525.Az

Şair, alim və rəssam Sadiq bəy Əfşar məktubları: tariximizə dair mühüm ştrixlər


 

Şair, alim və rəssam Sadiq bəy Əfşar məktubları: tariximizə dair mühüm ştrixlər<b style="color:red"></b>

Görkəmli şair, alim və rəssam kimi mədəniyyət tariximizə daxil olmuş Sadiq bəy Əfşarın (1533-1610) irsi içində məktubları böyük maraq doğurur.
 
İsgəndər bəy Münsi, Məhəmmədəli Tərbiyət, İsmayıl Əmirxızı, Nəsrullah Fəlsəfi, Hacı Hüseyn ağa Naxçıvani, Qafar Kəndli və Adil Qazıyev ədibin türkcə və farsca məktublarının olduğunu qeyd etmişlərsə də, onları ilk dəfə nəzərdən keçirən tədqiqatçı Məntiqə Muradova olmuşdur. Sadiq bəyin həyat və yaradıcılığına həsr etdiyi monoqrafiyasında M.Muradova onun türkcə 14, farsca 4  məktubunun olduğunu yazmışdır. Məktubların əlində olan surəti qüsurlu olduğundan tədqiqatçı onları tam oxuya, ətraflı araşdıra bilməmişdir. Məktubların mükəmməl surətini Təbriz Mərkəzi Kitabxanasından əldə etdiyimizə görə, onlar barədə daha dəqiq və müfəssəl fikir söyləyə bilərik. Sadiq bəyin məktubları onun külliyyatının 1008-1043-cü səhifələrini əhatə edir. Ümumi başlıq belə gedir: "Münşəate-türki və farsi ke, be müləmməate-məşhurəst" ("Müləmməat kimi məhşur olan türkcə və farsca münşəat (məktublar)". Qeyd etmək istərdik ki, Müsəlman Şərqi ölkələrində məktub  bədii bir janr olmuşdur və məsələn, M.Füzulinin Osmanlı dövlətinin yüksək vəzifəli məmuru Nişançı Paşaya yazdığı, "Şikayətnamə" adı ilə məşhur olan məktubu bədii əsər, nəsr nümunəsi kimi oxunmuşdur və oxunmaqdadır. Məktublar katiblər tərəfindən köçürülər və ən müxtəlif oxucular üçün maraq doğuran bədii sənət nümunəsi kimi yayılardı. Müxtəlif Şərq əlyazmaları kitabxanalarında məktub topluları - münşəatların əlyazma nüsxələri saxlanmaqdadır.

Sadiq bəy Əfşarın məktublarını nəzərdən keçirdikdə görürük ki, onların sayı M.Muradovanın göstərdiyi kimi, 18 deyil, 25-dir. Bunlardan 18-i türk, 7-si fars dilindədir. Türkcə məktublardan ikisinin başlığı yoxdur. Bu məktublarda Sadiqinin həyat və yaradıcılığı, dövrünün görkəmli dövlət xadimləri, müxtəlif sənət sahibləri ilə əlaqələri barədə dəyərli məlumatlar vardır. Buradakı bəzi məqamlar ədibin digər əsərləri ilə səsləşməkdədir. Məsələn, Sadiq bəyin türkcə şeirlər toplusunda onun ömrünün son dövrlərində, xəstə olduğu vaxt I Şah Abbasa ərzi-hal şəklində məsnəvi formasında yazdığı şeir vardır. Burada o həmin vaxtlardakı vəziyyətindən, səhhətindən danışmışdır. Şeirdən öyrənirik ki, I Şah Abbas Təbrizə səfər etdiyi vaxt Sadiqi xəstələndiyi üçün səfərdə iştirak edə bilməmiş, qoşundan uzaqlaşmağa məcbur olmuşdur. Şairin üç ildən artıq xəstə olduğunu öyrənirik. Burada şair bir dəfə I Şah Abbasın əmri ilə müalicə olunsa da, vəziyyətinin yaxşılaşmadığını xəbər vermiş, şahdan dərdinə əlac edilməsini xahiş etmişdir. "Dər izhare-zə'fi-bimari neveşte şod" ("Xəstənin zəifliyinin izhari barədə yazılmışdır") başlıqlı məktubunda da Sadiq bəy xəstəliyindən şikayət edir, əsl şəfa verən həkimin Allah olduğunu deyir. Ədib "Dər izhare-kufte-arizi neveşte şod" ("Zəifliyin izhari barədə yazılmışdır") başlıqlı məktubunda da xəstəliyindən şikayət edir, adını çəkmədiyi, "səadətlü sultanımız" adlandırdığı şəxsə onu yad etdiyinə görə minnətdarlığını bildirir.

Sadiqi yoldaşlıqda səmimiliyə, sədaqətə, dostluğun insanların həyatında oynadığı rola böyük önəm vermiş, şeirlərində də bu barədə fikrini bildirmişdir. Ona görə, insanın dünyada yaşaması üçün ən mühüm şərtlərdən biri  dostunun olmasıdır. Şairin əsərlərindən onun dostlarını çox yüksək dəyərləndirdiyini, çoxsaylı şəxslərlə dostluq etdiyini görürük.

"Be xidməte-yeki əz yaran neveşte şod" ("Dostlardan birinin xidmətinə yazılmışdır") başlıqlı məktubunda da Sadiq bəy həyatdakı çətinliklərə qarşı, heç olmasa, insanlar arasında dostluqda sədaqət olmasını arzuladığını bildirir. Məktub aşağıdakı şeir parçası ilə başlanır: 

Qalmas kişiga çü binəvalığ rəsmi,
Gər sultanlığ və gər gədalığ rəsmi.
Çün dəhr şüaridür cüdalığ rəsmi,
Bolsaydı nolaydı aşinalığ rəsmi. 

"Məcməül-xəvas" təzkirəsindən S.Əfşarın rəssamlıqda, xəttatlıqda olduğu kimi, bir sıra digər sahələrdə, o cümlədən, təbiblikdə də mahir olduğunu, xəstələrin dişlərini çıxardığını öyrənirik. Sadiqi "Dər üzre-çubçini xordən neveşte şod" ("Çöpçülük barədə yazılmışdır") başlıqlı məktubunda "dövlətlü və səadətlü sultanımız" adlandırdığı şəxsə boğazdan çöpün çıxarılması qaydalarını izah edir, bir növ resept yazır. Məktublarından Sadiqinin digər sahələrdə də bacarıq sahibi olduğunu görürük. Mülazim Nəvvab Teymur Əşrəfə məktubunda o məlumat verir ki, bir vaxtlar Həmzə mirzə Məşhəd ziyarətgahının binasını təmir etdirmək istədisə də, vəsait çatışmazlığından bu mümkün olmadı. Hal-hazırda isə (I Şah Abbasın zamanında) bu mümkündür. Əgər bu işə vəsait ayrılsa, o, təmirə ümumi başçılığı və tərrahlığı (memarlığı) öz üzərinə götürə bilər. Buradan Sadiq bəyin memarlıq, tikinti işlərinə başçılıq sahəsində səriştəsinin olduğunu öyrənirik. Ədibin Nəvvab Kamran mirzəyə yazdığı məktubundan isə belə bir fakt bir daha sübut olunur ki, Sadiqinin incəsənətin müxtəlif sahələrindəki sənətkarlığı xarici ölkə bilicilərinə də bəlli imiş. Nəsrabadi təzkirəsində Molla Qürurinin sözlərinə əsasən belə bir məlumat vermişdir ki, Sadiq bəyin özünün verdiyi məlumata görə, onun rəsmlərini Hindistanda baha qiymətə alırlarmış: "Tacirlər mənim işlərimin hər bir səhifəsini 3 tümənə alır, Hindistana aparırlar". Kamran Mirzəyə məktubunda şair deyir ki, Xarəzm ustadlarından Batmangüc adı ilə məşhur olan birisindən xatəm üslubu ilə nəqqaşlış (mozaika, inkrustasiya) işi görmək sifarişi almışdır.

Münşəat Sadiqinin yaşadığı cəmiyyətdə böyük nüfuza malik olduğunu, ən yüksək mövqe sahibi olan şəxslərlə əlaqə saxladığını bir daha sübut edir. Bu məktublar I Şah Abbas, Mülazim Nəvvab Teymur Əşrəf, Müseyib xan Təkəlü, Dədə Əbülqasim Sərməst, Nəvvab Kamran mirzə, Pirə Məhəmməd Ustaclu və adı çəkilməyən şahzadə, vəzir və dəftərxana mülazimlərinə ünvanlanmışdır. Burada Sultan Həmzə mirzənin, Qaraca Sultan Təkəlünün, xəttatlar - Mövlana  Əlirza və Qasım bəyin, Şənbə adlı qapıçının, Özbək Sultanın, Xarəzm ustası Batmangücün adları çəkilir. Bu şəxsiyyətlərdən Müseyib xan Təkəlü, Pirə Məhəmməd xan Ustaclu və Qaraca Sultan Təkəlünün Səfəvilər dövlətində yüksək mövqeyə malik olmaları, bir sıra tarixi hadisələrdə fəal iştirak etmələri barədə I Şah Abbas dövrünün saray tarixçisi İsgəndər bəy Münşinin "Tarixi-aləmarayi-Abbasi" əsərində məlumatlar verilmişdir. Müseyib xan Təkəlü II Şah İsmayılın xalası oğlu idi, Sultan Həsən mirzənin tərbiyə edilməsi ona tapşırılmışdı. II Şah İsmayıl tərəfindən o, xanlıq rütbəsinə yüksəldilmiş, Rey ölkəsinə vali təyin edilmişdi. Təkəlülərin ağsaqqalı, dövlətin dayaqlarından biri olan Müseyib xan Səfəvilər dövlətini təşkil edən tayfalar arasında, saray daxilindəki çəkişmələrdə sülh yaradılmasında, osmanlılarla barışığa gəlinməsində müdrik bir siyasətçi kimi iştirak etmiş, müharibələrdə, döyüşlərdə şücaət göstərmişdir. İsgəndər bəy Münşi onu həqiqətpərəst, qısqanclıqdan, qisasçılıqdan uzaq bir şəxs kimi səciyyələndirir. Pirə Məhəmməd xan Ustaclu II Şah İsmayılın qardaşı İmamqulu mirzənin lələsi, Gilan valisi olmuşdur. Müseyib xan Təkəlü ilə Pirə Məhəmməd xan Ustaclu 1578-ci ilin 28 noyabrında Ağsu çayı sahilində Mollahəsən adlı yerdə Adil Girey xanın başçılıq etdiyi Krım tatarları ordusuna qarşı döyüşdə rəşadət göstərmişlər. Tarixdən məlumdur ki, Səfəvilər Şamaxını tutmuş osmanlı qoşunları sərkərdəsi Osman paşanı mühasirəyə almışdılar. Adil Girey xanın başçılığı ilə Krım tatarlarının ordusu Osman paşaya yardım üçün Azərbaycana gəlmişdi. Bundan xəbər tutan Səfəvilər Vəli xəlifə Şamlunun başçılığı altında 3 min nəfərlik dəstəni Şamaxı yaxınlığında qoyaraq tatarlara qarşı yerimiş, onları ağır məğlubiyyətə uğratmışdılar.

Məktublarda adı çəkilən Qaraca Sultan Təkəlünün Həmədan hakimi olması barədə məlumatımız vardır.

Sadiqi məktublarında yazdığı və ya yazmaqda olduğu bəzi əsərlərinin adını çəkmişdir. "Yeki əz vüzərayi-şairtəbiət neveşte şod" ("Şair təbiətli vəzirlərdən birinə yazılmışdır") başlıqlı məktubunda o yazır ki, tənhalıq qüssəsini dəf etmək üçün ömrü boyu yazdığı əsərləri bir külliyyatda toplayır, eyni zamanda Ə.Nəvainin "Məcalisün-nəfais" üslubunda "Məcməül-xəvas" adlı təzkirəsini tamamlamaqdadır: "...tənhalığ qüssəsida  dəf`i-məlalçün, bir pərişan əcza kim, müddəti-ömrda cəm bolmuş irdi, bir külliyyat tərtib bola. O cümlədin, "Məcməül-xəvas" atlığ bir nüsxə "Məcalisün-nəfais" rəvişida itmamğə qəribdür". Nəvvab Kamran mirzəyə məktubunda şair deyir ki, rəssamlıq sənətinin nəzəri, texniki məsələləri barədə mənzum əsər yazmış və həmin əsəri ona göndərmişdir. Adını çəkməsə də, bilmək çətin deyil ki, ədib burada farsca yazdığı "Qanunüs-süvər" ("Təsvirlər qanunu") risaləsini nəzərdə tutur. Məlum olduğu kimi, tədqiqatçıların nadir əsər kimi dəyərləndirdikləri bu 204 beytdən ibarət mənzum risalədə müəllif rəssamlara özlərinə qarşı tələbkar olmağı, rəssamlıq materiallarını, təsvir etdiyi obyekti mükəmməl bilməyi məsləhət görmüşdür. 17 qısa bölmədən ibarət olan bu əsərdə təsviri sənətin müxtəlif məsələlərinə dair konkret məsləhət və təlimatlar verilmişdir.

Sadiqi məktublarına türkcə və farsca yazdığı bir sıra kiçik həcmli  şeirlərini, Qurandan, Sədidən iqtibaslarını da daxil etmişdir. Ədibin yüksək intellektual səviyyəsi, geniş mütaliə dairəsi münşəatında da özünü göstərməkdədir. Məktublarda Füzuli irsinin, xüsusilə də "Şikayətnamə"nin təsirini qeyd etmək istərdik.

Səyahət etməyi sevən, həyatı boyu bir çox yerləri gəzib-dolaşan Sadiq bəyin münşəatında Fərat, Astarabad, Gilan, Şahrud, Əsfərain, Xorasan, Məşhəd və s. məkanların adları çəkilir.

(Ardı var)

 





20.10.2015    çap et  çap et