525.Az

"Ticarət və valyuta məzənnələri müharibələri kəskinləşib"


 

İPOTEKA FONDU XƏTTİ İLƏ AYRILMIŞ 700 MİLYON MANATDAN 17500 AİLƏ YARARLANIB

"Ticarət və valyuta məzənnələri müharibələri kəskinləşib"<b style="color:red"></b>

"Dünyada geosiyasi və geoiqtisadi  gərginliklər artıb. Ticarət və valyuta məzənnələri müharibələri kəskinləşib. Əgər ölkədə 2011- ci ildə idxal- ixracatda profisit 14 milyard, 2014- cü  ildə 10 milyarda idisə, bu ilin sonuna cəmi 2 milyard  olacaq".

Bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov parlamentin büdcə zərfinə daxil olmuş plenar iclasında səsləndirib.

Onun sözlərinə görə, dövlət başçısının dünənki iclasda səsləndirdiyi kimi ayağımızı yorğanımıza görə necə uzadaq ki, ölkənin makroiqtisadi sabitliyini qoruyub saxlayaq: "Valyuta gəlirlərinin planlaşdırılması əsas şərtlərdən biridir. Devalvasiyanı  sürətləndirən amil ticarət tərəfdaşı olan ölkələrin milli valyutalarının devalvasiyası olub. Bu da milli istehsalçıların rəqabət qabiliyyətinə mənfi təsir göstərir Biz ötən il 15 milyard valyuta ehtiyatlarını daxili bazardan almışdıq".

E.Rüstəmov xatırladıb ki, hazırda ölkədə dollarlaşma səviyyəsi 10 il bundan əvvəlki səviyyədədir: " Bütövlükdə may-iyul ayında sakitlik yaranmışdı, hətta biz valyuta bazarından valyuta alırdıq. Yarım milyarddan çox vəsaitini banklar bizə verərək dollar almışdılar. Ancaq avqust ayında Qazaxıstan pulunun yenidən devalvasiyası  əhalidə müəyyən gərginliyə səbəb oldu. Mərkəzi Bank yenidən valyuta bazarına qayıtmağa məcbur oldu. Hazırda bizim valyuta ehtiyatlarımız 7 milyard dollar səviyyəsindədir. Hökumətlə birgə iqtisadiyyata yardım etmək üçün  1,2 milyard manatlıq yardım layihəsi imzaladıq".

Baş bankir çıxışında bankların kreditləşməsinə siyasətinə də toxunub: "Hazırda banklar iqtisadiyyatı kreditləşdirməkdə davam edir. Vaxtı keçmiş  kreditlərin faizi 6,5 faizdir. Banklar ən pessimist situasiyada belə, öz ödəniş sistemini qoruyub saxlaya biləcək. Əlamətdar haldır ki, banklar kreditlərin faiz dərəcələrini azaldır, hətta bəzi banklar faiz almırlar. Həmçinin ödəmə müddətlərini də artırırlar. Sağlamlaşdırma tədbirləri çərçivəsində Mərkəzi Bankın alacağı vəsait ölkədə ipoteka vəsaitlərinin artırılmasına, faiz dərəcələrinin  azaldılmasına, kreditlərin ödəmə vaxtının uzadılmasına səbəb olacaq. Ölkədə 7,5 milyard kreditləşmə aparılıb ki, onun da 5 milyardını biznes kreditləri təşkil edir".

O, çıxışında həmçinin məlumat verib ki, İpoteka Fondunun xətti ilə 700 milyon vəsait ayrılıb ki,  ondan da 17500 ailə yararlanıb.

Kamil HƏMZƏOĞLU

 





14.10.2015    çap et  çap et