525.Az

Zeynəb Xanlarova: "Ürəyim partlayır, belə müsibət olmaz"


 

Zeynəb Xanlarova: "Ürəyim partlayır, belə müsibət olmaz"<b style="color:red"></b>

“Milli Ordumuzun əsgərinin ölümü xəbərindən sonra yuxularım belə qaçıb, bu hadisə mənə çox pis təsir elədi. Əsgərimizin cansız bədəninin fotosunu görəndə bir anlıq düşündüm ki, ay Allah, görəsən onun anası indi nə çəkir? Şəxsən mən həmin şəkli görəndən, dəli kimiyəm, ürəyim partlayır, belə müsibət olmaz”.

Xalq artisti, Milli Məclisin deputatı Zeynəb Xanlarova bu fikirləri Daşkəsəndəki “N” saylı hərbi hissənin əsgəri Ceyhun Qubadovun öldürülməsinə münasibət bildirərkən söyləyib. Böyük sənətkarımız “Yeni Müsavat”a açıqlamasında bildirib ki, əsgərin ölümü ilə bağlı araşdırmaların aparılmasına əslində ehtiyac yoxdur, faciə göz qabağındadır:

“Buna nə axtarış, nə araşdırma? Aydın görünür ki, əsgərimizi döyüb bu hala salıblar. Buna nə ad vermək olar? Bəs, bunun komandiri, digər böyükləri harda idi? Məgər əsgər döyülərkən onu görən olmayıb? Kimdir onu döyüb bu hala salan?” Z.Xanlarova günahkarlara ən ağır cəzanın verilməsini istəyir: “Necə yəni? Ana övlad böyütsün, boya-başa çatdırıb sağ-salamat əsgərliyə göndərsin, üstünə tabutda qaytarsınlar? Onu bu hala salanın özünü istintaqsız- filansız döyə-döyə öldürmək lazımdır. Eşitdiyimə görə deyiblər ki, guya ürəyi xəstə olub. Bəs, ürəyi xəstə olanı əsgərliyə niyə göndərirsiniz? Bunlar hansı bəhanədir”.
Deputat məsələnin parlamentdə müzakirəsini zəruri sayır: “Mən Milli Məclisin sessiyası başlanan gün iclasda çıxış edəcəyəm. Mən təklif edəcəyəm ki, Milli Məclisin bir iclası ayrıca ordudakı əsgər ölümlərinə həsr olunsun. Qoy, bu məsələlərdən geniş danışılsın, bəlkə kar qulaqlar bütün bunları eşitdi. Sonra da deyirlər ki, ata-analar balalarını hərbi xidmətdən gizlədirlər, hansısa yollara əl atıb saxta sənəd alırlar. Bax, buna görə edirlər. Bir var əsgər düşmən gülləsindən həlak olsun, bir də var “sapı özümüzdən olan baltalar”ın zavalına gəlsin. Əsgər vətən yolunda, torpaq yolunda şəhid olanda bizim valideynlərimiz deyirlər ki, onların övladlarının qismətinə vətənə qurban getmək yazılıbmış, bunu şərəfli hadisə sayır və böyütdükləri oğulların vətənə qurban getməsi ilə təskinlik tapırlar. Bu, tamam ayrı şeydir. Necə ki, Türkiyədə ana “Oğlum qurban olsun mənim bayrağıma, torpağıma” deyir. Bu əsgərimiz də düşmən gülləsindən şəhid olsaydı, onun da anası eynilə belə deyə bilərdi. Mən xalqımı, millətimi tanıyıram, övladını oxşaya-oxşaya əsgər yola salıbsa, şəhid olsaydı, eyni nəvazişlə qarşılayar və cansız bədənini bağrına basıb onu öz əlləri ilə ana torpağa əmanət edər, “bu da bir qismətdir” deyərdi. Ancaq necə ola bilər ki, 18-19 yaşlı cavanlarımız, 2-3 ayın əsgərləri bu şəkildə həlak olsun? Dünyanın harasında əsgərə qarşı bu cür hörmətsizlik, mənəviyyatsızlıq, alçaqlıq olur?! Əsgərə belə münasibət dövlətimizin imicinə ən böyük zərbədir. Baş verən hadisə adi məsələ, yaxud bir ailənin, bir ananın faciəsi deyil, bu, həm də dövləti cinayətdir. Nəhayət, bu kimi halların qarşısı alınmalıdır! Bəlkə də müharibə olsaydı bundan daha yaxşı olardı, bilərdik ki, övladlarımız vətən uğrunda şəhid olurlar. Yoxsa atəşkəs dövründə bu qədər itki vermişik. Birdəfəlik ya qırılmalı, ya da dirilməliyik!”

Xalq artisti bildirdi ki, Türkiyə mətbuatında Azərbaycandakı əsgər ölümləri ilə bağlı xəbərlər yayılandan sonra ona qardaş ölkədən “Zeynəb xanım, bu nə hadisədir, Azərbaycan ordusunda nələr baş verir” deyə, müraciətlər edilməkdədir.

 





12.01.2013    çap et  çap et