525.Az

Himnə oynayan gəlin


 

Himnə oynayan gəlin <b style="color:red"></b>

Onu ilk dəfə görəndə çox gənc idim. O da gənc idi, bəlkə də həmyaşıd olardıq.  Şəhla gözləri vardı, boyun-buxununa, üz-gözünə kortəbii dağılmış saçları qızılı rəngə çalırdı.  O qədər gözəl idi ki, xəyalən saçlarına, üz-gözünə, üst-başına əl gəzdirib, sığal verəndən sonra qarşımda qənirsiz gözəl bir cavanəzən dayanırdı. Qızmı, gəlinmi olduğunu ayırd etmək çox çətindi, ağappaq baldırları, yarıaçıq sinəsi, çılpaq bədənə geyindiyi nimdaş don əslində çox şey deyirdi... həm də bunlar hamısı hələ heç nə demək deyildi... 

Həmyaşıdımın adamı valeh edən gözəlliyinə qibtə edir, ağılsızlığına yanırdım. O gözəllik ki, küçələrdə onun düşməninə, qatilinə çevriləcək, İlahi, onu bu bədbəxtə niyə verirdin? - deyə öz aləmimdə Tanrıya sual edirdim. 

90-cı illərin ortalarında Bakıda metro stansiyalarında tez-tez Azərbaycanın himnini oxuyub oynaya-oynaya qatardan-qatara keçən bu gənc qadın uzun müddət fikirlərimə hakim kəsildi. Hər gün metroya düşəndə gözüm onu axtarırdı, heç nə, sadəcə ona baxıb, taleyi, həyatı, gözəlliyi haqqında özüm üçün nağıllar uydurmaq mənə maraqlı idi. Və uzun illər keçəndən sonra bu marağımın niyə ona yaxınlaşıb söhbət edəcək qədər olmadığı üçün özümü qınayacam. Sonsuz kədər hopmuş mavi gözləri gözlərim önündən çəkilməyəcək, hər yerdə, hər vaxt onu axtaracam, bəlkə bir gün qarşıma çıxar - deyə ümid eləyəcəm. 

Qadının perronda qol qaldırıb oynamağına yığışıb baxıb əl çalır, gülür, ələ salır, bir az da havalandırırdılar. Hərdən düşünürəm ki, indiki yaşımda-başımda olsaydım, yaxınlaşıb onun qolundan tutub çəkərdim kənara, belə eləmə deyərdim, dərdi ilə maraqlanardım, qayğı göstərərdim. Bəlkə heç dəli deyildi, özünü dəliliyə vurmuşdu, belə yaşamaq ona daha rahat idi bu “dəli” cəmiyyətdə?..

Eh, nə bilim, indi də o qədər küçələrə düşən, küçələrə düşmə ərəfəsində olan, içindən hayqıran kəslər var ki ətrafda, onlar üçün neyniyə bilirəm ki, baxıb köks ötürməkdən qeyri...

Və bir gün təsadüfən mənə belə bir hekayət, həyat hekayəti danışdılar. 

Hekayə elə beləcə də başlayırdı yadınızdadır, 90-cı illərdə metroda himnə oynayan bir qadın vardı... 

...Onu hospitala gətirəndə hələ nəfəs alırdı.  Lay divar kimi oğlandan qalan gəlib-gedən zəif nəfəs idi, o da hospitalın qapısından xərəkdə içəri keçər-keçməz dayandı. Bütün vücudunda tanılası bir yeri qalmamışdı, param-parça idi insan övladı. Sifəti heç görünəsi halda deyildi, onu daşıyanların da fikrindən “bunun yaşamağındansa, yaşamaması yaxşıdır” - deyə ağrılı bir fikir keçmişdi.

İllərin həsrətindən sonra sevgilisinin vüsalına qovuşmuşdu. Döyüşlər başlayandan cəbhəyə gəldiyi üçün qız onu çox gözlədi. Hər dəfə bir-iki saatlığa komandirdən icazə alıb, görüşünə gedəndə, qız gözlərinin yaşını sel kimi axıdırdı: “Anam deyir adam nə qədər nişanlı qalar, camaatın üzünə baxa bilmirəm”.

Axır ki, toy günü təyin olundu. Döyüşlərin ortasından çıxıb, bəy masasına oturmalı oldu oğlan.Toydan sonra cəmi üç gün evdə qala bildi, dördüncü gün silahını götürüb, döyüş yoldaşlarının yanına tələsdi, onlar orda döyüşərkən yumşaq yorğan-döşəkdə xumarlanmağı özünə haram bildi.

Bu gün, yəni tanınmaz hala düşmüş bədəni meyitxanaya düşən gün toylarından 20 gün keçirdi. Hospitalın qarşısında əlixınalı gəlin fəryad qoparmışdı. Kimsə ona ərinin şəhid olmasını çatdırmışdı: “Verin aparım” - deyə qışqırırdı. Elə bil, ətrafda hər kəs onun nakam, vüsalının yalnız dadına baxmağa macal tapdığı sevgisinin düşməni idi. Şəhidi ona vermirdilər. Tabut hazırlanmalı, meyidi qoyub, tabutu mismarlamalı, üstündə də bir-neçə əsgərlə ailəsinə təhvil verilməlidir ki, açmağa qoymasınlar, ailə əzizini bu halda görməsin.   

Gəlinin qışqırığı birdən-birə azaldı, kəsildi və həzin-həzin musiqiyə çevrildi. Oxuyurdu, əllərini açıb havaya Azərbaycanın himnini əvvəlcə həzin, sonra bütün səsi ilə ifa edirdi, təntənəli, pafoslu. Hərdən nəfəsi avazıyır, sonra yenə, elə bil, təzə nəfəs gəlirdi ona.

Şəhid evinə aparıldı, onu dəfn elədilər, gəlini isə hospitalın qarşısından aralamaq olmadı, bayaqdan “verin” deyə fəryad qoparan gəlin, ərinin nəşi qoyulmuş tabuta gözucu nəzər yetirib öz “işinə” davam etdi. Gecə-gündüz oturub himn oxuyurdu. Hərdən uzun-uzadı susur, sonra yenə təkrar oxuyub, qol açıb oynayırdı. O torpaqlar yağmalanıncaya qədər... 

Metroda gördüyüm, gözəlliyinə heyran olub, ağılsızlığına yandığım həmin o gəlin imiş, hospitalın qarşısında himnə oynayan gəlin. 

Onu ilk dəfə görəndə çox gənc idim. O, da gənc idi, bəlkə də həmyaşıd olardıq.  Masmavi gözləri vardı, boyun-buxununa, üz-gözünə kortəbii dağılmış saçları qızılı rəngə çalırdı.  O qədər gözəl idi ki, xəyalən onun saçlarına, üz-gözünə, üst-başına əl gəzdirib, sığal çəkəndən sonra qarşımda qənirsiz gözəl bir cuvanəzən dayanırdı. Qızmı, gəlinmi olduğunu ayırd etmək çox çətindi, ağappaq baldırları, yarıaçıq sinəsi, çılpaq bədənə geyindiyi nimdaş don əslində çox şey deyirdi-həm də bunlar hamısı hələ heç nə demək deyildi... 

Ramilə QURBANLI

 





02.11.2015    çap et  çap et