525.Az

“Azərbaycan gənclərinə dəstək proqramı” layihəsinin davamına start verildi


 

“Azərbaycan gənclərinə dəstək proqramı” layihəsinin davamına start verildi<b style="color:red"></b>

Layihə heyəti üçün ilk təlim-seminar keçirildi

BAMF-ın informasiya departamentindən 525.az-a verilən məlumata görə, UNİCEF-in dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) 2011-ci ilin oktyabr ayından həyata keçirdiyi və 2012-ci ilin sonunda başa çatması nəzərdə tutulan “Azərbaycan gənclərinə dəstək proqramı” layihəsinin yeni ildə də davam etdirilməsi donor təşkilat tərəfindən məqsədəuyğun hesab edilib. Əvvəlki kimi 7 rayonu-Ağsabədi, Ağdam, Beyləqan, Bərdə, Goranboy, Tərtər və Yevlax rayonlarını əhatə edən və pilot olaraq bu ilin aprel ayının sonuna qədər davam edəcək yeni mərhələdə layihə heyətini və könüllü gənclərdən ibarət Təbliğat Qruplarını konkret və daha maraqlı işlər gözləyir.

Bu mərhələdə layihənin idarə olunmasına Təbliğat Qruplarının tərkibindən seçilmiş 4 regional lider və onların köməkçiləri də cəlb olunub və BAMF-ın Tərtərdəki regional ofisində layihənin əsas koordinatoru Nik Nvolisa və regional koordinator Siyab Məmmədli tərəfindən onlar üçün birgünlük təlim-seminar keçirilib. Tədbirdə layihənin strategiyasından, metodologiyasından, liderlik və ünsiyyət məsələlərindən, regional liderlərin vəzifələrindən və məsuliyyətlərindən,  rayon, kənd və icma səviyyəsində qarşılaşdıqları çətinliklərin aradan qaldırılması üçün sistematik proqramın hazırlanmasında gənclərin iştirakının zəruriliyindən danışılıb. Təlim-seminarda həmçinin sosial yardım programlarının tətbiqində daha yaradıcı olmaqdan, səylərin və təşəbbüslərin birləşdirilməsindən, yerli, regional və mərkəzi səviyyədə qərarların qəbul edilməsində məsul şəxslərlə birbaşa əlaqələrin qurulması yollarından, sosial şəbəkələrdən istifadənin faydasından söhbət açılıb.
 
Regional liderlərin və onların köməkçilərinin diqqətinə çatdırılıb ki, onlar rayon, kənd və icma səviyyəsində layihənin strateji məqsədləri ətrafında yeniyetmə və gənclərin şəbəkəsini müntəzəm olaraq genişləndirməli, bu sahədə Təbliğat Qruplarının fəaliyyətini düzgün  istiqamətləndirməlidirlər.

Təlim-seminar iştirakçıları keçiləcək təlimlərin mövzuları barədə məlumatlandırılıb, habelə həftəlik və aylıq hesabatların hazırlanması, təqdim olunması qaydaları üzrə onlara müvafiq təlimatlar verilib

 





14.01.2013    çap et  çap et