525.Az

İşıqlı şəhərin qaranlıq kəndi


 

İşıqlı şəhərin qaranlıq kəndi  <b style="color:red"></b> Azərbaycan Prezidenti cənab İlham Əliyevin Baki kənd  və qəsəbələrinin sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı gördüyü işlər Bakı camaatı, o cümlədən Fatmayı kənd sakinləri tərəfindən böyük rəğbətlə qarşılanır.
 
Məlumdur ki, öz təmiz havası ilə fərqlənən Fatmayı Abşeron rayonunun qədim kəndlərindən biridir. “Yeddi oğul istərəm”, “Axırınci aşırım” və s. Azərbaycan filmləri bunu bir daha təsdiqləyir. Hər dəfə Fatmayıya gələndə bir bayram  ab-havası hiss edirdim. Kücələrin, evlərin  təmizliyi və səliqəsi adamı heyran edirdi. O vaxt elə bilirdim ki, kəndimiz həmişə belə gözəl və təmiz qalacaq.  Düşünürdüm ki,  illər keçdikcə kəndimiz daha da gözəlləşəcək, inkişaf gedəcək, əhalisi artdıqca  böyüyəcək, marşrutlar çoxalacaq, dayanacaqların sayı artacaq, bütün küçələri işıqlandırılacaq.

Ancaq bunlar mənim üçün bir xəyal olaraq qaldı. İndi ölkəmizin hər yerində  inkişaf getsə də, Fatmayıda bu hiss olunmur. Kəndin məhəllə  yolları bərbad gündədir, küçələr işıqlandırılmır, yeni yaşayış sahəsinə marşrut avtobusları işləmir. Bu barədə dəfələrlə kənd camaatı ərizə ilə kənd bələdiyyəsinə və Abşeron rayon İcra Hakimiyyətinə  müraciət edib. Ərizələr isə yenə də kənd bələdiyyəsinə qaytarılıb və büdcədə vəsait olmadığı bildirilib. Kənd bələdiyyəsi də camaata Allahdan səbr diləməklə məşğuldur. Vaxtilə kəndə təəssüfkeş insanlar rəhbərlik edib. İndi isə bələdiyyə sədrinin kəndə və kənd sakinlərinə  laqeyd münasibəti özünü açıq-aydın büruzə verir.  Kənd əhalisi aptek olmadığına görə ən kiçik bir dərman ləvazimatı üçün qonşu kəndlərə getməli olurlar. Axşam düşəndə kənd qaranlığa qərq olur. Marşrutdan düşənlər mənzil başına əl fənərlərinin köməyi ilə yetişirlər. Evlərə su məhəlləbəməhəllə buraxılır ki, bəzən sakinlər ongünlərlə su üzünə həsrət qalırlar.

Fatmayıda yaşayış evlərinin çoxalmasına, əhalinin və məhəllələrin artmasına baxmayaraq, marşrutların sayı əvvəllər olduğu kimidir. Marşrutlar əvvəl getdikləri yollardan keçdiklərinə görə dayanacaqlar yeni salınmış məhəllələrdən  uzaq düşür.  Yay aylarında məhəllələrdə qazıntılar başlandı. Soruşanda dedilər ki, kanalizasiya  çəkilir. Bir aya işimizi bitirib qazdığımız quyuların ağzını bağlayacağıq. Sakinlərin öz hesabına daş yaydığı küçələr elə buna görə də keçilməz hala düşüb. Fatmayının sürüşkən, yapışqanlı, gilli  küçələrində nəinki insanlar hərəkət edə bilmirlər, hətta şəxsi avtomobillər də qəzalı vəziyyətə düşürlər. Yağışlı havalarda neçə dəfələrlə avtomobillər quyulara suruşmək təhlükəsi ilə üzləşiblər. Yalnız sakinlərin köməyilə təhlükə aradan qaldırılıb. Belə havalarda insanlar ayaqqabılarının üstündən kapron torba geyinirlər ki, təmiz qalsın, ancaq o da kömək etmir. Fatmayı kənd camaatının halına yanan yoxdur.

Bağlara gedən yolların asfaltını təzələməyə başlayanda camaat sevindi  və ümid etdi ki, yəqin bələdiyyə yollardan çıxan qaşınılmış köhnə asfalt qırıntılarını yararsız vəziyyətə düşmüş məhəllə yollarına yayarlar. Ancaq camaat yanılırmış. Bələdiyyə işçilərindən tələb edəndə ki, heç olmasa yolları bu üsulla düzəltsinlər, belə cavab verdilər ki, bu qırıntıların hər maşını üçün 150 manat lazımdır. Beləliklə, aydın oldu ki, köhnə asfaltdan da əlavə qazanc umurlarmış. Təbii ki, imkansız əhali bu şərtlə razılaşa bilməzdi. Odur ki, məhəllə küçələri əvvəlki vəziyyətində qalmağındadır. Bu hələ bir yana qalsın. Fatmayı bəllədiyyəsinin binasına girəndə adamın  yadına “Bəxtiyar” filmindəki Ağabala duşür. Ağabala kimi Fatmayı bələdiyyə sədri də yanına öz qohumlarını yığıb. Ancaq Fatmayı  bələdiyyə sədrinin  qohumları Ağabalanın qohumlarından fərasətlərinə görə fərqlənirlər. Doğma əmisi qızı bələdiyyənin mühasibat işlərini aparır, bibisi qızı torpaqların vergi pullarını yığır, kürəkəni isə qaynatası ilə birlikdə torpaq paylayırlar.

Demək olar ki, Fatmayı bələdiyyəsi onun sədri Hikmət Baqiyev tərəfindən  özəlləşdirilib. O hətta kənd üçün cavanlığını və canını qoyan, müharibə illərində 7 il əsgərlik çəkən yaşlı sakinlərə belə torpaq verməkdən imtina edir. Beləsinə nə demək olar? Belə bəllədiyyə sədri kənd camaatının qeydinə qala bilməz. Kənd sakinlərinin müraciətlərini qulaqardına vuran belə sədr kimə lazımdır? Bunu yazmaqla daha yüksək qurumlardan xahiş edirik ki, Fatmayı kəndinin düşdüyü vəziyyətlə yaxından maraqlansınlar və  sakinləri sadaladığımız bəlalardan qurtarsınlar.   

Arzu FƏRZƏLİYEVA  
 





11.01.2013    çap et  çap et