525.Az

İnşaat materialları niyə ucuzlaşıb?


 

İQTİSADİ AMİLLƏRLƏ BAĞLI TİKİNTİ İŞLƏRİNİN MİQYASININ SƏNGİMƏSİ DƏ BAZARA TƏSİR EDİB

İnşaat materialları niyə ucuzlaşıb?<b style="color:red"></b>

Son dövrlər şəhərlərimizdə mənzillərin  ucuzlaşması fonunda tikinti materiallarının da qiymətinin enməsi təzahürləri müşahidə olunmaqdadır. Ölkənin ikinci şəhəri Gəncənin inşaat materiallarının satışı üzrə ən iri ticarət obyektlərindən birində müşahidə etdiklərimiz onu deməyə əsas verir ki, əksər malların qiymətinin enməsinə baxmayaraq, onların alış-verişində durğunluq  hökm sürür.

Burda çalışanlar passivliyin  yaz aylarından etibarən yarandığını qeyd edərək, bu halın ölkəmizdə  yerli və xarici valyuta kurslarına sərbəst yanaşmanın tətbiq edilməsi ilə paralel təzahür etdiyini düşünürlər.

Məsələyə bir qədər dərindən və iqtisadi məntiq nəzərindən yanaşdıqda inşaat bazarındakı tendensiyaların kökünü tapmaq olar. Fikir verin, əhalinin geniş və ən sadə tikinti işlərində  işlətdiyi, başlıcası isə valyuta nisbətləri münasibətləri təsirinə daha az uğrayan  sement, qum, gəc, gil kərpic kimi malların qiymətləri  demək olar ki,  sabit qalıb. Amma belə demək mümkündüsə, daha iri miqyaslı inşaat işləri üçün zəruri sayılan  mallar kəskin ucuzlaşıb. Bura ilk növbədə taxta və metal materiallar, həmçinin "kubik" adlandırılan kəsmə ağ daş daxildir. Bu təzahürlər, şübhəsiz, yaz aylarından bir növ "qənaətcil" rejimə keçmiş iqtisadi münasibətlərlə bağlıdır. Daha sadə dillə desək, istər dövlət strukturları, istər şirkətlər, eləcə də imkanlı adamlar tərəfindən uzun illərdir ki, aparılan miqyaslı inşaat işləri səngiyib və bu hal aybaay daha da dərinləşir. Bunun fonunda bazarın zəifləməsi təbiidir. Digər yandan, inşaat materialları istehsalı və qıraqdan gətirilməsi əvvəlki fəal bazara hesablanmış miqyasda qalıb. Təklif və istehlakın nisbətindəki kəskin təzad bazarı "öldürüb". Bu təzahürlər həm topdan, həm də pərakəndə alış-verişi bürüyüb.

Elə Gəncənin inşaat materialları satışı məntəqələrində ayrı-ayrı malların necə deyərlər, qiymət xronologiyalarına nəzər salmaqla da bunun təsdiqini tapmaq olar.

Məsələn, ölkəyə əsasən Rusiyadan gətirilən taxta materialların qiyməti son yarım ildə 15-18 faiz ucuzlaşıb.

"5-6 ay əvvəl iri taxta materialların bir kubmetrini  Bakıdakı topdansatış bazarlarından 250 manat  alıb gətirirdik, indi 210-220 manata alırıq. Burda da üstünə kubuna 20-30 manat qoyub təklif edirik. O vaxt, daha baha olanda, alıcı bundan çox idi"-deyə, taxta satışı ilə məşğul olan Tural Qəribov bazardan gileylənir.

Taxta ilə paralel olaraq metal materiallarının da qiymətinin enməsi, özü də qəfil şəkildə  ucuzlaşması müşahidə olunur. Məsələn, təkcə ötən ayla müqayisədə dəmir armatur, həmçinin turba profilli inşaat materiallarının qiymətləri də orta hesabla 12 faiz enib.

"Son ucuzlaşma oktyabrın əvvəlindən başladı. Bunlar yerli istehsaldır - armatur materialların bir tonunu sentyabrda  Bakıda 620 manata alırdıq, indi alırıq 560 manata.  Yerli turba-profil materialları isə 630 manata alırdıq, hazırda 600-585 manata alırıq. Bura gətirəndən sonra üstünə hər ton üçün 20-25 manat qoyuruq. Baxmayaraq ki, ucuzdur, alıcılıq çox zəifdir"- deyə,  satıcı Maksim Rüstəmov metal materialları alış-verişinin mənzərəsini izah edir.

Müsahib həmçinin qeyd edir ki, bir "list" sinklənmiş dam örtüyünün topdan qiymətinin üzərinə 50 qəpik qoyaraq, onu alıcıya 6 manat 70 qəpiyə təklif edirlər. Halbuki əvvəllər bu qiymət indikindən  1 manatadək  baha olub.

Amma ən kəskin ucuzlaşma tendensiyası "kubik" adlandırılan kəsmə ağ daşın qiymətində müşahidə edilir. Belə ki, ötən il alıcıya bir ədədinin qiyməti 60 qəpiyə təklif edilən kubikin qiyməti indi 45 qəpiyi ötmür. Bu haldan da ən çox narazı qalan ağır tonnajlı yük maşınları ilə Bakıdan Gəncəyə "kubik" gətirənlərdirlər.

"Hazırda yerində, Bakıda  bir kubiki 26-28 qəpiyə alırıq, burda onun satışı 45 qəpikdir. Amma əvvəl burda satışı 60 qəpik idi, yerində də  30-32 qəpiyə alırdıq. Bu bir yana, alıcılıq qabiliyyəti endiyindən, işimizin həcmini azaltmışıq. İndi soğan-çörəyin pulunu güclə çıxara bilirik,"-deyə, "KAMAZ" sürücüsü Hüseyn Məmmədov bildirir.

Tikinti materialı bazarında müşahidə olunan halı xarakterizə edən iqtisadçı da burada əsasən üç amilin rol oynadığını bildirir.

"Əlbəttə, bazar iqtisadiyyatının xüsusiyyəti qalxıb-enmələr nəzərdə tutur və bu, tələb-təklif  üzərində qurulan qanunlara tabedir. İkincisi, son dövrdə valyutaların mütəhərrikliyi prinsipinə üz tutulması qiymət məsələlərində bir sıra adət etdiyimiz qaydaların korrektə edilməsi zərurəti yaradır . Üçüncü faktor kimi, məhz inşaat malları bazarında Rusiya istehsalı olan malların böyük çəkisi olduğunu nəzərə alsaq,  rublun qiymətdən düşməsinin də ucuzlaşmanın daha bir səbəbkarı olduğunu qeyd etməliyik"-deyə, Gəncə Dövlət Universitetinin müəllimi, iqtisadçı  Səbuhi Ramazanov bildirir.

Amma onu da əlavə edək ki, Gəncədə xüsusən şəhərdəki binaların tərtibatında son vaxtlar geniş işlədilən qırmızı kərpic, ona tələbatın sabit qalması ilə  bir qədər bahalanıb. Belə ki, məsaməli və məsaməsiz kərpiclərin satış qiyməti bir neçə qəpik artaraq, bir ədədi üçün 22 və 24 qəpik olub. Elə bu Gəncə kərpicinin timsalında yuxarıda dediklərimiz iqtisadi mülahizələrin doğruluğuna inanmaq olar.  

Zakir Muradov
GƏNCƏ 

 





15.10.2015    çap et  çap et