525.Az

Təmiz adam formulunun həyatdakı daşıyıcısı


 

Ziya Yusifzadəyə həsr olunur

Təmiz adam formulunun həyatdakı daşıyıcısı<b style="color:red"></b>

Cənab Ziya Yusifzadəyə.

Hörmətli Ziya müəllim!

Fikir dünyasının klassiki zirvəsinə yüksəlmiş, XX əsrdə xalqımızın - Türk dünyasının ortaq  ümumi bəşəri dəyərlər tarixinə bəxş etdiyi dühalar sırasına daxil olmuş əbədiyaşar şairimiz - millət fədaisi Bəxtiyar Vahabzadənin hüzn axşamlarından birində (2009-cu ilin fevral ayında) görüşümüzdən sonra sizinlə bağlı düşüncələrimi qələmə aldım və  yazıya sərlövhə olaraq "Təmiz adam formulunun həyatdakı daşıyıcısı" adını seçdim.

Bu fikir hardan gəlmişdi yaddaşıma?

Bütün dövrlərdə, xüsusən də çağdaş zəmanəmizdə bu mövzu son dərəcə aktualdır. Təmiz adam formulunun açılışı, mənim düşüncəmə görə, ümumiləşmiş halda: haqqın tərəfini saxlamaq, gerçəyi danışmağı bacarmaq, hisslərini və tamahını özünə qul etmək, daxilindən qopan hayqırtı - vicdan harayı ittihamlarının hakimliyi ilə özün-özünü mühakimə etmək qədər mürəkkəb və şərəflidir.

Xalqının, dövlətinin mənafelərini üzdə görünən, eşidilən, eyni vaxtda da heç vaxt aşkar olunmayacaq - səslənməyəcək məxfi məqamlarda övlad məhəbbəti ilə sevərək, qürur dolu təmsil etmək, qorumaq məharətidir!

Sizin həyat yolunuza nəzər saldıqda bu keyfiyyətləri müşahidə etmək mümkündür.

Nə yazıq ki yuxarıda sadalanan keyfiyyətlərin daşıyıcısı olan şəxsiyyətlər bir çox hallarda nəinki cəmiyyət, hətta yaxınları tərəfindən belə, birmənalı qəbul olunmurlar.

Hörmətli Ziya müəllim, sizin barənizdə də belə münasibət formalaşıb: Vəzifədə olarkən öz yerlilərini yaxın buraxmadı, qohumlarından heç kimi vəzifəyə irəli çəkmədi, kiməsə tapşırmadı və sairə.

Görünür, belələri bilmirlər və heç vaxt bilməyəcəklər də ki, həyat kredosu vətənpərvərlik, millətinə və dövlətinə xidmət üzərində köklənən bütöv şəxsiyyətlər üçün xırdalanmaq, bölünmək heçliyə bərabərdir!

Mən şahidiyəm ki, düz söz, haqq olan ünvan sizə yaxın və uzaq olmasından asılı olmayaraq, tərəfinizdən həmişə müdafiə olunub. Yalan söz, əyri yolun yolçuları və onların arxasında duranlar sizin sərhədlərinizə heç vaxt yol tapmayıblar!

Hörmətlə, Əşrəf Məmmədov

24.04.2015 

Hər bir millətin tanınma nişanları var: adı, dili, ərazisi, bayrağı, bəşəriyyətə bəxş etdiyi dəyərlər. Həmin nişanələrdən biri də bağrından yetirdiyi görkəmli övladlarıdır. 1960-cı illərdə SSRİ-nin nümayəndə heyəti Çinə səfər edir. Nümayəndə heyətinin tərkibində həmin illərdə Azərbaycan Respublikasına rəhbərlik edən (Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi) akademik İmam Mustafayev də olur. Çinin rəhbəri Kommunist partiyasının sədri Mau Tsedun onları qəbul edir. Sovet nümayəndə heyətinin rəhbəri Sov.İKP MK katibi Mühiddinov İmam Mustafayevi təqdim edərkən Azərbaycanın rəhbəri olduğunu deyir. Məlum olur ki, Mau Tsedun Azərbaycandan xəbərsizdir, harada yerləşdiyini də bilmir. Onu bu məsələdə anlatmaq üçün məcbur qalıb Rəşid Behbudovun adını çəkməli olurlar. Dünyaca məşhur olan Azərbaycan müğənnisi bu məsələdə kara gəlir.

Əlbəttə, tarixi min illərə söykənən Azərbaycan kimin tanıyıb-tanımamasından asılı olmayaraq o dövrdə SSRİ-ni təşkil edən 15 müttəfiq respublikadan biri idi.  II Ddünya müharibəsində faşizm üzərində qələbə çalınmasında həlledici qüvvəyə çevrilən Sovet təyyarə və tanklarını yanacaqla təmin etmişdi. Lakin Azərbaycan adını çəkən olmamışdı, o dövrdə hər şey SSRİ-nin adından səsləndirilirdi. Rəşid Behbudov isə Çinin paytaxtı Pekində konsertlər vermişdi. Ölkənin informasiya vasitələri də onu təbliğ etmişdi. Onu Mau Tsedun da tanıyırdı.

Ölkə daxilində elə peşələr, xidmət sahələri var ki, keçmişdə də, bugün də başdan-başa vətənə, millətə xidmətlə bağlıdır. Lakin yerinə yetirdikləri işin xarakteri məxfi olduğundan təbliğ olunmur, nadir hallarda zəruri bilindikdə bəzi məlumatlar açıqlanır. Həmin peşə sahələrinə hərbi və milli təhlükəsizlik məsələləri də aiddir. Azərbaycan xalqının - Şəki torpağının yetirdiyi ilk və hələlik sonuncu olan ordu generalı rütbəsinə yüksəlmiş, Türkiyənin III ordusunun komandanı, sonralar isə Türkiyə Milli Təhlükəsizlik şurasının (Milli Güvənlik Kurulunun) Baş Katibi vəzifələrini tutmuş  Mahmud Hacı İlyas oğlu Sarıkərimli (Mahmut Bərköz) 1904-cü ildə, onun böyük qardaşı general-polkovnik hərbi rütbəsinə yüksəlmiş, Türkiyə Silahlı Qüvvələri baş qərargah rəisinin əməliyyat işləri üzrə müavini, sonra isə Türkiyənin Jandarmeriya Qoşunlarının Baş Komandanı olmuş  Məhəmmədnuri Hacı İlyas oğlu Sarıkərimli (Mehmetnuri Berköz) isə 1898-ci ildə Şəkidə anadan olmuşdu. General-polkovnik hərbi rütbəsinə yüksəlmiş SSRİ-nin Hava Hücumundan Müdafiə Qoşunlarında ordu birləşməsi komandanının müavini, sonra isə Müstəqil Azərbaycanın Prezidentinin hərbi məsələlər üzrə dövlət müşaviri olmuş Tofiq Ağahüseynov,  general-mayor hərbi rütbəsinə yüksəlmiş  Sovet ordusunda batalyon və diviziya komandiri, sonra isə Azərbaycan Respublikasının Hərbi Komissarı olmuş Məmmədşərif  Həmidovun adları Türk Azərbaycan hərb tarixinə iri hərflərlə daxil olub.

Azərbaycan xalqına, vətəninə namusla xidmət etmiş həmin generallardan biri də Şəki torpağının yetirdiyi Ziya Məmmədiyə oğlu Yusifzadədir. 1929-cu il fevral ayının 15-də Şəkidə anadan olub. 1952-ci ildə Moskva Dövlət Pedaqoji Xarici Dillər İnstitutunu bitirdikdən sonra Azərbaycan Respublikasının Maarif  Nazirliyində, Respublika Nazirlər Sovetində və Dövlət Təhlükəsizlik Komitəsi sistemində məsul vəzifələrdə çalışıb. 1976-cı ildə Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Komitəsi sədrinin  1-ci müavini, 1980-ci ildən sədri olub. 1981-ci ildən o dövr üçün ən ali siyasi görəv hesab edilən Mərkəzi Komitənin büro üzvü seçilib. 1988-ci ildə Respublikada  hakimiyyət dəyişikliyindən sonra vəzifəsindən istefa verib. O dövr üçün Azərbaycanda tutduğu yüksək vəzifədən könüllü istefa verərək gedən ilk məmur idi. Moskva ondan  uzun illər çiyin-çiyinə çalışdığı  Heydər Əliyevin əleyhinə kompromat mənşəli materiallar verilməsini, mətbuatda çıxış etməsini tələb etdikdə Ziya müəllim belə məlumatların toplanmadığını bildirməklə bərabər vəzifəsindən getməyi də qərarlaşdırır. Yeri gəlmişkən, ona qədər həmin vəzifəni tutan şəxslər əsasən qeyri-azərbaycanlılar olmuş və rəhbərləri barəsində lazım olan məlumatları Moskvaya ötürmüşdülər.

Ziya müəllim həyatının ən enerjili və yaradıcı dövründə dövlət işlərindən kənarda qalsa da, bu hal onu ictimaiyyətin diqqətindən kənarda qoymur, əksinə, insanlar arasında formalaşmış imici ona olan rəğbəti daha da  artırır. O, dövlət orqanlarında yüksək vəzifə tutaraq rüşvət almayan təmiz adam formulunun həyatdakı daşıyıcısı imicinin sahibinə çevrilir. Bu illər ərzində nə qədər çətin olsa da, Ziya müəllim özünün həyat fəlsəfəsinə sadiq qalır. Ona cismani rahatlıq və maddi  üstünlük gətirə biləcək davranışlara, papulist çıxışlara, həqiqəti tapdalayan, haqqı danan çağırışlara yer vermir. Hansı ki, onun bu hərəkəti etməsi üçün hər cür şərait yaradılardı, çünki hakimiyyətdə olan qüvvələrin də marağında idi.

Hissləri tumarlayan təriflər, keçmişi tapdalamağa hazır olan vəzifə ehtirasları, mələkləri də azdıran tamah adlı şeytan onu öz yolundan döndərə bilmir. Əqidəsinə zidd olan heç nəyi yaşam tərzinə aid etmir və özünə yaxın buraxmır.

İllər ötür, Azərbaycan xalqı 1991-ci ildə yenidən dövlət müstəqilliyini bərpa edir. Müstəqil Azərbaycanın milli təhlükəsizliyinin etibarlı qorunmasının təmin edilməsi məqsədi ilə müasir dövrün elmi-texniki tərəqqisinin sirrlərinə yiyələnmiş, dünyanın qloballaşan ictimai, siyasi və iqtisadi dalğalarında cərəyan edən hadisələrdən kifayət qədər baş çıxaran, qabaqlayıcı tədbirləri həyata keçirməyə qabil olan kadrlar hazırlayan Milli Təhlükəsizlik Akademiyasının yaradılması zərurətə çevrilir. Bu sahədə dərin biliyə, böyük təcrübəyə və təşkilatçılıq qabiliyyətinə malik Ziya müəllim Akademiyanın ilk rektoru olur. İllər keçir,  Ziya müəllimin rəhbərliyi altında bu elm ocağı artıq öz sahəsində ən qabaqcıl təhsil ocağına çevrilir.

2009-cu ilin fevral ayında Azərbaycan Respublikasının prezidenti İlham Əliyev  Ziya Yusifzadəni "Şöhrət" ordeni ilə təltif etdi. İş elə gətirdi ki, həmin gün onunla Azərbaycan xalqının fəxri olan, bütün Türk dünyasının klassiki səviyyəsinə yüksəlmiş böyük Bəxtiyar Vahabzadənin əbədiyyətə qovuşması ilə bağlı keçirilən hüzn mərasimində görüşdük. Təbrik sözlərimi də orada söylədim. Ataların " xeyirlə - şər qardaşdır" deyimi də görünür belə məqamlar üçün nəzərdə tutulub. Mərasimdə xeyli oturduq. Bu müddət ərzində onunla bağlı xəyal yaddaşımı əhatə edən nə vardısa təzələnərək gözlərimdə, qəlbimdə yenidən canlanır. Ziya Yusifzadə kimliyinə ilk bələdçim olan atası Məmmədiyə müəllimlə 1977-ci ildə Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrından başlanan (onun əsəri qoyulurdu) və sonralar özü ilə davam etdirilən, onillikləri haqlayan böyük bir dövrü əhatə edirdi bu yaddaş.

Ziya müəllimlə düz 32 il əvvəl - 1977-ci ildə iyul ayında baş verən ilk görüşümüzü xatırlayıram. Mən o zaman Şəki Təsərrüfatlararası Heyvandarlıq Birliyinin baş direktoru idim. Axşamüstü iş otağımda iş yoldaşlarımla birlikdə səhəri gün yerinə yetirməli olduğumuz məsələləri götür-qoy edirdik. Bu anda kompleksin giriş qapısındakı növbətçinin telefonu zəng çaldı. Nəzarətçi Davud kişi idi. Sizi aşağıda qonaqlar gözləyir - dedi. Mən aşağı düşdüm. Həmin dövrdə Şəkinin rəhbəri - Azərbaycan Kommunist Partiyası Şəki şəhər komitəsinin 1-ci  katibi vəzifəsində işləyən Sadıq Murtuzayev və yanında iki nəfər var idi. Əl verib görüşürəm. İki saat ərzində kompleksin ayrı-ayrı şöbələrini gəzirik, qonaqlara təsərrüfatda aparılan işlər barəsində geniş məlumat verirəm, suallarını cavablandırıram. Hiss olunurdu ki, qonaqlar gördüklərindən və eşitdiklərindən son dərəcə məmnun idilər. Təsadüfi deyildi ki, Şəki Heyvandarlıq Birliyi SSRİ-i hökumətinin qərarı ilə 1978-ci ildə ümumittifaq təcrübə məktəbi elan edilmişdi. Burada heyvandarlıq və yemçilik sahəsində bu gün də aktual olan ən qabaqcıl texnologiyalar tətbiq edilirdi. SSRİ-də bütün iş proseslərinin  mexanikləşdirildiyi, ilk dəfə ölkədə heyvandarlıq sahəsində çalışan işçilərin növbəlilik əsasında səkkiz saatlıq iş rejiminə keçdiyi nəhəng "Ətlik Heyvandarlıq Birliyinin" yaradılması prosesi sürətlə davam etdirilirdi. Həmin birliyin təməl daşının qoyulduğu ilk gündən ora mən rəhbərlik edirdim. Bir tərəfdə tikinti aparılır, digər tərəfdə mal-qara yetişdirilirdi, üçüncü yanda  isə mono yemlər (briket, qranula, qarışıq yem, salomonaj və digər) hazırlanırdı. Burada rayonun təsərrüfatlarından çıxdaş edilərək gətirilən inəklər Fransanın "Şarole" ətlik cinsinin törədicisinin toxumu ilə süni mayalandırılaraq hər il 500-700 baş mələz buzov alınırdı.

Camışlar Hindistanın  "Murrah" cinsinin törədicilərinin toxumu ilə mayalandırılaraq hər il 1200-1500 baş balaq alınaraq yetişdirilirdi. Çıxdaş edilərək ət tədarükünə verilməsi nəzərdə tutulan ana qoyunlar isə Qarabağ cinsinin Qaradolaq qrupunun törədicilərinin toxumları ilə süni mayalandırılaraq hər il 5000 baş quzu alınırdı. Çay balıqçılığının inkişaf etdirilməsi üçün Qırxbulaq Farel balıqçılıq bölməsi inşa edilərək fəaliyyət göstərirdi. Burada kürü alınır - balıq körpələri çoxaldılır və yetişdirilərək satılırdı.

Həmin gün birliyə gələn qonaqlardan biri (sonra məlum oldu ki, Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədrinin 1-ci müavini Ziya Yusifzadədir) Azərbaycanda camışçılığın keçmişi və prespektivi ilə dərindən maraqlanırdı. Təsərrüfatla tanışlıq zamanı o, burada hər birinin diri çəkisi 500-600 kq olan iki-üç yaşar 3000 baş kəlçəyə heyranlıqla tamaşa etdikdən sonra birdən-birə dedi:

- Bilirsiz, məni buraya Heydər Əliyeviç (o dövrdə Azərbaycanın rəhbəri idi) göndərib. Mən ona Şəki-Zaqatala bölgəsinə baş çəkəcəyimi söylədim. O mənə dedi ki, sən Şəkidə ətlik-cins mal yetişdirən təsərrüfat var, mütləq vaxt tap ora da dəy. Və xüsusi olaraq camışçılığın mövcud vəziyyəti və perspektivi barəsində arayış da hazırla. Heydər Əliyeviç söylədi ki, Mərkəzi Komitənin ikinci katibi Sergey Kozlov başda olmaqla (o, ixtisasca zootexnik idi) respublikanın bir qrup rəhbər işçiləri, hətta Elmi-Tədqiqat İnstitutunun direktoru, alimlərdən də bir neçəsi mənə arayış veriblər ki, Azərbaycanda camışçılığı perspektivsiz sahə kimi ləğv etmək lazımdır. Amma mənə yaxın bir adam var - şəkilidir. O mənə söylədi ki, bu yaxınlarda Şəkidə ətlik cins mal yetişdirən təsərrüfat da olub, ona deyiblər ki, Azərbaycanda camış min illərin sınağından çıxmış, xəstəliyə davamlı, keyfiyyətli südü, qatığı, yağı, ət məhsulu olan heyvandır. Heç vaxt onu sıradan çıxarmaq olmaz. Əksinə mütəxəssislər də, camaatda onu inkişaf etdirməyin tərəfdarıdır.

O saat mənim yadıma Azərbaycanda telekommunikasiya sisteminin təməlini qoyanlardan biri olan Fərrux Məmmədov düşdü. O, hər dəfə Şəkiyə gələrkən bura baş çəkər və camışçılığın vəziyyəti ilə əlaqədar niyə məni sorğu-suala tuturmuş, indi bildim! Heç şübhəsiz, Heydər Əliyevə də camışçılıqla bağlı real vəziyyəti o söyləmişdi.

Ziya Yusifzadə mənə dedi:

- Cavan oğlan, xahiş edirəm, şəxsən siz camışçılıqla bağlı burada aparılan işlər və əldə edilən nəticələr barəsində geniş bir arayış hazırlayıb mənə verəsiniz.

Biz camışçılığın keçmişi, mövcud durumu və inkişafının perspektivləri ilə bağlı geniş arayış hazırladıq və mən onu Dövlət Təhlükəsizlik Komitəsinin sədrinin 1-ci müavini Ziya Yusifzadəyə verdim. Bir neçə gündən sonra məhz həmin arayışın üzərinə Heydər Əliyevin qoyduğu dərkənara əsasən respublikamızın rəhbərinin birinci köməkçisi Arif Mustafayev (o da ixtisasca zootexnik idi) Şəkiyə gəldi və bir neçə mütəxəssislə birlikdə təsərrüfatla tanış oldular, burada gedən işləri, xüsusilə də, camışçılıqla bağlı aparılan işləri, mövcud vəziyyəti hərtərəfli öyrəndilər, nəticələri təhlil etdilər və Bakıya qayıtdılar. Aradan bir müddət keçdi, Mərkəzi Komitənin Plenumu oldu. Plenum Azərbaycanda heyvandarlığın vəziyyəti və perspektivlərinə həsr edilmişdi. Heydər Əliyev geniş məruzə etdi. Məruzədə respublikada camışçılığın inkişafına xüsusi bölmə ayrılmış, Şəki təsərrüfatlararası heyvandarlıq birliyinin işinə geniş yer verilmişdi, eyni zamanda bütün rayonlara bu təsərrüfatın iş təcrübəsinin yayılması tövsiyə olunmuşdu.

Təsəvvür edin, o zaman Mərkəzi Komitənin ikinci katibini Moskva göndərirdi. Mütləq rus millətindən olmalı idi (nadir istisnalar olmaqla). Respublikalarda birinci katiblər onlarsız heç nə edə bilmirdilər. Azərbaycandakı ikinci katibin - Sergey Kozlovun da camışı görəsi gözü yox idi. Hətta, o, Şəkidən Zaqatalaya gedərkən Daşüz Camışçılıq sovxozunun ərazisindən keçərkən yolda maşınının qarşısına səhər-səhər camış sürüsü çıxdığından geri qayıtmış və həmin gün Zaqatalaya getməmişdi. Yəni bu adamda camışa qarşı patoloji nifrət vardı. Bax, bu vəzifəli düşmən Mərkəzi Komitənin Bürosuna sapı özümüzdən olan bizimkilərdən də istifadə edərək təklif vermişdi ki, respublikada camışçılıq ləğv edilməlidir.

Sonralar mən millət vəkili, respublika "Azərdamazlıq" İstehsalat Elm Birliyinin baş direktoru olarkən 1991-ci ildə Bolqarıstanın Varna şəhərində keçirilən Ümumdünya Camışçılıq Konqresində SSRİ-dən gedən nümayəndə qrupunun rəhbəri kimi iştirak edirdim. Ümumdünya Camışçılıq Konqresinin prezidenti, BMT-nin FAO (kənd təsərrüfatı) təşkilatının məruzəçisi, Misirdən olan akademik Şalaşı dinləyərkən Sergey Kozlovun camışçılığı niyə Azərbaycandan yox etmək istədiyini bir daha dərk etdim. BMT-nin FAO təşkilatının məruzəsində göstərilirdi ki, Qafqazda əhliləşmiş ilk məhsul verən ev heyvanı camışdır. SSRİ-də isə o zaman, yəni 1991-ci ildə 550 min baş camış vardı, 85 faizi Azərbaycanda idi. Qalan hissəsi Gürcüstanda, Ermənistanda və Dağıstanda yaşayan azərbaycanlıların qapısında idi. Yalnız 7 başı Moskva ətrafında yaşayan erməniyə məxsus idi. Həmin erməni isə vaxtilə Azərbaycandan köçüb getmişdi. BMT-nin FAO təşkilatının hazırladığı məruzə bir qaçılmaz məntiqi - həqiqəti ortaya çıxarırdı. Əgər Qafqazda ilk əhliləşmiş məhsul verən ev heyvanı camışdırsa və bu da tarixən, elə bu gün də azərbaycanlıların qapısındadırsa, deməli, bu yerlərin ilk oturaq sakinləri də azərbaycanlılardır. Bax, Sergey Kozlovun ləğv etmək istədiyi də elə bu imiş. Amma Heydər Əliyev böyüklüyü və uzaqgörənliyi buna imkan vermədi. Özünəməxsus bir cəsarətlə hərəkət etdi, nəinki camışçılığın ləğv edilməsinin qarşısını aldı, həm də inkişaf perspektivinin kardinantlarını plenumda təsdiq etdi.

İndi sual olunur, xalqını, elini-obasını sevən, adət-ənənəsinə bağlı Ziya müəllim, Fərrux dayı kimi adamlar olmasaydı, ən yüksək məqam sahibinin yanında min illər ərzində Azərbaycan xalqının məişətinə daxil olaraq tarixin yollarında addımlayan, canlı şahidimiz camış barəsində inamı kim yarada bilərdi? O dövrün xüsusiyyətləri belə idi ki, heç kim!

Kimə məlum deyil ki, bədxah qonşularımız dəridən-qabıqdan çıxaraq tarixi hər cür saxtalaşdırmaqla Azərbaycan xalqının köçəri olduğunu və bu yerlərə sonradan gəldiyi məkrini uydururlar. Onların SSRİ-də və xarici ölkələrdə yaratdıqları cəmiyyətlər bu sahədə xüsusi iş aparırdılar. Hətta "Azərbaycan camışı" adını dəyişərək "Qafqaz camışı" adı ilə rəsmiləşdirmişdilər. Bu məkrli işə Gəncədə doğulan, Moskvada yaşayan akademik Rafiq Arzumanyan başçılıq edirdi. Azərbaycanda rəhbər vəzifədə olan Kozlovların və onlara xidmət göstərən bəzi nadan adamların dırnaqarası səxavətindən də istifadə edərək saxtalaşdırılmış "Azərbaycan camışı" adı yalnız 1991-ci ildə özünə qaytarıldı. Varnada keçirilən Ümumdünya Camışçılıq Konqresinin yekunları ilə əlaqədar "XXI əsrin ümidi və ya Qoca Şərqin böyük kəşfi" adlı geniş məqalə yazdım və Mərkəzi Komitənin rəsmi orqanı olan "Bərəkət" qəzetinin ardıcıl olaraq dörd nömrəsində dərc etdirdim. Məqalədə qaldırılan məsələlərlə bağlı Azərbaycan hökuməti "Camışçılığın inkişaf etdirilməsinə dair" qərar verdi.

Ziya müəllimlə ikinci görüşümüz 1985-ci ilin fevral ayına təsadüf edir. Həmin vaxt Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi bürosunun üzvü, Dövlət Təhlükəsizlik Komitəsinin sədri Ziya Yusifzadə Şəkiyə gəlmişdi. O, Şəki şəhər-rayon rəhbərliyinə daxil olan vəzifəli şəxslərlə görüşdü. Şəki Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsi sədrinin 1-ci müavini, Rayon Aqrar Sənaye Birliyinin sədri kimi görüşdə mən də iştirak edirdim. Ziya müəllim çıxışını azərbaycançılıq - dövlətçilik ideyası ətrafında qurmuşdu. Azərbaycan ədəbiyyatı, onun Sovet və dünya ədəbiyyatındakı yeri barəsində, millətimizin yetirdiyi görkəmli şəxslər barəsində danışdı. Onları tanımağımızı və sevməyimizi, bir-birimizə arxa olmağımızı tövsiyə etdi. Sonra erməni milliyyətçi dairələrinin, diaspor təşkilatlarının dünyada apardığı anti-Azərbaycan təbliğatının görünməyən tərəflərindən, gələcəkdə torpaqlarımıza oluna biləcək qəsdlərdən, onların digər məkirli niyyətlərindən söz açdı.

Aradan illər keçdi, SSRİ-də yenidənqurma şüarları səsləndirilməyə başladı. Bu şüarlar sırasında erməni millətçi alimi, SSRİ-nin rəhbəri Mixail Qorbaçovun yaxın ətrafına daxil olan akademik Aqanbekyan  Fransada - Parisdə Azərbaycanın ən qədim torpağı olan "Qarabağın dağlıq hissəsinin Ermənistanın iqtisadiyyatına bağlı olduğu" və buna görə də ona birləşdirilməsi iddiası ilə bəyanat səsləndirdi. SSRİ rəhbərliyi isə susurdu. Azərbaycan xalqı haqlı olaraq etiraz səsini bütün dünyaya ucaltdı. Hansı ki Ziya Yusifzadə Aqanbekyanın sensasiyalı və olduqca təhlükəli bəyanatından neçə illər öncə bu barədə dövlət adamı olaraq bizi xəbərdar etmişdi və məndə heç bir şübhə yeri qalmır ki, o bu barədə respublika (Azərbaycan) və ölkə (SSRİ) rəhbərliyinə də ən məxfi məlumatları çatdırırdı.

Ziya müəllim hələ 1986-cı ildə "Azərbaycan kommunisti"  jurnalında dərc edilmiş yazısında açıqca olaraq Erməni ümummilli konqresi tərəfindən SSRİ-nin dağıdılmasına hesablanan Qarabağın dağlıq hissəsində separatçılıq hərəkatının başlanması barəsində məxfi qərar qəbul edildiyini vurğulamışdı. Təsadüfü deyildi ki, bu hadisələrin başlanğıc dövründə Moskva regiona yaxşı bələd olan, milli və dövlət təhlükəsizlik məsələləri üzrə böyük təcrübəyə malik generalının görəvindən uzaqlaşdırılması planı cızırdı və nəticədə o, istefa vermək məcburiyyətində qaldı.

Onunla üçüncü görüşümüz 1988-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Bürosunda oldu. O zaman məni Respublika Dövlət İstehsalat - Elm "Azərdamazlıq" Birliyinin baş direktoru vəzifəsinə təsdiq edirdilər. Ziya müəllim də Mərkəzi Komitə Bürosunun üzvü kimi burada əyləşmişdi. Mənim anket məlumatlarım oxunandan sonra büronun sədri - həmin dövrdə Azərbaycanın rəhbəri olan Kamran Bağırov "Kimin sözü var?"  deyə  müraciət etdikdə, ilk sözü Ziya müəllim söylədi: "Əşrəf  Məmmədovu yaxşı tanıyırıq. Respublikada tanınan, bacarıqlı kənd təsərrüfatı təşkilatçısıdır, yaxşı mütəxəssisdir, yenilikçidir, təmiz kadrdır. Aşağıdan - kənddən başlayaraq respublika səviyyəsinədək vəzifələri pillə-pillə keçib. Hər yerdə də özünü doğruldub. Özünə və tabeliyində olan işçilərə qarşı tələbkardır. Eyni zamanda onların qayğısına da qalır. Mən təklif edirəm ki, təsdiq edilsin!"  Hamı bir ağızdan "Təsdiq edilsin" dedi. Dövlət Təhlükəsizlik Komitəsinin sədrinin verdiyi arayış mənə ünvanlanması ehtimal edilən bütün sualları cavablandırmışdı.

Onunla dördüncü dəfə 1991-ci ildə Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin qarşısında görüşdük. Özü yaşda iki nəfərlə gəzişirdilər. Yay gününün axşamı sərin hava qəbul etmək üçün yüzlərlə adam gəzintiyə çıxmışdı. Bu adamların içərisində yaşlı və gənc nəsillərin nümayəndələri də var idi. Mən də bir neçə adamla birlikdə burada idim. Artıq Ziya müəllim bütün vəzifələrdən getmişdi. Lakin bu, onun sadə insanlar arasındakı nüfuzuna təsir göstərməmişdi. Muzeyin qarşısındakı meydanda tez-tez adamlar yaxınlaşaraq onunla görüşür, hal-əhval tuturdular. Vəzifəli şəxslər isə onu gördükdə qarşılaşmamaq üçün səmtlərini dəyişərək dərhal uzaqlaşırdılar. Həmin dövrdə mən artıq ilk dəfə alternativ əsaslarla keçirilərin seçkilərdə Azərbaycan parlamentinin deputatı seçilmişdim. Ətrafımdakılardan biri - 1950-70-ci illərdə Azərbaycan hökumətində Sovet orqanları şöbəsinə, Qusar və İmişli rayonlarına,  Şəki şəhərinə bacarıqla rəhbərlik etmiş, sözün əsl mənasında böyük insan, böyük ziyalı, böyük ideoloq olan Əbdürrəhim Məmmədov, digəri isə Azərbaycan jurnalistika məktəbinin sayılıb-seçilən nümayəndəsi, "Qızıl qələm" mükafatı laureatı, uzun illər "Azərbaycan gəncləri" qəzetinin məsul katibi, "Naxçıvan" qəzetinin baş redaktoru görəvini yaradıcılıqla yerinə yetirmiş yazıçı-publisist, müstəqillik, demokratiya, aşkarlıq çağırışlarını özündə ehtiva edən məqalələr, publisistik yazılar müəllifi Abdul-Qəni Qədirov idi. Hər üçümüzün Ziya müəllimə münasibətindəki fikirlərimiz demək olar ki, üst-üstə düşürdü. Həmin ərəfədə ona qarşı haqsızlıq edildiyini - Azərbaycanı gözləyən təhlükəni doğru-düzünü dediyinə görə vurulduğunu düşünürdük. Meydanda növbəti dövrəni vurarkən yaxınlaşaraq onunla görüşdük. O hər üçümüzü yaxşı tanıdığından özü təşəbbüs göstərərək dedi: "Əbdürrəhim, maşallah otuz il əvvəlki tanıdığım  Əbdürrəhimsən. Saçların da həminkidir, qapqara şəvə kimi. Bir dənə də olsun ağ tük yoxdur başında". Əbdürrəhim müəllim də zarafatından qalmadı, saçlarının arasındakı bircə dənə ağ tükdən yapışaraq: "Ziya, bəs bunu niyə görmürsən, bəs bu nədir?" - dedi. Bir sözlə, həyat məktəbinin təcrübəli daşıyıcıları söhbətə keçməzdən qabaq xoş ünsiyyət üçün əsəblərə rahatlıq gətirən bir tarım çəkdilər. Xeyli müddət burada gəzişərək söhbətləşdik. Fikir mübadiləsi əsnasında məlum oldu ki, Ziya müəllim hər hansı vəzifə tutmasa da, cəmiyyətimizdə, ictimai-siyasi həyatımızda baş verənləri diqqətlə izləyir və öz təfəkkür süzgəcindən keçirir. "Əşrəf, sən çox düz dedin, keçmişdə baş verən neqativ halların yalnız şəxsiyyətlərlə əlaqələndirilməsi düzgün deyil. Burada imperiyanın, quruluşun mahiyyətindən, xislətindən doğan hallar daha böyük faciələrə səbəb olub". Ziya müəllim bununla da mənim parlamentdəki çıxışıma işarə etməklə hər şeydən xəbərdar olduğunu, heç nəyə biganə qalmadığını nümayiş etdirirdi.

Onunla beşinci görüşümüz 1998-ci il avqust ayının 15-də telefonda oldu. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamı ilə mənim Şəki şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini həyata keçirməyə başladığım üç gün idi. Telefon zəng çaldı, dəstəyi götürdüm: "Əşrəf salam, Ziya Yusifzadədir danışan. Səni təbrik edirəm, inanıram ki, sən Şəkidə də yaxşı işləyəcəksən. Orda uzun illərdir yığılıb qalan problemləri həll edəcəksən. Camaatımız bunu gözləyir. Bilirəm çox çətindir, orada indi çörəklə təminat özü ciddi problemə çevrilib. Hərci-mərcilikdir. Yaranmış başıpozuqluqdan istifadə edib camaatın başına min oyun açırlar. Nəticədə günahsız insanlara zərər dəyir, müstəqilliyimizə bəslənilən ümidlər zədələnir. Heydər Əliyev də etibar edib səni Şəkiyə göndərib ki, bunları aradan qaldırasan, vəziyyəti qaydasına qoyasan. Sənə şəkililər böyük ümid bəsləyirlər. Şübhəm yoxdur ki, prezidentin etimadını, Şəki camaatının sənə olan inamını, ümidini doğruldacaqsan!"

Ziya müəllimlə altıncı görüşümüz 2009-cu ilin fevral ayında Bəxtiyar Vahabzadənin hüzn mərasimində oldu. Onunla ilk görüşümüzdən 37 il ötmüşdü. Ömrün oğlan çağlarını arxada buraxaraq ahıl dövrünə qədəm qoymuş Ziya müəllim məclisə bir nəfərlə təşrif  buyurmuşdu. Çox keçmədi, onun ətrafında qələbəlik yarandı. Hamı ona qulaq asmaq istəyirdi. O isə hər məsələdə olduğu kimi, danışarkən də ölçülü-biçili idi. Ətrafa xoş gəlmək üçün papulist leksikondan istifadə etmir, reallığın doğuracağı atmosferdən çəkinmir, həqiqəti özünəməxsus tərzdə, qərəzsiz söyləyir və bu zaman çıxış yollarını səsləndirməyi də unutmurdu.

1985-ci ildə bizimlə Şəkidə görüşəndə: "Mirzə Fətəli Axundzadəni, Rəşid bəy Əfəndini, Salman Mümtazı tanıyın, onların xalqımız qarşısındakı xidmətlərini öyrənin. Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı kimi görkəmli adamlarımızın, şair və yazıçılarımızın cənubi Azərbaycandakı tanınmış soydaşlarımızla Şəhriyarla, Səhənglə və digərləri ilə əlaqə qurması, məktublaşması xalqımız üçün mühüm əhəmiyyət kəsb edir. Heydər Əliyevi sevin, o bizim xalqımıza çox gərəkdir" - deyəndə də həqiqəti söyləyirdi. Lakin orada olan muzdur düşüncəli, sürüşkən təbiətli vəzifəli şəxslərdən birisi Ziya müəllimin yanında başını tez-tez yerli-yersiz yırğalayaraq bu fikirləri canla-başla qəbul etdiyini təsdiqləyən ifadələr səsləndirsə də, aradan bir müddət keçdikdən - Ziya müəllim vəzifəsindən getdikdən sonra Azərbaycana Moskvanın yenicə təyin etdiyi canişini - Mərkəzi Komitənin II katibi  Konavalova bu görüş barədə danos ötürmüşdü və bunu özünə şərəf  bildiyini tez-tez təkrarlayırdı. Təəssüflər ki, bu gün də həmin adam iygənc, düşük mövqeyi ilə kimlərəsə lazım olur.

Ziya müəllimlə birinci görüşdən on illər ötür, o zaman nələrə işarələr etdiyi böyük əksəriyyət üçün indi təfərrüatı ilə aydın olurdu. Heydər Əliyevi SSRİ rəhbərliyindən uzaqlaşdırırlar. Sonra isə Ermənistan Azərbaycan torpaqlarına təcavüz edərək Qarabağın dağlıq hissəsini və ətraf rayonları işğal altına alır. Moskva nəinki ədaləti, beynəlxalq hüququ bərpa edir, əksinə, təcavüzkarın tərəfində durur, hətta birbaşa erməni tərəfindən işğalda iştirak edir. Dünyaya səpələnmiş erməni diaspor təşkilatları isə insanlar arasında yazıq, əzilən erməni obrazını formalaşdırır, dünyanı aldatmaqla məşğul olur.

Təcavüzə məruz qalmış Azərbaycanın  harayı isə  Bakıda alovlanır, elə Bakıda da sönürdü. Azərbaycan diaspor təşkilatlarının səsi eşidilmirdi. Dünyadakı hər bir azərbaycanlının əsas dayaq yeri olan ana vətənin başına gətirilən oyunları, daha dəqiq desək, heç kim eşitmək istəmirdi. Səbəbi isə aydın idi: bütün dövrlərdə (hətta dəmir pərdələrə bürünmüş SSRİ-də) ermənilər xaricdəki işbazlarını dəvət edərək Ermənistana gətirirlər, nümayəndələrini müntəzəm olaraq xaricdəki diasporları ilə görüşə göndərirdilər. Azərbaycan torpaqlarına gələcəkdə edəcəkləri təcavüzün uydurma təbliğatını aparırdılar. Hansı ki həmin dövrdə Azərbaycanda atılan buna bənzər ən kiçik addıma pantürkçülük, millətçilik damğası vurularaq yox edilirdi. Dərhal içərimizdəki buyruqqulların baltalarını işə salırdılar. Həmin baltalardan birini də çox sonralar Ziya müəllimə tuşladılar. Bu bizim gördüyümüz idi, görə bilmədiklərimiz isə daha çoxdur. Yaxşı ki zaman hər şeyi öz yerinə qoya bilir - yalançı qəhrəmanları əməlləri ilə birlikdə yaddaşlardan silərək yox etdiyi kimi, yaxşılarıda necə varsa olduğu kimi yeni nəsillərə çatdırır.

lll

Onun barəsindəki yazını məktubla çalışdığı Milli Təhlükəsizlik Akademiyasının ünvanına yolladıqdan sonra bir müddət keçir. Bu il may ayının 20-də nahar fasiləsində telefonuma zəng gəlir. Aparatın düyməsini basaraq: "Alo, buyurun" - deyirəm. Salamlaşaraq: "Ziya Yusifzadədir, necəsiniz" - deyir. Mən də qarşılığında: "Çox sağ olun, Ziya müəllim" -  deyərək onu salamlayıram.

- Əşrəf, sənin yazıçılığında varmış ki (bununla da ona ünvanladığım məktuba işarə edirdi). Yaxşı olardı ki, özünün həyat yolunu da qələmə alasan. Keçdiyin yol hər cəhətdən maraqlıdır, zəngindir. Nə qədər ki canın sağdır, düşünə bilirsən, yaza bilərsən, bunu et. Qocalıqda bunları etmək çətinləşir.

- Ziya müəllim bu barədə fikirləşirəm. Biz sizi həmişə səngərdə - döyüşə hazır general kimi görürük!

- Əlbəttə, getmək istəsəm də, buraxmırlar. Qoymurlar getməyə.

- Doğrudan da, Ziya müəllimin öz təcrübəsini, xidməti dəst-xəttini müstəqil dövlətimizə xidmətdən, millətimizin hər gün formalaşmaqda olan yeni nəsillərinə öyrətməkdən imtina etməsini anlamaqda çoxları çətinlik çəkər.

- İndi bir kitab üzərində tamamlama işləri aparıram. Orada Heydər Əliyevlə keçirdiyimiz 47 illik bir yolda baş verənlər öz əksini tapır. Axı, mənim iş fəaliyyətimin 70 faizi onunla birgə olub. Onun barəsində hər yetən kitab yazır. Bu belə olmamalıdır.  

- Ziya müəllim, doğru buyurursunuz. Heydər Əliyev barəsində sizin kimi - onunla uzun illər birlikdə çalışmış insanlar yazarsa, o zaman gələcək nəsillər daha dolğun məlumatlar əldə edə bilərlər.

- Təmizlik mənim qürur duyduğum məsələdir. Düz deyirsən, bütün həyatım boyu bu prinsiplərə sadiq qalmışam. Əlbəttə, sənin kimi mənalı bir həyat yolu keçən, təcrübəli, məndən heç vaxt asılılığı olmayan bir insanın barəmdə yazmasını mənə verilən dəyər kimi qəbul edirəm. Buna görə də çox sağ olun.

- Mənim düşüncəmdə uzun illərdir formalaşan bir Ziya Yusifzadə var. Məni sizə bağlayan və barənizdə qələmə aldıqlarım da elə budur.

- Qoy Avropa Oyunları keçirilsin, başa çatsın görüşərik. Allah qoysa hər şey yaxşı olacaq. Avropa Oyunlarından sonra sənə zəng edəcəyəm! Hələlik, salamat qal!

- Ziya müəllim, çox sağ olun.

Bir də Ramazan bayramında (17 iyulda) zəng edərək onu təbrik edirəm.

Qurban bayramında  (24 sentyabrda) onun telefonu cavab vermir - susur...

30 sentyabr 2015-ci ildə isə artıq özü susmuşdu - əbədi dünyasına köç etmək üçün!

Allah rəhmət eləsin!

Əşrəf MƏMMƏDOV

 





06.11.2015    çap et  çap et