525.Az

"Kreml Ermənistana görə Azərbaycanla münasibətləri korlamaq istəmir"


 

ELXAN ŞAHİNOĞLU: "DAĞLIQ QARABAĞDA MÜHARİBƏ BAŞLASA KOLLEKTİV TƏHLÜKƏSİZLİK MÜQAVİLƏSİ TƏŞKİLATI PROSESƏ QARIŞMAYACAQ"

"Kreml Ermənistana görə Azərbaycanla münasibətləri korlamaq istəmir"<b style="color:red"></b>

"BMT Baş Assambleyasının 70-ci sessiyası ərəfəsində Azərbaycanla Ermənistan sərhədində və qoşunların təmas xəttində vəziyyət gərginləşdi, atəşkəsin pozulması halları artdı, hər iki tərəfdən itkilər qeydə alındı. Son günlər isə ağır artilleriyadan istifadə edilmir. Bunun əvəzinə snayper atəşləri intensivləşib. Snayper atəşləri əvvəlki illərdə də olurdu".

Bu sözləri "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, cəbhə bölgəsindəki vəziyyətin gərginləşməsi məhz BMT sessiyası ilə bağlı idi: "Rəsmi Bakının məqsədi beynəlxalq aləmin, o cümlədən, BMT-nin diqqətini işğal faktına yönəltməkdir. Məhz BMT-nin 1990-cı illərin əvvəllərində Dağlıq Qarabağ və ətraf rayonlarla bağlı qəbul etdiyi 4 qətnamə yerinə yetirilmir. Bu isə Azərbaycanın ciddi narazılığına səbəb olur. Azərbaycan Prezidenti İlham Əliyevin BMT sessiyasında iştirak etməməsi məhz bu stukturun gözləmə mövqeyində dayanmasına, Ermənistana təzyiq etməməsinə etirazın forması idi". Ermənistan prezidenti Serj Sarkisyan BMT sessiyasında iştirak etdiyini xatırladan politoloq İlham Əliyevin isə öz yerinə xarici işlər naziri Elmar Məmmədyarovu Nyu-Yorka göndərdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, Elmar Məmmədyarovun BMT sessiyasındakı çıxışının əsas leytmotivi bundan ibarət idi ki, əgər Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonları azad etməsə, bölgədə müharibə qaçılmazdır: "Müharibənin başlaması ehtimalı Ermənistan hakimiyyətini ciddi narahat edir. Çünki Ermənistanın müharibə aparması üçün resursları azdır. Müharibə Ermənistan hakimiyyəti üçün həm insan itkisi, həm də iqtisadi və sosial gərginliyin artması deməkdir. Ermənistan hakimiyyəti sadəcə, status-kvonu qorumağa çalışır. Bu isə uzun müddət davam edə bilməz. Çünki danışıqlardan ümidini itirən Azərbaycan hakimiyyəti status-kvonu hərbi yolla dəyişmək haqqında düşünür".

E.Şahinoğlu qeyd edib ki, belə bir vəziyyətdə Ermənistan hakimiyyəti Kremldən dəstək gözləyir: "Rəsmi İrəvan istəyir ki, atəşkəsi pozduğuna görə Rusiya hakimiyyəti rəsmi Bakıya ciddi xəbərdarlıq etsin. Ancaq cəbhə bölgəsindəki vəziyyətin gərginləşməsinə baxmayaraq, bu vaxta qədər Kreml Azərbaycan hakimiyyətinə narazılığını bildirməyib, Rusiya Xarici İşlər Nazirliyi bununla bağlı xüsusi açıqlama verməyib. Rəsmi Moskva sadəcə cəbhə bölgəsindəki gərginlikdən narahatlığını bildirib. Bu cür mövqe isə Ermənistan hakimiyyətini qane etmir. Ona görə də Ermənistan hakimiyyətində, siyasi dairələrində və ictimaiyyətində belə bir sual aktuallaşıb ki, müharibə başlayacağı halda Rusiya Ermənistanı müdafiə edəcəkmi, Azərbaycana zərbələr endirəcəkmi? Aydındır ki, Kreml Ermənistanı nəzarət altında saxlamaq üçün bu ölkəni müharibədən qorumalıdır. Ancaq Kreml Ermənistana görə Azərbaycanla münasibətləri də korlamaq istəmir. Bunun əvəzinə Rusiya hakimiyyəti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyujanı irəli çəkib. Nikolay Bordyuja oktyabrın dördündə Ermənistana səfəri zamanı deyib ki, Ermənistanın sərhəd boyu atəşə tutulması yolverilməzdir. O sərhəddə yaşayan mülki əhalinin ağır artilleriya ilə atəşə tutulmasından narahat olduqlarını bildirib".

Mərkəz sədri əlavə edib ki, Nikolay Bordyuja Suriya və İraqda müharibənin getdiyi məqamda daha bir müharibə ocağının Cənubi Qafqazda alovlanmasının heç bir dövlətin və beynəlxalq təşkilatın maraqlarına cavab vermədiyin bildirib. Onun sözlərinə görə, Bordyujanın bu fikirləri Azərbaycana qarşı olsa da, Ermənistan bu açıqlamalardan tam razı qalmayıb: "Çünki Bordyuja onu da deyib ki, Ermənistan özünü müdafiə edə bilir, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının prosesə müdaxilə etməsinə ehtiyac yoxdur".

E. Şahinoğlu hesab edir ki, əslində Bordyuja təşkilatın adından danışa bilmir: "Çünki təşkilatın üzvləri olan Belarus, Qazaxıstan və Qırğızıstan Azərbaycanın ərazi bütövlüyünü müdafiə edir və Dağlıq Qarabağ məsələsində Azərbaycanın haqlı olduğunu vurğulayırlar. Ona görə də, Nikolay Bordyujanın Azərbaycanı hədəf alan açıqlaması sadəcə, Rusiyanın Ermənistanı sakitləşdirmək məqsədi daşıyır. Ancaq atəşkəsin son pozulma halları və itkilərin artması Ermənistana göstərib ki, müharibənin başlayacağı halda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı prosesə qarışmayacaq. Ermənistanda həm də ondan qorxurlar ki, Kreml rəsmi Bakı ilə sövdələşməyə gedib, işğal altındakı torpaqların boşaldılması məsələsində Ermənistana təzyiq edə bilər".

Ceyhun ABASOV

 





13.10.2015    çap et  çap et