525.Az

Barmağı kəsilən erməni qızı, ağzından vurulan döyüşçü, üstümüzə qayıdan qumbara


 

“Kəşfiyyatçının xatirələri”

Barmağı kəsilən erməni qızı, ağzından vurulan döyüşçü, üstümüzə qayıdan qumbara <b style="color:red"></b>

Qarabağ müharibəsinin gerçək hekayətlərini kəşfiyyatçı Rey Kərimoğlu yazır 

Dost-tanış yaxşı bilir, Qarabağ savaşında döyüşçü gündəliyi yazmamışam. Yazanlara da həmişə qibtə eləmişəm. Əvvəllər belə bir fikrim olub, amma gündəliklərlə bağlı baş verən bir neçə xoşagəlməz hadisələr bu işdən daşındırıb məni. O günlər elə hey beynimdə canlanıb nəsə yazmağa vadar edir, yəqin yaddaşın elə qatları var ki, orda yaşayan xatirələr mütləq yazılmalıdır. Həyat əsl gündəlikdir, nə vaxt yazılırsa yazılsın...Elə məqamlar var ki, onlar heç vaxt unudulmur.

Digər tərəfdən, düşündüm ki, bu həm də o günləri yaşamış, döyüşlərdə qəhrəmancasına şəhid olmuş, yaralanmış və ya taleyin xoş təsadüfü nəticəsində sağ qalan insanların unudulmaması, gələcək nəslə bizim müstəqilliyimizin ilk illərində yaşadığımız keşməkeşli günləri, ələlxüsus da torpaqlarımızın erməni işğalçılarından müdafiəsi məqsədi ilə çətin şəraitdə milli ordunun yaranması prosesinin şahidi kimi hadisələri olduğu kimi çatdırım. Əlbəttə, mən əsasən 1991-1993-cü illərdə gördüklərimi, çox nadir hallarda isə 3-4 mənbədən təsdiqini tapan eşitdiyim hadisələri qələmə alacam...

Bu da mənim bir vaxtlar yazmaq istəyib yaza bilmədiyim bir gündəliyin bir səhifəsi. İndi bu səhifənin bəzi yerləri o qədər pozulub ki, oxunmaz hala gəlib. Amma hələ gec deyil, nə qədər ki, biz - bu qanlı səhnənin gerçək şahidləri varıq, bu səhifələri bir yerə toplayıb o günlərin xatirəsini əbədiləşdirməliyik. Tamamilə oxunmaz hala gəlmədən...

 

Bizi erməni bilib güllələmək istədilər...

 

13-cü yazı

 

1992-ci il, martın 3-ü... Çərşənbə axşamı idi. Havadan Novruz tonqallarının qoxusu gəlirdi. Tale elə gətirmişdi ki, həmin il martı 3-də çərşənbə tonqalını Azərbaycanın Milli Qəhrəmanı mərhum polkovnik-leytenant Şirin Mirzəyev və batalyonun xüsusi təyinatlı əsgərləri ilə Ağdərənin Sırxavənd kəndində qaladıq.

 

Ş.Mirzəyev həmin gün ermənilərin tez-tez Sırxavəndə olan hücumlarının qarşısını birdəfəlik almaq niyyəti ilə düşmənin nəzarətində olan bir neçə strateji əhəmiyyətli məntəqələrə hücum etməyi planlaşdırırdı. Amma yerli hakimiyyət buna mane oldu. Sırxavəndin və digər yaşayış məntəqələrimizin təhlükəsizliyini təmin etmək üçün Ş,Mirzəyev alternativ əməliyyat planları hazırlamışdı. Bunlardan biri də Qazançı əməliyyatı idi. Xocalı faciəsindən bir neçə gün keçmişdi...

 

Burda bir haşiyə çıxım: bu vaxta  qədər biz - Ş.Mirzəyevin batalyonunun kəşfiyyat dəstəsi müxtəlif qruplara bölünərək həmin ərazidə, o cümlədən dörd tərəfdən uca və qarlı dağlarla əhatə olunmuş Qazançı kəndində bir neçə dəfə uzunmüddətli kəşfiyyat işləri aparmışdıq. Bu kəşfiyyat əməliyyatlarının sonuncusunda isə bütün dəstə iştirak etdi.

 

Biz Qazançının müxtəlif istiqamətlərində quruduğumuz postlar vasitəsiylə 3-4 gün gecə-gündüz müşahidə apardıq. Kəndə girib-çıxanların, o cümlədən Qazançının müdafiəsində olan erməni döyüşçülərinin siyahısını dəqiqləşdirməyə çalışdıq. Əldə etdiyimiz dəqiq məlumata görə, hələ sovet dönəmində ermənilərin separatçı məqsədləri üçün vəsait toplayan gizli təşkilatın - “Krunk”un fəallarından olan Arutunyan Barxudar həm Qazançının müdafiəsini, həm də azərbaycanlılar yaşayan kəndlərə hücumları, qətlləri həyata keçirirdi. Kənddə təxminən 75-80 nəfər erməni döyüşçüsü var idi...

 

Martın 2-nə keçən gecə səhərə qədər qar yağdı. Biz uzandığımız yerdən tərpənmirdik deyə, bütün gecəni yağan qar üstümüzü tamam örtmüşdü. Elə müşahidə postumuz var idi ki, düz ermənilərin keçdiyi işlək yolun 5-6 metrliyində yerləşirdi. Ermənilərin düz yanımızdan keçdiyini duyur, danışıqların açıq-aydın eşidirdik. Həmin gecə ermənilər bir neçə dəfə Qazançıya gedib-qayıtdılar.

 

Səhər qarın altından çıxıb geri qayıdanda gördük ki, ermənilərin qurduğu bir tələyə dovşan düşüb. Ziyad Əliyev (2001-ci ildən həbsdədir) dovşanı tələdən çıxarıb, özü ilə götürdü. Biz ən yaxın azərbaycanlı kəndi olan Qaraşlara endik. Qaraşlara çatanda azacıq dincəlmək üçün sahibini tanıdığımız bir evin qapısını döydük. Çağırışımıza ev sahibi yox, balaca bir oğlan çıxdı həyət qapısına.

 

Əslən Qax rayonundan olan boy-buxunlu, cüssəli Azad öz şirin qaxlı ləhcəsi ilə uşaqdan ev sahibini soruşdu. Uşaq “indi çağıraram” deyib getdi. Ev sahibinin gecikdiyini görüb tanışımızın hündür kürsülü evinin aynabəndinə qalxdıq.

 

Ayaqqabılarımızı çıxardıb aynabəndə keçdik, yerə döşənmiş döşəkcələrin üstündə əyləşib ev sahibini gözləməyə başladıq. Böyük odun sobası aynabəndi əməlli-başlı qızdırmışdı... Mən adətim üzrə üzü qapıya sarı əyləşmişdim. Evə gələn adamı birinci mən və mənim kimi üzü qapıya əyləşən kəşfiyyatçılar görməli idi. Bir azdan qulağıma həyətdən səs gəldi. Elə bil həyətdə kimlərsə xosunlaşırdı.

 

Düşündüm ki, ev sahibidir. Amma heç 3-4 saniyə keçməmiş aynabəndin həyətə baxan pəncərəsinin önündən bir qaraltının əyilə-əyilə giriş qapısına tərəf sürətlə keçdiyini gördüm. Özümdən asılı olmayaraq, ehmalca əlimdəki avtomatın tətik qoruyucusunu açdım. Uşaqlarda bunu sezdilər... Giriş qapısının yanındakı pəncərədən bir nəfər bizə tərəf boylandı. Gözü mənə sataşdı və dərhal ayağa durub qapıdan içəri girdi. Ev sahibi idi...

 

Sonra məlum oldu ki, Azadın uşağa tanış gəlməyən qaxlı ləhcəsində danışması bayaqkı  balacanı qorxudub. Elə bilib ki, biz erməniyik. Gedib atasına xəbər verib ki, bəs ermənilər onların kəndinə girib. Onlar da qonşu Bəşirlər və Sırxavənd kəndlərindən əlavə kömək toplayıb Qaraşlara qayıdıblar ki, uşağın verdiyi məlumatı yoxlasınlar. Ev sahibi deyirdi ki, pəncərədən aynabəndə boylananda məni görüb və tanıyıb (Bir neçə dəfə o kəndlərdə olmuşdum). Yoxsa bizi güllələyəcəklərmiş.

 

Bu olaydan sonra Azad heç bir kəşfiyyat əməliyyatı zamanı danışmadı...

 

Uşaqlar dovşanı kəsib soydular və bişirdilər. Ömrümdə ilk dəfə dovşan ətini daddım və peşman oldum. Cəmi bicə tikə ət qoydum ağzıma, neçə gün özümə gələ bilmədim.

 

Qazançı döyüşü

 

Həmin axşam - martın 3-də çərşənbə tonqalının ətrafındaca Ş.Mirzəyev kəşfiyyatçılara bu əməliyyata başlayacağımızı bildirdi. Kəşfiyyatçı Əlabbas İsgəndərovu Ş.Mirzəyev Qalayçılar kəndi istiqamətinə göndərmişdi. Əlabbas Qazançı əməliyyatı üçün lazım olan ən son məlumatları toplayıb (onun rabitə əlaqəsi zamanı şifrələnmiş adı “Dağlı” idi) Ş.Mirzəyevə çatdırırdı. Bir neçə istiqamətdən ediləcək hücum əməliyyatında kəşfiyyat dəstəsi düşmənin arxasına keçərək həlledici zərbə vurmalı idi. Kəşfiyyat dəstəsini bu mövqeyə Məhəmməd adlı Qalayçılı döyüşçü və Əlabbas gətirməli idi.

 

Martın 4-də tezdən kəşfiyyat və hazırlanmış digər xüsusi qrupla batalyondan əməliyyat mövqelərinə yollandıq...

 

Həmin gün bərk qar yağmışdı, dağlar, dərələr, ağaclar ağappaq örtüyə bürünmüşdü. Bu əsrarəngiz gözəlliyi seyr edə-edə səhərin sakitliyində Qalayçılar kəndi tərəfdən Qazançıya yaxınlaşmaq üçün xeyli yol qət etdik. Dağın zirvəsinə çatıb özümüzə münasib bir yer seçib, hücum əmrini gözlədik. Artıq dan yeri sökülür, hava yavaş-yavaş işıqlaşırdı...

 

Buradan gördüyümüz mənzərə bir daha Qazançı adı ilə kəndin görünüşünün çox həmahəng olduğunu sübut edirdi. Hər tərəfdən dağlarla dövrəyə alınmış kənd elə qazan içinə bənzəyirdi. Evlərin bacalarından yorğun-yorğun, tənbəl-tənbəl qalxan tüstü göyə millənirdi.

 

Müxtəlif istiqamətlərdən açılan atəş səsləri səhərin sükutunu elə qəfil pozdu ki, ağacların qar altda sallanıb qalmış budaqları, ağ təpəciklərə bənzəyən yumru, kələ-kötür kol-koslar da səksəndi. Məni isə atəş səsləri ilə yanaşı budaqlardan boynuma düşən soyuq qar topası səksəndirdi. Bunu görən Əlabbas başına - öz hərbi gödəkcəsinin su keçirməyən nazik brezent papağına işarə edib gülümsədi...

 

Elə kənd də oyandı! Kənddən insan səslərindən əvvəl mal-qaranın, donuzların, toyuq-cücələrin səsləri eşidilməyə başladı... Kəşfiyyat dəstəsinin komandiri Əkbər yerindəcə son və vəziyyətə uyğun əlavə tapşırığını verdi. Kiçik qruplara bölündük.

 

- Vaxtdır, irəli!

 

Beş gün 18 döyüşçü ilə birgə payı-piyada Ağdərənin Umudlu kəndindən Murovdağın qarlı, sıldırımlı aşırımı ilə sağ-salamat Ağdabana gedib çıxması üçün kənd tulasını kəsib acından yeriyə bilməyən əsgərlərə yedizdirən Əfqanıstan od-alovundan çıxmış Eldar Səmədov astadan, amma bir az sərt tonda dəstəyə səsləndi. Döyüş başladı...

 

Mən bir neçə nəfərlə birlikdə kəndin sol tərəfinə keçib Qazançı qəbiristanlığının üstündəki dağda mövqe tutduq. Bir az keçmiş Eldargilin əvvəlki istiqamətdən artıq kəndə yaxınlaşdığını gördüm. Yanımda Şəkidən olan bir neçə nəfər əsgər də var idi. Əvvəlcə yavaş-yavaş, sonra isə sürətlə üzü aşağı yüyürdüm...

 

Ev-ev aldığımız kənd...

 

Sağımdan-solumdan güllələr keçirdi. Yerə yıxılıb bir qədər yuvarlana-yuvarlana getdim. İri bir qaya parçasının arxasında mövqe tutub dayanmışdım. Bir dəfə də cəhd eləsəm,  Qazançının ilk evinin divarına çata bilərdim. Özümü cəmləyib qayanın üstündə yerə tullandım və sürətlə evin tininə keçdim. Yavaş-yavaş Eldar, Əlabbas, Ziyad və siyəzənli balası gənc əsgər Rövşən olan tərəfə irəlilədim. Növbəti evin divarının dibi ilə əyilə-əyilə Eldargilə tərəf gedəndə qəflətən evin tinində Ziyadla üz-üzə gəldim. İkimiz də qorxduq, həm də sevindik ki, bir-birimizi vurmamışıq.

 

Budur, artıq kəndin digər girəcəyində ilk evlər tüstülənməyə başlayır. Bu, artıq həmin istiqamətdə əsgərlərimizin uğurlarının əlaməti idi. Yəni, artıq biz  kənddəydik...

 

Biz arxadan kəndə girdik... Bir-bir evlərə daxil olur, içəridə kimsənin olub-olmadığını biləndən sonra vəziyyətə və şəraitə uyğun növbəti addımı atırdıq. Elə olurdu ki, evdə erməni yaraqlısı olurdu. Və onları zərərsizləşdirmək lazım gəlirdi. Bu zaman Ş.Mirzəyevin əvvəlcədən bizə keçdiyi küçə döyüşləri taktikasına əməl etməyə çalışırdıq. Biz Məhəmmədlə birgə 6 nəfər idik - Eldar, Əlabbas, Rövşən və Ziyad. Bir-bir evləri tam şəkildə düşməndən azad edib, vuruşa-vuruşa irəliləyirdik.

 

Görənlər bilir, dağ kəndlərində yol bəzən evlərin damının bərabərindən keçir. Yəni bir evin damının su novu arxadan keçən yolla bərabər olur. Belə evlərin birinin həyətində ermənilər mövqe tutmuşdular. Eldar dedi ki, bir əl qumbarası hazırlayıb elə durduğumuz yerdəncə - arxadan evin həyətinə tullayaq.

 

Rövşən hamıdan əvvəl “F1” markalı əl qumbarasını çıxarıb evin damının üstündən həyətinə atmaq istədi. Amma qumbara damın düz yuxarısındakı tininə dəyib, diyirlənə-diyirlənə geri - düz bizi tərəf gəldi. Qaçmağa yer yox idi. Hamımız yerə uzandıq. Qumbara diyirlənə-diyirlənə gəlib düz damın novunun içində - bizim 30-40 santimetrliyimizdə dayandı. Amma partlamadı. Eldar qışqırdı ki, heç kəs yerindən qalxmasın. Özü ehtiyatla başını qaldırıb novun içinə baxdı və bərkdən güldü. Sən demə, Rövşən qumbarana atanda necə karıxıbsa, partladıcının qoruyucusunu çıxarmayıb. Hamımız gülüşdük. Elə Rövşən özü də...

 

Artıq itkilərimiz barədə məlumat alırdıq. Ermənilər bir neçə halda qoca qadının arxasında gizlənir və qəflətən bizə atəş açırdı. Ona görə də Şirin Mirzəyev ehtiyatlı olmağı tapşırmışdı. İki dəstəyə bölünüb evin sağ və sol tərəfindən atışa-atışa həyətə girdik. Evdə erməni qalmadığına əmin olandan sonra cərgə ilə kəndin içərisinə doğru irəliləməyə başladıq. Qarşıdakı evin qapısı qəfil açıldı. Özümüzdən asılı olmayaraq atəş açdıq...İçəridən çıxan üzüqoylu yerə sərildi... Bu cavan, haradasa 17-19 yaşlı, barmağında nişan üzüyü olan bir qız idi. O ölmüşdü...

 

Növbəti evi azad etmək istəyəndə içəridən güclü müqavimətlə qarşılaşdıq. Hərəmiz bir tərəfdən evə hücum etdik. Amma içəridən atılan güllələr bizə evə yaxınlaşmağa imkan vermədi. Eldarla Əlabbas özlərinə yaxşı bir mövqe seçib məni qorudular, mən sürünə-sürünə əvvəlcədən hazırladığım iki ədəd “F 1” əl qumbarasını təpiklə vurub qırdığım pəncərədən dalbadal evin içərisinə atdım. Evdə güclü partlayış oldu! Yaxınlaşmaq istəyəndə yenidən partlayış baş verdi. Bu partlayış dayanmadı. İçəridən insan səsləri gəlirdi. Amma dalbadal partlayış səsləri onların səsini itirdi... Həmin gün axşama qədər ara-sıra o evdən partlayış səsləri gəldi. Sonra öyrəndik ki, o ev ermənilərin əsas silah-sursat anbarlarından və müqavimət dayaqlarından biriymiş.

 

Rövşəni ağzından vurdular

 

Ziyad bu döyüşdə xüsusi bir qəhrəmanlıqla yadda qaldı. Bir evi ermənilərdən azad edib ikinci mərtəbəsinə qalxanda ermənilər iki tərəfdən bizə hücum etdilər. Yetmiş-səksən santimetr hündürlüyündə üç-dörd santimetr enindəki yüngül beton daşları ermənilərin atdıqları güllələr dağıdıb-tökürdü. Rövşən necə həyəcanlanmışdısa, ermənilərin atəşi altına girib geri qayıdırdı, atəş açmadan qışqırırdı:

 

- Eldar, Əlabbas! Ermənilər, Ət ağa cəddi, ermənilər girirlər...

 

Qonşu evin damında mövqe tutmuş Ziyadın sərrast atəşləri erməniləri pərən-pərən saldı. Biz özümüzə yaxşı bir mövqe seçib erməniləri atəşə tutduq. Onlar geri qaçdılar. Bu vaxt hələ də həyəcandan özünə gələ bilməyən Rövşən məni çağırdı:

 

- Ay Reyyyyy!

 

Və əli ilə üzünü tutub, yerə yıxıldı...

 

Rövşəni vurmuşdular. Güllə onun ağzından dəymişdi... Xoşbəxtlikdən, güllə Rövşənin bir yanağının altından girib, o biri yanağından çıxmışdı. Dilini və dişlərini dağıtmışdı, amma həyatı üçün təhlükə yox idi. Sonra Rövşən dedi ki, bir snayper məni nişan alıbmış, o da məni çağırıb xəbərdarlıq etmək istəyib. Erməni snayper də çönüb Rövşəni vurub. Həmin dövrün mətbuatında, o cümlədən Azərbaycan Radiosunda olan çıxışında da bu məqamı özü danışıb. Rövşəni geri, əməliyyat qərargahına göndərib özümüz irəli getdik...

 

“Uyyy... məni vurdular!”

 

Növbəti ikimərtəbəli bir evə daxil oluruq... odun sobasının üstündə çaydan və qazan var. Sobanın yanındakı qırmızı kərpicin üstündə isə çaynik qoyulub. Yemək stolunun üzərində səliqəsiz süfrə salınıb, süfrənin üzərində siqaret qutusu və müxtəlif ərzaqlar var. Divarın yanında rezin uzunboğaz çəkmə, bir az kənardakı şkafın içərisində isə 16 kalibrli ov tüfənginin patronları yığılmış patrondaşı gözümüzə sataşır. Əlabbas mətbəxdə qoyulmuş qədimi su səhənginin dolu, ya boş olmasını yoxlamaq üçün səhəngi silkələyir:

 

- Nə yaxşı oldu, susuzluqdan ciyərim yanırdı.

 

Sonra səhəngi yuxarı qaldırıb başına çəkir... Eldarın, “ə, neynirsən?! Zəhərli olar ey!” çağırışına məhəl qoymadan. Doyunca su içib, səhəngi yerə qoyur. Və bir anlığa əvvəlcə mənə, sonra isə çönüb Eldara baxır:

 

- Eldar, Rey təcrübəsizdir, bizə baxanda hələ çox gəncdir, amma sən Əfqanıstan müharibəsindən çıxmısan, belə şeyləri çox görmüsən. Açıq küçə döyüşləri gedir, hər an kimsə həlak ola bilər. Taleyin qismətidir, kim həlak olsa, onun meyitini burada qoymayaq, yaxşımı?

 

Eldar  Əlabbası qınayır:

 

- Ə, vallah, sənin başın xarabdı ey!

 

Amma qapıdan çıxar-çıxmaz astadan əlavə edir:

 

- Düz deyirsən!

 

Əvvəlki qaydada döyüşə-döyüşə kəndin sonuncu evlərinə tərəf irəliləyirdik... Növbəti evə yaxınlaşdıq. Ermənilər evi tərk edib binanın sağ tərəfindən kiçik ot topasının arxasına, sağ və sol tərəfinə çəkildilər. Oradan bizi güclü avtomat və pulemyot atəşinə tuturdular. Biz dərhal ermənilərin atəş nöqtəsi ilə üzbəüz hasarın arxasında mövqe tutduq.

 

Hasar deyəndə, bura eni 20-25 sm, hündürlüyü 80 sm və ya 1 metr, uzunluğu, 4-5 metr olan betonun üzərinə çəkilmiş dəmir tordan ibarət bir yer idi. Hasarın arxasında özümüzə etibarlı bir mövqe seçdik. Düzdür, artıq onların müqaviməti get-gedə zəifləyirdi, Əlabbasın çox sərrast atəşləri ilə xeyli erməni cəhənnəmə vasil edilmişdi, amma nə qədər çalışsaq da, ermənilərin atəş nöqtəsini tam susdura bilmirdik. Bu zaman Əlabbas dedi ki, kaş yanan güllələrimiz, ya da fişəngimiz olaydı, ot topasını yandırardıq, dığalar da üzə çıxardı... Qəflətən arxadakı evdən atəş səsi gəldi... Ani olaraq güllələr vıyıltı ilə sağımızdan, solumuzdan keçərək beton hasara dəydikcə hasardan toz qalxırdı. Qəfil mənə bitişik uzanmış Əlabbasın səsini eşitdim:

 

- Uyyy...məni vurdular!

 
(ardı var)

lent.az

 





11.01.2013    çap et  çap et