525.Az

Prezidentin tapşırıqları öz nəticəsini verir


 

“AZAD RƏQABƏTİN FORMALAŞDIRILMASI SAHİBKARLIĞIN İNKİŞAFI BAXIMINDAN MÜHÜM ƏHƏMİYYƏT KƏSB EDİR”

Prezidentin tapşırıqları öz nəticəsini verir<b style="color:red"></b>

“Regionlarda yaradılan iş yerləri ölkə iqtisadiyyatının çoxşaxəli inkişafına xidmət göstərir. Ancaq 9 ayda 67 min daimi iş yeri yaradılmasına baxmayaraq, 30 minə yaxın iş yeri bağlanıb. Bu da reallıqdır. Biz bu reallığı bilməliyik və burada ciddi təhlil aparılmalıdır ki, bu prosesin səbəbləri nədən ibarətdir.

Əslində bu, təbii bir prosesdir. Hər bir ölkədə olduğu kimi, Azərbaycanda da yeni iş yerləri açılır və bağlanır. Həmişə bizdə müsbət saldo müşahidə olunub, bu gün də belədir. Hətta böhranlı ildə 67 min daimi iş yerinin açılması böyük nəticədir. Yəni, əgər bağlanan iş yerlərini çıxsaq, 40 minə yaxın yeni iş yeri yaradılıb. Ancaq bununla bərabər, biz bağlanan bu iş yerlərinin təhlilini aparmalıyıq və bilməliyik ki, bu proseslər hansı səbəblər üzündən baş verir”. Bu sözləri dövlət başçısı İlham Əliyev oktyabrın 12-də Nazirlər Kabinetinin 9 ayın sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair keçirdiyi müşavirədə qeyd edib.

Ölkə rəhbərinin qeyd etdiyi kimi, işsizliyin aradan qaldırılması sahəsində dövlət səviyyəsində görülən işlərin qarşısında duran manelərdən biri də bəzi məmurlar tərəfindən sahibkarlıq subyektlərinə edilən müdaxilələr, lüzumsuz lisenziyalaşdırma tədbirləri, saxta yoxlamalar adı ilə biznes sahiblərindən qanunsuz vəsait toplanılması kimi məsələr dayanır. Sevindirici haldır ki, dövlət başçısının bu sahədə mövcud olan problemlərin aradan qaldırılması istiqamətində tapşırıqları qısa müddət ərzində öz nəticəsini verir.

Prezident İlham Əliyevin biznes mühitinin daha da yaxşılaşdırılması barədə verdiyi tapşırıqların icrası olaraq, İqtisadiyyat və Sənaye Nazirliyinin keçirdiyi geniş kollegiya iclasında Nazirlik tərəfindən verilən əlvan metal, tərkibində qiymətli metallar və daşlar olan sənaye və istehsalat tullantılarının tədarükü, emalı, satışı və əmtəə birjası fəaliyyətinə lisenziyaların xüsusi razılıq (lisenziya) tələb edilən fəaliyyət növlərinin siyahısından çıxarılması barədə təkliflərin verilməsi qərara alınıb. Bununla hesab etmək olar ki, artıq ölkədə ciddi islahatlar dövrü başlayır.

İqtisadi Resusrların Öyrənilməsi Mərkəzinin sədri, iqtisadçı ekspert Ruslan Atakişiyev hesab edir ki, Azərbaycanda kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi ölkədə ərzaq təhlükəsizliyinin qorunması, yeni iş yerlərinin açılması, əhalinin ucuz, keyfiyyətli və çoxçeşidli məhsullarla təmin olunması, ölkədə rəqabət mühitin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir: “Qlobal  iqtisadi, siyasi böhran fonunda, neftin qiymətinin aşağı düşməsi, qeyri-neft sektoru, xüsusilə sahibkarlığın inkişafına diqqəti daha da artırır. Lakin sahibkarlığın inkişaf məsələlərində bir sıra problemlər özünü göstərir. Birinci növbədə sahibkarlığın maliyyə problemləri özünü göstərir. Paytaxtda və regionlarda biznes fəaliyyəti həyata keçirən sahibkarların maliyyə kanallarına çıxışı zəifdir. Ona görə də, maliyyə alətlərinin sayının artırılmasına böyük ehtiyac var. Eyni zamanda, ölkə başçısının müşavirədə qeyd etdiyi kimi sahibkarların fəaliyyətlərinə qanunsuz müdaxilələrin qarşısı alınmalıdır. Yəni, müxtəlif regionlarda bəzi məmurlar öz səlahiyyətlərindən sui-istifadə edərək sahibkarlıq subyektlərində yoxlama adı altında biznes sahiblərinə təzyiq edir, fəaliyyətinə maneəçilik törədirlər. Halbuki, sahibkarlıq fəaliyyətinin inkişafı, vergiödəyicilərin hesabına dövlət büdcəsinə daha da zənginləşdirir, eləcə də işsizliyin aradan qaldırılmasında mühüm rol oynayır. Ona görə də, biznes sahiblərinin fəaliyyətinə əngəl törədiləndə dövlət bundan əziyyət çəkir”.

R.Atakişiyev qeyd edib ki, sahibkarlıq sahəsində qarşıda duran problemlərdən biri də idarəetmədə yaşanan çətinliklərdir: “Bu sahədə kadr çatışmazlığı özünü göstərir. Sahibkarlıq subyektlərində yüksək peşəkar menecer, marketoloq, satış üzrə mütəxəssislərə ehtiyac var. Digər bir məsələ isə istehsal olunan məhsulun bazara çıxarılmasıdır. Sahibkarların öz məhsullarını xarici bazarlara çıxara bilməsi üçün gömrük sahəsində tənzimləmələrin aparılmasına ehtiyac var.

Kiçik və orta sahibkarlığın qaşrısında duran problemlərdən biri də iri sahibkarların apardığı inhisarçılıq siyasətidir: “Böyük şirkətlər kiçik və orta sahibkarlıq müəssisələrinin istehsal etdiyi məhsullarla bazara girməsinə imkan vermirlər. Bu mənada, satış sektorunda azad rəqabətin formalaşdırılması sahibkarlığın inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir”.

Milli Məclisin deputatı Sahib Alıyev isə 2016-cı ilin büdcəsi haqqında danışaraq qeyd edib ki, yeni büdcə qlobal turbulentliyin getdikcə genişləndiyi və dərinləşdiyi bir zamanda tərtib edilib: “Bu turbulentlik təkcə geosiyasi alanda deyil, həm də qlobal iqtisadiyyat, xammal bazarı və maliyyə müstəvisində də özünü göstərir”. Onun sözlərinə görə, bu turbulentliyin yaratdığı silkələnməni elə bir ölkə yoxdur ki, öz üzərində hiss etməsin: “Azərbaycan da istisna deyil. Lakin ölkə Prezidentinin və onun komandasının əməyinin nəticəsidir ki, bu turbulentliyi öz üzərində ən az hiss edən ölkələrdən biri, bəlkə də birincisi məhz Azərbaycandır. Bu özünü 2016-cı ilin büdcəsində də göstərir”.

Millət vəkili hesab edir ki, büdcəmiz balanslı büdcədir və dövlət başçısı İlham Əliyevin tələblərinə uyğun olaraq əvvəlkilərdən daha çox proqramlar üzərində qurulub: “Bu zaman ünvanlılıq faktoruna da diqqət yetirilib ki, belədə pulların hara və necə xərcləndiyinə nəzarət etmək daha asan olacaq. Bu, geosiyasi silkələnmələrə, xammal bazarındakı yaranmış vəziyyətə, qlobal müstəvidə gedən ticarət və məzənnə savaşlarına baxmayarq real büdcədir. Ona görə ki, bu büdcə təkcə neftin qiymətinə yanaşmada deyil, eyni zamanda bir çox baxımlardan konservativ proqnozlara dayanılaraq yetərincə koordinasiyalı şəkildə hazırlanıb. İkincisi, onun reallığının qarantı kimi bugünkü vəziyyətimiz durur. Üçüncüsü, bundan öncəki büdcələrin tərtibi və necə yerinə yetirildiyi bizə bunu deməyə əsas verir”.

S.Alıyev bildirib ki, büdcə təkcə dövlətin iqtisadi gücünü deyil, həm də siyasi və humanitar mahiyyətini ortaya qoyan bir sənəddir: “Biz yaxşı gördük ki, çox zaman qibtə ilə baxdığımız Avropa ölkələrində azca sıxıntı yaşanan kimi nələr baş verir. Onların büdcələrində ilk növbədə təqaüdlər, sosial ödəmələr, maaşlar azaldılıb. Bizdə isə bunların heç biri gözlənilmir. Beləliklə, 2016-cı ilin büdcəsi dövlətimiz haqqında onu deyir ki, neftin qiymətinin ucuzlaşmasına baxmayaraq bu dövlət yenə də sosial yönümlü, ordu quruculuğu və təhlükəsizlik məsələlərini ön planda saxlayan oturuşmuş və real dövlətdir”.

Millət vəkili əlavə edib ki, ölkəmiz kiçik olsa da, xalqımız böyükdür: “Dövlətimiz öz vətəndaşlarına böyük dövlətlərdən daha çox dayaq durmağa, onun yanında olmağa çalışır. 2016-cı ilin büdcəsi bunun növbəti təsdiqidir”.

Ceyhun ABASOV

 





17.10.2015    çap et  çap et