525.Az

"Beynəlxalq terrora qarşı mübarizə səmərəli aparılmır"


 

EMİN HƏSƏNLİ: "DEMOKRATİYA, İNSAN HÜQUQLARINDAN DANIŞAN DÖVLƏTLƏRİN İSTEHSAL ETDİYİ SİLAHLAR BU GÜN TERRORÇULARIN ƏLLƏRİNDƏDİR"

"Beynəlxalq terrora qarşı mübarizə səmərəli aparılmır"<b style="color:red"></b>

"Dünya gücləri beynəlxalq terrora qarşı daha ciddi addımlar atmalıdır. Lakin bunun əvəzinə hazırda ayrı-ayrı terror təşkilatlarına müxtəlif yollarla maddi və humanitar dəstək göstərilir. Sual olunur ki, terrorçular bu qədər silah-sursatı haradan alırlar? Kimlər onları maliyyələşdirir?".

Bu sözləri Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli oktyabrın 10-u Türkiyənin paytaxtı Ankarada 100-dən artıq insanın ölümü ilə nəticələnən terror aktı ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, 2001-ci ilin 11 sentyabr hadisəsindən sonra başda ABŞ olmaqla, dünya güclərinin beynəlxalq terrorun qarşısını almaq üçün daha cəsarətli addımlar atacağına ümidlər böyük idi: "Hərçənd, bu illər ərzində beynəlxalq terrorun miqyası daha da genişlənməyə doğru gedib. Nəticə etibariylə yeni terror təşkilatları meydana çıxıb ki, onlar da törətdikləri cinayətlərlə dünyanı ciddi təhdid və təhlükə altında qoyublar".

E.Həsənli bildirib ki, PKK problemi otuz ildən artıqdır aradan qaldırılmır: "Bu terror qruplaşması ayrı-ayrı zamanlarda müxtəlif dövlətlər tərəfindən himayə olunub. Bütün bunlar onu göstərir ki, beynəlxalq terrora qarşı mübarizə səmərəli aparılmır. Böyük dünya dövlətləri yalnız baş verən terror hadisələrini pisləmək, cinayətkar qruplaşmalara qarşı ciddi tədbirlərin görülməsinin vacibliyini qeyd etməklə kifayətlənirlər. Bu məsələdən İslam coğrafiyası böyük əziyyət çəkir. Vaxtilə elmin beşiyi olan bu məkan artıq terror yuvasına çevrilib. Qərb dairələri isə bu vəziyyətdən istifadə edərək İslamı terrorla bərabər tutmağa, müqəddəs dini ləkələməyə çalışırlar. Bu, dünyada müsəlmanlara qarşı aparılan məqsədyönlü siyasətin tərkib hissəsidir. Halbuki, terrorçuların kimliyi və harada yerləşməsi məlum olsa da, onlara qarşı effektiv mübarizə aparılmır. Sanki texnologiyanın inkişaf etdiyi müasir dövrdə dünyanın böyük dövlətləri - ABŞ, Rusiya, Böyük Britaniya, Fransa, Almaniya və digərləri terrorun kökünü kəsmək iqtidarında deyillər. Artıq BMT də öz funksiyasını yerinə yetirə bilmir. Biz qurumun acizliyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində görmüşük. Azərbaycan torpaqlarının işğalına dair BMT tərəfindən qəbul olunan dörd qətnamə Ermənistan tərəfindən bugünə qədər yerinə yetirilməyib. Bunun müqabilində sanksiya alətlərini işə salmalı olan beynəlxalq birlik Ermənistan prezidenti Serj Sarkisyanı öz sessiyalarında ali tribunaya dəvət edərək işğalçının dünyaya "əxlaq" dərsi keçməsinə şərait yaradır".

Beynəlxalq hüququn yenidən işlək vəziyyətə gətirilməsi üçün dünyada yeni bir sistemin yaradılmasına ehtiyac olduğunu deyən hərbi ekspert hesab edir ki, əks halda bu gün beynəlxalq hüququ ayaqlar altına atan dövlətlər özləri bundan əziyyət çəkəcəklər: "Məlum Suriya böhranı ilə əlaqədar Avropaya üz tutan miqrant axını Qərbdə humanitar fəlakət yaratdığı kimi, sabah beynəlxalq terror da onların qapısını döyə bilər. Halbuki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində öz yurd-yuvalarından didərgin düşən 1 milyondan artıq qaçqın və məcburi köçkünün yerləşdirilməsini Azərbaycan Qərbin köməyi olmadan həyata keçirib. O cümlədən, qardaş Türkiyə də təkbaşına iki milyondan artıq suriyalı qaçqına öz torpaqlarında sığınacaq verib. Avropa dövlətləri isə iki müsəlman, türk dövlətinin təkbaşına bacardığının öhdəsindən gələ bilmir.  Ona görə də, yaxşı olardı ki, bu cür hadisələrin qarşısı vaxtında alınsın. Reallıqda isə Qərb bu cür məsələlərdən öz məqsədləri üçün yararlanmağa çalışır. Lakin onları yalnız uğursuzluq gözləyir. Terror şəbəkələrini himayə etməklə bəzi xarici dairələr bilməlidir ki, özlərinə düşmən hazırlayırlar. Yaxın zamanlarda bu, terror qruplaşmaları məhv edilməsə vəziyyət tamamilə nəzarətdən çıxacaq. Sanki dünyanın yenidən bölüşdürülməsi prosesi gedir. Bu gün baş verən hadisələr, birinci və ikinci dünya müharibəsi ərəfəsini xatırladır. Bu mənada, təsadüfi deyil ki, xarici ekspertlər Üçüncü Dünya Müharibəsindən söz açırlar. Çünki heç bir yerdə nə münaqişə ocaqları söndürülüb, nə də terror yuvalarının kökü kəsilib. Qərb bilməlidir ki, bütün bunlar digərləri kimi bumeranq effekti verə bilər. Belə ədalət, belə humanizm olmaz. Bu gün demokratiya, insan hüquqlarından danışan dövlətlərin istehsal etdiyi silahlar həmin terrorçuların əllərindədir. Bu silahların hansı yolla, necə onlara çatdırıldığını artıq bütün dünya bilir. Təəssüflər olsun ki, bu proseslər hələ də davam etdirilir. Bundan çıxış yolu yalnız beynəlxalq terrora qarşı birgə və qətiyyətli mübarizə aparmaqdır. Çünki hazırda baş verən hadisələr heç də müsbət sonluq vəd etmir. Dünyanı bu bəladan xilas etmək lazımdır. Əks halda, nəticələr dünya üçün çox üzücü olacaq".

Media eksperti Ələsgər Əhmədoğlu isə qeyd edib ki, Ankarada 100-dən artıq insanın öldüyü, 250-yə yaxın şəxsin müxtəlif xəsarət aldığı terror hadisəsi kimin və kimə qarşı həyata keçirməsindən asılı olmayaraq çox mənfur, alçaq bir hadisədir: "Türkiyəni belə cılız əməllərlə dizə gətirməyi düşünənlər gerçək Türkiyəni tanımayanlardır. Bu mənfur terror hadisəsi göstərir ki, siyasi məqsədlərini terrora indeksləşdirib, cəmiyyəti terrorla qorxudan, siyasi məqsədlərinə çatmaq üçün terroru açıq dəstəkləyən, əsgəri, polisi pusquya salıb körpə övladının, hamilə xanımının gözləri önündə bombalarla, qurşunlarla alçaqca qətl edən PKK-nı qınamayan HDP siyasətçiləri terror dilini birdəfəlik tərk etməlidir. Əks halda onları bəyənməyən və onlar kimi insanlığa dəyər verməyən siyasi düşüncənin ağıldan xarab, beyni yuyulmuş fərdləri də belə faciələri onların tərəfdarlarına, siyasi düşüncələrini paylaşdığı insanlara, hətta məsumlara yaşada bilərlər".

Ə.Əhmədoğlu bildirib ki, 2014-cü il dekabrında Türkiyədə terror yenidən vüsət almamış Demirtaş "töküləcək hər damla qandan Baş bakan sorumludur",- deməklə, qan tökəcəkləri ilə toplumu və siyasiləri hədələyib. İndi həmin axan qanlarda Dəmirtaş kimi siyasətçilərin böyük qatqısı və sorumluluğu var".

Ceyhun ABASOV

 





13.10.2015    çap et  çap et