525.Az

“Mən səni sevirəm vəhyə çəkilən peyğəmbər Allahı sevdiyi kimi”


 

“Mən səni sevirəm vəhyə çəkilən peyğəmbər Allahı sevdiyi kimi”<b style="color:red"></b>

I. Biz hara gediriksə
ordan qayıdır zaman

Ad günü

Hədiyyə edirəm özüm özümə,
Dünyanı özümə bağışlayıram,
Qumu tullayıram pisin gözünə,
Yaxşını min dəfə alqışlayıram.

Qızımın saçını tumarlayıram,
Öpürəm oğlumun geniş alnından.
Qalxıb qəlbi dikə ulduz sayıram,
Keçirəm qürubun eniş altından.

Bayatı tinindən ehmalca ötüb
Qonuram qoşmanın haça çiyninə,
Ordan adlayıram heca çiyninə,
Anamın rubai əlindən öpüb
Qalxıram atamın uca çiyninə...

Axır bəbəyimdən Araz daşqını -
məndə ki, çarəsiz...
 əfəl günündə!
Tikanlı məftillə çərtib başımı
Dönnəm xarabama
 qətl günündən!

Söykənib qismətin
 sirli gücünə
duyuram,
 nə ilkəm, nə də axıram,
qısılıb dəftərin dümağ küncünə
qara günüm üçün
 hikmət yığıram.

Cəza çəkməlidi günahı olan -
Türməyə basıram yad günlərimi.
Ömrümü qanunla verirəm yola,
Belə keçirirəm ad günlərimi...

28.05.15

Özümə qalsa

Şirə verib bitənə
Susaram kötük kimi.
Paylaram yol ötənə
balımı pətək kimi.

Özümə qalsa çinar,
gavalı kimi susaram.
Cabbar oxuyub uçunar -
qavalı kimi susaram.

Nə sirdi yaxşı yuxu
mələyimə deyərəm.
Pis sözümü qurcuxub
bələyimə deyərəm.

Özümə qalsa burub
hörərəm birçəyimi.
Dilimə tikiş vurub
udaram dilçəyimi.

Di gəl açılan sabah
aralığı qarışdırır.
Allah dindirir, vallah
məni Allah danışdırır...

06.06.15

Başqa

Təbrizə baş çəkdim,
 Qarsı dolandım -
qalmağa yer hanı gorumdan başqa?
Dünyada nə qədər gözəl var;
   qandım
hamısı nağıldı...
  birindən başqa!

Baş vurdum sevdanın sərin dibinə,
Tükəcən quylandım yerin dibinə,
Can atdım dəryanın dərin dibinə -
dalğıc nəyi istər dərindən başqa?
Düşdüm xəyalına Hörmuz dadanın -
elə buna görə aldım zədəni...
Həvvaya tamsınan haramzadanın
burnundan nə gələr irindən başqa?

Günahkar xilası son ahda bilir,
mən ki, günahsızam,
  günah da bilir!
Cızıqdan çıxmadım, Allah da bilir -
yad vərə girmədim vərimdən başqa.

Ha yandan gəlmişdim,
  hara ged irəm? -
Əcəl yaxmacına sürtürəm şirə...
Həsrətin qəfəsdi, içində şirəm,
Heç nə eşidilmir nərəmdən başqa.

Boş əmək, boş ətək...
  bəhər, bar ayı -
küləklə qabarır xurcunun tayı,
Almanı div qapıb, armudu ayı -
Soymağa nə qalıb
 dərimdən başqa?..

19.07.15

Altmış yaşıma

Qırx, əlli qutuda bitmiş yeriyir
İndi də bu gəlib...indi də altmış,
Ora bax, üstünə yetmiş yeriyir -
Sən hara baxırsan, ay başı batmış?..
17.07.15

Qardaşıma mesaj

Ay Yadigar,xəbər yolla sərçədən
Bəhmənlidə Günəş çıxıb, çıxmayıb?
Boş başıma ağıl qoyur hər yetən
Bəhmənlidə qamış çıxıb, çıxmayıb?

Xoş halına,
 orda qərar tutmusan -
Alça, ərik, gavalı, ya tumusan?
Səsin gəlmir,
 bəlkə tuluq udmusan -
Bəhmənlidə bir iş çıxıb,
 çıxmayıb?

İncidirmi səhər şehi qönçəni?
Kim qaytarır
 ləkə cuman cöngəni?
Qazon yedi burda yumşaq yoncanı,
Bəhmənlidə
 kalış çıxıb,
  çıxmayıb?

Olan budu,
 Qonaq nədən incisin? -
Yağırmı tut? - məhsulun birincisi?...
Badımcandı qapımızın zəncisi -
Bəhmənlidə qaloş çıxıb,
  çıxmayıb?

Mesajımdan sonra üzün gülümsə
İş fənadı...
 xalaxətrin gülümsə!
Qarpıza dil vurarammı, bilməsəm
Bəhmənlidə
 yemiş çıxıb, çıxmayıb...

Allah hanı?
 Şeytan ətək düzəldir,
Arı bala simdən pətək düzəldir
Süd nəmənə... Bakı inək düzəldir -
Bəhmənlidə camış çıxıb,
 çıxmayıb?

Ay Yadigar, qulluq elə dərinə
Turp qızarsın
 görüm, sənin yerinə...
Qızılları nahaq əkdik dərinə,
Bəhmənlidə gümüş çıxıb,
  çıxmayıb?

17.06.15

Yenə də zaman

Yenə də Sultan Səncər,
yenə şahın divanı
Yenə də tarix zəncir,
insan... yenə divanə!

Zaman təkər kimidi -
dığırlanır, çevrilmir
Paslanır haqq kilidi,
Yenə zaman devrilmir.

Yetmir o təkin cövrü,
yenə Zevs Allah doğur
başa çatmır döl dövrü
Allahlar günah doğur.

Daş, dəmir mis hardadı
Hərəsi bir lağımdı.
Yenə də mismardadı
Prometey Qaf dağında.

Qara qullar, oynaşlar,
Yenə də ütük dillər,
Yenə də kəsik başlar,
Yenə də kötük dinlər.

Yenə, yenə, yenə də
alov püskürən zaman
yeddi baş əjdahadı
Vətən nədi, Allahdan
yenə də can bahadı.

Tərləməyib diki də
çopur qayadır zaman.
Tərpənməyib tükü də
İndi çıxıb kahadan.

Yaxası gəlmir ələ
qonur ayıdır zaman.
Amma bununla belə
biz hara gediriksə
ordan qayıdır zaman.

Nədir bu zaman axı?
Yetmir, ağlım az, Allah!
Heç iblis də tarixi
belə saxlamaz, Allah!

30.06.15
 
II. Aşiqlərə yol açıq, doğru yol xəta bilməz...

Tarixi hadisə

Yer oynayar yerindən,
bəlkə qopar zəlzələ
səni sevirəm desəm...
Çünki sən elə belə
adi sevgi deyilsən -
Tarixi hadisəsən!

20.06.2015

Özü özündən qafiyələr

Sözlərin...
 eşitmədiyim!
Gözlərin...
 içində itmədiyim!
Dillərin..
 dadmadığım!
Yanaqların...
 toxunmadığım!
Ürəyin...
 oxumadığım!
Qamətin...
 kölgəsizliyim!
Qədəmin...
 ölkəsizliyim!
Xəyalın...
 unutmadığım!
Gecələrin...
 yatmadığım!
Səhərlərin...
 qıymadığım sənə,
Yuxudan oyatmadığım
   səni!

25.06.15

Alçaq adam

Nadanlar heç zaman yükünü bilmir,
Əyir tərəzini gizli qəm çünki.
Mən alçaq adamam -
 bunu kim bilmir,
Sənintək ucaya aşiqəm çünki.

07.06.2015

Yeni həyat

Gəlib yer almısan bağrım başında,
Canımı sarmısan bükümbəbüküm.
İndi mən neyləyim ahıl yaşında,
Başıma haranın daşını töküm?

Öndə beş-üç metr yol var uzunu -
gülməli gələcək sualım sənə;
Dalınca düşümmü bulvar uzunu,
Bəlkə durub gedim su alım sənə?

Məni günahımın başına çevir -
Boğazın qisməti əcəl ipidi.
At tava içinə, qəlbimi sivir
Sevginin ən dadlı yeri - dibidi...

Pozaq tabuları, savab eləyək
Şahzadə taxtını qurduğu yerdə.
Qəzadı, qədərdi, hesab eləyək -
Adam işə düşür durduğu yerdə.

Sənə kəcavədi köhlən həyatım -
Yalansa, torpaqlar yorğanım olsun!
Qurbanlıq qoç kimi köhnə həyatım
Təzə həyatımın qurbanı olsun!

06.06.15

Axşam

Əridi, ömür bitdi
Fitili sap şam kimi.
Gün kükürdlü kibritdi
qaralır axşam kimi.

Sanalı anım qalıb -
babalı şama qalsın,
Yüz qıram canım qalıb
o da axşama qalsın!..

06.06.15

Div məhəbbət

Sirrin dağarcığında
 Səbrim səfərlər olar,
Kimsəyə söyləmərəm sevdiyimin adını.
Qaranlıq duysa əgər
 gözləri müstər olar,
Günə çıxsa Günəşin yanar qızıl qanadı.

Əlyetməzi zəqqitum,
 əlyetəni noğultək -
Quranda ayə yoxdu
 yarımın ismi təndə.
Döşənib qədəminə
 susaram qaraqultək,
Sevdiyimi sevirəm
 Allahın cismi təndə.

Gözümdə heçdi, vallah,
 ömrümün itməyi də,
Dünya cəhənnəm olsun,
 sevdiyim yar hayıfdı.
İstəmirəm mən onun
 qalxıb bitməyini də
Şaxta, yağış qəhr edər,
 külək vurar, hayıfdı.

O Tanrıya layiqdi,
 Mən ömür köçündəyəm,
Tanrı necə desin ki,
 qurbandı bu can ona?
O mənim içimdədi,
 mən onun içindəyəm
İki candan savayı
 qürbətdi hər yan ona!

Quru canlar tum kimi
 yol dişində çırtlandı -
Aşiqlərə yol açıq,
 doğru yol xəta bilməz.
Saf eşqimin yanında
 dünya gopçu Cırtdandı,
Divlər yel olub onun
 yanından ötə bilməz!

05.06.2015

Bir şərt

Yalnız bir şərtlə durub
itilərəm yurdundan,
Dönüb şeytan olaram
yek kəlməmi çevirsən:
Eşitsəm namərd Allah
divanədi dərdindən,
Bilsəm ki, məni deyil,
sən Allahı sevirsən...

17.06.15

Rüsvayçılıq

Səni
xəlvət sevirdim...
nurun çıxdı üzümə -
Günəş oldum,
 Ay oldum -
Üstü “içə” çevirdim,
içi astar üzünə...
cahanda rüsvay oldum!

24.06.15

Gizli məhəbbət

Bacarsan... məni sev özündən gizli,
Məni sevdiyini mənə də demə.
Məni sev əlindən, gözündən gizli
Assalar,
kəssələr -
yenə də demə...

Meh nədi...
İşıqdan üşüyən gülsən,
Qanmayan rədd olsun, qanan bilməsin
Araya qan düşər qardaşın bilsə,
Ürəyi partlayar...
anan bilməsin!

Çardaqda sağaldaq yaralımızı -
Biabır olarıq; hələ diriyik
Yalnız Allah bilsin parolumuzu,
Biz arxa cəbhənin əsgərləriyik.

Casus fikir verər hərəkətinə,
Minalı canımı min dəfə yoxla.
Gizli gir könlümün məmləkətinə,
Fitili özündən aralı saxla!

Məcnun töhmətinə camaat gülür,
Aşkar sevgilərin çəpəri olmur.
Məni gizlicə sev, necə ki gülün,
Çərənçi bülbüldən xəbəri olmur.

Şam hanı, mum hanı? -
Fələk daş etsə
Külünü çırpacaq səməndər bizə.
Ya mən quş buraxsam, ya sən faş etsən
Lənət oxuyacaq həndəvər bizə!

Gizlət ovsunlanmış bir nəlbəkidə,
Qur məni bir uşaq evciyi kimi.
Mənsə səni sevim vəhyə çəkilən
Peyğəmbər Allahı sevdiyi kimi.

Sirrim ol...Mən sirsiz çətin olaram -
gizli bir fikir də gəlir ağlıma,
kölgəndə gizlənib itin olaram,
Bir şərtlə, boynuma zəncir bağlama...

06.06.15

Məna

Qədəm basmaq dərgahına
və sənə toxunmaq...
  nə gözəl!
Sığınmaq sənin pənahına
və səndə yox olmaq...
  nə gözəl!

17.07.15

Fərqli fəda

Dərdi necə bölüşüm? -
Dərdə günahım fəda
Gülüşünə gülüşüm,
Ahına ahım fəda!
Yol ver keçim içəri;
Ləki özüm seçərəm,
Al qoynuna
 cücərim -
torpağa toxum fəda.

Sən ey başımın tacı,
Kəfənim biçən qayçı!
Hüsnünə qardaş, bacı,
yad fəda, qohum fəda!

Bir yol üzüm gülməsə,
Tanrı qismət bilməsə,
Tənim ələ gəlməsə
Canına ruhum fəda.

Vaqifi hərləyir qan...
Fərqi yox,
 qoca, cavan -
hamıya canım qurban,
sənə Allahım fəda...

18.07.15

Məni yaradan

Sahibim, çək ilməyi -
Nəyim mənim nəyimdi?
Özümə çəkilməyim
Sənə çəkilməyimdi...

Əlim daşa toxunsa
əlindi elə billəm.
Bağçamda gül qoxusa
dilindi elə billəm.

Əlimi qayçılı san -
ağ kəsirəm dumanda.
Gözümdə açılarsan
gözlərimi yumanda.

Atam, anam olmayıb
məni yaradan sənsən.
Dörd yanım boşluq, quyu -
Şükür, arada sənsən!

Göylərdən gələn nəfəs
gah dirilər, gah ölər
Sevənlər ölə bilməz;
biz ölsək, Allah ölər...

07.06.15

Xatirələr

Xatirələr...
Xatirələr
yada düşmür yalnız
can uçuqları,
 bərbad şəklində!
Xatirələr...
əyri cəliyinə
söykənə-söykənə bir sevimli qız
gəlib
baş-başa durur səninlə -
üzü qırışmış,
 saçları qurumuş,
  dişləri çürümüş,
kədərli arvad şəklində...
xatirələr...

11.11.14

Yolasalma

Gecdi taa... durum gedim,
Bayır zülmət, dalan dar!
Qəribəm...
 Yalan dedim -
Məni də gözləyən var.

Bağlanacaq bu saat,
Qapıları türmənin.
Şalını çiyninə at,
Zindana ötür məni.

17.06.15

 





19.10.2015    çap et  çap et