525.Az

“Ölüm zirvəsi” romanı və tariximiz haqqında düşüncələrim


 

“Ölüm zirvəsi” romanı və tariximiz haqqında düşüncələrim  <b style="color:red"></b> Təyyar SALAMOĞLU
Filologiya üzrə elmlər doktoru, professor
 

Çağdaş ədəbi prosesin prioritet tarixi mövzusu  XVII-XVIII əsrin siyasi hadisələridir desək, yəqin ki, səhv etmərik. Nadir şah və xanlıqlar dövrünün hadisələri bədii düşüncəni daha artıq məşğul etməyə başlayıb.  Bu mənada S.Rüstəmxanlının “Ölüm zirvəsi” romanı (Bakı, “Qanun” nəşr., 2007) diqqətimizi daha artıq çəkir.

Kitaba yazılmış annotasiya “Ölüm zirvəsi” romanını tarixi-bioqrafik əsər kimi təqdim edir. Şübhəsiz ki, Cavad xanın Azərbaycan xalqının tarixində çox şərəfli bir mövqeyi vardır. O tarixi bir şəxsiyyətdir; tarix kitablarında onun hökmdar və sərkərdə kimi şərəfli fəaliyyətindən təfərrüatla və tarixi dəqiqliklə söhbət açılır. Lakin çağdaşlarından, sələf və xələflərindən onu fərqləndirən başqa bir keyfiyyət də var. Cavad xanın obrazı bizim yaddaşımıza ancaq tarix kitablarından gəlmir. Onun obrazı bizim yaddaşımızda ilk olaraq şifahi ənənə vasitəsi ilə formalaşıb. O, Dədə Qorqud, Koroğlu kimi mifik qəhrəman deyil, lakin mifikləşmiş qəhrəmandır, şifahi ənənədə onun mifik obrazı yaşayır. XVIII əsrdə bir hökmdar və sərkərdə kimi milli varlıq uğrunda mübarizədə göstərdiyi ağlasığmaz rəşadət, şərəf və ləyaqət uğrunda ölümə qədər getmək əzmi genetik yaddaşımızda onun xalq qəhrəmanı, əfsanəvi qəhrəman obrazını yaradıb. Tarixi mənbələrin verdiyi məlumatların genetik yaddaşdakılarla üst-üstə düşməsi onun xalq qəhrəmanı obrazını əbədiləşdirib. Bu mənada S.Rüstəmxanlının Cavad xanın bioqrafiyasını tarixi roman predmetinə çevirməsi tamamilə məntiqi və qanunauyğundur. 

Lakin məsələnin başqa tərəfi də var. Son onilliklərdə Azərbaycan ədəbiyyatında meydana çıxan və janrın dünya ənənələrinə novator münasibətlə seçilən nümunələrində polifonizm (ideya-məzmun çoxqatlılığı mənasında) aparıcı keyfiyyətə çevrilməkdədir. Başqa sözlə, bu romanlarda postmodernist estetikada deyildiyi kimi, “bədii mətn öz strukturu etibarı ilə bitib tükənməz məna potensialı doğurur”. “Ölüm zirvəsi” romanında da belə bir xüsusiyyət öndədir. Cavad xanın bioqrafiyası bu romanda mətnin prozasıdır. Fəlsəfi mənada romanın məzmunu daha dərin mətləblərdən xəbər verir. “Ölüm zirvəsi” tarixi-bioqrafik əsər olmaqla bərabər, tarixi-siyasi romandır. “Öz təbiəti ilə sosial” olan (Mişel Zeraff) roman əks etdirdiyi zamanın fəlsəfəsini ortaya qoymalı, onun siyasi-ictimai, mənəvi-əxlaqi sferalarda  fəlsəfi dərkini verməlidir ki, dünya modeli kimi – başqa sözlə özünün çağdaş strukturu ilə meydana çıxa bilsin. Romanda süjetdə xronikallıq nisbi mənada da olsa  qorunur, lakin süjet bu xronikallıqdan çox, hadisələrin səbəb-nəticə əlaqələri əsasında hərəkətə gətirilir. Bu cəhət isə romanda baş verən hadisələrin sosial-siyasi və mənəvi-əxlaqi müstəvidə fəlsəfəsini açmağı əsas yazıçı məqsədinə çevirir.

“Ölüm zirvəsi”  romanında təsvir olunur ki, bütün varlığı ilə elinə-obasına, doğma torpağına bağlı olan Cavad  xan, Gəncə uğrunda, əslində milli varlıq uğrunda mübarizə meydanına atılan Gəncə camaatı rus ordusu ilə amansız çarpışmada məğlub olur. Bu məğlubiyyətin səbəbləri ictimai şüurda çox vaxt rus ordusunun gücü, texniki təchizatının zamanına görə yüksək səviyyədə olması ilə izah edilir. Gəncə xanlığı üzərində çalınan qələbənin isə bütövlükdə Azərbaycanın ikiyə parçalanmasına, Rusiya və İran arasında bölüşdürülməyə yol açması mübahisəsiz tarixi reallıq kimi qəbul edilir.  Ancaq roman müəllifi belə bir qənaətdədir ki, bu məğlubiyyətin tarixi kökləri kifayət qədər dərinliklərə gedir. Bu günkü məğlubiyyətimizi tarixi səhvlərimiz şərtləndirir.

Doğrudur, romanın “Həmin gün” adlı “epiloq əvəzi” son sözündə Quba, Bakı, Şəki, Lənkəran, İrəvan, bir sözlə Guney və Quzey xanlıqlarında daxili çəkişmələrin, bir-birinə düşmənçilik siyasəti yeritmələrin, erməni dəyirmanına su tökmələrin davam etməsinə, bəlkə də daha artıq bir ehtirasla davam etməsinə sonsuz kinayəli münasibətdə məğlubiyyətimizin kökündə birləşə bilməməyimizin dayanması ilə bağlı müəllif mövqeyi də ifadə olunur. Burda da həqiqət var. Ancaq roman bizi tamam başqa bir həqiqətin estetik dərkinə doğru aparır. Məğlubiyyətimizi şərtləndirən birləşə bilməməyimiz səbəb deyil, nəticədir. Roman “nə üçün birləşə bilmədik?” sualına cavab axtarır. Roman Gəncədə qan su yerinə axanda Şəki hakimi Səlim xanın “kor” qardaşı Məhəmmədhəsəni bir də kor eləmək” istəyinin, İrəvanlı Məhəmmədxanla naxçıvanlı Gəlbəli xanın yerlərini isti edib “erməni keşişlərinin könlünü xoş eləmək” haqqında düşüncələrinin haradan və nədən, hansı tarixi səhvlərimizdən güc almasının psixoloji əsaslarını araşdırır. Gəncə məğlubiyyətini, birləşə bilməməyimizi, son nəticədə isə iki parçaya bölünməyimizi nəticə kimi qəbul edən müəllif tarixin qaranlıq səhifələrinə işıq tutaraq bunun səbəblərini axtarır. Çünki o qəti əmindir ki, çəkilməsi mümkün omayan mənəvi ağrılara, siyasi dəhşətlərə yol açan nəticəni onu doğuran səbəbləri bilmədən aradan qaldırmaq olmaz. Keçmişin ibrət dərslərini soyuqbaşla təhlil etmədən gələcəyə atılan addımların düzgünlüyünü müəyyənləşdirmək mümkün deyil. “Azərbaycanın işğalına qarşı qəhrəmanlıqla mübarizə aparmış” Cavad xan haqqında roman yazarkən Nadir şahla bağlı tarixin səhifələnməsi və analitik bədii təhlildən keçirilməsi də bununla bağlıdır. Müəllif romanın Nadir şahla bağlı hissəsinə olduqca mənalı bir başlıq vermişdir.:

“Muğan qurultayı və ya sonun başlanğıcı”. S.Rüstmxanlı Nadir şah dövrünün tarixi xronikasını vermək fikrində deyil. Bədii məntiq də belə bir missiyanı önə çəkmir. Bir hökmdar kimi Nadirin tarixi taleyində Muğanda çağırdığı qurultayın çox böyük yeri var. Bununla belə Muğan qurultayına qədər Nadir çox uzun bir yol keçmişdi. Bu müddətdə o, bir sərkərdə olaraq zəifləmiş Səfəvi dövlətini parçalanmaqdan qorumuş, Şah İsmayıldan sonrakı Səfəvi hökmdarlarının dövründə itirilmiş torpaqları geri almış, İran səltənəti çərçivəsində olsa da Azərbaycanın bütöv bir inzibati ərazi bölgüsü kimi mövcudluğuna öz töhfəsini vermiş, onun ayrı-ayrı dövlətlər arasında bölüşdürülməsinin qarşısını almışdı. Bütün bunlar Nadirin bir sərkərdə kimi məharətini, böyüklüyünü göstərirdi.  Lakin Azərbaycan xalqının tarixi taleyində bir sərkərdə kimi oynadığı mütərəqqi rolu Nadir bir hökmdar olaraq oynaya bilmir.
 
“XVIII əsrin 30-cu və 40-cı illərinin birinci yarısı Azərbaycan tarixinə ağır bir dövr kimi” (Azərbaycan tarixi. Bakı. Azərnəşr, 1994, s. 515) daxil olur. Əlbəttə, əsas məsələ ancaq bu deyil. “1736-cı ilin martında toplanmış yığıncaqda (qurultayda) Nadirin özünü İran şahı elan etməsi”ni (Azərbaycan tarixi. s.514) “Ölüm zirvəsi” romanının müəllifi “Sonun başlanğıcı” hesab edəndə XVIII əsrin sonu, XIX əsrin əvvəllərindəki və indiki tarixi faciələrimizin böyük əksəriyyətinin özülünün Nadir şahın dövründə qoyulması və bu səhvlərin getdikcə böyüyüb şaxələnməsi qənaətindən çıxış edir.  Nadirin əldə etdiyi tarixi qələbələri özünə qalxan edib şahlıq taxtına çıxmaq istəyi zamanın dövlətçilik ənənələrinə ziddir. Nadir özü də bunu bilir. Qurultayı da hakimiyyətini qanuniləşdirmək üçün çağırır. Lakin onun Səfəvilər sülaləsinə son qoyub Avşarlar sülaləsinin əsasını qoyması dövlətin daxilində narazılıq yaradır.
 
Nadirin hakimiyyətə gəlməsini Səfəvilər sülaləsinə xəyanət hesab edən Gəncə bəylərbəyi Uğulu xan sövq-təbii bir hiss və düşüncə ilə sərkərdə Nadirlə şah Nadirin eyni bir adam olmadığını, bir-birini tamamlamadığını, şahlıq taxtına yiyələnmək ehtirasının onda hər şeydən qüvvətli olduğunu hiss edir.  Nadir öz şahlıq səltənətini Səfəvi səltənətinə xəyanət edərək qurur. Əsl “niyyəti Səfəvilərin axrına çıxmaq” olan Nadir bütün gücü ilə bu niyyəti, əslində xəyanəti pərdələməyə çalışır və şah olur. “Sonun başlanğıcı” da bu xəyanətlə bağlıdır. Nadir şah şəxsi mənafeyini dövlət mənafeyindən, dövlətçilik ənənəsindən üstün tutub “Səfəvilərə xəyanət etmədiyinə görə Borçalı və Qazax mahallarını Gəncə bəylərbəyiliyindən qoparıb “Aşağı Kartli” adıyla” Gürcüstana bağışlayanda, erməni məliklərini Gəncə bəylərbəyiliyindən ayırıb Uğurla xana, Gəncə bəylərbəyiliyinə, əslində Gəncə bəylərbəylinin simasında Azərbaycan dövlətçiliyinə ağır zərbə vuranda bunun mənsub olduğu xalq üçün böyük faciələrə yol açacağını təsəvvür edə bilmir. S.Rüstəmxanlının romanında Azərbaycan-erməni münasibətlərinin tarixi kökləri açılır. Azərbaycanın tarixi torpaqlarnda ermənilərin nəyin və kimin hesabına, nə vaxt və nə şəkildə özlərinə yer etməsinin aydın mənzərəsi canlandırılır. Dağlıq Qarabağ probleminə gedən yolun siyasi xəritəsi cızılır, erməninin mənfur xarakteri açılır. Borçalı və İrəvanın yad əllərə keçməsi tarixi dəqiqliklə şərh olunur.  “Ölüm zirvəsi” romanında tarixə tendensiyalı münasibət yoxdur. Avşarlar tayfasından çıxmış oğuz türkü kimi Nadirin böyük bir səltənətə başçılıq etməsi Azərbaycan türkünün şərəf tarixidir.

Bu tarixin ən şərəfli səhifəsi Nadirin İran-Türkiyə münasibətlərini nizamlamaq istəyi, din birliyi kontekstində olsa da qardaşın qardaşa, soykökü, dini bir olan insanların bir-birinə qarşı qılınc çalmalarının qarşısını almaq məqsədidir, müəyyən müddət buna nail olmasıdır. Romanda məzhəb birliyinə, türk birliyinə ciddi-cəhdlə, siyasətlərinin bütün gücü ilə rəxnə salmaq istəyən Avropa və Rusiya siyasətinə Nadirin müqaviməti, nümayiş etdirdiyi səbatlılıq tarixi həqiqətə obyektiv münasibət kontekstində bədii-estetik qiymətini alır. Lakin məhz həmin obyektivlik hissi bütün varlığı ilə türkçülük, azərbaycançılıq amalına bağlı olan müəllifi türk əsilli şahın əməl və hərəkətlərindəki, düşüncəsindəki fars şovinizmi təsirini də tarixi gerçəkliyə uyğun şəkildə əks etdirməyə istiqamətləndirir. Əslində Nadir öz şahlığı dövründə ümmətçiliyi önə çəkir. O özünü türk kimi yox, İslam ümməti kimi dərk edir. Onun düşüncəsində dini birliyə – din qardaşlarının birliyinə daha artıq diqqət yetirilir.  Osmanlı dövləti ilə yaxınlaşmaq siyasətindəki ardıcıllıq, davamlılıq da bu düşüncəyə söykənir. “Ancaq bu məzhəb ayrılığı müsəlmanı məhv elədi. Xüsusən də biz türkləri. Osmanlı – İran düşmənçiliyi xaçpərəstləri bizə güldürür” – Nadirin içindən gələn bu sözlərdə böyük həqiqət var. Lakin elə bu mülahizənin özündə nəinki Osmanlı – İran münasibətləri, hətta Osmanlı türkləri ilə İran-Azərbaycan türkləri arasındakı münasibətlər türk birliyi kontekstinə yox, din birliyi kontekstinə çıxarılır. Nadir birliyin əsasını dini zəmində axtarır. Bu da onun yaratdığı dövlətdə farslaşmaya meydan verir. Nadirin məzhəb ayrı-seçkiliyinə son vermək istəyi bir müsəlman və türk hökmdarı kimi onun ruhunun səsi kimi mənalana bilmir. Məzhəb ayrılığına son qoymaq istəyində Səfəviləri gözdən salmaq məqsədi də var.

Demək, ən ali məqsəd xalqı Səfəvi təəssübkeşliyi düşüncəsindən ayrı salmaqdır. Hətta ən yaxın adamlarının belə Səfəvilərə münasibətdə onun haqlı olmadığın düşünməsi Nadiri düşündürməyə bilməzdi.  Taxt-tac ehtirası Nadirə ağıllı və dövlətin mənafeyini nəzərə alan siyasət yürütməyə imkan vermir. Onun taxt-tac ehtirasına bu taxt-taca yiyələnməsinə qarşı duranlara pataloji nifrət ehtirası da qarışır. Bu mənada Gəncə bəylərbəyiliyi əsas hədəf kimi seçilir. Qazax və Borçalı mahallarının Gəncə bəylərbəyiliyindən qoparılması, erməni məliklərinə verilən əlavə imtiyazlar, can borcu və gözəl gürcü qızlarının müqabilində Gürcüstan çarlığının güclənməsinə, “Teymurazın və oğlunun uzun müddət Qafqazda at oynatmasına” şərait yaradılması Nadirin türksoylu bir hökmdar kimi böyük səhvləri idi və roman müəllifinin qənaətinə görə bu səhvlərin ağrısını “Azərbaycan iki yüz yetmiş ildir çəkir...” Roman müəllifi Nadirin şəxsi münaqişə zəminində – Gəncə bəylərbəyiliyinə zərbə vurmaq məqsədilə Qarabağla Göyçə arasında yerləşən və qədim Alban kilsələrinin yerləşdiyi müqəddəs türk torpaqlarını XVIII əsrə qədər Qafqazda bir qarış belə torpağa sahib olmayan ermənilərə hədiyyə etməsini acı bir təəssüf, böyük bir ağrı ilə bədii təsvir predmetinə çevirir. Müəllif təhkiyəsində oxuyuruq: “Böyük xanı tanıyanlar onun gözəl qadınlara laqeyd olmadığını bilirdilər”. Bilirdilər və istifadə edirdilər.

Tamaranın hədiyyə elədiyi gürcü qızını görərkən “Təkcə Qazaxı, Borçalını yox, dünyanı atardı bu cənnət cücəsinin ayağı altına” düşünməsi və düşündüyünü hansı acı nəticələrə gətirib çıxaracağını düşünmədən həyata keçirən, öz soydaşlarına bəslədiyi mənasız bir kin hesabına ermənini torpaq sahibi edən Nadir bu hərəkətlərilə Azərbaycanın gələcək taleyi üçün böyük faciələrə yol açır, “sonun başlanğıcı”nı qoyur. “Ölüm zirvəsi” romanının sonrakı hissələri Cavad xan Ziyadxan oğlu Qacarın tale yolundan bəhs edir və bu hissələrdəki müəllif məntiqini müxtəsər şəkildə, “başlanğıcın sonu” kimi də ifadə eləmək olar. Cavad xan hakimiyyətə gələndə Azərbaycan dövlətçiliyi yol ayrıcında idi. Nadir şahdan sonra İran bir dövlət kimi zəifləmiş, dövlətin siyasətində fars şovinizmi önə çıxmışdı. Azərbaycan hakimləri indi daha İran dövlətinin tərkibində özlərini arxayın hesab edə bilmirdilər. Qafqazda rus dövlətinin nüfuzu daha da güclənmişdi. Daha doğrusu Azərbaycanda rus və İranpərəst qüvvələr əmələ gəlmişdi. Əlbəttə, nə Rusiyaya, nə də İrana olan meyl daxili inamdan irəli gəlmirdi. Özünümüdafiə üçün düşünülən stixial bir siyasət idi. Qafqazda qüvvələr nisbəti dəyişilməyə doğru gedirdi. Gürcüstan çarlığı və erməni məlikləri aktivləşmiş, Rusiyanın dəstəyinə arxalanaraq hakimiyyət və torpaq iddialarına düşmüşdülər. “Rusiyayla İranın uzun tarixi olan və əsasən Osmanlı düşmənçiliyi təməlində formalaşmış dostluqlarının” pozulması Azərbaycan xanlarını düşünməyə məcbur etmiş, belə ki, “Azərbaycan xanlarının İranla Rusiya arasında manevr etməkdən başqa yolları qalmamışdı.” Səfəvilərin dövründə böyük gücə və əraziyə malik olan, bölgədə böyük nüfuz sahibi Gəncə bəylərbəyiliyi Nadir şahın yanlış siyasəti nəticəsində parçalanıb, kiçilib ancaq Gəncə və ətrafından ibarət bir xanlıq şəklində öz müstəqilliyini qoruyub saxlaya bilmişdi. Cavad xan dostu Şeyx Yusifə deyir: “Ziyadxanoğluların köhnə ehtişamından heç nə qalmadı, Şeyx! Allah Nadir şah Avşara lənət eləsin! Beş-altı il İran şahı olmaq xətrinə dağıtdı sərvətimizi. Gör neçə yerə böldü Gəncə bəylərbəyiliyini. Qarabağ xanlığı bir, erməni məlikləri iki, Şəmsəddin üç, Qazax mahalı dörd, Borçalı beş, Mil-Muğan elatları altı...- deyə-deyə barmaqlarını qatlayırdı.” 

Roman müəllifinə görə, Azərbaycan ərazilərinin parçalanması və müstəqil xanlıqların yaranması hesabına olsa da, Azərbaycanın İran dövlətindən qopub ayrılması müsbət hadisə idi. Lakin bu ayrılmaq onların öz aralarında birləşməsi ilə başa çatmalı idi. Romanda oxuyuruq: “Azərbaycan xanları mərkəzdən qopmaqdan başqa yol bulmamışdılar. Bu ilk addımdı, ancaq ikinci addımı atıb öz aralarında razılığa gələ bilmirdilər”. 

Azərbaycan hakimlərinin müstəqillik qazanması və xanlıqların yaranması yaranmış əlverişli tarixi şəraitin nəticəsində mümkün olmuşdu. Elə öz aralarında dil tapıb birləşməyə də yeni tarixi şərait imkan vermirdi. Buna İranın və bu dövrdə əsas güc dövlətinə çevrilmiş Rusiyanın maraqları və Qafqaz siyasəti imkan vermirdi. İran hakimləri Azərbaycanı öz tarixi əraziləri hesab edir, onu yenidən öz tərkibinə birləşdirməyə can atır, buna hərbi gücü və iqtidarı çatmayanda isə Azərbaycanda parçalanmış dövlətçilik siyasəti aparırdı. Hələ ki, Azərbaycanın ayrı-ayrı xanlıqlar şəklində idarə olunması İran siyasətinə uyğun gəlirdi. Rusiya isə Azərbaycanı siyasi və iqtisadi cəhətdən əvvəlcə öz təsiri altına almaq, imkan tapdıqda isə onu öz müstəmləkəsinə çevirmək siyasəti yürüdürdü. I Pyotrun vəsiyyətini əsas götürən II Yekaterina hesab edirdi ki, Qafqazda möhkəmlənmək üçün əlverişli şərait yetişmişdir.

Azərbaycan xanları vəziyyətin ağırlığını başa düşür və hər biri öz-özlüyündə buna çarə axtarırdılar. Azərbaycanı bu ağır vəziyyətdən, yenidən güc dövlətlərinin təsiri altına düşməkdən qurtarmağın yeganə əlacı xanların öz aralarında birləşməsi idi. Birləşmək siyasi zərurət idi. “Ölüm zirvəsi” romanında Azərbaycan üçün taleyüklü bir zamanın gəldiyini, vəziyyətin ağırlığının miqyassızlığını bütün xanların başa düşdüyü, lakin birləşməyin zəruri olduğunu Cavad xandan başqa heç bir xanın başa düşmədiyi müəllifin vətəndaş ağrısı və düşüncəsi ilə gəldiyi qənaət idi. Hələ ki, Azərbaycan xanları müstəqilliyi müstəqil xanlıq taxtına sahib olmaq şəklində başa düşür, hələ ki, öz taxtını qorumaq üçün başqa xanları taxtdan salmaq fürsətini də əldən qaçırmırdılar. Şəxsi münasibətlərdən doğan  qisasçılıq hissi Azərbaycan xanlarını bir-birinə yaxınlaşmağa qoymur, hələ ki fürsət düşəndə bir-birini zəif salmaq siyasətindən əl çəkə bilmirdilər. Birləşməni ən yaxşı halda hamı onun ətrafında birləşmək kimi başa düşür, bu mümkün olmayanda isə əcnəbi qüvvələrə üz tutmağa üstünlük verirdilər. Hələ ki, Qarabağ xanı İbrahim xan olub keçmişlərlə bağlı narazılıqlarının qisasını almaq üçün Gəncə xanlığının zəifləməsindən istifadə edərək Gürcüstan çarı İrakli ilə birləşərək Cavad xanın üstünə qoşun çəkir.

“Ölüm zirvəsi” romanında müstəqil Azərbaycan xanlıqlarının yaranmasından quzey Azərbaycan xanlıqlarının rus müstəmləkəsinə çevrilməsinə qədərki tarix bədii düşüncə predmetinə çevrilir. Müəllif hadisələri epik təfsilatları ilə, döyüş səhnələrinin təfərrüatlı təsviri yolu ilə getmir. Olub keçənlər, baş verən hadisələr və baş verə biləcəklərin hər birisi Cavad xanın düşüncələrindən keçərək romana gəlir.

Tarixdən də bizə məlumdur ki, Azərbaycan xanlıqlarınn taleyi yol ayrıcında qalanda müstəqillik yolunu tutan və bu yolla birmənalı şəkildə axıra qədər gedən Gəncə xanı Cavad xan olmuşdur. Bu həqiqətdir və bu həqiqət Azərbaycan xalqına bəlli olduğu kimi, roman müəllifinə də bütün təfərrüatı ilə məlumdur. Lakin roman müəlifi tarixin bəlli həqiqətlərini “romanlaşdırmaq” fikrində deyil. S.Rüstəmxanlı öz qəhrəmanını ideallaşdırmaq fikrindən də çox uzaqdır. Romanın bədii məntiqi də bunu tələb etmir.

S.Rüstəmxanlının məqsədi oxucunu tarixin obyektiv və sərt həqiqətləri ilə üz-üzə qoymaqdır; tarixin indiyə qədər təhrif edilmiş siyasi mənzərəsinin gerçək üzünü aşkarlamaqdır. Çünki S.Rüstəmxanlı indi əldə etdiyimiz müstəqilliyin, müstəqil dövlətçilik siyasətinin davamlılığının bu tarixdən keçdiyini çox yaxşı bilir. Azərbaycan xanları isə birinci addımı atsalar da, ikinci addımı ata bilmirlər. Onlar öz aralarındakı ziddiyyətləri, çəkişmələri bir tərəfə qoyub birləşə bilmirlər; heç olmasa hərbi qüvvələrini birləşdirib düşməni birlikdə dəf etmək səviyyəsində də birləşə bilmirlər. Oxucu çox yaxşı dərk edir ki, Azərbaycan xanlarının çoxu ümumən götürəndə dar düşüncəlidirlər, geniş düşünməyi bacarmırlar, xudbindirlər və s. və i. Bütün bunlar roman müəllifinin qənaətinə görə, birləşə bilməməyin subyektiv səbəbləridir. Bu subyektivliyin doğurduğu fəsadlar da romanda açılır. Ancaq XVIII əsrin mürəkkəb, son dərəcə ziddiyyətli tarixini bədii həqiqət dili ilə təqdim edərkən S.Rüstəmxanlının izlədiyi ən əsas müəllif məqsədi birləşə bilməyə imkan verməyən və zahirən az nəzərə çarpan, tarix kitablarında çox vaxt üstündən sükutla keçilən tarixi səhvlərimizi tapıb ortalığa çıxarmaqdır. Bu səhvləri dəqiq şəkildə müəyyənləşdirmədən, təhlil etmədən, əsaslı nəticələr çıxarmadan dövlətçiliyimizin davamlılığını təmin etmək, onu təhlükələrdən sığortalamaq mümkün deyil. Bu səhvin adı unutqanlıqdır, tarixi yaddaşsızlığımızdır; ümumən tarixi yaddaşa laqeyd münasibətimiz, tarixi yaddaşımızı bərpa etmək kimi həyati zərurətə biganəliyimizdir. S.Rüstəmxanlının romanı xarakterimizin tarixdən üzü bəri aparıcı keyfiyyətinə çevrilən unutqanlığa qarşı yazılmışdır. 

Azərbaycan xanlıqları rus təbəəliyini qəbul etmək üçün bir-birinin ardınca rus çarına məktub yazanda, rusun hərbi gücünün qarşısında qorxuya düşüb geri çəkiləndə yalnız Cavad xan dirənir. O nəyin bahasına olursa olsun rus imperiyasına tabe olmamaq siyasəti yürüdür. Xanlığın iqtisadi və hərbi potensialını gücləndirir, Gəncəni alınmaz bir qalaya çevirir. Zubovun təzyiqlərinə mətanətlə cavab verən Cavad xan Sisianovun da qarşısında dayanmaq əzmindədir. Əlbəttə rusun hərbi gücü qarşısında indiki halda və durumda dayanmaq çox çətindir. Lakin Cavad xan ağlasığmaz əzmkarlıq göstərir. Əhalinin döyüş ruhunu qaldırmağa nail olur. İki oğlu ilə birlikdə “ya qazi, ya şəhid” olmaq fikrindədir. Sisianovun təhqir və təzyiq dolu məktublarına çox cəsarətli cavablar verir.

“Gəncəyə ancaq mənim meyitimin üstündən keçib daxil ola bilərsən” sözləri tarixin və oxucunun yaddaşında ancaq söz olaraq yox, əqidə, məslək, doğma torpaq, el-oba, dövlətçilik şərəfi uğrunda ölümə qədər getməyi bacaran bir dövlət başçısının varlığının, xarakterinin ifadəsi kimi səslənir. Ancaq Cavad xan təkcə Vətən fədaisi deyil. O, həm də vəziyyəti bütün reallığı ilə qiymətləndirməyi, özünün və düşməninin gücünü hesablamağı bacaran ağıllı bir sərkərdədir. O, ancaq Gəncə xanlığının hərbi gücü ilə rus ordusuna qalib gəlməyin çətinliyini başa düşür. Azərbaycan xanlarına müraciət edib onları ümumi düşməni dəf etmək üçün məşvərətə çağırır. Vəziyyətin ağırlığını başa düşən xanlar bu məşvərətə gəlirlər. Məşvərət zamanı vəziyyətin ağırlığını da, rus ordusunun qarşısına birləşmiş qüvvələrlə çıxmaqdan başqa yol olmadığını da başa düşür və hətta müəyyən mənada bunu etiraf edirlər. Naxçıvan hakimi Kəlbəli xanın məşvərətdəki çıxışı ümumi vəziyyəti düzgün qiymətləndirməsi ilə bərabər, ibrətamizliyi ilə seçilir:

“Mənim ağlım belə kəsir ki, Azərbaycan çox böyükdür. O qədər böyükdür ki, nə farslar bunu təkbaşına həzm edə bilir, nə Rusiya həzm edə biləcək. Bunlar öz aralarında bölürlər bizi. Erməni, gürcü oyuncaqdır, atıblar ortaya! Nə Gürcüstan dövləti olacaq, nə erməni məlikləri. Rusiya olacaq və hamıdan çox da bizi əzəcək. Lap elə qatıldıq Rusiyaya, orda da bir olmasaq, hərəmizi birinin quyruğuna bağlayacaqlar... Bizi Allah bağışlamayacaq birləşə bilməsək!”.

Kəlbəli xanın çıxışındakı həqiqəti hamı başa düşür və daxilən qəbul edir. Sanki birləşmək reallıqdır və birləşmək üçün heç bir maneə qalmamışdır. Reallıqdan doğan birləşmək zərurəti xanlara öz aralarındakı çəkişmə və ziddiyyətləri, hətta düşmənçilik münasibətlərini də unutdurub. Birləşəcəklərinə və düşməni birlikdə dəf edəcəklərinə ümid havası ilə “danışıb, zarafatlaşıb, bir-birnə atmaq istədikləri bütün oxları atıb dincəlirdilər...”.

Cavad xan ümidlənmiş halda sevinirdi. Ancaq birləşə bilmirlər, son nəticədə məşvərətdən əvvəlkindən də artıq bir kin-küdurətlə ayrılırlar. Cavad xanın ümidi də, sevinci də gözündə qalır. Erməni əməli və xəyanəti burda da öz işini görür. Səhər tezdən Gəncə yaxınlığında İbrahim xana və Hüseynqulu xana məxsus karvanların soyulması, toplaşdıqları meşədə Şirvan xanının əyanlarından birinə güllə dəyməsi və ölməsi ilə bağlı xəbərlər məclisə çatanda Cavad xan uzaqgörənliklə nə qədər inandırmağa çalışsa da ki, “bu ermənilərin işidir – bu görüşün pozulmasını istəyənlərin!” Ancaq heç kəsi inandıra bilməmişdi. Xanların içindəki kin-küdurət bir anda boy verib kükrəmiş, onlar bu işdə Cavad xanı suçlayaraq “atlarını minib getmişdilər”.

Müəllif ürək ağrısı ilə yazırdı: “Hər şey bir anda öz rəngini və mənasını dəyişdi”. Hər şeyin bir anda öz rəngini və mənasını dəyişməsinin səbəbi və səbəbkarı kim idi? Müəllif təhkiyəsində oxuyuruq:

“... Meşə arası yolla qara keşiş paltarı geymiş iki nəfərin atlarını qova-qova uzaqlaşdıqlarından burdakıların xəbəri yoxdu”. “Qara keşiş paltarı geymişlər” – bütün Azərbaycan məmləkətində tarixdən üzü bəri törənmiş faciələrin səbəbkarları – ermənilərdir. “Ölüm zirvəsi” romanında “qara keşiş paltarı geymişlər” – erməni adının metaforik ifadəsi kimi mənalanır.   Cavad xanın məşvərətdən sonrakı halını müəllif çox sənətkarlıqla təsvir edir. Bu məqamdakı müəllif təsvirlərində Cavad xan bütün varlığı ilə dərddən və ağrıdan yoğrulmuş bir heykəli xatırladır. Dərd və ələm içində bir anlıq özünü itirən Cavad xan böyük inam və imanla bağlandığı Allahını suçlayır. “Niyə fürsəti səni saymayan və səni tanımayanlara verirsən?”

Ancaq müəllifin oxucuya təlqin eləməyi bacardığı mövqe Cavad xanınkından fərqlidir. Fürsəti Allahını saymayan və tanımayanlara verən Allah deyil, biz özümüzük, biri elə sən özünsən, Cavad xan. Biri elə İbrahim xandır. Məgər Nadirdən üzü bəri fürsəti kəmfürsətlərə verməklə başımızı bəlalara salmamışıq? Müəllif mövqeyinin ifadəsi kimi səslənən bu sual romanda öz məntiqi açılışını tapır. Xanların və xanlıqların keçib gəldiyi tarixi yol vərəqlənir. Gəncə bəylərbəyi Uğurlu xan Nadir şahın ermənilərə və gürcülərə üz göstərməsindən, göstərdikləri şəxsi qulluqlar müqabilində Azərbaycan torpaqlarını onlara peşkəş edib, burda rahat yaşamalarına şərait yaratmasından narazı idi. O tamamilə haqlı olaraq düşünürdü ki,
 
“Nadir gedəcəkdi, Uğurlu xan və Qarabağ burda gürcü valisi və erməni keşişləri, məlikləriylə bir yerdə qalacaqdı... Uğurlu xanı yandıran buydu ki, Osmanlılara qardaş deyən, onlara barış elan edən, şiə-sünni ayrılığını aradan götürmək istəyən Nadir bu yandan da erməni məliklərini də türk düşmənçiliyinə və Gəncədə türklərə elədikləri kişiyə yaraşmayan xəyanətlərinə görə çox istəyir”. Haqlı narazılıqdır, narahat olmağına dəyər. Bununla belə roman müəllifini də narahat edən suallar var. Nadir türk olsa da, İran dövlətinin başçısı idi. Hardasa, hansı siyasət müqabilindəsə onun gedişlərini başa düşmək olardı. Bəs, Azərbaycan xanları, elə Uğurlu xanın xələfi Gəncə hakimi Cavad xan, Qarabağ xanı İbrahim xan niyə Nadir şahın tarixi səhvlərini təkrarlayırdılar? Niyə tarixin dərslərindən ibrət götürmürdülər? Qarabağdan qaçan erməni məliklərinə, hətta Gürcüstan çarlığı üz vermədiyi halda, Cavad xanın onları qəbul edib Şəmkir ətrafında yerləşdirməsi hansı məntiqlə izah oluna bilərdi. Axı xanın ətrafındakılar bu hadisə baş verəndə Cavad xana erməninin xislətini də, tarixi əməllərini də xatırlatmışdılar.

Cavad xan isə “ətəyə uzanan əli kəsmək insanlıqdan deyil” deyib məsələləri mərdlik-namərdlik, kişilik müstəvisinə çıxarmışdı. Əsl həqiqətdə isə ermənilərə göstərilən qayğı və güzəşt Cavad xanın İbrahim xana və İrakliyə intiqamçı münasibətindən qidalanırdı. Elə  İbrahim xan da bu cür hisslərin təsiri altında İrakli ilə birləşib Cavad xanın ütsünə qoşun çəkirdi. Gələcək fəlakətlərin də özülü burda qoyulmuşdu. Nəticədə xanlıqlararası münasibətlər möhkəmlənə bilmirdi. Erməni, gürcü həm torpaq qazanır, ərazisini genişləndirir, həm ayrı-ayrı xanların gücündən istifadə edir, həm də fürsət düşən kimi onları satırdılar. Çar hökumətinin Qafqazdakı mövqeyi möhkəmləndikcə, hərbi müdaxilələri gücləndikcə erməni məliklərinin də, İraklinin də iç üzü meydana çıxır, onlar antitürk, antimüsəlman mövqe nümayiş etdirir, kəsdikləri duz-çörək haqqında, onlara edilən yaxşılıqlar haqqında heç düşünmək belə istəmirdilər.    

“Ətəyə uzanan əli kəsməmək” kimi sadəlövh bir siyasət Gəncənin qəhrəmancasına müdafiəsini axıra çatdırmağa imkan vermədi. Vaxtilə himayəsinə aldığı Məlik Məcnunlar, Məlik Apolar ruslara satılaraq Azərbaycan xanlarının çörəyini yedikləri halda rus hökumətini nəinki Azərbaycan xanlıqlarını işğala həvəsləndirdilər, eyni zamanda Gəncə qalasını almaq üçün onlarla birlikdə tədbirlər tökdülər, qalanın ruslara məlum olmayan sirlərini açıb, ən nəhayət həlledici məqamda rus ordusunun tərəfinə keçərək qalanın alınmasına, on minlərlə gəncəlinin qanının axıdılmasına səbəb oldular. İbrahim xanın da, ailəsinin də taleyini rus hökuməti erməni əli ilə sona çatdırdı. lll Roman öz oxucusuna təlqin edir ki, məsələ erməni-gürcü məsələsi də deyil. Məlumdur ki, hər kəs odu öz qabağına çəkir. İndi kim necə bacarırsa, elə çəkir. Biri mərdlik, kişilik qanunlarını əsas tutur, o birisi xəyanəti öz “şərəf işi”nə, yaşam, mövcudluq vasitəsinə çevirir. Məsələ ondadır ki, gərək milli-ruhi birlik olsun. Gərək ermənidən qabaq biz özümüz özümüzün qədir-qiymətimizi bilək. Özümüzün özümüzə elədiyimizi fələk də gəlsə (nəinki erməni!) bizə eləyə bilməz. Bunun üçün vətəndaş düşüncəsi milli amala çevrilməlidir.

Çevirə bilirikmi? Nadir şahın səhvlərindən Cavad xanlar, İbrahim xanlar ibrət ala bilmədi. Onların səhvləri bizə dərs oldumu? Yəqin ki, yox. Olsaydı indi yaşadığımız Qarabağ itkisi, ağrısı ilə üz-üzə qalmazdıq. Barı bundan sonra...
 





08.01.2013    çap et  çap et