525.Az

Məhəmməd Əmin Rəsulzadə- Əsərləri


 

Məhəmməd Əmin Rəsulzadə- <b style="color:red">Əsərləri</b>

Ön söz

Azərbaycan milli qurtuluş hərəkatının ideoloqu və tanınmış lideri Məhəmməd Əmin Rəsulzadənin əsərlərinin IV cildinə onun 1917-ci ilin yanvar 1918-ci ilin aprelinə qədərki dövrdə mətbuatda dərc edilmiş əsərləri, çıxışları, məruzə və müsahibələri, nitqləri və s. daxil edilmişdir. Bir il üç aylıq zaman zərfi təkcə Azərbaycan, Qafqaz və Rusiya tarixində deyil, ümumdünya tarixində çox təhlükəli, faciəli hadisələr və qarşıdurmalar, iqtisadi, ictimai-siyasi böhranlar, həm də sürətli milli oyanış, azadlıq və istiqlal hərəkatları ilə müşayət olunmuşdur.

Rusiya və dünyada cərəyan edən mürəkkəb hadisələri diqqətlə izləyən M.Ə.Rəsulzadə hələ 1916-ci ilin oktyabrında “Açıq söz” qəzetində yazırdı. “Ey qadiri-küll olan zaman sən nələr yapmaz, nələr yapamazsan, görülən hallar bahar olmasa da, baharın gəlməsini göstərən günlərdir, intibah dövrünün sürətlə başa gəlməkdə olduğu görülməkdədir”.

Məlumdur ki, 1917-ci ildə Rusiyada iki - fevral və oktyabr aylarında inqilablar baş verdi. M.Ə.Rəsulzadə bunlardan birincisini Rusiya inqilabı, ikincisini isə rus inqilabı hesab edirdi. Fevral inqilabı Azərbaycan türk xalqı üçün də xilasedici səciyyə daşıyırdı və onu çarizm dövründə boğulduğu tilsimləşmiş dairədən xilas yolu açırdı. M.Ə.Rəsulzadə yazırdı: “Hürriyyət günəşi doğmuş, azadlıq baharı gəlmişdir”.

M.Ə.Rəsulzadə xatırladırdı ki, Rusiyada demək olar ki, vətəndaş yoxdur. Ancaq rəiyyətlər vardır. Bütün Rusiya millətləri çarizmin rəiyyəti idilərsə, qeyri-rus deyilən millətlər rəiyyətin rəiyyətləridir. “Qula qul olmaq iştə Rusiyada yaşayan müsəlmanın, yəhudinin... sair “ögey” millətlərin çəkilməz faciəsi” olmuşdur.

Rusiyada Romonovların mütləqiyyət rejimi devrilsə də bu onun əsrlər boyu yaratdığı qlobal problemlər qalmaqda idi. Həm də Əlimərdan bəy Topçubaşovun 1917-ci ilin mayında Ümumrusiya müsəlmanlarının qurultayında söylədiyi kimi “6 yüz ildən bəri Rusiya tabeiyyətində bulunan müsəlmanlar bu günə qədərdə hökumətdən bir xoş söz və iltifat görməmişlər”.

Dövlət müstəqilliyini, ərazi bütövlüyünü itirmiş, hətta zaman-zaman fiziki mövcudiyyəti belə təhlükə altında olan Azərbaycanı xilas etmək məsələsi, yaranmış əlverişli şəraitdən istifadə edərək Vətəni və milləti xilas etmək üçün nə etmək və nədən başlamaq lazımdır sualı qarşıda durmaqda idi.

Milli istiqlal və azadlığa qovuşmağın dünya, xüsusilə Avropa təcrubəsinə əsaslanan M.Ə.Rəsulzadə belə hesab edirdi ki, millətin bütün sağlam qüvvələrini vətən və xalqı xilas etmək uğrunda mübarizəyə hazırlamaq üçün birinci növbədə güclü və nüfuzlu bir siyasi partiya təçkilatı yaratmaq vacibdir. O yazırdı: “Siyasi firqələri olmayan bir millətin siyasi duyğusu, siyasi düşüncəsi olamaz. Siyasət meydanına hər milləti siyasi firqələr çıxarar, siyasi fikirlər siyasi firqənin ehtimamı ilə (səyilə) xalq arasında intişar tapar. Fəqət bir firqə xalqın hüsni-rəğbətini o vaxt qazanar, milləti öz başına o vaxt toplaya bilər ki, cəmaətin milli amal və arzularına müvafiq proqramı yürüdərək təşkili təbiətə (həyata) yaxın olsun”. (“Açıq söz” 1917, 599)

Qeyd edim ki, indiyədək tarix ədəbiyyatında belə bir mülahizə mövcuddur ki, milli-demokratik “Müsavat” partiyası 1911-ci ildə gizli olaraq Bakıda keçmiş hümmətçilər A. Kazımzadə, T.Nağıoğlu və Məhəmməd Əli Rəsulzadə tərəfindən yaradılmışdır. M.Ə.Rəsulzadənin əsərlərinin bu cildinə daxil edilmiş, onun 1917-ci ilin martında Lənkəran və Astaraya rəsmi səfəri münasibət ilə “Açıq söz” qəzetində dərc edilmiş “4 gün xalq içində” sərlövhəli məqaləsindən görünür ki, M.Ə.Rəsulzadə 1911-ci ildə gizli surətdə Lənkəranı keçib paroxodla Bakıya gəlmişdi. Məqalədə oxuyuruq: “Lənkərana bu ikinci dəfə gəldiyim idi. Bir kərə dəxi 1911-ci ildə gəlmişdim. O zaman da bir gün Lənkəranda qalmışdım. İrandan Bakıya gəlirdik. Fəqət qorxu ilə, əndişə ilə səfər edirdik. Hər saət və hər dəqiqə gözlüyorduq ki, tutacaqlar. İştə, işlərimizi, bacardığımızı bitirdiyim zaman bilaixtiyar bu iki səfər arasındakı təfavütü müqayisə etdim.”

Belə bir mülahizə söyləmək olar ki, Tehranda Avropa tipli gündəlik siyasi, ictimai “İrani- Nov” (Yeni İran) qəzetini yaradan, onun baş redaktoru olan, İran Demokratik Partiyasının yaradıcılarından M.Ə.Rəsulzadə Rusiyanın təzyiqi ilə İranı tərk etməyə məcbur edildiyi vaxt İstanbula getmədən əvvəl gizli surətdə Bakıya gəlmiş və burada da köhnə hümmətçi dostları ilə “Müsavat” partiyasını yaratmışdı.Hətta partiyanın proqramını da özü yaratmışdır.

1917-ci ilin mart günlərindən açıq fəaliyyətə başlayan “Müsavat” partiyasının yuxarıdakı əsaslar üzrə yenidən təşkil edilməsi M.Ə.Rəsulzadənin bütün fəaliyyətinin əsasını təşkil edirdi. Əsərlərinin IV cildindəki yazılar da bunu göstərməkdədir. Qısa bir zaman kəsiyində öz məslək arkadaşları ilə M.Ə.Rəsulzadə belə bir partiyanı yaratdı. Hətta daşnak-bolşevik güruhunun başçısı Şaumyan belə etiraf edirdi ki: “ Zaqafqaziyada ən zəif siyasi partiya olan, bu inqilab zamanı təşkil edilən, heç bir təşkilatı, heç bir partiya ənənəsi, heç bir hakimiyyəti olmayan, inqilabın əvvəlində heç bir yol oynamayan “Müsavat” ikinci ilin əvvəllərinə yaxın Zaqafqaziyada ən güclü siyasi partiyaya çevrilmişdir... Bütün Zaqafqaziyanın taleyini həll edir” (“Bakinski raboçi” 30 may1918).

M.Ə.Rəsulzadə “Açıq söz”də yazırdı ki, hazırkı vaxtdan istifadə edib Azərbaycanın 110 il bundan əvvəl qəsb edilmiş müstəqilliyini, istiqlalını bərpa etmək mümkündür. Budur hamam sətirlər:

“Azərbaycan 110 il bundan qabaq havayı-rüzigardan təqsim olundu və Araz çayının Şimal tərəfində olan qitələri rus aldıqdan sonra Azərbaycan adını götürüb Zaqafqaziya adlandırdılar ki, Məvarayi-Qafqaz olsun”.

“Müsavat” diyor: bəşəriyyət aləmini təşkil edən millətlərin biri də Qafqaziya Azərbaycan türkləridir. Azərbaycan türkləri də bəşəriyyət gülüstanında özlərinə məxsus bir baxça ayırıb Rusiya istibdadının zülm pəncələri altında məhv və nabud olan mədəni, ədəbi, ictimai və siyasi güllərini əkib özlərinində varlıqlarını bütün dünyaya bildirmək isiyorlar”.

“Müsavat” Bakı, Gəncə, İrəvan və qeyri əyalətlərdən ibarət olan Qafqasiya Azərbaycanı üçün muxtariyyət və istiqlal istiyor” (“Açıq söz” 2 fevral 1918, 671)

Qeyd edim ki, Azərbaycan tarixinin nəzərdən keçirdiyimiz dövrü ən çox tədqiq olunan və ən çoxda təhrif olunan, saxtalaşdırılan dövrüdür. 1917-1920-ci illər Azərbaycan tarixinə dair ən azı 6-7 doktorluq və 30-a yaxın namizədlik dissertasiyası müdafiə edilmiş, xeyli monoqrafiya və əsərlər nəşr olunmuşdur. Lakin bunların heç biri M.Ə.Rəsulzadənin tədqiqləri qədər qısa, dəqiq və tutarlı deyildir. Bunu nəzərə alaraq mən M. Ə. Rəsulzadənin 1919-cu ilin dekabrında Bakıda toplanmış “Müsavat” partiyasının II qurultayının 50 minlik üzvlərinin göndərdikləri 500 nəfərlik qurultay nümayəndələri üçün “Azərbaycan təşəkkülündə “Müsavat” mövzusunda oxuduğu mühazirəsinin mətnini, sonralar –yəni 1954-cü ildə “Azərbaycan” jurnalında dərc olunmuş “Azərbaycan davası” məqaləsini də əsərlərinin bu növbəti IV cildində oxuculara təqdim etməyi vacib saydım.

M.Ə.Rəsulzadə qurultay iştirakçılarına müraciətlə demişdir: “Mən sizə, sizin də yaşadığınız, bərabər içində bulunduğumuz və kəndimiz (özümüz) yaratdığımız tarixdən söhbət edəcəyəm. Bu da bir türk tarixidir. Türk tarixinin bir parçasıdır”.

Ümid edirk ki, xalqımızın böyük mütəfəkkir oğlu, görkəmli siyasət və dövlət xadimi, müstəqil demokratik Azərbaycan Cümhuriyyətinin yaradılmasına başçılıq etmiş M.Ə.Rəsulzadənin əsərlərinin növbəti IV cildi də oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanacaq.


AZƏRBAYCAN TƏŞƏKKÜLÜNDƏ “MÜSAVAT”
(M. Ə. RƏSULZADƏ ƏFƏNDİNİN MÜHAZİRƏSİ)
(1917-aprel 1918)

Araşdırıb toplayanı, ərəb əlifbasından latın qrafikasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi Şirməmməd HÜSEYNOV

Transliterasiya redaktorları:

professor Şamil VƏLİYEV,  elmi işçi Samir MİRZƏYEV

 

IV cild

Əfəndilər!

Bəndən əvvəlki arkaqaşımız sizə türklügün uzaq tarixindən bəhs elədi. Bən sizə sizin də yaşadığınız, bərabər içində bulunduğumuz və kəndimiz yaratdığımız tarixdən söhbət edəcəgəm. Bu da bir türk tarixidir. Türk tarixinin bir parçasıdır.

Müvərrixin ən böyük məziyyəti bitərəflikdir. Fəqət “Azərbaycan təşəkkülündə “Müsavat” mövzuini Sizə anlatdığım əsnada bir müsavatçı və həm də anladacağım tarixdə iştirak eləmiş bir şəxs olmaq həsəbilə nə qədər bitərəf qala biləcəgəm, biləmiyorum. Yalnız bu qədər ərz edə bilərəm ki, bir firqəçinin yapa biləcəgi qədər bitərəf olmaya səy edəcəgəm. Müvəffəq olarsam, məmnun qalaram.

Əfəndilər, Azərbaycan Cümhuriyyəti böyük Rusiya imperatorluğunun inqazi üzərində qurulmuş siyasi bir binadır. Rusiyanın o böyük, onların fikrincə böyük Rusiya gərək zamanın hakim bir fikri olan milliyyətə istər-istəməz hesab verə idi. Milliyyət isə yalnız mədəni məsələlərin idarəsilə təmin olunamazdı. Lazım idi ki, milliyyət bir hökumət şəklində təzahür etsin. Bunun üçün də Rusiya milli-məhəlli muxtariyyətlərdən təşəkkül etməli idi. Rusiya türklügü dəxi bir parça degil, müxtəlif muxtariyyətlərdən ibarət olmalı idi. Azərbaycan, Türkistan, Başqırdıstan, Qırğızıstan, Krım və sairə birər muxtariyyət halında qurulmalı idi. Bu türk muxtariyyətləri daxili işlərində sərbəst qalmaqla bərabər, ümumi işlər üçün bütün Rusiya muxtariyyətləri ilə, milli və dini işlər üçün də türk və müsəlman muxtariyyətləri ilə federasyona girər və əqdi-ittifaq edərlər.

Şəkl etibarilə bir az fərqli olaraq bu fikir bütün türk ellərində az-çox mövcud olub, getdikcə kəsb-nüfuz etməkdə idi.

Az zamanda bütün Rusiya türklügüni qazanmış olan bu fikir, ilk öncə Qafqasiyada təbəələr etmişdi.

Gəncədə yeni təşəkkül edən Türk Ədəmi-Mərkəziyyət firqəsi, Bakıda nəşr olunan “Açıq söz” qəzetəsi və o zamanə qədər milli bir proqramla gizli olaraq icrayi-fəaliyyət etmiş bulunan “Müsavat” firqəsi bir anda biri-birlərindən pək o qədər xəbərləri olmadığı halda bir dürlü düşünmüş: Qafqasiya qurultayında bənim məruzəmlə Gəncənin proqramı və müsavatın təklifi tamamilə bir mənada zühur eləmiş, Rusiya üçün federasyon, burası üçün də Azərbaycan muxtariyyəti tələb edilmişdi (alqışlar).

 Qafqasiya qurultayı hər nə qədər Rusiyanın federasyon əsası üzərinə qurulmasına qərar vermişdisə də, qurultayda müxalif bir nəzər müdafiə edən digər cərəyanlarla bir etilaf yaparaq hərflərin nöqtəsini qoymaqdan özünü saxlamış; milli-məhəlli muxtariyyətlər və əzcümlə Azərbaycan muxtariyyəti həqqində sərih bir söz söyləməmişdi.

 Bu xüsusdakı qəti sözü daha şümullı bir məclis olan Moskva qurultayı söyləmiş oldu.

 Moskva qurultayı həqiqətən də möhtəşəm və tarixi bir məclis idi. Minə qədər mürəxxəs vardı. Rusiya türklügünün bütün elləri, bütün sinifləri, bütün cinsləri burada təmsil olunuyordu. Qurultay kürsüsünə çıxınca hakim bir qələyə çıxmış da bütün türk aləmini eyni ilə seyr ediyor kibi bir mənzərə görürdünüz. İştə bu möhtəşəm məclisdə türk xəlqinin idealı bulunan istiqlal qədəməsini təşkil edən milli-məhəlli muxtariyyət nəzəriyyəsinin müdafiəsi şərəfi – nə qədər məsudam ki, – bəndənizə nəsib olmuşdu (alqışlar).

Yeddi günlük mübarizədən sonra türk federalizmi naminə müdafiə elədigim qərarnamənin, dan yeri sökülənə doğru, əzim bir əksəriyyət qazandığı zaman o zahiri qiyafələri, müxtəlif, fəqət batinləri böyük duyğu ilə möhtəd türk elləri mürəxxəslərinin ətrafı alıb “bən təslim!” – deyə yapdıqları təqdirlərdən aldığım səmimi zövqü heç bir zaman unutmam! (alqışlar).

Əvət, əfəndilər, Rusiya çarizminin yerində türklügi təmin edə biləcək idarənin mətlub bir şəklini Rusiya türklügi türk ellərinə məxsus milli-məhəlli muxtariyyətlər təmin edəcək bir federasyon şəklində görmüşdü. Bu cüzidən olaraq Azərbaycan ləvai cümhuriyyəti dəxi açılmış idi (alqışlar).

Azərbaycan şüarı ortaya atılmış, fəqət bu şüarı bənimsəyən firqə “Müsavat” olmuşdu.

O zaman federalizm və sonra da azərbaycançılıq pək də mərğub fikirlərdən degildi. Bu kərə Qafqasiyada federalizmdən bəhs eləmək böyük Rusiya inqilabına qarşı bir ihanət idi. Kəndilərini böylə bir ihanətdən mühafizə və müdafiə edə bilmək üçün bu gün ən qatı bir istiqlalçı keçinən gürcü sosial-demokratları gürcü federalistlərini “gözüm çıxdı”ya salmışlardı.

Qafqasiya müsəlman qurultayında isə bu məsələyi açıq məclisdə degil, qapalı iclasda müzakirə etmək təklifi vaqe olmuş və bu ehtiyatlı tədbir az qala qəbul edilmişdi. Çünki, bu “nankor” fikrin əvvəlcə Qafqasiya müsəlmanlarından zühur etməsi Rusiyaya qarşı bir təmərrüd və küfran kibi tələqqi oluna bilərdi.

Nasıl ki, bəzi siyasi məhfillər tərəfindən öylə də tələqqi edildi. Bu yolda gərək soldatlar və gərək rus əmələləri arasında az təftin edilmədi... Fəqət onsuz olacaqmıdı?!...

 Azərbaycan muxtariyyət şüarını artıq günün məsələsi halına qoymuş olan “Müsavat” firqəsi hər vasitə ilə bu məqsədə doğru getməkdə idi. İlk dəfə toplanan “Müsavat” firqəsinin qurultayı kəndi qərarı ilə artıq Azərbaycan muxtariyyətinin əsasını vəz edəcək məclisi-müəssisan dəvəti üçün qərar çıxarıyor və bunu Qafqasiya müsəlman milli komitəsindən tələb ediyordu. Eyni zamanda müsəlman korpusu təşkili üçün o zamanki hökumətlər nəzdində təşəbbüs ediyordu.

 Azərbaycan muxtariyyəti şüarının düşməni dostundan çox idi. Bir kərə türk olmayan bütün rus firqələri və rus təmayülündə olan digər xristian firqələr bu fikrə tamamilə müariz idilər. Rus burjua firqələri Bakı sərvətindən əl çəkmək fikrilə heç bir növlə ülfət edə bilmiyorlardı. Məsəla, kadet firqəsinin nümayəndələrindən eşitmişdik ki, Abşeron yarım cəzirəsini hesabdan çıxarınız da, gerisində nə istəyirsiniz təmin edəlim. O zaman məhkum millətlərə müsaidkar görünən bolşeviklərin yerli nümayəndələri isə düşünüyorlardı ki: “Azərbaycan xəlqi daha inqilabla təmas etməmişdir. Onun üçün də buraya veriləcək muxtariyyət demokrasinin degil, bəglərin, xanların və ağaların muxtariyyəti olacaq, buna isə Rusiya demokratiyası qətiyyən razı olamaz. Rusiya burjuaziyası dəxi başqa səbəblərlə də olsa, yenə bu fikrə razı olamaz. Nəticədə müsavatçılar Azərbaycana xarabazardan başqa bir şey alamazlar”.

Xatirimdədir, Bakı bələdiyyəsində hökumət təşkili məsələsi müzakirə olunuyordu. “Müsavat” naminə buranın hökuməti yerli xəlq əlində olmalıdır, dedigim zaman bütün firqələri, bilxassə Rusiyanı təmsil edən sol firqələri acıqlandırmışdım. O günə qədər bizimlə bir dərəcəyə qədər yola gedən məhəlli bolşeviklər o gündən etibarən başqa dürlü rəftar etməgə başlamışlardı.

Axır böylə idi. Fəqət yar az da vəfakar degildi. O zaman müsəlman sosialistlərin ələmdarı bulunan “Hümmət” firqəsi başda doktor Nəriman olmaq üzrə Azərbaycan muxtariyyətinin ədüvv-canı idi. “Hümmət”ə görə biz milləti fəlakətə çəkiyor və mən qeyri həqq millət naminə söz söyliyormişik. Azərbaycan fikri, türklük iddiaları xəlqin degil, bir taqım burjuapərəst “boşboğaz”ların imiş. Müsəlmanların mənfəəti “qırmızı əmələ bayrağının” altına toplanmaq və “Rusiya demokratiyasından” ayrılmamaqda imiş.

İslamçılar nəzərində də biz həqsiz idik. O zamankı “Rusiyada müsəlmanlıq” bizi təfriqəçilikdə, milləti-islamı parça-parça eləməkdə ittiham ediyordu.

Fəqət biz bütün bu hücumlara, bütün bu ittihamlara rəğmən diyorduq: Yaşasın Azərbaycan! (alqışlar).

Bolşeviklərin hökuməti əllərinə alıb Məclisi-Müəssisanı dağıtmaları üzərinə Rusiya əhvalı başqa bir şəklə girmişdi. Vətəndaş müharibəsi başlamışdı. Bu başlanan vətəndaş müharibəsi nəticəsində zühur etmiş və bizə sirayəti də mühəqqəq bulunan anarşidən Zaqafqasiyayı qurtarmaq məsələsi mövzui-bəhs idi. Nə yapılacaqdı? Zaqafqaziyadan intixab olunan Rusiya Məclisi-Müəssisan əzası Tiflisdə toplanmış, hasil olan vəziyyəti müzakirə eləmiş, dört milləti (türk, gürcü, erməni və rus) təmsil və bütün siyasi firqələrin nümayəndələrindən təşəkkül edən bu məclis Zaqafqasiyayi felən mərkəzi idarədən ayrı bir vəziyyətdə tələqqi edərək bolşevik hökumətini tanımamaya qərar vermiş və məmləkəti idarə etmək üçün Tiflisdə Rusiya Məclisi-Müəssisan intixabistələrini artırmaq surətilə bir “Seym” təşkil etməyi münasib görmüşdü. 1918 sənəsi fevral ayının onunda Zaqafqasiya “Seym”i açılmışdı.

120-ə qədər varan Zaqafqasiya “Seym” əzasının 44-ü müsəlman idi. Burada Müsavat və bitərəflər sosialistlər bloku, “Hümmət” və “İttihad” namilə dörd siyasi zümrə var idi.

Hər nə qədər milli məsələlərdə “Seym”dəki müsəlman əza müttəhidən hərəkət ediyorlardısa da milli əməl mövzuinda azərbaycançı olan yalnız Müsavat idi. O birilər Rusiya miqyasında düşündüglərini bu dəfə o qədər yapa biliyorlardı ki, Zaqafqasiya miqyasında düşünüyorlardı. “Müsavat” “Seym”ə Məclisi-Müəssisan nəzəri ilə bakıyordu. Bəyannaməsində Azərbaycan muxtariyyətini qəti bir şəkildə qoyub Zaqafqasiya konfederasyonunu müdafiə ediyordu. Digər firqələrcə Rusiya yok, qarşıda Zaqafqasiya denilən bir əmri-vaqe vardı. Yalnız o əmri-vaqei qəbul edərək yenə “demokratiya”, yenə “islam”– deyə ancaq milli muxtariyyətdən bəhs etmək “cəsarətində” bulunuyorlardı.

Zaqafqasiya “Seym”i getdikcə Rusiyadan ayrılmaq fikrini ilərlilətiyordu. Bu isə Rusiya hakimiyyətini təmsil edən Bakı bolşeviklərini təlaşa düşürüyordu. Digər tərəfdən də cəbhələrdə bulunan rus soldatları Qafqasiya hüdudunu boşaldıb evə dönüyorlardı. Bunlar evlərinə döndükcə türklər əllərindən çıkmış topraqları birər-birər geri alıyorlardı. Bu isə rusların müttəfiqi olaraq Türkiyə ilə hərb etmiş olan erməniləri qorkutuyordu; bunun üçün də onlar Bakıda bolşeviklərlə anlaşaraq Türkiyənin təbii müttəfiqi bulunan Azərbaycan türklügünün qəlbgahında bir fitnə hazırlıyorlardı.

Bakıdakı daşnaq-bolşevik ittifaqı Azərbaycan muxtariyyət fikrinin mənbəyi və Azərbaycan türklügünün qəlbgahı olan Bakıyı əldə edib burasını rus bolşevizminin bir üssülhərakəsi halına qoymaq istiyordu.

Bütün Qafqasiyaya fövqəladə bolşevik komissarı təyin olunan Şaumyan Tiflisdə dikiş tutduramamış, qaçaraq özünü Bakıya salmışdı.

Soldatlar nizəsinə istinadla Müsavat əksəriyyətini qaldırıb süni bir surətdə bolşevik-daşnaqsaqan əksəriyyətindən təşəkkül edən sovet gundə bir növ ilə Bakı müsəlmanlarını təzyiq, milli hissiyyatlarını təhqir, siyasi hüquqlarını təhdid etməkdə və bu vasitə ilə xəlqi acıtmaqda idi.

Milli komitəyə təzyiq olunuyor, milli əskər təşkilinə müsaidə edilmiyor, bir gün iştab tutuluyor, o biri gün də əskərlərin silahları alınıyordu. Halbuki eyni zamanda erməni əskərlərinin nə silahına, nə də iştabə bir söz söyləniyordu.

Digər tərəfdən də zamanı, məkanı, hal və hissiyyatı, qüvvət və imkanı qalə almayan bəzi ümum firiblər xəlqi körükliyor düşmənin arzu elədigi toqquşma üçün müsaid bir zəmin hazırlıyordu.

Nəhayət, martın 17-si hülul ediyor. Müəssif vaqei-hadis oluyor. O gün çıkan “Açıq söz” qəzetəsinin bir nüsxəsi önümdədir. Burada bir məqalə var ki, müsəlmanları sükunə dəvət ediyor. Başda “Müsavat” olmaq üzrə bütün müsəlman firqələrinin dəvətnamələri var. Bunlar həyəcana düşməməgi tövsiyə ediyorlar. Fəqət bu nüsxə “Açıq söz”ün son nüsxəsidir. Çünki ondan sonrakı gün və ya bir gün daha sonra binasını yakmış, yurdunu viran etmişlər....

 Əvət, bolşeviklər sözlərini tutmuş, daşnaqlarla birləşmiş, “Müsavat”a elani-hərb edərək Azərbaycan xəlqinə muxtariyyət əvəzinə “xarabazar” vermək istəmişlərdi.

 Hər bir vasitə ilə “hərbin” önünə keçmək istəmiş olan “Müsavat” bir əmri- vaqe qarşısında qalınca istər-istəməz mübarizə edən millətindən ayrıla bilməmiş, həman səngərlərə yatmış, bacara bildigi qədər müdafiə etmişdir. Fəqət burjuilərə elani-hərb edən qatillər füqərayi-nası və münhəsirən müsəlman füqərasını üç günün müddətində mərhəmətsizcəsinə qılıncdan keçirdikdən sonra “sülh bağlamış”, yakdıqları “İsmailiyyə” binasındakı idarəmizdən apardıqları “Müsavat” bayrağını sovet dairəsində ayaqlar altına salaraq: “Türkiyənin Bakı cəbhəsi yarıldı!” demişlərdir.

 Bakı Türkiyənin cəbhəsi degildisə də, türklügün qəlbi idi. Türklügün qəlbinə gələn zərbəyi bittəbii Türkiyə soyuqqanlılıqla tələqqi edəmiyəcəkdi...

 Türkçülər bu ümiddə ikən Azərbaycan fikrinə səhl bakan siyasilər bu ümidə gülüyor, ona istehza ediyorlardı. “Hümmət”in məfkurəçiləri məğlubiyyət acısını çəkməkdə olan Azərbaycan əfkari-ümumiyyəsinə təlqin ediyorlardı ki: “müsavatçılar türkə ümid bağlayıb, Rusiyanın darbadağın olacağını düşündülər. Onlar türklərə ümid bağlayıb tarixi qonşu millətləri özlərindən nifrət etdirdilər. İkinci Rusiya inqilabını əlçatmaz cəzirədə görüb daha bununla tamam işlər bitdi deyərək “babam bənə kor dedi, hər gələnə də vur dedi” politikalar ilə iş gördülər”.

 Görünüyor yoldaşları tərəfindən yalandan bizə bağlanan “müharibə” nəticəsində “İsmailiyyə” binasının, “Açıq söz” yurdunun başımıza uçurulan inqazı təsirilə “bolşevik”lər kibi zavallı hümmətçilər də düşünmüşlərmiş ki, doğrudan da müsavatçılar muxtariyyət əvəzinə “xərabəzar”larını aldılar; kəndiləri də, fikirləri də məhv oldu getdi.

 Fəqət zavallı adamlar, başqalarının sifrei-mərifətindən rizəxar olan bu “mütəfəkkirlər” heç olmasa bunu dərk etməli idilər ki, “sovet hökumətinin qüvayi-nariyəsi” hər halda həqqaniyyətini isbat etməz. Niqolayın da qüvayi-nariyəsi çok idi. İnqilabçı ikən bunu xatırlamalıdılar ki:

 “Xune-ərbabe-həmiyyət qərq edər zalimləri

 Məşəle-əfkare-əhraranə sönməz xunilə” (alqışlar).

 Fəqət deyəsən ki, bütün Azərbaycan xəlqi də artıq hümmətçilərin təbliğ elədigi yasa inanmışlardı. Deyəsən ki, doğrudan da azərbaycanlılar muxtariyyət degil, yalnız bir xərabəzar görəcək və arzui-milliləri yaralı yürəklərində qalacaqdı!

 Çünki qüvvətli düşmənin ani surətdə endirdigi zərbə müdhiş idi. Bakıdan pərakəndə düşən qaçqınlar səfilanə bir surətdə ətrafa yayılıyor, hər tərəfdə qüvveyi-mənəviyyənin azalmasına səbəb oluyorlardı. Ümid Tiflisə idi. Bivəfa Tiflis, Bakı hadisəsinə laqeyd qaldı. Məsəla, müsəlman məbusların dad və fəryadlarına rəğmən o zaman vəziyyətin həqiqi hakimləri olan gürcülər və ermənilər işi təbiri-məxsusla “vələzzalinə” saldılar. Ötədən təcavüz etməkdə olan Türkiyəyə qarşı Batumni müdafiə etmək istəyən gürcü müttəfiqlərimiz bu məsələdə kəndilərinə zəhir olacaq, deyə düşündükləri bolşevikləri incitmək istəmədilər. “Demokratik Bakı”ya qarşı “reaksioner” Gəncəyə rəsmi surətdə kömək verməkdən qaçdılar. Fəqət qeyri-rəsmi surətdə vəd elədigləri müavinəti də “leytülhalə”yə saldılar. Nəticədə Bakı kibi mühüm bir qüvvətə qarşı müdafiə dəxi təslihat və təşkilatca naqis milli komitənin kəndi himmətinə qaldı. Bakı qüvvəti isə fəsadlarını ilərilətiyor: Şamaxı, Salyan, Lənkəran və Nəvahi qəsəbələri təkrir ediyor, az qala Gəncə də süqut ediyordu. Bütün Şərqi Zaqafqasiya anarşi içində idi. Kişilər papaqlarını, qadınlar çarşaflarını başlarında saklaya bilmiyordu. Bütün bu fəlakətlərə məruz qalan azərbaycanlılar “Seym”dəki nümayəndələrini ittiham ediyordular. Onlar bu bəlalara çarə etmiyor, deyə düşünüyorlardı. Böylə ümidsizlik içində xəlqə öylə fikir gəliyordu ki, bu haldan kəndilərini qurtaracaq bir qüvvət var isə o da qardaş Türkiyə qüvvətidir. Türkiyə qüvvətinə müraciət olunmuş, istimdad edilmişdi. Fəqət onun da vəqti vardı. Gəlinəcək yollar halbuki uzun idi. Cana doymuş xəlq bunu dərk edəmiyordu. Zənn ediyordu ki, “Seym”dəki xainlər istiqlal, muxtariyyət və kəndimizə məxsus hökumət şüarlarıyla türkləri Qafqasiyaya burakmaq istəmiyorlar.

Bu zəmində millət nümayəndələri ilə millət arasında bir yanlışlıqdır gediyordu. Bu yanlışlığı süni surətdə körükləyənlər və əfkari-ümumiyyədə bilxassə “Müsavat” firqəsinə qarşı cərəyan hasil etdirənlər də az degildi.

(Ardı var)

 





14.01.2013    çap et  çap et