525.Az

Elçin Babayev: “Günəşdə alışma ehtimalı kəskin artıb”


 

Elçin Babayev: “Günəşdə alışma ehtimalı kəskin artıb”<b style="color:red"></b>

İki gün ərzində Yer maqnitosferində müəyyən həyəcanlanmalar yaranacaq

“Son günlər Günəşdə yenidən güclü alışma baş verməsi, bunun Yerə doğru yönəlməsi və Yerdə müəyyən fəsadlara səbəb olacağı ilə bağlı qeyri-dəqiq informasiya yayılıb. Əslində isə, vəziyyət başqa cürdür”.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Elçin Babayev APA-ya açıqlamasında deyib ki, hazırda həqiqətən də Günəşin səthindəki ləkələrin sayı birdən-birə kəskin surətdə artıb: “Hazırda Günəşin səthində təqribən 200-ə yaxın ləkə var və onlar 12 aktiv ləkə qrupunda cəmləşib. Bu isə öz növbəsində Günəşdə alışma ola bilmə ehtimalını kəskin artırıb. Hətta güclü - rentgen sinfinə mənsub olan  alışmaların baş vermə ehtimalı 5 faizə çatıb. Amma, digər tərəfdən, son günlərdə Günəşdə yalnız zəif səviyyəli alışmalar qeydə alınıb. Günəşin səthindəki növbəti tac dəliyindən (açıq maqnit qüvvə xətləri olan hissələr) rəvan tərzdə buxarlanan Günəş plazma küləyi sabah və birisi gün ərzində Yer maqnitosferində müəyyən həyəcanlanmalar yaradacaq”.
 
Son günlər yayılan məlumatlara gəldikdə, E. Babayev deyib ki, ötən il dekabrın 31-də NASA-nın “Günəş dinamik rəsədxanası - SDO” adlı kosmik cihazı Günəşin diskinin kənar hissəsində böyük plazma atılmasını çəkib: “Əslində buna “atılma” da demək olmaz. Çünki həmin plazma kütləsi çox böyük hündürlüyə qalxıb və yenidən Günəşin öz səthinə doğru sovrulub və ya “düşüb”. Əgər o kütlə atılsaydı, biz ona “eruptiv protuberans” deyərdik. Həqiqətən də böyük plazma sütunu müşahidə olunub və onun xətti ölçüləri Yerin xətti ölçülərindən təqribən 10 dəfə böyük olub. Amma heç bir plazma kütləsi qopmadığına görə, plazma buludu digər planetlərə, o cümlədən də Yer planetinə doğru yönəlməyib. Bu səbəbdən onun Yerə olan fəsadından danışmaq olmaz. Hazırda Günəş özünün 11 illik fəallıq siklinin maksimumu ətrafındadır. Ona görə də bu cür hadisələrin baş verməsi - ləkələrin sayının kəskin artması, həm də Günəşdə bu cür plazma sütunlarının olması və hətta atılması təbii hadisədir. Hazırda heç bir təhlükə yoxdur. Geomaqnit fəallığı xarakterizə edən Kp indeksi “1” ətrafındadır. Yaxın 2 gün ərzində isə müəyyən həyəcanlaşma Günəşdəki tac dəliklərindən gələn yüksək surətli plazma küləyinin hesabına olacaq. Tövsiyəm bundan ibarətdir ki, KİV-lər hansısa saytlarda yayılmış məlumatların “surətini çıxarıb” yaymaqla məşğul olmasınlar. Hətta NASA-nın öz saytında belə bu haqda heç bir məlumat yoxdur. Amma nədənsə KİV-lər çox böyük həvəslə NASA-nın saytına istinad edirlər. Sadəcə orada həmin çəkilmiş şəkil video kimi göstərilib”.
 
E. Babayev deyib ki, 2013-cü ildən başlayaraq Günəşdəki fəallıq təqribən 5-6 il müddətdə getdikcə səngiyəcək, minimuma enəcək və yenə də maksimuma qalxacaq.

 





08.01.2013    çap et  çap et