525.Az

Onda hələ baş katib ölməmişdi...


 

Onda hələ baş katib ölməmişdi...  ...Qatar Tovuz stansiyasına çatanda mən artıq ayaqüstə idim: düz beş ildi ki, Bakıdan üzübəri bu məsafəni ölçürdüm – kirayədə yaşayan, yaxud yaşamağa məhkum olan balalarımı onların qarşılaşdığı və ya qarşılaşa biləcəyi əzab-əziyyətdən müvəqqəti xilas etmək üçün nənələrinin yaşadığı bu şəhərə göndərir, özüm isə “Azərbaycan gəncləri”indəki gərgin iş həftəsini başa vurub bircə günlüyə qaçıb gəldiyim bu stansiyada az qala vaqon bələdçisi sayıla bilərdim...

“Dəmir at”ımız qərbə tərəf şütüdükcə vaqonun digər kupelərindən cüt-cüt, tək-tək dəhlizə çıxan sərnişinlər, məsələn, “Azdrama”nın aktrisası Səidə Quliyeva, müğənni Mələkxanım Əyyubova, təzəbəy-gəlin libasında olan adaşım, o vaxt “leytenant Şmidt adına Bakı maşınqayırma zavodu” adlanan müəssisənin neçəncisə dərəcəli tokarı Şakir Yolçuyev və xanımı, digər tanınmış, mənimsə tanımadığım cavanlar “Qırmızı körpü”də keçiriləcək Zaqafqaziya respublikaları gənclərinin növbəti ənənəvi görüşünə yollanan nümayəndə heyətimizin tərkibi barədə müəyyən təsəvvür yaradırdı. Birinci dəfəydi ki, bu tədbirdə iştirak edirdim.

Əvvəllər – müxtəlif illərdə bir neçə dəfə Aslan Kəmərli və Şahmar Əkbərzadə, habelə hərəyə bir dəfə Şahin Quliyev, Abdulqəni Qədirov və Yusif İsmayılov (Allah-təala hamısına qəni-qəni rəhmət eləsin!) təkcə redaksiyada deyil, ilk növbədə də komsomolun Mərkəzi Komitəsində son dərəcə vacib və məsuliyyətli sayılan bu “dostluq görüşləri”nin iştirakçısı-reportyoru olmuşdular...

Görüş deyəndə ki, bu, daha çox sovet dönəminin ilk illərindəki “1 may gəzintisi”nə bənzər bir şey idi. İndiki Cənubi Qafqazın hər üç respublikası komsomolçularının rəhbərliyinin, gənclərin ayrı-ayrı təbəqələrinin nümayəndələri çıxış elədilər; gürcülər tərəfindən bəh-bəhlə təqdim edilən tələbə İmir Məmmədli ana dilində və gürcücə şeirlərini oxudu, rəmzi olaraq üç respublikanın qovuşağı sayılan təpənin başında qoyulmuş abidənin önünə gül-çiçək dəstələri düzüldü və... təxminən 500 nəfərlik heyət Qazax tərəfdə təzəlikcə açılmış “Koroğlu” restoranına üz tutdu. Mən bütün bunları çox yüyrəkcəsinə söyləyirəm ki, həm tədbir barədə yüngülvari təsəvvür yaransın, həm də mətləbə tez yetişim. Restoranda mən “P” şəkilli məclisin rəyasət heyəti oturan başına yaxın yerdə qərar tutmuşdum. Bakı, Tiflis və İrəvandan rəhbər komsomolçular (“onlar” tərəfdən gələn, həmişəki kimi, arvad idi...) danışdılar, “əbədi dostluğumuz”un şərəfinə badə qaldırdılar. Məclis əsil bizim indiki Bakı toylarına bənzəyirdi – hamı öz aləmində idi, ağız deyəni qulaq eşitmirdi, yalnız söz söyləyənlər və onlara lap yaxın oturanlar etika xətrinə və protokol qaydalarına əsasən bir-birinə qulaq kəsilmişdilər. Dördüncü, ya beşinci çıxışçıdan sonra məclisi idarə edənlərdən olan “bizimki”yə işarə ilə söz istədim. Sağ olsun, hələ neçə il də Bakıda birgə işləməli olduğumuzu nəzərə alıb təmtəraqlı təqdimatla mənə söz verdi. Ayağa qalxıb elə məclisdəki əksəriyyətin səviyyəsinə uyğun rus dilində nəsə qırıldatmağa başladım. Əslində, qısa və standart bir sağlıq idi – “iki qardaş və bir bacı”nın timsalında qədim, çox qədim Qafqazın “əbədi dincliyinin, bacı-qardaşlığının sağlığı”.

Əlimdəki badəni virtual olaraq rəyasət heyətindəkilərlə toqquşdurmaq istəyəndə aparıcı mənə işarə elədi: “Bir az ucadan olmazmı?”. Əlacsız qalıb əvvəldən başlamalı oldum, lakin heç iki cümlə söyləməmiş əziyyətin eləcə mənə qalacağını anladım. İkicə variantım qalırdı: ya fikirlərimi davam etdirmədən badəni başıma çəkib oturmaq, ya da... bir gurultu qoparmaq. Mən birinci variantı... respublikanın adına ayıb sanıb ikinci varianta üstünlük verdim və dərhal sağlığın məzmununu dəyişdim, bu dəfə hamının eşitməsi üçün “komandirsayağı səslə”, çox ucadan əmr elədim: – Hamı qalxsın!.. – Bu əmr o qədər qəfil və eyni zamanda anlaşılmaz səsləndi ki, heç rəyasət heyətinə təsir eləmədi. Bunu görüb ikinci dəfə səsləndim: – Hamı qalxsın!.. Yoldaşlar, bir neçə gün bundan öncə böyük Lenin işinin davamçısı, alovlu leninçi Leonid İliç Brejnev lütfkarlıq göstərərək Azərbaycan SSR-ə, bizim gözəl Bakı şəhərinə gəlmişdi... Ardını söyləməyə dəxi nə hacət?! Elə bu məzmunda və bu şövqlə. Axırda isə: – İçək bunu əziz Leonid İliç Brejnevin sağlığına!.. Başda rəyasət heyəti olmaqla bütün məclis əhli ləzzətlə bu sağlığa içəndən sonra təşkilatçı respublikanın, yəni restoranda hesabı verməli olan Tiflisin təmsilçisi (məncə, o vaxt Gürcüstan komsomolu MK-sının katibi, daha sonra SSRİ komsomolu MK-sının katibi, SSRİ dağılandan sonra isə uzun müddət Moskva merinin beynəlxalq məsələlər üzrə müavini və s. vəzifələrdə işləmiş İqor Orconikidze yoldaş) “əvəzsiz çıxış”a görə bəndənizə təşəkkür edərək “bir qədər tələsib” onu qabaqladığımı, onsuz da “bütün qələbələrimizin ilhamçısının leninçi Sov.İKP MK Siyasi Bürosu və onun baş katibi, hamımızın əzizi Leonid İliç Brejnev olduğu üçün” onun sağlığını yekuna saxladığını bəyan etdi. Amma önəmli olan bu deyildi, onun bu əlavəsindən sonra musiqi nömrələri ilə xanımların çıxış etməsi idi. Aparıcı, məsələn, “Mənim Tbilisim” mahnısını Tamara Qverdsitelinin ifa edəcəyini elan eləyəndə həqiqətən ayıldım: o vaxtlar sovet estrada səhnəsində qadınlardan Edita Pyexa, Sofiya Rotaru və Alla Puqaçova at oynatsalar da, çəkicə “bizim Manana”ya bənzər gənc Tamriko – Tamara da artıq tanınmaqda idi. Əslində, o, çoxdan – hələ Tbilisi pioner və məktəblilər sarayının məşhur “Mziuri” uşaq ansamblında çıxış elədiyi illərdən, SSRİ televiziyasının 1-ci proqramıyla (indiki “ORT” ilə ) göstərilən uşaq və gənclər üçün rəngarəng verilişlərdə yaşına uyğun olmayan nəğmələrin ifaçısı kimi, indiki jurnalistlərin diliylə desəm, adından söz etdirmişdi (hərçənd mən bu ifadəni öz leksikonuma heç cür yaxın buraxa bilmirəm, çünki bizim kəndin nəzərində, necə deyərlər, yalnız “ayağı sürüşkənlər” adlarından söz etdirə bilərlər...). Sonralar Rusiya, Gürcüstan və İnquşetiyanın xalq artisti adına layiq görülən Qverdsiteli o vaxtlar Tbilisi konservatoriyasında kompozisiya və fortepiano sinifləri üzrə dərs alırdı, 1981-ci ildə Soçidə “Qırmızı qərənfil” beynəlxalq müsabiqəsində birinci yeri tutmuş, ertəsi ildə isə Drezdendə keçirilmiş populyar musiqi müsabiqəsində fərqlənmişdi.

1988-ci ildə – 26 yaşında isə o, artıq Sofiyada keçirilmiş çox nüfuzlu “Qızıl Orfey” müsabiqəsinin qalibi kimi bütün Avropada tanınırdı, Sopot və San-Remo mahnı festivallarında xüsusi dəvət olunmuş qonaq sifətilə çıxış etmiş və şöhrətinə yeni çalarlar qatmışdı. 1991-ci ildə Tamara Qverdsitelinin gəzərgi həyatı başlanmışdı: təxminən beş il Parisdə və Nyu-Yorkda, məşhur bəstəkar, caz pianoçusu və dirijor, 200-dən çox kinofilmə yazılmış musiqinin, o cümlədən “Şerbur çətirləri” kinomüziklinin və “Roşforlu qızlar” rəqs revyusunun yaradıcısı, musiqi sahəsində 12 “Qremmi”, 3 “Oskar”, 3 “Sezar” və 12 “Qızıl qlobus” mükafatının laureatı Mişel Leqranla birgə və solo konsertlər vermişdi; ondan çox dildə – gürcü, rus, fransız, italyan, ispan, ingilis, alman, Ukrayna, ivrit dillərində və digər dillərdə ifa etdiyi müasir bəstəkarların və özünün bəstələdiyi mahnılar, o cümlədən unudulmaz Müslüm Maqomayevin müəllifi olduğu “Melodiya” mahnısı (təkcə http://www.audiopoisk.com/artist/tamara-gverdciteli/ linkində müğənninin iki albomdan ibarət 107 mahnısını dinləmək olar), opera partiyaları onun son dərəcə şaqraq səsinin tembri, gözəlliyi və gücü, vokal ustalığı, artistizmi, zadəganlığı, zahiri gözəlliyi və plastikası ilə hamını heyran edir.

1989-cu il iyunun 28-də Kiyevin 100 minlik “Olimpiyski” stadionunda məşhur sovet futbolçusu Oleq Bloxinin şərəfinə təşkil olunmuş SSRİ “Dinamo”suyla “FİFA ulduzları”nın matçının (3:3) sonunda ifa etdiyi, bəstəkar Gennadi Tatarçenko ilə şair Yuri Rıbçinskinin birgə əməyinin məhsulu olan “Vivat, korolğ, vivat!” odası Tamara Qverdsitelinin bənzərsiz ifalarındandır. Sovet illərində (1984) Ümumittifaq komsomolu mükafatına layiq görülən Qverdsitelinin əsas təltifləri Rusiya ilə bağlıdır: “İlin adamı” (2002), “Kreml Qrandı” (2007), A.S.Puşkin adına gümüş medal (2008) və Şərəf ordeni (2010)... Bunların, demək olar ki, hamısı sonralara, hətta həmin anda necə olacağını təsəvvür edə bilmədiyimiz gələcəyə aid idi. İndi isə artıq 21 yaşının içində olan Tamara Qverdsiteli gürcü və rus dillərini növbələşdirməklə ifa etdiyi mahnılar hesabına bütün salonu ələ almışdı. Qəfildən ağlıma partizanvari bir fikir gəldi və mən eyni vaxtda həm rəyasət heyətində oturan “bizimki”yə, həm də...

Mələkxanıma bir cümləlik məktub-qeyd yolladım: “Sübut eləmək lazımdır ki, Qverdsitelinin qabağına çıxarmağa bizim də Mələkxanımımız var!”. Doğrudur, eyni yaşda olsalar da, necə deyərlər, eyni çəkili deyildilər (biri daha çox müasir estrada mahnılarının, digəri isə muğam və xalq mahnılarının ifaçısı idi); buna baxmayaraq, zənnimcə, Mələkxanım Tamaradan geri qalmamalıydı. Qarmon ixtisası üzrə 5 illik musiqi məktəbini bitirib Əfsər Cavanşirovun rəhbərlik etdiyi uşaq xorunun solisti olmuş Mələkxanım Əyyubova həmin vaxt Azərbaycan Dövlət İncəsənət Universitetinin “Musiqili komediya aktyorluğu” fakültəsində təhsil alırdı, həm də “İrs” folklor ansamblının solisti idi. Sonralar o, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin Səid Rüstəmov adına xalq çalğı alətləri orkestrində və Cabbar Qaryağdıoğlu adına muğam üçlüyündə çalışıb, 1995-ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında “Leyli və Məcnun” operasında Leyli rolunu ifa edib. Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində muğam ixtisası üzrə dosent vəzifəsində çalışan Azərbaycan Respublikasının Xalq artisti Mələkxanım Əyyubova dünyanın bir çox ölkələrində (ABŞ, Almaniya, Avstraliya, Fransa, Türkiyə, Rumıniya, İsveç, İraq, Hollandiya, Belçika, Belarus, Latviya, Rusiya və s.) konsert proqramları ilə çıxış edib. Almaniya, Fransa və Türkiyədə onun ifasında muğam albomları buraxılıb. .

..Təklifim işə keçdi və biz – ən azı Azərbaycan nümayəndə heyəti Mələkxanım Əyyubovanın ifasından məmnun qaldıq... Xatırladıram ki, bütün bunlar 1982-ci il noyabrın 6-da olmuşdu. Onda hələ baş katib ölməmişdi... “Qırmızı körpü”dəki dostluq görüşlərinin sonuncusu isə daha beş il sonra – 1987-ci ildə  keçirildi...                                        

Noyabr 1982 – sentyabr 2012
 





19.09.2012    çap et  çap et