525.Az

İsmayıllıda IV Qafqaz İqtisadi Forumu keçirilib - Fotolar


 

İsmayıllıda IV Qafqaz İqtisadi Forumu keçirilib - <b style="color:red">Fotolar</b>

İsmayıllı rayonunda daha bir möhtəşəm tədbir keçirilib. Belə ki, rayonda kənd təsərrüfatı ilinə həsr olunmuş IV Qafqaz İqtisadi Forumu öz işinə başlayıb.
 
Forum Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Qafqaz Universiteti və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə təşkil olunub. Forum iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsinə dərin ehtiramlarını bildiriblər. Kənd təsərrüfatı sahəsində tanınan yerli və xarici mütəxəssislər, dövlət və özəl sektor nümayəndələri və elm adamlarının iştirak etdiyi forumda kənd təsərrüfatı ilə əlaqəli məsələlər müzakirə olunub. Çıxışlarda ölkənin ümumi inkişafında kənd təsərrüfatının mühüm çəkiyə malik olduğu bildirilib.

Bölgədə təşkil olunmasına baxmayaraq, tədbirə olan marağın nə dərəcədə böyük olduğunu istər gələn qonaqların, istərsə də iştirakçıların sayına baxmaqla müəyyənləşdirmək olardı.

Forumu giriş sözü ilə açan İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov qonaqları salamladı. Onun sözlərinə görə, hər bir sahənin elmi inkişafını təmin etmək bu dövlətin gələcək inkişafına zəmin yaratmaq deməkdir. Əgər bu gün ölkəmizdə qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirilirsə, bunun aktual səbəbləri hər kəsə məlumdur. İcra başçısı bildirib ki, bu gün sahibkarlığın, xüsusilə də kənd təsərrüfatının inkişafı böyük əhəmiyyət kəsb edir. M.Sadıqov bildirib ki, bu tədbir məhz prezident İlham Əliyevin “Kənd təsərrüfatı ili” ilə əlaqədar təsdiqlədiyi tədbirlər planına uyğun olaraq ərsəyə gəlib. Ölkə başçısının da qeyd etdiyi kimi, artıq neft amili və neftdən gələn gəlirlər yaddan çıxarılmalı, digər mənbələr hesabına iqtisadiyyatın inkişaf etdirilməsi hədəf götürülməlidir. Digər mənbə dedikdə şübhəsiz ki, qeyri-neft sektorunun inkişaf etdirilməsi prioritet istiqamət kimi seçilməlidir.

M.Sadıqov bildirdi ki, bu gün ölkə iqtisadiyyatının daha tez və sürətli inkişafına nail olmaq üçün başlıca mənbə kimi qeyri-neft sektorunun təxminən 6-da bir hissəsini özündə birləşdirən aqrar sektor nəzərdə saxlanılmalıdır. Bu sahənin inkişafına qoyulan sərmayə isə ölkədə ərzaq bolluğunun yaradılması ilə paralel çoxlu sayda insanların məşğulluğunun təmin olunmasına imkan yaradacaq.

Daha sonra icra başçısı rəhbəri olduğu rayonun imkanlarından söz açdı. Bildirdi ki, hazırda İsmayıllı rayonunun ərazisi təxminən 2070 kvadratkilometr olmaqla, ölkə üzrə ən böyük sahəyə malikdir. Vacib məsələlərdən biri də həmin torpaqlardan təxminən 70 faizinin kənd təsərrüfatı üçün yararlı olmasıdır. Həmin sahələrin hamısından səmərəli istifadə imkanları məhdud olsa da, ismayıllılar ölkənin ərzaq təhlükəsizliyində yaxından iştirak etmək əzmindədirlər. Kənd təsərrüfatı işçiləri 2013-cü ildə 63 min, 2014-cü ildə 83 min ton taxıl tədarükünə nail olduqları halda, bu göstərici 2015-ci kənd təsərrüfatı ilində daha da artaraq 103 min tonu keçdi. Bütün qeyd olunanlar isə mayası halallıqdan yoğrulan dağ insanlarının ölkə rəhbərinin çağırışlarına layiqli töhfə kimi qiymətləndirilməlidir.

İsmayıllının torpaqlarının çirklənməməsi, əkin üçün kifayət qədər münbit olması da burada ekoloji cəhətdən daha təmiz məhsulların istehsalına və satışına təminat yaradır. Bu məqsədlə artıq rayonda “Yaşıl market” yaradılıb və “Elektron ticarət”in həyata keçirilməsi üçün münbit şərait formalaşdırılıb.
Qafqaz Universitetinin rektoru Ahmed Saniç çıxışında bildirdi ki, forum 2012-ci ildən fəaliyyət göstərir. Əsas məqsəd isə ölkə üçün daha prioritet hesab edilən məsələlərlə əlaqəli mövzular üzrə elmi əsaslı tədbirlər keçirməkdir. Onun sözlərinə görə, ilk dəfədir ki, forum icra hakimiyyəti və nazirliklə birgə təşkil edilir: «Bu bizim üçün çox əhəmiyyətlidir. Çünki Qafqaz Universitetinin təşəbbüsü olan bu forumun artıq dövlət tərəfindən qəbul edildiyini söyləyə bilərik. Mən gələcək illərdə İqtisad Universitetinin də bu işdə iştirakını arzu edirəm. Bildiyiniz kimi, prezident İlham Əliyevin hər il qoyduğu bir hədəf var. Bu hədəfə çatmağın müxtəlif yolları dövlət qurumlarında müzakirə olunmaqla yanaşı, bu cür sivil toplumlar çərçivəsində də müzakirə edilməlidir. Bunun faydalı olacağı qənaətindəyəm». A.Saniç ümid etdiyini bildirdi ki, belə tədbirlərin keçirilməsi gələcəkdə kənd təsərrüfatı ilə əlaqədar yeni ideyaların və əməli fəaliyyətə köklənən mükəmməl layihələrin ortaya çıxmasına zəmin formalaşdıracaq.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm Mərkəzinin baş direktoru Rəsul Balayev də iştirakçıları salamladı və kənd təsərrüfatı naziri Heydər Əsədovun forum iştirakçılarına ünvanladığı müraciəti çatdırdı. Müraciətdə ölkənin kənd təsərrüfatının ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra - 1990-cı illərin ortalarından etibarən inkişaf istiqaməti götürməsi, sonrakı mərhələlərdə isə prezident İlham Əliyev tərəfindən daha da genişləndirilməsi və dərinləşdirilməsi məsələləri əksini tapmışdı. Müraciətdə forumun kənd təsərrüfatının inkişafında müəyyən rol oynayacağına ümidvarlıq ifadə olunurdu.

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov isə tədbirin mövzusu və keçirildiyi məkanla bağlı fikirlərini bildirdi. Onun sözlərinə görə, tədbirin mövzusunun kənd təsərrüfatı sahəsinə aid olması və İsmayıllıda təşkili heç də təsadüfi deyil: «Azərbaycan iqtisadiyyatı mövcud vəziyyətdə dünya iqtisadiyyatında baş verən çağırışlardan kənarda deyil. Bu gün dünya iqtisadiyyatında iqtisadiyyat elminə bəlli olmayan ciddi dəyişikliklər baş verməkdədir. Belə ki, dünya 2007-ci il böhranından sonra ciddi şəkildə pul xərcləsə də, inflyasiya baş vermir. Belə bir hal ilk dəfədir ki, yaşanır». Onun sözlərinə görə, 2007-ci il böhranından sonra iqtisadi inkişaf sürətlənsə də, Azərbaycanı da yaxından maraqlandıran bir məqam yaşanır. Neftin qiyməti artmaq əvəzinə azalır. Neftin qiymətinin aşağı düşməsi isə Azərbaycan iqtisadiyyatında ciddi çağırışlara səbəb olur. O, Azərbaycanın hər zaman istənilən sahə ilə çağırışlara cavab vermək iqtidarında olmasını nəzərə çatdırdı. İsmayıllının aqrar potensialını dəyərləndirən Ə.Muradov bu sahəyə marağın daha da artırılmasını və gələcəkdə aqrar sahədə İsmayıllı modelinin yaradılaraq bütün respublikada yayılmasını arzuladı.

Digər iştirakçılar - Türkiyə Respublikası Ege Universiteti Kənd Təsərrüfatı kafedrasının professoru Uygun Aksoy, İqtisadiyyat və Sənaye Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev və digərləri forumun keçirilməsinin günümüzlə səslənməsini və səmərəli olacağına əminlik ifadə etdilər.

Forum öz işini panellər üzrə davam etdirdi.

Sabir Baxşalıyev

 





19.10.2015    çap et  çap et