525.Az

“Şair səlahiyyəti” - söz əbədiyyəti


 

“Şair səlahiyyəti” - <b style="color:red">söz əbədiyyəti</b>

“Şair səlahiyyəti” - söz əbədiyyəti
Bu da bir heyrətdir, bu da möcüzə:
Əcəl təslim olmuş qələmlə sözə.
Bu gün nə mübarək gün oldu bizə:
Açıldı, dəymədi hədəfə əcəl.

Bu bəndi Məmməd Aslanın son kitabından oxuyuram. Ömrünün son beş ilində yazdığı şeirlərindən biridir. Şairin vəfatından elə də çox vaxt keçməyib. Bunun üçün, bəlkə də, bu misraların məqamında deyilmədiyi düşünülə bilər. Əslində poetik gerçəklik şairin bu misralarda dediyindən fərqlidir:  Əcəl hədəfə dəyib. Ancaq sözə toxunmayıb. Qələm əcələ təslim olmayıb. Misraları, şeirləri diridir, yaşamaqdadır. Və bu, sözün qələbəsi, şairin mübarək günüdür. Çünki əcəl bədənə meydan oxuyur, ancaq bədəlini də ödəyir. Şairin ruhu, fikri əcəli üstələyir, o hələ də zamanın yolçusudur.

“Şair səlahiyyəti” kitabı Bəxtiyar Vahabzadənin Məmməd Aslanın yaradıcılığı haqda 1978-ci ildə qələmə aldığı dəyərləndirmə ilə başlayır. Necə deyərlər, bu, kitabın önsözünü əvəz edir. Bəxtiyar Vahabzadə yazır: “İnsanın varlığı, mahiyyəti - onun fikridir, düşüncəsidir. Fikir, düşüncə isə insanın sözlərində özünü göstərir. İndi ki belədir, demək: sözlərim mənim aynadakı əksimdir”. Məmməd Aslanın aynadakı əksi bu kitabdadır. Yaxud da, bu kitab həmin əksin bir parçasıdır. Şairin fikrinin, qələminin və sözünün ahəngi zamanın axımından əsla ayrılmayıb. Görünür, bu, ədəbiyyatın, tarixin və zamanın təbiətidir. Onun naturalizminə əcəl yaddır. Bu, bəlkə də, Məmməd Aslan poeziyasındakı nəğmənin qazancıdır. B.Vahabzadənin sözləriylə desək, Məmməd Aslan cinaslı şeirlərin ustasıdır və onun şeirləri gözəl bir nəğmədir. Nəğməni isə təhlil eləməzlər. Onun qanadları üzərində uçar, onu duyar, ondan zövq alar, onunla yaşayarlar.

Məmməd Aslanı, kənardan da olsa, bir neçə dəfə görmüşəm. Gəncənin Hacıkənd qəsəbəsinə - bu dağlıq, yaylaqməkan əraziyə, təxminən, dörd-beş il öncə tez-tez gələrdi. Özüylə söhbət etmək nədənsə alınmayıb. Ancaq aralıdan-aralıya o tanış simasına çox nəzər yetirmişəm.

Şair oddur!.. Közün hanı?..
Şeir özdür!.. Özün hanı?..
Şeiri sözlə yazar şair,
Göstər, görüm, sözün hanı?

Bax bu toxundurucu suallar qədər toxundurucu bir cavab idi onun siması. Bu sima hamımıza, əlbəttə, televiziyadan tanışdır. Ancaq mən onu daha çox tanıyıb-bilən yaxınlarımdan eşitmişəm, ana dilimizə gözəl bələd olduğunu xüsusi vurğulayıblar. Kitabın əvvəlindəki, Bəxtiyar Vahabzadənin “Sözün şəhdi, dilin nəğməsi” dəyərləndirməsində də bu məsələyə xüsusi toxunulur. Daha sonra kitabda Əlövsət Ağalarovun ikinci önsöz hesab olunacaq “Şair ömrü” yazısı gəlir. Bu yazını isə onun “525-ci qəzet”də dərc olunmuş “Məmməd Aslanın öz dünyası - Söz dünyası” məqaləsi izləyir. “Şair səlahiyyəti” kitabında, əsasən, Məmməd Aslanın 2010-2015-ci illərdə qələmə aldığı şeirlər toplanıb. Kitabda şairlərə, ədiblərə - dostlarına həsr elədiyi şeirlər xüsusi yer tutur. Bununla yanaşı, Məmməd Aslana ithaf olunmuş şeirlər də kitaba daxil edilib. Bütünlükdə Məmməd Aslanın ədəbi siması, mühiti, dünyası burada əks olunub.

Kitabın ilk cümlələri şairin oxucularına xitabıdır. Məmməd Aslan fikrinin özəlliyi, dilin, yanaşmanın, düşüncənin orijinallığı barədə təəssürat elə həmin cümlələrdən başlayır: “Bu da bir şair var-gəli, özünəbaxış kimi qarşılanar, elə bilirəm. Sənin dəyərləndirmən də bir özgə məna verər, möhtərəm oxucum....”

Müşfiq ŞÜKÜRLÜ

 





02.11.2015    çap et  çap et