525.Az

Ülvi duyğular, nəcib ideallar şairi Yusif Nəğməkar


 

Ülvi duyğular, nəcib ideallar şairi Yusif Nəğməkar<b style="color:red"></b>

Tanınmış istedadlı və sevilən şair Yusif Nəğməkar yaradıcılığı barədə ara-sıra yazılarım olub. 60 illiyi ərəfəsində onun kitablarını yenidən vərəqlədim və məmnuniyyətlə təsir gücündən yaxa qurtara bilmədiyim yazılara, mövzulara bir də qayıdası oldum... Həqiqətən də kitabdan-kitaba daha da püxtələşən, müdrikləşən, ilhamı ovxarlı bir şairin oxuduğum əsərləri məni dərindən-dərinə düşündürdü. Əslində isə tək məni yox...

İllər öncə Yusifin şeirləri, ümumən ədəbi yaradıcılığı, şəxsiyyəti haqqında mötəbər müəlliflərin yazdıqları, dedikləri də bir kino lenti kimi yaddaşımın gözləri önündən keçdi...

Yusif Nəğməkar ədəbiyyata keçən əsrin 70-ci illərində yalnız  sıravi oxucuların deyil, həm də “ədəbiyyat generalları”nın diqqətini  cəlb edən şeirlərilə qədəm basmışdır. Xalq yazıçısı Mirzə İbrahimov gənc şairi dinlədikdən sonra “şairlik Yusifin genində, damarlarındakı qanında,  sümüyündə, iliyindədir” demişdi. Hər şeiri, hər şairi bəyənməyən Xalq şairi Rəsul Rza isə onun  poetik təfəkküründəki novatorluğu  görüb “Təsadüf” adlı məqaləsində (“Ədəbiyyat və incəsənət” qəzeti, 30 may 1977-ci il) təqdir etmişdi.

Ustadların xeyir-duasını almaq, əlbəttə, gənc şair üçün nə qədər böyük xoşbəxtlik idisə, ondan da qat- qat böyük məsuliyyət idi. Və Yusifin  70- ci, 80- ci illərdə nəşr olunan  “Sazın işığında”, “Bilsəydim ayrılıqdı” şeir kitabları da göstərdi ki, o, ədəbiyyata, poeziyaya təsadüfən yox, xüsusi missiya ilə gəlmişdir... Həmin  missiyanın ideya- estetik məzmununu gənc şair özünəməxsus sadəlövh bir iddia ilə belə ifadə edirdi ki,

Mən inadam,
Yanar odam.
Yanma desən, yanacağam,
Unut desən,
Hər vaxt səni anacağam.
Gəlmə desən, gələcəyəm,
Görmə desən, görəcəyəm,
Sevmə desən, sevəcəyəm.
Görmək - inad,
Sevmək - inad,
Getmək - inad
Bir məqsədə yetmək - inad.
İnad - uca bir zirvəyə
Uçmaq üçün qanadımdır.
Hər qələbəm, hər zəfərim,
Elə mənim inadımdır.

Özünün  bu dünyadakı yerini, tarixi missiyasını öncədən duymaq peyğəmbərlərdən sonra şairlərə verilmiş ilahi bir hissiyyatdır. Və ona görə də şairlər  əllərinə qələm alandan, nə qədər böyük maneələrlə qarşılaşsalar da, çiyinlərində nə vaxtsa asılacaqları dar ağacını daşısalar da, sinələrində güllə yerinin giziltisini hər an hiss etsələr də inadla irəli gedirlər.

Yusifin inadı da belə bir inad idi... Lakin onun iddiası, qüruru ilə yanaşı səmimi (və məsuliyyətli!) bir təvazökarlığı da vardı...

Bir xəyal atımla min dağ aşıram,
Dağlar sırasında dağ olmaq üçün.
Gecələr ulduzla ulduzlaşıram,
Səhərlər səhərlə doğulmaq üçün.

Qınayan dostlar da var məni tək- tək...
Arzudan doğulur hər təzə meyil;
“Nəğməkar” sözünü təxəllüs etmək,
Özümdən müştəbeh olmağım deyil...

70- ci, 80- ci illərdə Yusif Nəğməkarın qələmindən (qəlbindən!) süzülmüş  elə şeirlər var ki, ya ayrı- ayrı misraları, ya da bütöv məzmun- mündərəcəsi ilə, həqiqətən, bədii tapıntı sayıla bilər... Məsələn, “Bu evə oğul gərək” şeiri kimi...

Otaqlar bürünüb ipəyə, ala,
Divarlar alışıb qız gülüşünə.
Bacılar min təbə düşür az qala,
Qardaş yox, “qarışa şəxsi işinə”.

...Dibçəkdə çiçəyin, torpaqda şivin,
Hər fəsil nəfəsi yazxasiyyətdir.
Qızları qoynuna alan bu evin,
Həyət- bacası da qızxasiyyətdir.

Şeirdə oğul həsrətində olan ailənin ovqatı o qədər  dəqiq obrazlarla  təsvir edilir ki,  onun gənc bir şairin qələminin məhsulu olduğuna inana bilmirsən. Burada təbii- insani hisslərin bir- birindən doğan bütöv bir  kompleksi, üzvü vəhdətdə olan mükəmməl polifoniyası - möhnət, təəssüf,  nisgil, ehtiyat, ümid, inam... mövcuddur ki,  bütün bunları bir yerə yığmaq, oğulsuz evin mənəvi- psixoloji mənzərəsini canlandırmaq üçün dahi Lütfi- zadənin “qeyri- səlis məntiq”ilə hərəkət etməyi bacaran  bir rəssam fırçası lazım gəlir...

Subay oğlanların söz xəzəlləri
Yağar pəncərəyə, yağar qış- bahar.
Fəqət niyyətində şux gözəllərin
Bu evin nə adı, nə ünvanı var.
...Ana gözlərinə dolan möhnəti
Vaxt olur, bir istək silib itirər;
Tanrı gətirməyən bir səadəti
Bu evə elçilər müjdə gətirər.

Ev də əzizləyər pilləkənini
Kişi ayağına asmaqdan ötrü.
Ata qız köçürər,
 kürəkənini
Oğultək bağına basmaqdan ötrü.

Yusifin yaradıcılığının hələ “təcrübəsiz” dövründə yazılmış “Narlı gecə” şeiri də kifayət qədər təcrübəli, sözün ən gözəlini arayıb axtaran (və tapan!) bir qələmin məhsuludur...

Deyəsən, kölgəmiz düşüb irəli,
Ürək sözümüzdə yatıb bu dünya.
Əlləri şirəli, dili şirəli,
Nar şirinliyinə batıb bu dünya.

Deyəsən, bu gecə dünya başqadır,
Bir gözəl ayılıb bal yuxusundan.
Deyəsən, bu gecə dünya nar dadır,
Məstəm çiçəklərin nar qoxusundan...

Yusifin 70- ci, 80- ci illər şeirlərində Nəriman Həsənzadə, Əli Kərim, Nüsrət Kəsəmənli poeziyası ilə səsləşən məqamlara təsadüf olunduğu kimi bilavasitə Rəsul Rzadan gələn poetik təəssüratlar, ideyalar, intonasiyalar da var...

Dünyada ad nə çox,
Amma
Adın adamı yox,
Adamın adı gərək.
Adların rəngsizi,
rənglisi,
Asanı, cənglisi
olur.
Adları ananda
bahar-bahar göyərir,
Anmayanda
payız- payız solur...

Yaxud, müəllifin “Qanun” şeirindəki təzadların döyüşü axarında uğurla nəticələnən poetik fikir, yeni bədii nəfəs çalarları, qeyri-adi duyğu, düşüncə, orijinal müqayisə predmetlərinin (tikan, yaşıl, sığallı yarpaq) tapılması (tapıntısı), cavabı yalnız ana təbiətin sirrində olan sualabənzər nəqli misra sonluğu və bu məcmuun dəruni idrakı dünyaya, həyata müdriklik güzgüsündən boylana bilmək qismətidir:

Qızılgülün budağında
tikan bitib,
Qaratikan kolunda
yaşıl, sığallı yarpaq.
Zərifliyi qoruyan sərtliyə,
Sərtliyi gizlədən
zərifliyə bax!..

Heç də  təsadüfi deyildir ki, Yusifin adi bir təbiət hadisəsinə belə fəlsəfi yanaşması bir vaxtlar görkəmli filosof-şairimiz Bəxtiyar Vahabzadənin də diqqətini cəlb etmiş, onu, necə deyərlər, heyrətləndirib, vəcdəyə gətirmişdir.

Bununla belə Yusif Nəğməkarın istər 70- ci, 80- ci illərdə istərsə də xüsusilə yaradıcılığının 90- cı, 2000-ci, 2010-cu illəri əhatə edən kamil dövründə elə bir şeirinə, poemasına rast gəlmək mümkün deyil ki, ümumən təqlid, yaxud kimdənsə  gəlmə olsun... Çünki onun orijinal, özünəməxsus (və daim axtarışda olan, narahat!) poetik təfəkkürü ilk qələm  təcrübələrindən öz dastanını (üslubunu!) yaradır.

XX əsrin sonu XXI əsrin əvvəllərində - Azərbaycan (və dünya) tarixinin  təbəddülatlarla zəngin  bir dövründə Yusif Nəğməkar, elə bilirik ki, taleyinə yazılmış şairlik missiyasını həm istedadla, həm məhsuldarlıqla, həm də ləyaqətlə davam etdirmişdir. Və davam etdirməkdədir... “Mənə azadlıq verin”, “Alın yazım”, “Zal ağacı”, “Vəslin edamı”, “Çingiz çini”, “Sevgim- mələklər yuxusu”, “Bəsirət gözəli”, “Qələm səsi” və s. şeir və poema kitablarında  şair üçün mövzu məhdudluğu olmasa da, tamamilə təbiidir ki,  milli bir şair olaraq əsasən,  xalqı düşündürən, narahat edən, ağrıdan, eyni zamanda qürurlandıran, ruhunu yüksəldən mövzulardan yazır... Və təsadüfi deyil ki, Yusif Nəğməkarın lirik şeirləri ilə yanaşı, vətənpərvər mövzularda yazdığı əsərlərin bir qismi də bəstəkarlarımız tərəfindən nəğmələşdirilərək nota alınmış, həmin nəğmələr sevilən səs sənətçilərimizin - müğənni və xanəndələrimizin ifasında xalqın bədii yaddaşına köçürülmüşdür.

Nəzərə alsaq ki, bu gün bəsit, tutarsız söz yığınından ibarət, dinləyiciləri təngə gətirən mahnı mətnləri də az deyil, onda Yusifin aydın, duru, məntiqli, örnək ola biləcək şeirlərinə daha çox ehtiyac hiss olunur.

Hər bir böyük şairdə daxildən, içdən, ruhdan gələn bir Vətən sevgisi olur... Səməd Vurğun, Məhəmmədhüseyn Şəhriyar, Süleyman Rüstəm, Rəsul Rza, Hüseyn Arif, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Nəriman Həsənzadə kimi böyük sələflərindən dərs almış Yusif Nəğməkar da vətənpərvər və bu mənada böyük, nəcib ideallarla yaşayan, həm də narahat bir şairdir. Və  onun poeziyasının baş qəhrəmanı Vətəndir desək səhv etmərik...

“Can” söyləyib verməsək can,
“Can”dan Azərbaycan olmaz.
Qovuşmasa nəfəslə qan,
Qandan Azərbaycan olmaz.

...Qüdrət yoğrulsun cürətdən,
Vətən baxmasın qürbətdən.
Əsli yox, quru şöhrətdən,
Şandan Azərbaycan olmaz.

Araz xalı- ulduzla Ay,
Qoşa Nura arama tay.
Birləşməsə o tay, bu tay,
Ondan Azərbaycan olmaz.

Azərbaycanın çətin, ağrılı-acılı günlərində şair Vətənin tərcümeyi- halını öz tərcümeyi-halı kimi yaşayır. Və yazır:

Dostlarımla şərtimiz var,
Mənə nəğməkar deməyin.
Nəğmədən çox dərdimiz var,
Mənə nəğməkar deməyin.

...Bəla bəhri-qəm daşlarım,
Hələ fikir savaşlarım.
Qurumayıb göz yaşlarım,
Mənə nəğməkar deməyin.

Bilsin haqqı düzənləyən,
Yaralıyam, hüznlüyəm.
Ey qazilər, sizinləyəm,
Mənə nəğməkar deməyin.

Şair yuxarıdakı misralarla açıq-aydın bildirir ki, o, həm də ağrının, həsrətin, kədərin, göz yaşlarının, düzlüyün, gerçəyin, haqqın, ədalətin nəğməkarıdır.

80-ci illərin sonu 90-cı illərin əvvəllərində - Azərbaycan  xalqının taleyinin həll olunduğu fövqəladə dərəcədə məsuliyyətli (və tarixi!)  günlərdə millətin bütövlüyünü,  mükəmməlliyini pozan, onu çaşbaş salan, mənhus təfriqələr, daxili qarşıdurmalar, mənəm- mənəmlik Vətən təəssübü çəkən şairi düşündürməyə, həyəcanlandırmaya bilməzdi… Odur ki, Yusif Nəğməkar hisslərini (və mövqeyini) gizlətməmişdi...

Özgələrdən nə qorxu var, nə qınaq,
Allah bizi özümüzdən saxlasın!
Düşmənimiz nə qıraxdı, nə qonaq,
Allah bizi özümüzdən saxlasın!

...Bir- birindən artığımız az deyil,
Hazıryeyən ortağımız az deyil,
Yalağımız, yaltağımız az deyil,
Allah bizi özümüzdən saxlasın!

Özgəsini nə güdək, nə izləyək,
Özümüzə qənimik, nə gizləyək?!
Özümüzü özümüzdən gözləyək,
Allah bizi özümüzdən saxlasın!

Bu misralar dahi Sabirin məşhur “öz qövmümüzün başına əngəl kələfiz biz” deyim- etirafını yada salır. Ancaq dahi sələfi kimi “Allah bizi özümüzdən saxlasın” şeirinin müəllifi də bədbinliyə qapılmır. Əksinə, “daxili problemimizi” cəsarətlə açıb göstərməklə sağlam, iradəli, inamlı bir mənəvi ab- hava, güc təbliğ edir... Və bunun üçün özündə qüdrət (səlahiyyət!) duyur. Ona görə ki...

Gözlərimdən həsrət baxır,
Mən Vətənə oxşayıram.
İçimdən qara qan axır,
Mən Vətənə oxşayıram.

...Ağ günüm qara bağlanıb,
Gümanım hara bağlanıb?!
Vücudum Qarabağlanıb,
Mən Vətənə oxşayıram.

...Qızıl hikkəm, göy cəngim var,
Yaşıl məslək ahəngim var,-
Bayrağımtək üç rəngim var,
Mən Vətənə oxşayıram.

Vətənin, xalqın, el-obanın ruhu nun tərcümanı olmaq, onun dərdiylə dərdlənib,  şadlığıyla şadlanmaq, qüruruyla qürurlanmaq hər bir Şairin xoşbəxtliyi, daxili, mənəvi zənginliyidir. Yusif Nəğməkar da vətənimizin bu cür xoşbəxt, daxilən, mənən zəngin şairlərimizdən biridir. Və onun “mən bu elin nəğməkarıyam” deməyə haqqı vardır...

Müstəqillik dövrü yaradıcılığında Yusifin əsas qəhrəmanı azadlıq, bütövlük, özgürlük uğrunda mübarizə aparan Vətən olsa da, onun mövzuları, ideya- estetik maraq dairəsi, ilhamının cövlan meydanı genişdir.

“Yanıq Kərəmi”yə oynama, “Sən şeir yazmağı tərgit, Füzuli”, “Ay qatar!..”, “Səndən özgəsini sevə bilmirəm”, “Xudafərin körpüsü”, “Kişilər aldanır göz yaşlarına”, “Gözəllik müsabiqəsi”, “Qıpçağım- Oğuzum”, “Ata- Ana dilimiz”,  “Araz” və s. onlarla lirik şeirlərində şair yalnız yeni mövzu- motivlər kəşf etmir, eyni  zamanda dəfələrlə müraciət olunmuş, işlənmiş mövzulara bugünkü düşüncə, zövq səviyyəsindən baxır...

Məsələn, “Sən şeir yazmağı tərgit, Füzuli” şeirindəki kimi...

Məlumdur ki, Azərbaycan xalqı duyğusal, həssas, emosional xalqdır. Və xalqımızın nəzərində şair, bəlkə də, dünyanın ən böyük  adamıdır. Tarix boyu biz Nizamilərin, Nəsimilərin, Füzulilərin, Vaqiflərin, Aşıq Ələsgərlərin, Cavidlərin, Səməd Vurğunların hörmətini (şöhrətini!) istənilən ən böyük dövlət və ya din xadiminin nüfuzundan  yüksək tutmuşuq... ancaq zaman- zaman şairlərin şöhrətinə şərik çıxmaq istəyən şeir dələduzları da olmuşdur ki, belələri barəsində dahi Füzuli təxminən belə demişdi: çoxları məni  təqlid etməyə çalışa-çalışa həm də mənimlə yarışmaq istəyirlər; gərək unutmasınlar ki, mindikləri at qamışdandır...

Qamış at minib şeir meydanına çıxmış “şairlər” Azərbaycanda tarix boyu olduğu kimi bu gün də kifayət qədərdir... Və bu cür “şairlər”in həm artdığını, həm də səslərinin çox müxtəlif mövqelərdən gəldiyini görən

Yusif Nəğməkar  dahi sələfinə müraciət edir:

Kimsəyə haqqım yox yazma deməyə,
Sən şeir yazmağı tərgit, Füzuli.
Ulu yaradanı çağır köməyə,
Sən şeir yazmağı tərgit, Füzuli.

Alim də, fəhlə də şeir azarında...
Təbii löyün- löyün hər yazarın da...
Elə ucuzluqdu söz bazarında...
Sən şeir yazmağı tərgit, Füzuli.
...Kimi sərsəm yazır, əlüstü yazır,
Öz kor aləmində “səlist”də yazır.
Prokuror yazır, polis də yazır,
Sən şeir yazmağı tərgit, Füzuli.

Heç də təsadüfi deyildir ki, şairin vaxtında (və bədii sözün təəssübünü çəkmək missiyasını cəsarətlə öz üzərinə götürüb!) yazdığı bu şeiri böyük ədəbiyyatşünas, akademik Bəkir Nəbiyevin “Ədəbiyyat və incəsənət” qəzetində çap olunmuş “Nəcib missiya” məqaləsində təqdir etmişdi.

Qətiyyətlə deməliyik ki, Yusif Nəğməkar xalq yaradıcılığından, folklorumuzdan, klassik ədəbiyyatımızdan bəhrələnən müasir şairdir. Həmçinin onun Ana dilimizin doğmalığına, zənginliyinə bələd orijinal üslublu ülvü duyğular şairi olması şəksizdir. Bundan başqa, Yusifin istər lirik sevgi şeirlərində, istər təbiət mövzularında, istərsə də fəlsəfi-psixoloji əsərlərində (uşaqlar üçün yazdığı şeirlərində belə) dil, ifadə aydınlığı, xəyal, idrak-məntiq dərinliyi bərqərardır.

“Qələm səsi” kitabının açılış vərəqində yazdığı dörd misraya nəzər salaq:

Səslər işığıdır ürək deyənin,
Onsuz gözlər görən çinlənə bilməz.
Qələmin səsini eşitməyənin,
Könlünün sədası dinlənə bilməz.

Atalar sözü təsiri bağışlayan bu misralar Yusifin yaradıcılıq kredosudur. Müəllif təkidlə bəyan edir ki, əlində tutduğu qələmin səsi var və qələmin səsini eşitməyi bacaranlar şair ola bilər yalnız. Bu poetik hökmə (həm də səmimi) sözə oxucu necə inanmasın?!

Bircə bəndlik “Lövhə” şeiri isə şair təsəvvürünün, təxəyyülünün yaratdığı mükəmməl rəsmdir:

Yağışa dönübdür göyün qolları...
Min dastan bəs etməz belə çağlara;
Şimşək qələmiylə yazıb yalları,
Bulud avtoqraf verir dağlara.

Yusifin şeirlərini yaddaqalan edən və yaşadan onun fərqli obrazlı düşüncə və ifadə tərzidir:

Təkcə zəfər dilində
Qan dadı şirin olur...
  (“Qan dadı”)

Başqa bir misal:

Sənə həsrət gileyimi
xatirənə büküb saxla,
Sevgimiztək itirmə.

Şərti, məcazi, fəlsəfi deyim:

Bu yer mənə yer vermədi,
Məkansız məkana düşdüm.
       (“Məkansız məkanım”)

Müəllif bu misralarla Yerin yersizliyinə yox, Yerdə məkanın, məkandakı “mən”in yerdə yer aramasına işarə edir.

Yaxud:

Gözlərə səpilən elə bir ovuc
torpaq görkəmində işıqdır insan.
   (“Bir ovuc”)

Yəni ölən insanın gözlərinə səpilən torpaq insan qəlbinin nuruna bələndiyindən torpaq adilikdən çıxıb bir ovuc işığa çevrilir. Ona görə də şair insanın bir ovuc torpaq, bir əlçim işıq olduğuna özü inandığı qədər bizi də inandıra bilir.

Yaxud:

Sözün sahilinə çıxdım,
Bu sahilin sözü bitib...
Ardınca:
Ayağıma cığır geydim,
Bitməyən sözüm ölçüdə.
                (“Bitməz ölçü”)

Bu misralarda isə şair bitmək və bitməmək, son hədlə bitməzlik əksiliklərində sonsuz ölçüsüzlükdə səfərə çıxan təxəyyülünün sanki qanaqlarını çırpır.

Yaxud:

Sözündən şəhid olmayan
şairi torpaq götürməz. 
  (“Götürməz”)

Yenə başqa bir misal:

Qalxan, özünə yer tapar,
 Düşənlər özündən düşüb...
 Qərib ayrılıq nəğməsi
Durna boğazından düşüb.
         (“Düşüb”)

Lirik şeirlərdən də bəzi parçalar maraq doğurur:

Eşqimizdən
gücsüzdür ruzigarlar;
Bizi titrədə bilmir...

Yaxud, müəllifin lirik “mən”inin sevgilisini aparan qatara söylədiklərindən:

Gedirsən, ay qatar, qəlbimi dinlə,
Ürəyim atəşlə, ahla doludur.
Qayıtmaq istəsən qollarımda gəl,
 Uzalı qollarım dəmir yoludur...

Və  son müraciət:
Nə olar, qurbanın olum, ay qatar,
Sərnişin qəlbimi özümə qaytar.
   (“Ay qatar”)

Yaxud:

Göz qapaqları kimi
gecələr görüşürük...

Və son olaraq:

Hicranın qəm yükündən
Qorxuram qəlbim sına;
Bürünüb həsrətinə
Üşüyəm yana-yana.
  (“Sevgi şeiri”)

Bu və buna bənzər saysız poetik nümunələr bucağından baxanda bir daha yəqin edirik ki, artıq bu gün

Yusif Nəğməkarın Azərbaycan poeziyasında (ədəbiyyatında) özünəməxsus, xüsusi əhəmiyyətli yerinin olduğu tamamilə inkaredilməzdir!..

Yusif Azərbaycan şeirinin bütün vəznlərində şeirlər yazır, hər vəznin də tələblərinə uyğun qanunları, qanunlar içərisində öz üslubi keyfiyyətlərini qoruyub saxlamağı bacarır.

Onun çoxcəhətli yaradıcılığında ənənəvi formada yazdığı bir sıra fərqli cəhətləri ilə seçilib yadda qalan yeni ruhlu qoşma, gəraylı, təcnis və qəzəlləri də xüsusi yer tutur və ayrı-ayrılıqda onların hər birindən çoxlu sayda nümunələr gətirmək mümkündür.

Yusif Nəğməkarın yalnız şeirləri deyil, poemaları da mövzusundan, həcmcə kiçik və ya böyüklüyündən asılı olmayaraq bir nəğmə kimi oxunur. Hər şeydən əvvəl ona görə ki, xalq ədəbiyyatının, xüsusilə poeziyasının ruhunu dərindən mənimsəmiş şairin daxilindən gələn poetik ritmlər, intonasiya, bədii sintaksis, təhkiyə məharəti (və mədəniyyəti!)  janrın (poemanın) miqyasına da yüksələ bilir. “Sizli”, “Ah- naz- Şahnaz”, “Şər şənbə”, “Zal ağacı”, “Vəslin edamı”, “Çingiz çini”, “Çanaqqala”, “Qurbannamə” və “Bəxtiyar” poemalarının kifayət qədər aktual olan ideya- mövzularını bir tərəfə qoyub təkcə sənətkarlıq  məziyyətlərinə diqqət yetirsək görərik ki, Yusif Nəğməkar poema  yaradıcılığı sahəsində nə qədər yenilikçi, nə qədər müasirdir. Onun hər bir  poemasının ümumi janrından başqa “xüsusi” janrı da var: poema- anım, poema- elegiya, poema- esse və s. Bu isə o deməkdir ki, şair  ənənəvi janr modelinin tələblərini  gözləməklə yanaşı ideya- mövzunu daha  optimal poetik texnologiyalarla təqdim etməyin üsullarını, formalarını axtarır və özünəməxsus yaradıcı üslub nümayiş etdirir.

O, poemalarında ənənəvi olaraq “proloq”, “epiloq” adlandırılan giriş və sonluq əvəzinə ilk dəfə olaraq “ən ön ün”, “ön ün”, “ünləmə”, “sonlama”, “son ün” və “ən son ün”-lər yaratmışdır. Bunlar da həm məzmun, həm də quruluş (struktur) baxımından təqdir olunmalı yeniliklərdir. 

Onun bu yenilikləri özündə əks etdirən “Çanaqqala” adlı poeması tarixi Çanaqqala zəfərinin yüz illiyi münasibətilə keçirilən ədəbi müsabiqənin qalibi oldu. Bu əsər də müəllifinə sağlam ideyası, yeni bədii mündəricəsi ilə geniş oxucu auditoriyası qazandırdı. Türkün şanlı zəfərinin uca tərənnümü Yusifi həm də ümumtürk dünyasının öyümlü, sevimli nəğməkarına çevirdi!

Əsərin maraq doğuran təqdirəlayiq bir cəhəti də müəllifin Çanaqqala savaşı ilə Qarabağ dərdimiz arasında bədii paralellik yaratmağa can atmasıdır:

Dərdli Odlar yurdum sərdar qaladır,
Neçə döyüş burda, neçə iz burda.
Bu gün Qarabağım Çanaqqaladır;
Seyid Onbaşıyla Mübariz burda...

Son məntiq isə “ən ön ün” də ifadə olunmuş haqlı bir tənənin nidasıdır:

Həyat ki şirindir, acı bəs olmaz;
Dünyanın bir ovuc noğulu yoxdur?!
Oğlu şəhid olan torpaq basılmaz,
Torpaq şəhiddirsə, oğulu yoxdur!..

Xalq şairi, milli mücahid, böyük mütəfəkkir Bəxtiyar Vahabzadəyə həsr olunmuş  irihəcmli “Bəxtiyar” poeması Yusif Nəğməkarın, həm də müasir Azərbaycan ədəbiyyatının bu mövzudakı ən mükəmməl əsərlərindən biri, hətta demək olar ki, birincisidir.

Əsərin ən azı üç mühüm məziyyətini qeyd etmək mümkündür:

birincisi, müəllif, şair-mücahidin həyatının, yaradıcılığının və milli istiqlal  uğrunda mübarizəsinin ictimaiyyətə məlum tərəflərilə yanaşı naməlum tərəflərini də təsvir etmiş, onun  kamil bədii obrazını yarada bilmişdir;

ikincisi, böyük tarixi şəxsiyyətin obrazı təcrid olunmuş şəkildə yox, müasir Azərbaycan tarixinin mürəkkəb hadisələrlə zəngin kontekstində təqdim edilmişdir;

nəhayət üçüncüsü, ustad- şagird münasibətlərinə həmişə müqəddəs baxan müəllif ustada öz şagirdlik borcunu verməyə çalışmışdır.

Özü də aşağıdakı ehtiram ifadə edən poetik misraların dili ilə:

Göytürk Səməndəri, məslək qanında,
Turan zirvələnər zirvə sanında,
Qartal xəritəmin yurd dəhanında,
Azərbaycan adlı dildi Bəxtiyar.

Səksən dörd daş hördü bir ömür qəsrə,
Səksən dörd can qoydu zamana, ərzə,
Səksən dördü vurub səksən dörd əsrə,
Xalqın arzusuna böldü Bəxtiyar!..

Müşahidələrimdən belə qənaətə gəlirəm ki, bir xeyli müddətdir, Yusif Nəğməkarın yaradıcılığı barədə mətbuat səhifələrində silsilə elmi-analitik məqalələr çap olunur. Bu da onun əsərlərinin elmi-ədəbi araşdırmalar üçün öz tədqiqatçılarını gözləyən yeni mühüm ideyalar ünvanı olduğunu göstərir...

Yusif Nəğməkarın poeziyası neçə on illərdir ki, həm oxucuların zövqünü oxşayır, cəmiyyətə humanizm, milli-mənəvi dəyərlər, vətənpərvərlik təbliğ edir, həm də ədəbi-ictimai mühitdə böyük rəğbətlə qarşılanır... Onun yaradıcılığını hələ gənclik illərindən başlayaraq əgər Mirzə İbrahimov, Rəsul Rza, Bəxtiyar Vahabzadə, Bəkir Nəbiyev, Teymur Bünyadov, Anar, Elçin, Ramiz Rövşən, Nizaməddin Şəmsizadə, Nizami Cəfərov, Vaqif Yusifli, Asif Rüstəmli, Əsəd Cahangir... kimi müxtəlif nəsillərdən olan ədəbiyyat adamları təqdir etmişlərsə, deməli, Yusif Nəğməkar öz dərin məzmunlu insanpərvər, vətənpərvər nəğmələrini hələ uzun illər istedadla, inamla, eşqlə oxuya bilər…

Beləliklə, qələminin səsinin qəlbdən, bəsirətdən süzülüb gəlməsi bizə bir daha onu deməyə inam və əsas verir ki, hələ Yusif Nəğməkar yaradıcılığına dönə-dönə müraciət edəcəyik.

 





19.10.2015    çap et  çap et