525.Az

Ey müəllim!..


 

Ey müəllim!..<b style="color:red"></b>

Hələ beş yüz il bundan öncə Füzuli şeir qitəsini belə müraciətlə başlayırdı və müəllimə tövsiyələr verirdi: 

Ey müəllim, aləti-təzvirdir əşrarə elm,
Qılma əhli-məkrə təlimi-məarif, zinhar.
Hər nə təzvir etsə əhli-cəhl, ona olmaz səbat. 

Gördüyünüz kimi, bütün zamanlarda müəllim cəmiyyətin siması olub və cəmiyyət, insanlıq ondan çox şey gözləyib.  Onları dünyanı xilas edəcək adamlar hesab ediblər, “elmindən fayda gələn müəllim min abiddən üstündür”,  “müəllim qələminin mürəkkəbi bir şəhidin qanından daha müqəddəsdir”, - demiş müqəddəslər.

Əvvəlki yazılarımızda müəllim, onun  nüfuzu, ona münasibət, ya da onun dünyaya münasibəti haqda çox yazmışıq. Ona görə də bu barədə çox danışmayaq, onsuz da oxumayacaqlar, deyəcəklər çeynənmiş kəlamlardır.

Ətrafımızda baş verən əməllər br daha məktəb, dərslik (və ya dərdlik) təhsil, tərbiyə barədə dönə-dönə düşünməyə əsas verir.

“Dəli  Kür” filmində bir epizod var. Seminariyanın dərs otağına kobudcasına daxil olan polislər barədə bir tələbə belə deyir: “O saat bilinir ki, məktəb tərbiyəsi görməyib”.

Bəli, məktəb tərbiyəsi insan həyatında qızıl bir xətdir və bunun başında məhz müəllim dayanır. Yəni bizimki artıq bir vicdan hekayəsidir.

N.Nərimanov yazırdı: “Bir dilin qədərini millət o zaman bilər ki, bu dildə yazılan inşalar onun ruhuna qida verə və bir də o zaman qiymətli olar ki, bu dili təlim edənlərdə insaf və vicdan ola”.

Vicdan və insaf! Cəmiyyətin istər yazılmış, istər yazılmamış qanunlarının mütləq hakimi-vicdan!

Bu il də imtahanlardan sonra ana dilindən qeyri-kafi  nümunə göstərən şagirdlər və ya abituriyentlərin ucbatından yenə danlaq yeri olduq. Allah sənə rəhmət eləsin, Mirzə Cəlil. Hələ yüz il qabaq yazdığı  “Azərbaycan” məqaləsində deyirdi: “...keçən həftə Tiflisdə müsəlmanların milli komitəsində bir məsələyə baxılırdı ki, ayə, bizim bu məclisdə nə dil ilə gərək müzakirə olunsun? Hərə bir dil dedi. Axırda belə qərar qoydular ki, türk dili müəllimlərinin və müəllimələrinin çoxusu türkcə danışmağı yaxşı bacarmır”.

Yüz il öncə xalqın öndə gedənləri, ziyalıları, aydınları baş sındırırdı məktəb, dərslik və müəllim sarıdan. Böyük sənətkarların bu baxımdan yazdıqları məqalələrin və şeirlərin adına diqqət etmək yetərlidir ki, məsələnin ciddiliyini o vaxt da, indi də anlayasan.

Ömər Faiq Nemanzadənin məqalələri: “Dilimiz və imanımız”, “Müəllimlərimiz nə üçün Bakıya qaçırlar?”, “Mən kiməm?”, “Bizə hansı elmlər lazımdır?”

Sabirin şeirlərinə baxın: “Uşaqlar”, “Uçitellər”, “Müəllimlər siyezdi”, “Oxutmuram, əl çəkin!”.

Demək bütün zamanların, dönəmlərin baş qəhrəmanı müəllimdir, təhsildir. Biz də gərək gündəmdən düşürməyək...

Əvvəllər deyərdik ki, müəllim və valideyn əl-ələ verməli və üçüncünü - şagirdi yetişdirməlidir. Amma bu gün bir dördüncü də var - dərslik! Əcəba, dərsliklər yeniləndi, görəsən, içindəkilər necə, süzgəcdən keçdimi? Əlbəttə, yox! Azərbaycan dili və ədəbiyyatı müəllimi olaraq iradlarım gələn yazıya qalsın. Necə ki bu millət üstündə anlamadığı və ya düşük yazılar yazılmış paltarları əyninə geyinir, eləcə dərsliklərdəki mənasız, anlamsız, yersiz yazıları da beyninə “geyinəcək”, hələ geyinəcəkmi?!”

Mən öz fənnimdən danışıram. Mənim tədris etdiyim fənlər millətin onurğa sütunudur, onun milli kimliyi və dayağıdır.

Ötən il V-VI siniflərin “Azərbaycan dili” və “Ədəbiyyat” dərsliklərindəki bəzi mövzuları tənqid etmişdik. Elə bilirsiniz nəticə çıxardılar? Buyurun, VII sinfin Azərbaycan dili kitabında 2-ci bədii mətn “Polyanna” adlanır. Adını oxumanız yetərlidir. Sanki C.Məmmədquluzadənin , Ə.Haqverdiyevin, Mir Cəlalın hekayələri yoxa çıxıbmış kimi, “Polyanna”nın ümidinə qalmışıq...

Belə getsə, hər il gərək Füzulini xatırlayaq:

Ey müəllim!
Qılma əhli-məkrə təlimi-məarif, zinhar...

 





19.10.2015    çap et  çap et