525.Az

"İçməli suyun keyfiyyəti ilə bağlı narahatlığa heç bir ehtiyac yoxdur"


 

REGİONUN İLK BÖYÜK SUTƏMİZLƏYİCİ QURĞUSU AZƏRBAYCANDA

"İçməli suyun keyfiyyəti ilə bağlı narahatlığa heç bir ehtiyac yoxdur"<b style="color:red"></b>

Oktyabrın 28-də Abşeron rayonunda Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin açılış mərasimi olub.

Qeyd edək ki, Ceyranbatan su təchizatı idarəsinin ərazisində məhsuldarlığı saniyədə 6,6 kubmetr və ya sutkada 570 min kubmetr olan ultrasüzgəcli sutəmizləyici qurğunun təməli 2011-ci il sentyabrın 8-də prezident İlham Əliyevin iştirakı ilə qoyulub. Bu kompleks Ceyranbatan gölündən suyun götürülməsi məqsədilə tikilmiş hidrotexniki qurğular, sutəmizləyici qurğunun özü və onun köməkçi infrastrukturu, emal olunmuş suyun optimal paylanması məqsədilə relyef baxımından hündürlükdə yerləşən anbarlardan və qurğudan anbara qədər magistral kəmərdən ibarətdir.
 
Əsasən Abşeron yarımadasının qəsəbə və kəndlərinin su təchizatına hesablanmış Ceyranbatan-Balaxanı-Ramana-Qala-Zirə kəməri ilə ötürülən suyun səmərəli paylanması, bu ərazilərdə əhalinin fasiləsiz su təminatına nail olunması üçün kəmərin marşrutu boyunca tutumu 90 min kubmetr olan Saray, Balaxanı, Ramana, Qala və Zirə anbarları tikilib. Gələcəkdə Masazır və Binəqədidə yeni anbarların tikilməsi, eləcə də mövcud anbarların genişləndirilməsi nəzərdə tutulur ki, bunun nəticəsində 200 min kubmetrdən artıq su ehtiyatı yaradılacaq.  Dövlət başçısı mərasimdə çıxışı zamanı bu hadisəni çox əlamətdar və tarixi bir hadisə adlandırıb. Onun sözlərinə görə, bundan sonra Bakı şəhərinin, Abşeron rayonunun sakinlərinə veriləcək su Dünya Səhiyyə Təşkilatının standartlarına tam cavab verəcək. Prezident deyib ki, bu sutəmizləyici qurğular kompleksi dünyanın ən böyük təmizləyici infrastruktur obyektidir. Dövlət başçısı burada ən müasir texnologiyaların tətbiq olunduğunu deyib.

Dövlət başçısı çıxışı zamanı bir sıra digər vacib məsələlərə də toxunub, bildirib ki, son illər ərzində iqtisadi inkişaf templərinə görə dünyada bizə bərabər ikinci ölkə yoxdur: "Vaxtilə paxıllar, bəzi dairələr, bizim işimizə kölgə salmaq istəyənlər uğurlarımızı neftlə bağlayırdılar. İndi neftin qiyməti iki dəfədən də aşağı düşüb, amma biz yenə də inkişaf edirik, yenə də nümunə göstəririk".

İlham Əliyev bildirib ki, bu ilin 9 ayında Azərbaycanda qeyri-neft sənayesi 10 faizdən çox artıb: "Ümumi daxili məhsul təxminən 4 faiz, qeyri-neft sektoru təxminən 6 faiz artmışdır. Bu qurğunun istifadəyə verilməsində də biz liderlik göstərmişik. Heç bir başqa ölkədə bu böyüklükdə və bu səviyyədə təmizləyici qurğu yoxdur. Bunu ancaq müstəqil Azərbaycan edə bilər və edir. Gələcəkdə bütün lazım olan infrastruktur layihələrini icra edəcəyik və əminəm ki, 2018-ci ildə başa çatması gözlənilən üçüncü regional inkişaf proqramının icrası nəticəsində Azərbaycanda bütün əsas infrastruktur layihələri icra ediləcək. İnsanlar daha da yaxşı, daha rahat, təhlükəsizlik, əmin-amanlıq, rifah içində yaşayacaqlar".

Ölkə prezidentinin də vurğuladığı kimi Azərbaycanda infrastruktur layihələrin, sosial layihələrin icrası prioritet məsələdir. Düzgün aparılan siyasət nəticəsində dünyada baş verən qlobal hadisələrin Azərbaycana təsiri düzgün nizamlanır. Ona görə də qlobal böhran, neftin kəskin ucuzlaşması ölkəmizdə həyata keçirilən layihələrə kəskin təsir göstərmir.

Millət vəkili Zahid Oruc hesab edir ki, Azərbaycan hökumətinin yürütdüyü düzgün iqtisadi siyasət nəticəsində bu gün ölkəmiz əldə etdiyi uğurları qoruyub saxlanılır və daha da inkişaf etdirilir: "Azərbaycanın bütün sahələrdə inkişafı göz önündədir. Dövlət başçısı öz çıxışında çox düzgün olaraq vurğuladı ki, vaxtilə bəzi dairələr, bizi gözü götürməyənlər, bizim  işimizə kölgə salmaq istəyənlər uğurlarımızı neftlə bağlayırdılar. İndi neftin qiyməti iki dəfədən də aşağı düşüb, amma biz yenə də inkişaf edirik, yenə də nümunə göstəririk. Bu bir daha ölkəmizdə düzgün hədəflərə hesablanan, uzaq görən siyasətin həyata keçirildiyini sübut edir". Z.Orucun qənaətinə görə, Azərbaycan prezidentinin rəhbərliyi ilə yürüdülən düzgün iqtisadi siyasət ölkəmizi dünyada gedən iqtisadi böhrandan faktiki olaraq kənarda qoyub. O qeyd edib ki, dövlət başçısı tərəfindən aparılan sosial-iqtisadi islahatlar ölkəmizin daha da güclənməsinə səbəb olub: "Nəzər yetirsək görərik ki, dünyanın müxtəlif dövlətlərində, lap elə qonşu ölkələrin çoxunda ciddi sosial-iqtisadi problemlər hökm sürür. Ermənistanda əhali öz elementar maddi ehtiyaclarını ödəyə bilmir. Məcbur qalıb, mühacirətə üz tuturlar. Oxşar problemlər digər qonşu ölkələr üçün də xarakterikdir. Amma bütün bunların fonunda Azərbaycan iqtisadiyyatı inkişaf edir, həyata keçirilən məntiqi islahatların nəticəsini hər bir Azərbaycan vətəndaşı öz gündəlik həyatında hiss edir. Bunu təkcə biz söyləmirik. Yəni beynəlxalq maliyyə, iqtisadi qurumlar da eyni fikirləri bölüşürlər. Dünya Bankı və Beynəlxalq maliyyə korporasiyasının hazırladığı hesabatda ölkəmizin mövqeyinin güclənməsi vurğulanıb. Azərbaycanın iqtisadi sahədə qazandığı uğurları beynəlxalq miqyasda da etiraf edirlər".

Millət vəkili əlavə edib ki, hansı ölkədə daxili və xarici siyasət düzgün, müstəqil şəkildə həyata keçirilirsə, həmin ölkədə iqtisadi imkanlar da artır: "Qeyri-neft sektoruna edilən yatırımlar ölkəmizin güclənməsimə, iqtisadi imkanların daha da artmasına gətirib çıxarıb".

Z.Oruc deyib ki, bu islahatların tərkib hissəsi kimi Azərbaycanın, o cümlədən, paytaxt Bakının içməli su probleminin həlli üçün də çox mühüm addımlar atılıb: "Prezident İlham Əliyev də çıxışında vurğuladı ki, hələ Sovet dövründə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə bu istiqamətdə böyük infrastruktur layihələri icra edilib. Ancaq dövlət müstəqilliyinin ilk illərində qarşılaşdığımız çətinliklər təbii ki, bu sahənin daha da əvvəllərində yaranmış çox ağır sosial, iqtisadi və siyasi vəziyyət bütün sahələrdə olduğu kimi bu sahədə də yeniliklər tətbiq etməyi çətinləşdirirdi. Bu gün artıq qeyd edilən sahədə də böyük işlər görülüb. Təbii ki, bütün bunlar vətəndaşlarımız, onların sağlamlığı üçün edilir".

Konkret içməli suyun keyfiyyətinin yaxşılaşdırılmasına gəlincə, bu istiqamətdə dövlət tərəfindən müntəzəm olaraq işlər aparılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekologiya və Təbiəti mühafizə siyasəti şöbəsinin sektor müdiri Mütəllim Əbdülhəsənov bildirib ki, Azərbaycan məhdud su ehtiyatlarına malik olan ölkədir və ölkədə istifadə edilən içməli su ehtiyatlarının 70 faizi qonşu ölkələrin ərazisindən - Gürcüstan və Ermənistana - keçərək gəlir. Ekspert deyib ki, bu ölkələrdən keçən Kür və Araz çayları böyük çirklənməyə məruz qalır: "Bu çirklənmə müəyyən problemlər yaratsa da qabaqlayıcı tədbirlər görülür. İstər ETSN, istər AZƏRSU, istərsə də Meliorasiya və su təsərrüfatı ASC tərəfindən neqativ halların aradan qaldırılması üçün ciddi proqramlar həyata keçirilir.

Ölkə Prezidentinin müvafiq sərəncamına uyğun olaraq Kür və Araz çayları ətrafındakı 330-dan çox yaşayış məntəqəsində 500 mindən çox əhali keyfiyyətli içməli su ilə təmin edilib. Bu suyun keyfiyyəti Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) normalarına da cavab verir. Hazırda bu proqramlar davam etdirilir". M.Əbdülhəsənov sözlərinə əlavə edib ki, yerüstü su ehtiyatları olmayan yerlərdə artezian quyuları qazılır və problem aradan qaldırılır. Yəni, ölkədə əhalinin keyfiyyətli su ilə təminatı məsələsi tam nəzarət altındadır:

"Qeyd etmək istərdim ki, 28 oktyabr 2015-ci ildə açılışı edilən Ceyranbatan su təmizləyici qurğusu Bakı və Abşeron yarımadasında əhaliyə verilən içməli suyun keyfiyyətinin yüksəldilməsi istiqamətində böyük rol oynayacaq. Bu qurğu regionda ilk böyük təmizləyici qurğudur. Əhalinin içməli suyunun keyfiyyəti ilə bağlı heç bir narahatlığa ehtiyac yoxdur".

Sakinlər də dövlət tərəfindən atılan addımları yüksək qiymətləndirirlər. Şəhər sakini Mikayıl Şükürov dövlət başçısına görülən işlərə görə minnətdarlığını bildirib: "Biz öz prezidentimizlə həqiqətən fəxr edirik. Dövlət başçısının hər bir qərarı, hər bir addımı məhz biz vətəndaşların  rifahına, sağlamlığına, gözəl gələcəyinə hesablanıb. Yalnız son bir neçə həftə ərzində görülən işlərə nəzər salmaq lazımdır. Dövlət başçısı öz vətəndaşının hərtərəfli qayğısına qalır. Təmiz su ilə təminat sağlam cəmiyyət, sağlam gələcək deməkdir. Çünki suyun insan həyatında, onun sağlamlığına nə demək olduğunu hər birimiz yaxşı bilirik".

Şəhər sakini Afət Qəhrəmanova isə deyib ki, prezident tərəfindən qəbul edilmiş hər bir qərarı xalq dəstəkləyir: "Biz öz prezidentimizə inanır, ona böyük etimad göstəririk. Dünyada baş verən çətinliklərə, ağır sosial-iqtisadi problemlərə baxmayaraq Azərbaycan inkişaf edir. Çünki ölkəmiz öz düzgün yolu ilə gedir. Bizə mane olmaq istəyənlər ölkəmizin gücü qarşısında təslim olur".

Dövlət başçısının "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin açılış mərasimindəki çıxışını diqqətlə izlədiyini deyən A.Qəhrəmanova vurğulayıb ki, prezidentin söylədiyi kimi bu kompleksin yaradılması doğrudan əlamətdar hadisədir: "Özüm həkiməm. Bilirəm ki, təmiz suyun insan sağlamlığı üçün əhəmiyyəti nə dərəcədədir. Su həyat mənbəyidir. Su olmadan heç nəyi təsəvvür etmək olmaz. Cənab prezidentə böyük təşəkkürümü bildirirəm. Əminəm ki, ölkəmiz İlham Əliyevin rəhbərlyi ilə daha da inkişaf edib, böyük uğurlara imza atacaq".

PƏRVANƏ

 





30.10.2015    çap et  çap et