525.Az

Sonsuz ehtiramla...


 

Sonsuz ehtiramla... <b style="color:red"></b>

Yenə də "bir ayrı cür"əm... Elə bilirsiniz ki, bu "bir ayrı cür"ün izahını verə bilərəm? Yox! Belə asanmı olur hər şey? Asan? Həmişə sonsuzluq işarəsini möhtəşəm bilmişəm. Çünki onun da bir sözə sığar izahı, ölçüsü, boyu-buxunu yoxdur. Gözlə görülməyən, əllə tutulmayandır möhtəşəmlik... Qarşısında idrakının belə aciz qalmasıdır. Sonsuzluq - sonu görünməyən, bilinməyən, ölçülməyən... Sonsuzluq - bəzən hisslərimizin dəruniliyini, həqiqiliyini, bitməzliyini çatdırmaq üçün dilimizə gələn tək kəlmə... Və o günə qədər hər şey elə "bu cür" idi. İndi isə "bir ayrı cür". Həmin gün Vəfa Mürsəlqızının "Sonsuz son" adlı şeirini oxumuşdum.

O gündən sonra bütün "son"ları sevdim. Filmlərə ancaq "the end" yazılsın deyə baxdım. "Ardı var..." kəlməsini ümidlə eyni tutmadım. Nağılların sonunu da başladığı kimi eyni həyəcanla gözlədim. Təki, o son gəlsin. Təki, göydən üç alma düşsün insanların bəxtinə. Mən dadmasam da. Seyrçisi olub sevinmək də gözəldi. Vəfa Mürsəlqızının "Sonsuz son"u bir qadın cəsarətiylə qələmdən ayrılıb. Bəli, ayrılıb! Siz elə bilirsiniz, təkcə kişilər ayrılığı seçir? Təkcə kişilər tərk edir? Təkcə kişilər arada nazilmiş bağı çəkib qoparır? Nahaq belə düşünürsünüz... Qadınlar qapıları çırpıb getdikləri kimi hələ heç bir kişi yumruğunu stola çırpmayıb. Çünki hələ heç bir kişi "sonsuzluğuna görə" tərk edilməyib...

Bir qadın ağlayıb sızıldayırdı,
Bir gizli kədəri daşıyırdı o.
Vitrinin önündə durub sakitcə,
Ana səadəti yaşayırdı o.

Yaşadı qəlbində dərd əkə-əkə,
Bir sonu yoxmu ki, sonsuzluğunun?
Bir uşaq papağı, bir cüt də çəkmə,
Dünyada ən böyük arzusu onun...

Uşaq papaqları da cürbəcür olur: qaytanlı, fəs, ləçək, boğmalı... Ölçüləri də fərqlidi: ovuc boyda, fincan boyda, top boyda, boşqab boyda... Ömründə bir dəfə də olsun uşaq papağı almayan qadın indi arzu "boxça"sına hansı ölçüdə papağı qoysun? Uşaq var, ayda bir dəfə təzə ayaqqabı alınır. Axı, günbəgün böyüyür. Sonsuz qadının arzularında isə cəmi bir cüt çəkmə var. Və ölçüsünü özü də bilmir... Rəngi isə hər gün vitrindəkilərlə birgə dəyişir, ya mavi olur, ya da çəhrayı... Bu gün "bir ayrı cür"əm... Gözlərimi güzgülərdən gizlədirəm. Adamlar uzaqlaşıb. Ürəyim uşaqlaşıb ey, uşaqlaşıb... "Sonsuz son"un titrlərinə çox var, deyəsən... Hələ var...

Utanır arada bədbəxtliyindən,
Taleyin yazdığı bu acı sondan.
Qorxur ki, sonsuzum gözü var deyə,
Analar uşağın gizlədə ondan.

Nə olsun, qayıtmır əri üzünə,
Bəlkə də cavandır, bağlanıb ona.
Amma hiss edir ki, həsədlə baxır,
Arada qonşunun uşaqlarına.

Qonşunun varına paxıllıq olar, inəyinə, buzovuna, yanmayan ot tayasına həsəd apara bilərsən. Bəs, uşaq? Yenicə başlamış bir həyata, Allahın möcüzə göstərib yaratdığı "adəm"ə paxıllıq, həsəd olarmı ki?! Bəlkə də olar. Amma bu paxıllığın, bu həsədin arxasında heç vaxt "Niyə onun var, mənim yoxdur?"- üsyanı gizlənməz. "Kaş, elə bundanca mənim də olaydı..."-deyərlər. Belə diləyərlər, belə. Bu cür. Bilirsən, Vəfa, sənin yalançı olmağını elə istəyirəm ki... Amma deyilsən. Elə istəyirəm ki, "Sonsuz son" yalan olsun. Hardasa, o "sonsuzluq" deyilən nədirsə, onun sonu gəlsin. O da görsün ki, insan oğlunun sevgisi qarşısında necə acizdir. Hələ ki, insan oğlu "sonsuzluq" işarəsinin möhtəşəmliyi qarşısında boynunu bükür. Bir də bunu deyim, Vəfa!

Sevdiyin hamıdan betər öldürür,
Qatilin hamıdan gözəl ağlayır

- demisən ha! Haşa, bir də bunu demə! Bu boyda həqiqəti dilə gətirmə! Qorxuram axı... Sevməkdən də, mənimçün tökülən göz yaşlarından da qorxuram. Bu gün "bir ayrı cür"əm. İndi bu "bir ayrı cür"ün əlindəcə əsir-yesir olub bunları sənə yazıram.

"Sonsuz ehtiramla..."

Gəncə

 





28.10.2015    çap et  çap et