525.Az

"Partizan"ın baş məşqçisi: "Sadiqov, Flavinyo və Vobay çox təhlükəlidir"


 

"Partizan"ın baş məşqçisi: "Sadiqov, Flavinyo və Vobay çox təhlükəlidir"

Avropa Liqasının qrup mərhələsinin ilk oyununda sabah «Neftçi»ylə qarşılaşacaq Belqradın «Partizan» klubunun baş məşqçisi Vladimir Vermezoviç bu gün mətbuat konfransı keçirib.
 
Qol.Az-ın Serbiyaya ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, tədbirdə o, serb və azərbaycanlı jurnalistlərin suallarını cavablandırıb.

- Bizim üçün qrupdan çıxmaq üçün yaxşı şans yaranıb. Bunu əldən vermək istəmirik. Rəqibimiz çox təcrübəlidir. Çoxlu legioneri var. Komandamızın bütün oyunçuları görüşə hazırdır. İnanırıq ki, qrupda çox xal toplaya biləcəyik. Sabah stadion ağzına kimi dolsa, bizim üçün qələbə qazanmaq daha asan olacaq. Elə buna görə də mən bütün azarkeşləri bizə dəstək verməyə çağırıram.

- «Partizan»la qarşılaşmada «Neftçi»nin əsas oyunçularından olan müdafiəçi Bertuççi çıxış etməyə bilər.

- Bertuççi «Neftçi»nin bütün oyunlarında komandasının liderlərindən olub. Ümid edirəm ki, onun oynamaması bizim üçün faydalı olacaq.

- «Neftçi» Avroliqanın pley-off mərhələsində Kiprin «Apoel» klubunu məğlub edib. Bu amil sizi narahat etmir?

- Hansı rəqibi məğlub etmələrinin önəmi yoxdur. Biz görüşə adi qaydada hazırlaşırıq.

- «Neftçi»nin hansı mövqeyini xüsusi qeyd etmək istərdiniz?

- Rəqibimizin yarımmüdafiəsi çox güclüdür. Rəşad Sadiqov, Flavinyo və Vobay çox təhlükəlidir.

- «Neftçi» dünənki məşqini «Partizan»a düşmən kimi olan «Srvena Zvezda»nın stadionunda keçirdi. Siz öz stadionunuzu «Neftçi»yə niyə verməmişdiniz?

- «Neftçi» Belqrada oyuna iki gün qalmış gəlib. Adətən isə komandalar səfər görüşünə bir gün qalmış gedirlər və rəqibin stadionunda məşq keçirlər. Bizim «çox yaxşı» münasibətdə olduğumuz «Srvena Zvezda» öz stadionunu «Neftçi»yə verdi. Çox sağ olsunlar ki, rəqibimizə kömək etdilər. İnanırıq ki, biz həmişə «Srvena Zvezda» üzərində qazandığımız qələbəni sabah «Neftçi»ylə oyunda da davam etdirəcəyik.

- «Partizan» qrupda ikinci-üçüncü yer uğrunda yarışacaq?
 
- Xeyr. Biz üçüncü yox, birinci yer üçün oynayacağıq.

 





19.09.2012    çap et  çap et