525.Az

"Edam vaxtını dəyişmək olmaz" haqqında düşündüklərim


 

"Edam vaxtını dəyişmək olmaz" haqqında düşündüklərim<b style="color:red"></b>

Məşhur bir kəlamda deyilir: "Söz uçar, yazı qalar..." Qalan yazıya dair yazıların, şərhlərin, haşiyələrin və interpretasiyaların meydana gəlməsi tarixi reallıq və aktuallığı təşkil edir. Həqiqətən də elm və düşüncə tarixini seyr etdikdə bunu əyani şəkildə görürük. Belə ki, həm İslam, həm də Qərb sivilizasiyasında ən azından şərh, haşiyə, interpretasiya və kommentariya kimi terminlər buna işarə edir; məşhur sufi-mütəfəkkir İbn Ərəbinin "Arzuların tərcüməsi" (Tərcumanul-Əşvaq)  adlı əsərinə hətta özünün qələmə aldığı şərhdən tutmuş, müasir dövr filosoflarının ( Qadamer, Rorti, Derrida, Habermas, Eko və s.) qarşılıqlı şərhlər yazma prosesinə şahid olmaq mümkündür.

Bu qısa şərh çərçivəsində Kamal Abdullanın "Edam vaxtını dəyişmək olmaz" hekayəsini bəzi cəhətlərdən şərh etməyə çalışacam. Ən azından oxucu kimi... Məhz oxucu olaraq bu mənim haqqımdır... Çünki modern dil fəlsəfəsində də bilindiyi kimi yazılan mətndə müəllifin məqsədi, söz və cümlələrin obyektiv mənaları və bir də oxucunun öz mövqeyindən yola çıxaraq mətni qiymətləndirmə mərhələsi əhəmiyyət kəsb edir. Mən bu üçüncü cəhətdən mətni şərh etməyə çalışacam...

Müasir heremenevtik metodologiyanın məşhur təmsilçilərindən H. Qadamer də bu prosesi "üfüqlərin qovuşması" (fusion of horizons) adlandırır. Yəni mətn özü müxtəlif məna və çalarların meydana gəlməsinə şərait yaradır. Və oxucu da öz mövqeyindən yola çıxaraq mətni, öz eqzistensial durumuna uyğun şəkildə yenidən oxuyur və mənalandırır. Bu baxımdan ilkin olaraq ifadə etməliyəm ki, Kamal Abdullanın bu hekayəsində mətn oxucunu özünə çəkir və oxucunun mətn daxilində "qərq" olmasına imkan yaradır...

Yuxarıda da qeyd etdiyim kimi, bu cür mətnlər oxucunu daha çox öz mövqeyindən çıxış etməsinə imkan yaradır.  Mətni yazan müəllif də buna diqqət edir və  anlama imkanları yaradır. Bu baxımdan mətni başdan sona diqqətlə oxuduğumuzda Kamal Abdullanın bunu bilərəkdən  etdiyini müşahidə etmiş oluruq...

Hekayə başdan sonadək eqzistensial məzmun və mahiyyət daşıyır. Hekayə qəhrəmanı Şövqü edamı, ölümü azadlığının xilası olaraq görür. O, qismətinə bunun yazıldığını və bu durumu anladığını bilərək edam vaxtını səbirsizliklə gözləyir. Hekayə mətnində yaşayaraq anlamanın,  o cümlədən, "Sirri-Xuda" olan ölümün qurtuluş olduğu müəllif tərəfindən mükəmməl şəkildə təqdim olunur.

Ümumiyyətlə ölüm məsələsi teoloji və fəlsəfi mövzu olmaqla bərabər ədəbi mətnlərdə azadlıq mənbəyi kimi eqzistensial mahiyyətdə təqdim olunur. Bu hekayəyə paralel olaraq Türk yazıçısı Mehmed Niyazinin  "Ölüm daha gözəldir" tarixi romanının sonunda  Zeynəb Ananın oğlu Tahirə tüfəngi tuşlayıb onu öldürməsinin  xilas və qurtuluş səbəbi olacağına dair dediklərini qeyd etmək olar. Digər tərəfdən Mövlana Cəlaləddin Ruminin ölümü "Şəbi-Arus"( sevgiliyə qovuşma) olaraq adlandırması da ölümün sirli və möcüzəvi mahiyyətinə işıq salır... Kamal Abdullanın bu hekayədə bir daha ölüm fenomenini fərdin həyatında eqzistensial olaraq verməsi hekayənin sirli qatlarından birini təşkil edir...

Hekayədə eqzistensial mənada Şövqünün ən son durumu, yəni bir gün əvvəl, edama bir neçə saat qalmışa qədər mühafizəçilərə etdiyi xahişi xatırlamaması hekayənin kuliminasiyasını təşkil edir. Onun bu məqamı xatırlamaması onu gərginləşdirirdi... Nəhayət qapının açılıb və mühafizəçilərin içəri daxil olması ilə Şövqünün xahişi xatırlaması onün üzündə işığa səbəb olur...

Edam vaxtı başqa bir məqamın xatırlanması və Şövqünün üzündə işığın peyda olması artıq onun dünyayla eqzistensial olaraq bir bağının qalmadığını da göstərir. Və Şövqü buna sevinir...

Nəticədə hekayə fərdi və ictimai məzmun daşımaqla bərabər oxucunu bir baxıma mətn daxilində özünə çəkməsi, "ram" etməsi və önündə müxtəlif anlama imkanları yaratması baxımından əsrarəngiz mahiyyət daşıyır.

Bu mənim oxucu olaraq öz mövqeyim və hekayəyə dair refleksiv- eqzistensial düşüncələrim idi...

 





29.10.2015    çap et  çap et