və indi də Azərbaycanın 200 nəfərədək hərbi qulluqçusu Türkiyədə müxtəlif ixtisaslar üzrə hazırlıq keçirlər. Bu, Azərbaycanın Silahlı Qüvvələrinin möhkəmlənməsinə və inkişafına ciddi dəstək deməkdir. Azərbaycan bilməlidir ki, ağır günündə qardaş Türkiyə dövləti onun yanında olacaq".

A.Əliyev oktyabrın 10-da Türkiyədə 100-dən artıq insanın ölümü ilə nəticələnən terror aktı ilə bağlı danışaraq qeyd edib ki, hazırda beynəlxalq aləmin əsas mövzusu terrora qarşı ortaq mübarizənin təşkilinə nail olmaqdır: "Bunsuz vəziyyət daha da pisləşəcək. İki dünya müharibəsindən çıxan bəşəriyyət terroru yenməsə və ya ən azı terrorun miqyasını zəiflətməsə vəziyyəti nəzarətdə saxlamaq çətinləşəcək. Terror artıq Türkiyənin paytaxtı Ankaraya gəlib çatıb. Başqa məlumata görə, şimal qonşumuz olan Rusiyanın paytaxtı Moskvada da terror aktı törətmək istəyən qrup yaxalanıb. Bütün bunlar onu deməyə əsas verir ki, beynəlxalq terrora qarşı birgə əməkdaşlığa ehtiyac var. Çünki terrorun bu gün və ya sabah haranı vuracağı bəlli deyil".

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan deputat əlavə edib ki, separatçıların terrorçulardan böyük fərqi yoxdur: "Nəzarətsiz bölgə olan Dağlıq Qarabağ terrorçuların məsgənidir".

Ceyhun ABASOV

 





13.10.2015    çap et  çap et