525.Az

Lənkərandan olan millət vəkili: “ Bu müxalifətin köhnə-təzə uydurmasıdır...”


 

Lənkərandan olan millət vəkili: “ Bu müxalifətin köhnə-təzə uydurmasıdır...”<b style="color:red"></b> “Müsavat Partiyasının başqanı İsa Qəmbərin və həmin partiyanın üzvlərinin Lənkəranda hücuma, fiziki təzyiqlərə məruz qalması və bunu hakimiyyətin təşkil etməsi barədə deyilənlər  əslində müxalifət düşərgəsinin köhnə-təzə uydurmasıdır”.

Bunu 525.az- açıqlamasında 73 saylı  Lənkəran şəhər Seçki Dairəsindən millət vəkili olan Rüfət Quliyev dilə gətirib. Millət vəkilinin dediyinə görə, Azərbaycanda və onun bölgələrində, o cümlədən, təmsilçisi olduğu Lənkəranda müvafiq qanunlar, ən əsası Konstitusiya çərçivəsində istənilən şəxsin, fərdin və ya siyasi qurumun öz fikrini, mövqeyini sərbəst ifadə etmək hüququ var:

“Tam əminlik hissi ilə qeyd edə bilərəm ki, Lənkəranda da hər bir kəsin, hər bir siyasi partiya və onun təmsilçilərinin mövcud qanunlar, Konstitusiya çərçivəsində öz fikrini sərbəst, azad şəkildə ifadə etməsi üçün dövlət, yerli hakimiyyət orqanları tərəfindən hər cür imkan, şərait yaradılıb. Bu məsələdə heç bir qadağa, məhdudiyyət yoxdur, kiminsə də  öz fikrini, öz mövqeyini qanunlar çərçivəsində  ortaya qoyması onun konstitusion hüququdur və bu hüququndan da istifadə edə bilər. Odur ki, mən dünəndən bəri müxalif mediada bəzi  “müsavat”çıların guya hakimiyyətin göstərişi və sifarişi ilə Lənkəranda  təzyiqlərə məruz qalması barədə yer alan  iddiaları qəbul etmirəm. Mən onların həqiqiliyinə şübhə edir və  müxaliflərin əslində köhnə olan, sadəcə, yeni “format”dakı  uydurması sayıram. Mənim özüm əslən lənkəranlıyam, əslim, nəslim oradandır və iki çağırışdır ki, həmin bölgəni parlamentdə təmsil edirəm. Demək olar ki, hər ay bu rayonda oluram. Ayda da ən azı iki dəfə. Eyni zamanda, ayda bir dəfə qəbul günümdür və həmin gün seçiciləri qəbul edir, onları dinləyirəm. Həmçinin, yerli hakimiyyət orqanları və onların məsul şəxsləri ilə görüşürəm. Yəni, bir daha demək istəyirəm, Azərbaycanın digər bölgələrində olduğu kim, təmsil etdiyim Lənkəran rayonunda da mövcud qanunlar və Konstitusiya normaları çərçivəsində hər cür  fəaliyyət, öz fikrini bildirmək və sair azadlığı təmin olunub. Bu məsələdə heç bir problem ola bilməz və bu baxımdan, son iki gündə hansısa  “səfər” ətrafında bu cür ajiotajın, hay-küyün qaldırılmasını da siyasi oyunbazlıqdan başqa bir şey hesab etmirəm”.

Kamil Həmzəoğlu
 





14.01.2013    çap et  çap et