525.Az

Yuxu kimi sevgi


 

Yuxu kimi sevgi<b style="color:red"></b>

Təyyarənin salonuna girən kimi onu görürəm, daha doğrusu, gözlərim onu alır. Bəlkə də məni ona sarı dartan ətrin qoxusuydu. Xoş rayihəsi vardı. Yerimiz də yanaşı. Bu, yalnız xəyallarda belə olur. Amma bu, gerçəklik idi.

Təyyarə hələ qalxmamış o hiss etsin deyə:

-Gözəl ətirdi, -deyirəm, -heyf adını bilmirəm, yoxsa sevdiklərimə hədiyyə edərdim.

O, guya məni eşitmir, şabalıdı saçlarını qulaqlarının dalına keçirir.

-Xanım da gözəldi, söz yox. Heç mən də pis deyiləm. Subayam, iyirmi beş yaşım var. Özü də yazıçıyam. Heyf ki, kitablarımı alan yoxdu. Taleyə bax e, səhərdən-axşama kimi yazasan, başqaları pul qazana və o puldan beşcə manat qıyıb sənin kitabına verməyələr.

Onun vecinə də deyil. Əlini atıb qoltuqdan jurnal çıxarır və vərəqləməyə başlayır.

-Özü də, maşallah, oxuyanlarımız çoxdu. Hər şeyi oxuyurlar, bircə mənim kitablarımdan başqa. Məni sevən və anlayan bir qadın olsaydı, ömrümün axırına kimi ona qulluq edərdim. Yazmağın daşını da atardım.

Yenə də susur. Jurnalı vərəqləyir. Hansısa adanın üstündə dayanır. İstirahət mərkəzinin gözqamaşdırıcı mənzərəsinə baxır.

-Mən bir dəfə orda olmuşam, -deyirəm.

Yenə də “nol vnimaniya”.

Düşünürəm ki, yəqin bizim millətdən deyil. Rus dilinə keçirəm. Amma xeyri yoxdu.

-Çau, amiqo, -deyirəm. Bəlkə ispan, ya elə italyandı.

O isə susur.

Hövsələm daralır, daha dözə bilmirəm.

-Mən sizinləyəm e! -deyirəm.

Gözlərini hərləyib tənbəl-tənbəl mənə baxır:

-Mənimləsiniz?

-Bəli, bəli, məhz sizinlə.

-A, belə de, mən də elə bildim, telefonla danışırsız?

-Təyyarədə nə telefon, -deyirəm.

-Doğrudan e.

-Siz çox gözəlsiniz, bəlkə də sizin o incə və xırda qulaqlarınız mənim bu zığıldamaqlarıma qulaq asmamalıdır.

-Hm...

Özünü müdrikcəsinə aparır.

-Mən sizə əlimi və ürəyimi verirəm.

-Yəni?

-Yəni mənə ərə gələrsiniz?

-Belə tezliklə? Heç tanış olmamışıq.

-Tanışlıq formal məsələdi. Şərti adlardan da istifadə eləmək olar. Hə nə deyirsiniz?

-Niyə də ki, yox.

-Deməli, biz olduq ər və arvad. Mən daha kişiyəm. Heç yazıçı da deyiləm. Kişiyəm, kişi. İndi mənim öz arvadım və evim olacaq. Düzdü, “obşaqada” yaşayıram.

-Necə fikirləşirsən, sizdə qalsaq yaxşıdı, yoxsa bizdə.

-Qərarı kişilər verir.

Gördünüz, o da təsdiq elədi. Qərarı kişilər, yəni mən verirəm.

-Mənim adım Elnurdu, sadəcə El.

-Mənim də adım Züleyxadı, sadəcə Zulya.

İndi öpüşmək olar. “Qorka” deyirəm və dodağımı onun dodaqlarına tərəf aparıram, o isə əvəzində mənə əlini uzadır. Əlindən öpürəm və ona sığınıram.

-Ah, sən necə də gözəlsən, şirinsən. Mənim bir dənəm, yeganə təsəllim. Bəsdi, yazmaq qurtardi.

-Niyə ki, sən yaz, səndə yaxşı alınır. Sən romantik və idealistsən.

Təyyarədən enirik. O gözləmədiyim halda mənə deyir. Bəlkə də gözləyirdim, hardan bilim:

-Yaxşı, xudahafiz, sizinlə yol yoldaşı olmaq zövqvericidir.

-Siz niyə, biz bayaq evlənmədik!?

-Və ayrıldıq.

-Niyə?

-Təyyarədə evlənməyin axırı bu cür boşanmaq olur.

-Bəs mənim sevgim, mənim ümidlərim...

-Çau...

İstəyirəm soruşam ki, biz bir də görüşə biləcəyik.

-Sabah saat onda...

Gözlərimi açıram. Həyat yoldaşım telefonla kiminləsə danışır, oyandığımı görüb, odboy verir.

-Nədi yenə də sayıqlayırdın, Zulya-mulya. O kimdi?

Key-key ona baxıram.

-Gözəl ətirdi,- deyirəm, -yaltaqlanıram.

-O tərəfə yat görüm, - arvadım deyir və mənə bir dürtmə ilişdirir...

Həmişə belədi də... Ən maraqlı yerdə...

Oktyabr 2015

 





09.11.2015    çap et  çap et