525.Az

"Orta əsrlərdə Azərbaycanda multikultural ənənələr" mövzusunda elmi seminar


 

"Orta əsrlərdə Azərbaycanda multikultural ənənələr" mövzusunda elmi seminar <b style="color:red"></b>

Bakı Slavyan Universitetində (BSU) Azərbaycanşünaslıq tədris-mədəniyyət mərkəzinin və Beynəlxalq əlaqələr və regionşünaslıq fakültəsinin birgə təşkilatçılığı ilə "Orta  əsrlərdə Azərbaycanda multikultural ənənələr" mövzusunda elmi seminar keçirilib.

BSU-nun mətbuat xidmətindən "525"ə verilən xəbərə görə, professor-müəllim heyətinin, doktorantların və tələbələrin böyük marağına səbəb olan seminarda Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı, dosent Əsgər Əhməd geniş məruzə ilə çıxış edib. Məruzəçi Azərbaycan tarixindən və ədəbiyyatından nümunələr gətirərək Azərbaycanda bütün dövrlərdə digər millətlərin nümayəndələrinə göstərilən müsbət münasibətdən söz açıb və bugünkü multikultural dəyərlərin qədim dövrlərə əsaslandığını bildirib. Eyni zamanda İslam dinin digər səmavi dinlərə loyal münasibəti, multikultural ənənələrin inkişafına müsbət təsirindən danışıb.

Dəyirmi masa formasında təşkil olunmuş elmi seminarda BSU Multikulturalizm kafedrasının əməkdaşları, kafedra müdiri dosent Aytən Qəhrəman, professorlar Telman Cəfərov, Rafiq Novruzov, Məmməd Əliyev, dosent Aqşin Rüstəmov, Sadir Məmmədov mövzunun müxtəlif aspektlərinə toxunub. Multikulturalizm kafedrasının müdiri Aytən Qəhrəman növbəti elmi seminarın "Kitabi Dədə Qorqud"a həsr olunmasını təklif edib.

Seminar çərçivəsində tələbələri və doktorantları maraqlandıran çox saylı suallar cavablandırılıb.

Qeyd edək ki, BSU-da elmi-tədqiqat laboratoriyaları və kafedralarının müştərək keçirtdikləri elmi seminarlar artıq ənənə halını alıb. Azərbaycanşünaslıq ETL, 2012-ci ildə "Azərbaycançılıq milli dövlətimizin ideologiyasıdır", 2013-cü ildə "Ermənilərin Azərbaycana qarşı törətdikləri soyqırımın tarixi kökləri", 2014-cü ildə "Ermənilərin törətdikləri Xocalı soyqırımı bəşəriyyət əleyhinə cinayətdir" mövzusunda seminarlar keçirib.

 





30.10.2015    çap et  çap et